7.04.2015

Məktəbin siması onun müəllimləri ilə müəyyənləşir

Hər bir təhsil ocağının  siması, mənəvi mühiti orada çalışan müəllimlərin hansı peşəkarlıq,
intellektual, pedaqoji-psixoloji  hazırlıq səviyyəsinə malik olması ilə ölçülür. Doğrudur, müəllim çalışacağı təhsil müəssisəsinə bu cəhətdən hazırlıqlı gəlməlidir. Amma məktəbin mühiti onun bir müəllim olaraq formalaşması üçün başlıca amildir. 230 nömrəli tam orta məktəbin müəllimlərini gənc, orta, yaşlı nəsil kateqoriyalarına ayırmaq olar. Məktəbin fəaliyyəti ilə tanışlıq çərçivəsində bu kateqiriyadan olan müəllimlərin hər birinin dərsini izləmək imkanı qazandım. Əslində bu kateqoriyaları özüm üçün ona görə müəyyənləşdirmişdim ki, məktəbin fəaliyyətini fəal təlim texnologiyalarının, informasiya-kommunikasiya vasitələrinin, gənc nəslin tərbiyəsi məsələlərinə yanaşma tərzinin necəliyini özüm üçün aydınlaşdırım. Öncə onu deyim ki, məktəbin İKT ilə təchizatı normal səviyyədədir. Fizika, kimya, biologiya  fənn kabinetləri əyani texniki vəsaitlərlə təchiz olunmaqla, tədrisin əyanilik üzərində qurulmasına imkan yaradır. Bu da nəticə etibarilə təlim keyfiyyətinin yüksəldilməsinə yol açır. Şagird nailiyyətlərinin sırası genişlənir.
Məktəb rəhbərliyinin pedaqoji kollektivin qarşısına qoyduğu tapşırıqlar, sözsüz ki, təlim keyfiyyətinin, bununla bərabər böyüyən nəslin mənəvi, əxlaqi tərbiyəsi səviyyəsinin yüksəldilməsidir. Əslində bu vəzifə dövlətin müəllim qarşısında qoyduğu vəzifədir. 230 nömrəli tam orta məktədə bu vəzifənin ağırlığını ləyaqətlə daşımaq fəaliyyət, iş prinspinə çevrilmişdir. İştirak etdiyim dərslərdə də bunu müşahidə etmək mümkün idi.

 Mübariz ruhlu gənclər yetişdirmək əzmi

İbtidai sinif müəllifi Sevinc Səfərova təhsil ocağının qabaqcıl müəllimlərindəndir. Bu il ikinci sinifdə dərs aparan Sevinc müəllim yetirmələrinin mənəvi tərbiyəsinə önəm verməklə, onların vətən üçün layiqli vətəndaş kimi yetişmələrini qarşısına başlıca amal kimi qoymuşdur. Elə şagirdlərinin də simasından bunu oxumaq mümkün idi Sevinc müəllimin. Sevinc müəllim dərs prosesində informasiya – kommunikasiya texnologiyalarının tətbiqinə üztünlük verir. İKT-ni tədrisə tətbiq etməklə maraqlı təlim mühiti yaratmağa, şagirdlərinin diqqətini cəlb etməyə, onların tədrisə marağını artırmağa nail olur. Sevinc Səfərovanın dərs ilinin sonunda təşkil etdiyi “Hər birimiz bir çiçək” adlı kompozisiyada da şagirdləri maraqlı çıxışları ilə məktəbin pedaqoji kollektivinin və şagirdlərin rəğbətini qazandılar. Onlar məktəbin səhnəsində həvalə olunmuş rolları məharətlə ifa etməklə alqışlarla qarşılandılar. Qeyd edim ki, Sevinc Səfərova ibtidai siniflər üzrə fənn kafedrasının rəhbəridir.
Əfsanə Rəhimova ibtidai sinif müəllimidir. Bu il 4-cülərini yola salan Əfsanə müəllim riyaziyyat dərsində sinfi “Lütfüzadə”, “Tusi”, “Arximed”, “Pifaqor” olmaqla dörd qrupa bölmüşdü. O, qeyd edir ki, mövzunun verdiyi imkanlardan istifadə etməklə fəal təlim texnologiyalarını tətbiq etmək  fəaliyyətinin əsas istiqamətini təşkil edir. Bu, hiss olunurdu. Əfsanə müəllim sinfin bütün şagirdlərini qoyulmuş sual ətrafında fəal çalışmağa, öz fikirlərini sərbəst ifadə etməyə, məntiqli cavablar verməyə çalışır və buna nail olurdular.    
Günel Hacızadənin ikincilərlə apardığı “Həyat bilgisi” fənnindən “Hüquqlarımızı bilək” mövzusunda dərs maraqlı məqamlarla yadda qaldı. Şagirdlər hüquqlarını kimin daha yaxşı bilməsi uğrunda sanki yarışa girmişdilər. Müəllim mövzunun imkanlarından istifadə etməklə irəli sürdüyü suallarda uşaqların öz hüquqlarını onlara aşılamaqla bərabər başqalarının hüquqlarını da qorumağı, başqalarının hüquqlarına hörmətlə yanaşmağı, xeyirxah olmağı tövsiyyə edirdi. Şagirdlər fikirlərini sərbəst ifadə edir, problemin aradan qaldırılması istiqamətində müstəqil fikir irəli sürürdülər. Bunun nəticəsi olaraq sonda sinfin kollektiv işinin bəhrəsi kimi “Hüquqlarımızı tanıyaq” adlı divar qəzeti meydana gətirdilər.  
 

