Bu kəndi belə də təsəvvür edirdim. Dağların əhatəsində
yerləşən Soyuqbulaq aprel ayının
sonunda da soyuq, hətta qarlı günlərini
yaşayırdı. Soyuqbulaq apreldə Bakının fevralı kimi görünürdü. Dolambac
yollardakı son dayanacağımız kəndin zəngin tarixə malik olan məktəbi idi.
Çoxdan idi ki, bu məktəbə gəlməyi planlaşdırırdım. Amma yolun uzaqlığı, bir də
vaxtın azlığı mane olurdu. Amma Soyuqbulaq məktəbində sorağına getdiyim təcrübəli
coğrafiya müəllimi Heyrət Vəliyev üçün mənim gətirdiyim bəhanələr onu tanıdığım
vaxtdan heç də əsas olmayıb. Təhsil Şurasının son vaxtlar Bakıda keçirdiyi elə
bir təlim, konfrans, seminar olmayıb ki, Heyrət müəllim ora bir gün əvvəldən gəlməsin.
Şuranın Amerika Birləşmiş Ştatlarının Qarabağ Fondu ilə birgə keçirdiyi
“Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının elmi-metodiki və
praktik məsələləri” mövzusunda beynəlxalq elmi-təcrübi konfransına da böyük həvəslə
qatılmışdı Heyrət müəllim. Elə məni Gədəbəyə - Soyuqbulağa aparan da Heyrət müəllimin
Təhsil Şurası tərəfindən həyata keçirilən tədbirlərdə böyük həvəslə iştirak etməsi,
eyni zamanda özünün pedaqoji fəliyyətinin ayrı-ayrı məqamlarından maraqla bəhs
etməsi, təhsildə həyata keçirilən müxtəlif layihələr barəsində diqqətçəkən münasibəti
idi. Heyrət müəllimi tanıdığım bir il ərzində onun sadaladığım məsələlərə həm vətəndaş,
həm də mütəxəssis mövqeyi məni maraqlandırır, onun bir müəllim olaraq fəaliyyətini
canlı olaraq izləməyə ruhlandırırdı.
Məni həm də maraqlandıran o idi ki, Heyrət müəllim
informasiya-kommunikasiya texnologiyalarının, internetin tətbiqinin çox məhdud
olduğu bir şəraitdə, ucqar bir kənddə müasir çağırışlara necə cavab verir, yeni
texnologiyaları öyrənib tətbiq etməyə necə nail olur? Özünün fəaliyyəti
haqqında necə müsbət rəy formalaşdıra bilir? Amma tanışlıqdan sonra mənə bəlli
oldu ki, həqiqətən də müəllimin harada, hansı şəraitdə işləməsindən, fəaliyyət
göstərməsindən asılı olmayaraq əgər öz peşəsini dərindən bilir, onu sevə-sevə öyrətməyi
bacarırsa, heç bir maneədən söhbət gedə bilməz. İnsan qəlbən, ruhən peşəsinə
bağlıdırsa, bu bağlılıq bütün çətinlikləri əritmək gücündədir.
Vətənə sevgi onun dərəsini,
dağını, çəmənini, çiçəyini, otunu, ələfini, dənizini, çayını, meşəsini, düzənini,
insanlarını, yağışını, qarını sevməklə başlayır. Müəllim bu sevgini öz içində
yaşayaraq şagirdinə aşılayırsa, ürəyi sevgi ilə döyünən vətəndaş-insan
formalaşdıra bilir. Heyrət Vəliyevin dərsində müşahidə etdiyim ilk məqam məhz
bu idi. Coğrafiya vətən sevgisini aşılamaq baxımından müstəsna fəndir. Həm də
yalnız vətən sevgisi deyil, bəşəriyyətə, insanlığa, onun sabahına, maddi və mənəvi
dəyərlərinə...Heyrət müəllim bütün varlığı ilə bu sevgini aşılamaq imkanlarına
malik olan müəllimlərdəndir. Onun Azərbaycanın fiziki coğrafiyasından “Bitki örtüyünün və heyvanlar aləminin mühafizəsi.