Nigar Bədəlova 3-cü “d” sinfində riyaziyyat dərsində sagirdləri sərbəst olaraq məsələlər qurmağa istiqamətləndirmişdi. Şagirdlər sərbəst məsələlər qurur, müstəqil olaraq məntiqli riyazi fikirlər irəli sürürdülər. Müəllim şagirdləri yazı lövhəsinə dəvət etdi. Hər qrupdan bir nəfərin dəvət olunduğu yazı lövhəsi qarşısında yarış təşkil olundu. Hər kəs öz biliyini nümayiş etdirməyə, qələbə əldə etməyə çalışırdı. Nigar Bədəlova da məktəbin mübariz ruhlu gənclər yetişdirmək əzmində olan müəllimlərindəndir.
Mehdi Talıbov məktəbin qabaqcıl riyaziyyat müəllimlərindəndir. Fəal təlim texnologiyalarını tədris prosesinə məharətlə tətbiq edən Mehdi müəllimin ənənə ilə müasirliyin vəhdətində qurduğu dərslər maraqlı cəhətləri ilə seçilir. O, hər bir şagirdinə fərdi yanaşmaqla, mənimsəməni yüksəltməyə, riyazi misal və məsələləri müstəqi olaraq həll etmələrinə nail olur.

Yaradıcılıq həvəsi ilə

Məktəbin ingilis dili müəllimi  Qıztamam Fərzəliyeva  5 “b” sinfində  şagirdlərin xarici dili daha dərindən mənimsəmələri üçün dərsi dialoq üsulundan istifadə etməklə qurmuşdu. Şagirdlər bir-biriləri ilə fəal dialoq əsnasında mazakirə aparır, fikirlərini xarici dildə bir-birilərinə çatdırır, qoyulmuş sualları izah edirdilər. Qıztamam müəllim də İKT-nin imkanlarından istifadə edən fəal müəllimlərdəndir. O, şagirdlərinin yaradıcı imkanlarını aşkara çıxarmaq, onları realizə etmək üçün söz ehtiyatlarını artırmağa, sərbəst mətn qurmağa, bununla da dərsdə sərbəst mühakimələr irəli sürmələrinə nail olmuşdu. Qıztamam müəllim dərs prosesində texniki, əyani vəsaitlərdən, sxemlərdən tez-tez istifadə edir. Şagirdlərinin yaradıcılıq bacarıqlarını inkişaf etdirmək üçün onlara qabaqcadan mövzu haqqında məlumat verir. Şagirdlər müxtəlif mənbələrdən mövzunu araşdırıb müvafiq material təqdim edirlər. Məsələn, mövzu kitabxanadırsa, onlar dünyanın müxtəlif kitabxanaları haqqında məlumat toplayıb gətirirlər. Bu da öz növbəsində şagirdləri gələcək daha böyük yaradıcı işlərə həvəsləndirir.
Məktəbin informatika müəllimi Tünzalə Əmirova 5 “c” sinfi ilə dərsi informatika kabinetində aparırdı. Ümumiyyətlə, məktəbdə informatika dərsləri əsasən bu kabinetdə aparılır. İnternet şəbəkəsi, lazımı səviyyədə İKT avadanlıqları ilə təchiz olunmuş  bu kabinetdə dərsi ən müasir səviyyədə həyata keçirmək mümkündür. Elə Tünzalə Əmirovanın dərsi də bu baxımdan xarakterik idi. Müşahidələrim əsasında belə qənaətə gəldim ki, 5-cilər İKT – dən istifadə imkanlarına öz yaşları səviyyəsində yiyələniblər. Ümumilikdə isə məktəbdə şagirlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarını məqbul hesab etmək olar. Təbii ki, İKT-nin imkanlarından istifadə etməklə qurulan dərslərdə təlim prosesinin keyfiyyətinin yüksəlməsindən danışmaq mümkündür. Tünzalə müəllim dərs prosesində beyin həmləsi, kublaşma və klaster üsulundan istifadə etməklə dərsin səmərəsini artırmağa çalışır.
Məktəbin digər ingilis dili müəllimi Firuzə İsayeva  5 “b” sinfində apardığı dərsdə sinfi qruplara bölmüşdü. Müəllim bütün dərs boyu ingilis dilində danışdı. Buna rəğmən şagirdlərin də ingilis dilində danışmaları sinifdə maraqlı bir dialoq mühiti yaratmışdı. Yazı lövhəsi qarşısında şagirdlərlə ingilis dilində sorğu-sual aparıldı. Şagirdlər müəllimin ingilis dilində ünvanladığı sulları ingilis dilində cavablandırdılar. Sonra qruplar verilmiş tapşırıqlar üzərində işlədilər. Təqdimatlar da təbii ki, ingilis dilində aparıldı. Ümumiyyətlə, müşahidələrimə əsasən deyə bilərəm ki, məktəbdə ingilis dilinin tədrisinə xüsusi diqqətlə yanaşılır. Şagirdlərin ingilis dilində buraxdıqları divar qəzetləri, hazırladıqları referatlar, ingilis dilində tədbirlər, təqdimatlar bu dilə marağı təmin etməklə yanaşı, şagirdlərin ali məktəblərə qəbulda ingilis dilindən yüksək nəticələr əldə etmələrinə də yol açır.

Sinifdənxaric tədbirlər təlim keyfiyyətini yüksəldən vasitələrdəndir

Mehriban Qafarova 8 “b” sinfində  apardığı biologiya dərsində şagirdərin sanki ətraf aləmlə təmasını qurmağa nail olmuşdu. O, da dərslərini fəal təlim texnologiyaları əsasında qurur. İKT-dən istifadə etməklə şagirdlərini biologiyanın möcüzəli aləminə səyahətə çıxarır. Məktəbin əyani vəsaitlərlə zəngin olan  biologiya kabinetində də tədrisin əyani vəsaitlərlə qurulmasına imkan verən əyani vəsaitlər vardır. Mehriban müəllim təşkil etdiyi sinifdənxaric tədbirlərdə də şagirdlərin biologiyaya olan marağını təmin etməyə nail olur.
Tarix müəllimi Madlena Mirzaqayeva 9 “c” sinfində dərs prosesini şagirdlərin təlimə marağını təmin edəcək səviyyədə  qurmuşdu. Dərs boyunca şagirdlər mövzuya uyğun olaraq xəritə üzərində işlədilər. Qruplarla iş əməkdaşlıq üzərində quruldu. Şagirdlərə Azərbaycan tarixinin ayrı-ayrı məqamlarını böyük məharətlə aşılamaq imkanına, intellektual səviyyəsinə malik olan Madlena müəllim şagirdlərinin əsl ləyaqətli vətəndaşlıq kimi yetişməsini qarşısına məqsəd kimi qoyan müəllimlərdəndir.   
Məktəbin riyaziyyat müəllimi Siyavuş Babayev 8-ci sinifdə apardığı  “Birdəyişənli bərabərsizliklərin həlli” mövzusunda dərsi fəal təlim texnologiyaları əsasında qurmuşdu. Sinif qruplara bölünmüşdü. Şagirdlər yazı lövhəsi qarşısına qrup halında çıxıb qoyulan sulları cavablandırırdılar. Müəllim bununla qrup üzvlərinin hər birini fəallıq göstərməyə, əməkdaşlıq şəraitində işləməyə cəlb edirdi.
Ədəbiyyat müəllimi Əzəmət Quliyeva 9-cu sinifdə apardığı dərsdə görkəmli Azərbaycan şairi Cabir Növruzun “Sağlığında qiymət verin insanlara” şeirini təhlilə cəlb etmişdi. Şagirdlər şeiri hamılıqla mənimsəmişdilər. Onlar qrup halında lövhə qarşısına çıxır, şeirin ayrı-ayrı bəndlərini əzbərdən söyləyirdilər. Şagirdlər şeiri söylədikdən sonra yerdən onlara mövzu ətrafında suallar ünvanlayırdılar. Ümumiyyətlə dərs qruplarla iş üzərində qurulmuşdu. Şagirdlər qrup tapşırıqlarını Cabir Novruzun “Bulaq suyu dağ havası”, “Ey həyat sən nə qəribsən” mahnısının sədaları altında icra edirdilər. Bu da onlara əlavə stimul verirdi. Müəllimin hər bir şagirdə fərdi yanaşması da diqqəti cəlb edirdi. Şeirin təhlili zamanı da şagirdlər maraqlı fikirlər irəli sürürdülər.   