Qoruqlar, Milli Parklar və Yasaqlıqlar” mövzusunda 8-ci sinifdə keçdiyi dərs
problemin aktuallığının əsaslandırılması, mövzunun tam olaraq mənimsədilməsi
baxımından diqqətimi cəlb etdi. Bilirik ki, coğrafiyadan ayrı-ayrı mövzuların mənimsədilməsində
kontur-xəritələr müstəsna rola malikdir. Kontur-xəritələr mövzunun mənimsədilməsi
ilə yanaşı, əslində şagirdin təsəvvüründə mövzunun canlı olaraq obrazının yaradılmasına
yol açır. Heyrət müəllim kontur-xəritə üzərində işlə əslində mövzunun mahiyyəti
haqqında şagirdinin təfəkküründə tam olaraq fikir formalaşdıra bildi. Buna nail
olmaq üçün o, sinfi iki qrupa böldü. Qruplara tapşırıq verməzdən öncə o, məlumat
verdi ki, əsrlər boyunca Azərbaycanda insanların təsiri nəticəsində bir çox
qiymətli bitki və heyvan növlərinin kökü kəsilmiş, bəziləri isə kəsilmək üzrədir.
Məhz qiymətli flora və fauna növlərini mühafizə etmək məqsədilə Milli parklar,
Qoruqlar və Yasaqlıqlar yaradılmışdır. Amma təəssüflər olsun ki, bu gün ermənilər
tərəfindən işğal olunan ərazilərimizdə yerləşən qoruq və yasaqlıqlar təkcə
bizim deyil, eyni zamanda dünyanın qiymətli inciləri olaraq məhv edilir. Bu gün
biz mövzumuzdan istifadə etməklə, öz haqq səsimizi dünyaya bəyan etməli, təbiət
qatilləri olan ermənilərin bəd əməllərinə qiymət verməliyik. Bundan sonra sinif
qruplara bölündü. Qruplardan biri “Yasaqlıqlar”, digəri isə “Qoruqlar”
adlandırıldı. Mövzudan da göründüyü kimi, dərsdə qarşıya ciddi məqsədlər
qoyulmuşdu. Bu məqsədlərin hər biri uşaqlara düşünmək üçün ciddi meydan
yaradırdı. Elə isə qrupların tapşırıqlarına nəzər salaq: “Yasaqlıqlar” qrupuna
erməni işğalı altında olan Qarabağda yerləşən yasaqlıqlar haqqında təqdimat
hazırlamaq tapşırılmışdı. Amma öncə yasaqlıqların mahiyyətindən bəhs etdilər.
Qeyd etdilər ki, yasaqlıqlar torpaq mülkiyyətçidən, istifadəçidən, icarəçilərdən
alınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada onların torpaq sahələrində təşkil
edilir.
Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. 1993-cü ilə qədər yasaqlıqların yaradılması prosesi davam etdirilmişdir. 2003-cü ildə yenidən yasaqlıqların yaradılmasına başlanılmış və həmin ildə Qax, 2005-ci ildə isə Arazboyu və Hirkan, 2008-ci ildə Zaqatala, 2009-cu ildə isə Arpaçay və Rvarud Dövlət Təbiət Yasaqlıqları yaradılmışdır. Təqdimatın ən maraqlı hissəsi Azərbaycanın Qarabağ ərazisində yerləşən və erməni işğalı altında olan təbiət yasaqlıqları barəsində oldu. Şagirdlər Laçın rayonu Dövlət Təbiət Yasaqlığı, Qubadlı Dövlət Təbiət Yasaqlığı, Daşaltı Dövlət Təbiət Yasaqlığı, Arazboyu Dövlət Təbiət Yasaqlığı haqqında ətraflı məlumat verdilər. Onlar işğal altında olan yasaqlıqlardan ürək yanğısı ilə bəhs edir, sanki tariximizin, maddi-mədəniyyət abidələrimizin bir parçası olan yasaqlıqlarımızı əbədi varlığımızın, mövcudluğumuzun bir hissəsi kimi meydana qoyurdular. Məlum olurdu ki, bu yasaqlıqlarda təbiətin elə nadir inciləri qorunurdu ki, onlar yalnız Azərbaycan üçün deyil, dünya üçün unikal idi. Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində dünyanın qiymətli ağac növü olan “Qırmızı palıd” (Qızıl palıd) mövcud olmuşdur. Hələ Çar höküməti dövründə bu qiymətli ağacları əldə etmək üçün fransızlar çətin dağ yolları ilə Xankəndindən Qırxqız dağını keçməklə araba yolu çəkmişdilər.
Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. 1993-cü ilə qədər yasaqlıqların yaradılması prosesi davam etdirilmişdir. 2003-cü ildə yenidən yasaqlıqların yaradılmasına başlanılmış və həmin ildə Qax, 2005-ci ildə isə Arazboyu və Hirkan, 2008-ci ildə Zaqatala, 2009-cu ildə isə Arpaçay və Rvarud Dövlət Təbiət Yasaqlıqları yaradılmışdır. Təqdimatın ən maraqlı hissəsi Azərbaycanın Qarabağ ərazisində yerləşən və erməni işğalı altında olan təbiət yasaqlıqları barəsində oldu. Şagirdlər Laçın rayonu Dövlət Təbiət Yasaqlığı, Qubadlı Dövlət Təbiət Yasaqlığı, Daşaltı Dövlət Təbiət Yasaqlığı, Arazboyu Dövlət Təbiət Yasaqlığı haqqında ətraflı məlumat verdilər. Onlar işğal altında olan yasaqlıqlardan ürək yanğısı ilə bəhs edir, sanki tariximizin, maddi-mədəniyyət abidələrimizin bir parçası olan yasaqlıqlarımızı əbədi varlığımızın, mövcudluğumuzun bir hissəsi kimi meydana qoyurdular. Məlum olurdu ki, bu yasaqlıqlarda təbiətin elə nadir inciləri qorunurdu ki, onlar yalnız Azərbaycan üçün deyil, dünya üçün unikal idi. Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində dünyanın qiymətli ağac növü olan “Qırmızı palıd” (Qızıl palıd) mövcud olmuşdur. Hələ Çar höküməti dövründə bu qiymətli ağacları əldə etmək üçün fransızlar çətin dağ yolları ilə Xankəndindən Qırxqız dağını keçməklə araba yolu çəkmişdilər.
“Qoruqlar” qrupu da öncə adlarının
mahiyyətini açdılar. Söylədilər ki, qoruqlar mövcüd təbiət
komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün
xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün
müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir
(akvatoriyalar).
Şagirdlərin maraqlı təqdimatlarından
Qaragöl Dövlət Təbiət Qoruğunun, Bəsitçay Dövlət Təbiət Qoruğunun tarixi,
inkişaf mərhələləri, eləcə də müasir vəziyyəti aydın xarakterizə olunurdu. Qeyd
edilirdi ki, Qaragöl və Bəsitçay Dövlət Təbiət Qoruqları erməni qəsbkarları tərəfindən
işğal olunan ərazilərimizdə yerləşirlər. Şagirdlər bu qoruqların hər biri haqqında ətraflı
məlumat verməklə işğala məruz qalan əsrarəngiz torpaqlarımızın acı taleyini
xarakterizə etdilər. Qoruqların coğrafi mövqelərini, Azərbaycanın iqtisadi həyatında
oynadığı rolları diqqətə çatdlrdılar.
Şagirdlər təqdimatlarının davamı olaraq Azərbaycanın digər qoruqları
haqqında aparılmış tədqiqatları da nümayiş etdirdilər. Amma əsas diqqət işğal
altında olan torpaqlar üzərində cəmlənmişdi. Şagirdlər diqqəti planetin bioloji
irsinin mühafizəsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində Bioloji
Müxtəliflik haqqında qəbul olunmuş Beynəlxalq Konvensiyaya yönəltdilər.
Söylədilər ki, ölkəmiz də 2000-ci ildə bu konvensiyaya qoşulmuş, həmçinin
"Kartagen" protokolunu imzalamışdır. Bu protokolda biomüxtəlifliyin
qorunması, genetik modifikasiya olunmuş bitkilərin ətraf mühitə nəzarətsiz
buraxılmasının qarşısının alınması kimi məsələlər qoyulmuşdur. Çünki planetin
canlı növləri insan həyatını formalaşdırır. Lakin son illər meşələrin
qırılması, torpaqların erroziyası, dünya əhalisinin yüksək sürətlə artımı,
nizamsız urbanizasiya, yerin yaşıl örtüyünün itməsi, sənayedə işlədilən kimyəvi
maddələrin insan sağlamlığına zərəri, dəniz və okean sularının həddən artıq
çirkəndirilməsi təbiətdə və okeanlarda biomüxtəlifliyin məhvinə səbəb olur,
neçə-neçə bitki və heyvan növü "Qırmızı kitab"a düşür. BMT-nin
qərarında da bildirilir ki, Yer kürəsində canlı varlıqların müxtəlifliyi
görünməmiş surətdə azalmaqda davam edir. Cəmiyyətlə təbiət arasında tarazlıq
elə pozulmuşdur ki, bərpa edilməsi mümkünsüz, törətdiyi fəsadlar isə
qaçılmazdır.