Nağılları xatırladan dərs
Vəfa Məmmədovanın “Nağıllar” mövzusunda apardığı dərs sinifdə elə nağıllar aləminə bənzər bir mühit yaratmışdı. Müəllim şagirdlərə “Nənəm nağıl danışır” şeirini oxudu. Müəllim şeiri oxuduqca, onu həm də təhlilə cəlb edir, nağıl qəhrəmanlarının mənəvi aləmini açır, şeirin müəllifi Nəbi Xəzri haqqında yeri gəldikcə məlumat verirdi. Vəfa müəllim sinfi “Himn”, “Gerb”, “Ulduz” adlı qruplara bölmüşdü. Qruplar tapşırıq əsasında nağıl qurdular. “Bayraq” qrupunun təqdimatı daha maraqlılığı ilə diqqəti cəlb etdi.
Ədəbiyyat müəllimi Səlmi İsayevanın 10-cu sinifdə apardığı “19-cu əsr Azərbaycan ədəbiyyatı ikinci mərhələ” mövzusu sinifdə sözün həqiqi mənasında canlanma yaratmışdı. Sinif  “Bakıxanov”, “Natavan”, “Vəzirov” qruplarına bölünmüşdü. Qrupların adı da öz növbəsində mövzunun 19-cu əsrə aid olduğunu söyləməyə imkan verirdi. Müəllim qrupların cavabları əsasında sinfə suallar ünvanlayırdı: İctimai satira ilə inqlabi satiranın fərqi nədir? İctimai satiranın banisi kimdir? İnqlabı satiranın banisi kimdir? Lirik poema ilə epik poemanın fərqi nədir? İsmayıl bəy Qutqaşenli kimdi? və s.
Səlmi müəllim dərsin mövzusunu elan etdi. Bu, Qasım bəy Zakir mövzusu idi. Müəllim məlumat verdi ki, Qasım bəy Zakir Cavanşirlər nəslinin nümayəndəsidir. Zakirin ulu babasının qardaşı Pənahəli xan olub. Səlmi müəllim danışdıqca Zakirin şəxsiyyəti, dövrü, ictimai fəaliyyəti şagirdlərin gözləri qarşısında canlanırdı. Məlum olurdu ki, Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşenli, Arbeliani Zakirinin yaxın dostları olub. Qasım bəy Zakir öz yaradıcılığı etibarilə zamanından bu yana qəlbləri fəth etməkdədir.
Məktəbin Çağırışa Qədərki Hərbi Hazırlıq müəllimi Alim  Mirxasov dərsə tağım komandirinin tağımı əmrlə farağat vəziyyətinə gətirməsi ilə başlayır. Tağım komandiri sinfin vəziyyəti barədə məruzə etdikdən sonra dərs başlayır. Öncə keçmiş mövzu sual-cavab edilir. Çətinliklər varsa aradan qaldırılır. Ötən mövzunun tam mənimsənilməsinə çalışılır. Alim Mirxasov nəzəri dərslərdə təbii olaraq nəzəri məlumatların daha çox ötürülməsinə çalışır. Şagirdlərin hərbi-texniki biliklərə yiyələnməsi, silahdan istifadə imkanlarına malik olması Alim müəllimin başlıca məqsədidir.
Musuqi müəllimi Validə Cavadova musiqinin şagirdlərin dünyagörüşünün, mənəvi aləminin formalaşmasında rolunu yüksək qiymətləndirərək, dərsdə onların daha çox musiqi ilə təmasda olmasına çalışır. Müzakirələr, təhlillər əsasında qoyulmuş sualların cavablandırılması dərsin əsas qayəsini təşkil edir. Validə müəllim müəyyən hallarda dərsi təbiətin qoynunda, açıq havada təşkil etməklə həm şagirdlərin musiqini qavrama qabiliyyətini, həm də musiqiyə olan maraqlarını təmin etməyə nail olur.  