Bu cür fəlakətlər dünyada ən çox bəlkə də Azərbaycanın
işğal altında olan ərazilərində yaşanır. 20 ilə yaxındır erməni vandalları
işğal etdikləri ərazilərin torpağını, suyunu, ağacını, mədəni abidələrini məhv
edir, biomüxtəlifliyini tükədir. Bu barədə rəsmi Bakı dəfələrlə BMT-yə,
müxtəlif beynəlxalq təşkilatlara müraciət edib. Hər il milyonlarla insan
təbiətin gözəlliklərini görmək və canlı izləmək üçün turist səfərinə çıxır.
Bunlar təbiətin qorunması ilə yanaşı, həm də ölkələrin iqtisadi inkişafına
müsbət təsir göstərir. Torpaqlarımızın 20 faizi 20 ildən artıqdır ki, ekoloji
terrora məruz qalıb, təbii sərvətlərimiz, meşələrimiz, sularımız düşmən
tərəfindən qəddarcasına dağıdılır, zəhərlənir. Neçə illərdir bu barədə
Azərbaycan ekoloqlarının həyəcan təbili çalmalarına baxmayaraq,
biomüxtəlifliklə bağlı olan beynəlxalq qurumlar hələ də susurlar. Ümumdünya
Mədəni və Təbii İrsin mühaifzəsi haqqında Konvesiyaya üzv olan Ermənistan işğal
etdiyi Azərbaycanın ərazilərində vəhşiliklər törədir, bəşəri əhəmiyyət daşıyan
nadir təbiət və mədəniyyət incilərini dağıdır.
Şagirdlər ürək sızladan tədqiqatlarının davamında
Bəsitçaydan bəhs etdilər. Qeyd etdilər ki, Avropada yeganə təbii çinar meşəsi
olan Zəngilan Bəsitçay Dövlət Təbiət Qoruğu torpaq və iqlim xüsusiyyətinə görə
zəngin təbiətə malik idi. 117 hektar sahəni əhatə edən bu qoruq vaxtilə
akademik Həsən Əliyevin təşəbbüsü ilə Azərbaycan hökumətinin 4 iyul 1974-cü il
qərarı ilə yaradılmışdı. Qoruğun ərazisində 1500 il yaşı, 4 metr diametri olan
nəhəng çinar ağacları qorunurdu. Bu ağaclar əsrlərdən yadigar olaraq
ata-babalarımız tərəfindən qorunub saxlanmışdı, dünyanın hər tərəfindən bu qoruğu
görməyə turistlər gələrdi. 1993-cü ildən işğalçıların əlində olan bu tarixi
qoruq məhv edilir. Erməni terrorçuları rayonun Rəzdərə kəndində ağac emalı
zavodu açıblar. Neçə illərdir bu sex fasiləsiz olaraq Zəngilan çinarlarından
mebel istehsal edir. Mənbəyini Ermənistandan götürən, Zəngilandan keçərək 35
kilometr yol qət edib Araza qovuşan Oxçuçay da ekoloji təcavüzə məruz qalaraq
ölü çaya çevrilib. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində diametri 6
metr, hündürlüyü 25 metr olan, 1 ədəd 1000 il, 1 ədəd 2000 il yaşı olan Şərq
çinarları tarixi abidə kimi qorunurdu. Qarakənd kəndində respublikanın
"Qırmızı kitab"ına düşmüş, 0,5 ha üçüncü dövrün relikt növü olan,
orta diametri 24 santimetr, hündürlüyü 12 metr, 100 illik azat ağacları da
qorunurdu. Onlar erməni vandalları tərəfindən məhv edilmişdir.
Azərbaycanın ən qədim yaşayış məskəni kimi YUNESKO-nun
siyahısına düşmüş "Azıx" və "Tağlar" mağaraları tarixi
təbiət abidəsi kimi xüsusi əhəmiyyətə malikdir və Ümumdünya Mədəni İrs
Siyahısında qorunur. Təəssüflər olsun ki, bu gün həmin tarixi mağara
ermənilərin silah anbarına çevrilib. Hər il bölgələrdə ucsuz-bucaqsız ərazilər
yandırılır. Yanğınlar nəticəsində torpağın bir neçə qatı münbitliyini itirir,
bitki və heyvan növləri məhv edilir, ağaclar yoxa çıxır.
Lakin bu günə qədər vandallar törətdikləri əməllərə görə cavab verməyiblər.
Biz Azərbaycan məktəbliləri dünya ictimaiyyətinə bəyan edirik ki, ümumi evimiz
olan yer kürəsinin dilbər guşələrindən biri – Qarabağda ermənilərin təbiət
soyqrımına son qoymalarına nail olsunlar. Bu, bəşəriyyətin gələcəyi üçün çox
mühümdür.
Heyrət müəllimin mövzudan irəli gələrək meydana qoyduğu problem, göründüyü
kimi, qlobal, bəşəri mahiyyət daşımaqla bərabər, şagirdlərin mənəvi cəhətdən
formalaşmasına, onları qoyulan problemə şəxsi mövqelərinin bildirilməsinə,
yaradıcı fikir söyləmələrinə, nəhayətdə bir gənc kimi ölkəsinin haqq səsinin
dünyaya bəyan etmək gücündə və xarakterində böyüməsinə yol açırdı. Onların hər
birinin cavabından əsl vətənpərvər vətəndaş mövqeyi aydın görünürdü. Əslində
müəllimin də uğuru elə bundadır. O, ölkəsinin ən ucqar bir məkanında oturub
şagirdinin fikir və düşüncələrinə onun heç vaxt görmədiyi, getmədiyi yurduna
məhəbbət toxumları əkə bilir. Heç şübhə yoxdur ki, o toxumlar cücərdikcə hər
birindən qiymətli bir xəzinə yetişəcəkdir. Bilik kökü dərinlərdə olan ağac
kimidir. Qulluq olunub cilalandıqca, daha çox bar vermək, daha uzun ömür sürmək
gücünə malik olur. Heyrət müəllimim pedaqoji fəaliyyət prinspi də elə budur.
Əslində şagirdlərə verilən bu tipli tapşırıqlar onların həyat yollarının
müəyyənləşməsində də bir təkan rolunu oynayır. Məqsəd, fikir, düşüncə aydınlığı
yaradır. O, əgər Qoruqlar mövzusunda diqqəti işğal
altında olan qoruqlar üzərində cəmləyirdisə, meşələrdən, çaylardan, dağlardan
və. s. dən bəhs edərkən də istinad nöqtəsi Qarabağ olur. Ümumiyyətlə o bir
müəllim kimi, şagirdinin mənəvi tərbiyəsini daim diqqət mərkəzində saxlayır. Onun
şagirdlərinə ünvanladığı suallar da yalnız dərslikdəki suallarla yekunlaşmır.
Mövzunun daha dərindən mənimsədilməsi üçün meydana qoyduğu problemlərdə
şagirdinin daha geniş düşüncəyə sahib olmasına, ümumbəşəri mahiyyət daşıyan
məsələlər ətrafında düşünmələrinə çalışır. Təbii ki, bütün bunlar yaş həddini
gözləməklə tətbiq edilir. Elə yeni mövzunun – Qafqaz ölkəsi, Böyük Qafqaz vilayəti
– mövzusunun tədrisində də bunun şahidi olduq. Göründüyü kimi mövzu böyük bir
regionun problemi barəsindədir. Amma mövzu nə qədər qlobal mahiyyətli olsa da,
o mövzunun qlobal aspektdə təqdim olunması müəllimin bilik səviyyəsindən,
dünyagörüşündən, qoyulan problemə yanaşma tərzindən asılıdır. Müəllimin fikir
və düşüncə sərhədləri genişləndikcə şagirdin də bilik və bacarıq əldə etmək
imkanları genişlənir. Heyrət müəllim Qafqaz vilayəti haqqında mövzunu tədris
edərkən yalnız bu ərazinin coğrafi sərhədləri daxilində qapılıb qalmırdı,
Qafqaz həm tarixi, həm ədəbi, həm mədəni, həm də müasirlik baxımından təhlil
olunur, şagirdlərə yeni-yeni məlumatlar verilir, onlarda bu mövzuda tədqiqat
aparmaq meylləri yaradılırdı. Ev tapşırığı verilərkən də bu cəhət diqqətdə
saxlanıldı. O, Qafqaz vilayəti haqqında ətraflı tədqiqat aparmağı tapşırıq kimi
qoymaqla, şagirdlərini növbəti tədqiqat işi üzərində işləməyə sövq edirdi.