Şagirdlərin layihələri diqqət cəlb edir
Məktəbin informatika müəllimi Amalya Mustafayeva dərslərini informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə qurur. Bununla da o, dərslərinin bir-birindən fərqli keçməsinə nail olur. Kompüter otağında yerləşdirilmiş elektron lövhə, proyektor dərs prosesndə müvafiq əməliyyatların yerinə yetirilməsində onların köməyinə çatır. Amalya müəllimin şagirdləri kompüterdən sərbəst istifadə edir, verilən tapşırıqları internetdən əldə edib təqdimat hazırlayır, maraqlı kiçik layihələrlə çıxış edirlər.
Rus dili müəllimi Mehriban Nəcəfova da dərslərin şagirdlərin yaş səviyyəsinə uyğun maraqlı motivasiya ilə başlamasına nail olur. O, şagirdlərin motivasiya ətrafında öz fiirlərini, fərziyyələrini irəli sürmələrinə çalışır. Bu fikir və fərziyyələrdən istifadə edərək şagirdlərini qoyulan problemlərin həllinə yönəldir. Mehiban Nəcəfova dərs prosesində elektron materiallardan, vizual görüntülərdən istifadəyə üstünlük verir. Bu da öz növbəsində mövzunun şagirdlər tərəfindən daha mükəmməl mənimsənilməsinə imkan yaradır.

Milli-mənəvi dəyərlər ruhunda tərbiyə

Məktəbin idman müəllimi Əsayə Ağayev 5-7-ci siniflərdə dərslərini kurikulum proqramlarının əsasında aparır. Onun dərslərində şagirdlərin idmana böyük maraq göstərdiklərinin şahidi olmaq mümkündür. Əsayə müəllim idman dərsini şagirdlərinin ən sevimli fənninə çevirə bilib. Bunun nəticəsidir ki, şagirdlərin idman nailiyyətləri müntəzəm olaraq artır.
Məktəbin digər idman müəllimi Səfurə Ağayeva da idman dərsinin şagirdlər tərəfindən maraqla gözlənilən dərslər sırasına daxil olmasına nail olub. Məktəbdə dərs ilinin əvvəlində şagirdlər arasında normativlər keçirilir. Bunun əsasında rayon spartakiadasında iştirak etmək üçün şagirdlər seçilir. Şagirdlər bu yarışlarda əsasən qalib adlarına layiq görülürlər. Məktəbin məzunları arasında İdman Akademiyasında təhsil alanlar da az deyil.
Kimya müəllimi Dilarə Məmmədova da dərs prosesini müasir tələblər səviyyəsində quran, o cümlədən İnformasiya-kommunikasiya texnologiyalarından, fəal təlimin üstünlüklərindən səmərəli istifadə edən müəllimlərdəndir. O, dərs prosesində şagirdlərinin bilik və bacarıqlarının inkişafına, milli-mənəvi dəyərlərimizin mənimsənilməsinə çalışmaqla, təlim prosesini şagirdlərin arzu və istəkləri səviyyəsində reallaşdırmağa nail olur. O, şagirdlərinin müstəqil araşdırmalar aparması, sərbəst öyrənmə bacarıqlarının formalaşdırılması, mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə müxtlif istiqamətlərdə iş aparır. Fəaliyyətini yalnız sinif daxilində məhdudlaşdırmır. Sinifdənxaric tədbirlərlə də şagirdlərinin inkişafına nail olur. Bu məqsədlə bilik yarışları, fənn aylıqları çərçivəsində müxtəlif mövzularda mədəni-kütləvi tədbirlər həyata keçirir.
Məktəbin rus bölməsində ibtidai sinif müəllimi Kəmalə Sultanova tədqiqat sualı ətrafında şagirdlərin səmərəli işləməsi üçün qrup şəklində  çalışmalarına daha çox şərait yaradır. Bu zaman şagirdlərin əməkdaşlıq şəraitində işləmələrinə, fikir mübadiləsi aparıb nəticələr əldə etmələrinə nail olmağa çalışır.
İbtidai sinif müəllimi Dürdanə Əhmədova da dərsi motivasiya ilə başladı. Şagirdləri problemin həllinə yönəltmək üçün düşündürücü suallardan istifadə etdi. Dərs prosesində şagirdlər arasında müzakirələrin aparılmasına şərait yaratdı. Kiçik esseler yazmaq, obrazları təsvir etmək, mövzuya uyğun krossvord qurmaqla şagirdlərinin təfəkkürünün inkişaf etdirilməsinə çalışdı. Qiymətləndirməni dərs prosesi boyunca apardı.
Coğrafiya müəllimi Ellada Əhmədova da dərs prosesində İnformasiya – Kommunikasiya texnologiyalarından səmərəli istifadə edir. O, dərsdə meydana qoyduğu problemi şagirdlərin birlikdə həll etmələrinə çalışmaqla sinifdə əməkdaşlıq mühiti yaratmağa çalışır. Şagirdlər sinifdə tədqiqat aparır, xəritələri googlemapservislərlə öyrənirlər. Dürdanə müəllim mövzunun verdiyi imkanlardan istifadə etməklə rollu oyunlardan bəhrələnir, şagirdlərini praktik fəaliyyətə öyrədir.
Rus dili müəllimi Sevil Həsənovanın şagirdləri ilə birgə devizləri var: “Geriyə yol yoxdur. Yerində də saymaq olmaz. Hamı birlikdə irəliyə doğru!” Bu deviz Sevil müəllimin şagirdləri üçün əslində motivasiyadır. Onun dərsləri əsas etibarilə şagirdlərinin məntiqi təfəkkürünün, yaradıcılıq imkanlarının inkişaf etdirilməsinə yönəlib. O, buna nail olmaq üçün müxtəlif innovativ yollardan istifadə edir. Dərs prosesində irəli sürülən problemin həlli birlikdə müzakirə olunur. Nəticələr təhlil edilir. Əməkdaşlıq şəraitində qurulan dərs, əldə olunan nəticələr şagirdlər tərəfindən maraqla qarşılanır, onların təlimə marağını artırır.