Əslində həmişə belə olur. Təsadüfü deyil ki, 5 illik pedaqoji fəliyyəti
dövründə Heyrət müəllimin şagirdləri də onun etimadını doğrultmuşlar. Onlar yüksək
balla Azərbaycanın nüfuzlu ali təhsil ocaqarına qəbul olmuş, fənn
olimpiadalarında uğurla iştirak etmişlər. Gələcəkdə daha böyük uğurların əldə
olunacağı isə şübhə doğurmur. O, elmi həqiqətləri şagirdlərinin düşüncəsinə
yazdıqca, onların bu həqiqətlərə müfəssəl yiyələndiklərini gördükcə, bir şey
barədə düşünürdü: bəşəriyyətin mükəmməl bir nizamı var. Bu nizam öyrənildikcə
onun yeni-yeni səhifələri açılır. Açıldıqca da daha böyük maraq kəsb edir.
Maraq kəsb edikcə də şagirdi daha ciddi şəkildə cəlb edir. Cəlb etdikcə də
öyrənmək və öyrətmək daha cazibədar və əhəmiyyətli olur...
Heyrət Vəliyevin ömür yolundan sətirlər.
Heyrət Şehri oğlu Vəliyev 25.01.1989-cu ildə Gədəbəy
rayonu Komintern (indiki Soyuqbulaq) kəndində anadan olub. 2006 – cı ildə
H.Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbini bitirib və həmin il Gəncə
Dövlət Universitetinin “Tarix-Coğrafiya”
fakültəsinin “Coğrafiya” ixtisasına qəbul olub. 2010 – cu ildə həmin
Universitetin “Coğrafiya” ixtisasını bitirərək təyinatla Gədəbəy rayon
Əmirastanlı kənd tam orta məktəbinə göndərilib. 2011 - ci ildən Gədəbəy rayon
H.Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbinədə ixtisası üzrə müəllim
kimi fəaliyyət göstərir. 2012 – 2013 cü dərs ilinin yekunlarına görə “İlin ən
yaxşı coğrafiya müəllimi” müsabiqəsinin
qalibi olub və Gədəbəy raton İcra Hakimiyyəti tərəfindən diplom və pul
mükafatı, Gədəbəy RTŞ tərəfindən “Fəxri fərmanla” təltif olunub.
O, 2012 – ci ildə Xəzər Universitetini təşkil etdiyi “Ümumi orta təhsil səviyyəsində
yeni fənn kurikulumlarının tətbiqi”, 2013 –cü ildə Azərbaycan Respublikası Təhsil
Nazirliyi və “Mədəd Azərbaycan”MMC tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi
üzrə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” təlim kursunu
müvəffəqiyyətlə bitirib. 2013 ildə
“Smart SN Corporation” MMC-nin və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin
birgə təşkilatçılığı ilə “Ümumi orta təhsil
səviyyəsində fənn kurikulumlarının tətbiqi və fəal təlim metodları” mövzusunda keçirilən təlimçilər
üçün təlimdə iştirak edib. 17-24 yanvar 2015- ci il tarixində Azərbaycan
Respublikası Təhsil Şurasının “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət
Strategiyasına” Dəstək proqramı çərçivəsində “Öyrədənlərin Öyrədəni” layihəsinə
daxil olan “Elektron Tədris resurslarının hazırlanması və tədrisə tətbiqi”
kursunda iştirak edərək “Təlimçi” statusu alıb. 28 fevral – 01 mart 2015-ci il
tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “İctimai
Təşəbbüslərin Dəstəklənməsi” layihəsi çərçivəsində “Müasir təlim metodları və
yeni pedaqoji texnologiyaların tətbiqinin region müəllimlərinə öyrədilməsi” təlimində
müvəffəqiyyətlə iştirak edib.
Böyükağa Mikayıllı
No comments:
Post a Comment