Rus bölməsinin ibtidai sinif müəllimi Təranə Səmədova dərslərə Azərbaycanın Dövlət Himninin ifası ilə başlayır. Dərs prosesində qruplarla işə daha çox əhəmiyyət verən Təranə müəllim, ümimilikdə fəal təlim metodlarından səmərəli şəkildə istifadə edir. Şagirdləri yaradıcı işləməyə həvəsləndirməklə, onların maraqlı ideyalarla çıxış etməsinə, təkliflər irəli sürməsinə şərait yaradır. Yaradıcı fəaliyyət, şübhəsiz ki, təlim keyfiyyətini artıran amillərdəndir.  
Tarix müəllimi Qərənfil Əsədova dərs prosesində, xüsusilə motivasiya mərhələsində cizgi filmlərindən, sənədli və bədii filmlərdən istifadə edir. Bu da dərsin gələcək mərhələlərinin daha effektli həyata keçirilməsi üçün təkan rolunu oynayır. Şagirdləri tədqiqatçılığa həvəsləndirmək, bu istiqamətdə onlara stimul vermək Qərənfil müəllimin əsas iş prinsiplərindəndir.
Kimya müəllimi Bahar Cabbarova da məktəbin ümumi iş ahənginə müvafiq olaraq şagirdlərinin vətənpərvərlik ruhunda tərbiyəsini qarşısına əsas məqsəd kimi qoyub. O, dərs prosesində, eləcə də dərsdənkənar tədbirlərdə şagirdlərinin bilik, bacarıq və vərdişlərinin inkişafına, onların milli-mənəvi dəyərlərə sahib olmalarına nail olmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə edir. O, dərsin ilkin mərhələsində şagirdlərin düşünmə qabiliyyətlərini istiqamətləndirmək üçün maraqlı motivasiyalar qurur. Şagirdlərinin tədqiqat sualları üzərində birgə düşünməsinə, işləməsinə nail olur.
İbtidai sinif müəllimi Nəcibə Əliyeva da məktəbin yaradıcı müəllimlərindəndir. Fəal təlim metodlarından yaradıcılıqla istifadə edən Nəcibə müəllim bununla şagirdlərin təlimə marağını təmin edir. Sinifdə maraqlı öyrənmə mühiti yaradır. Esselərin yazılması, krossvordların tərtib olunması, bədii əsərlərdəki obrazlara münasibət bildirilməsi Nəcibə müəllimin işində əsas istiqamət təşkil edir.


Böyükağa MİKAYILLI   
 
 
 
 
 
 
 
 
 
 

No comments:

Post a Comment