7.05.2015

Gələcəyin Mübarizləri

 Əzəmət Quliyeva, 230 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi

Şəhid Fuad Fərhadoğlunun adını daşıyan məktəbimiz vətənpərvərlik mövzusunda keçirdiyi tədbirlərdə daim fərqlənmişdir. 20 Yanvar şəhidi Fuad Fərhadoğluna həsr olunmuş silsilə tədbirlərə artıq neçə ildir ki, vətənimizin qəhrəman oğlu Mübariz İbrahimov haqqında keçirilən tədbirlər də daxil edilmişdir. Tərtərdə göstərdiyi misilsiz qəhrəmanlıq bütün azərbaycanlılar kimi məktəbimizdə təhsil alan şagirdlərin və müəllim kollektivinin də qəlbini riqqətə gətirdi.

Artıq 5 ildir ki, məktəbimiz Azərbaynanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününü böyük təntənə ilə qeyd edir.
İki ildir ki, şagirdlər canlı olaraq Mübarizi tanıyan şəxslərlə görüşür, bu əfsanəvi qəhrəman haqqında onun öz ailəsinin, doğmalarının, müəllimlərinin söhbətlərini dinləyirlər.
2013-cü ildə məktəbimizin bir qrup müəllim və şagird kollektivi Mübariz İbrahimovun doğulub boya başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndinə getdi. Burada onlar Milli Qəhrəmanın vaxtilə yaşadığı evdə olub onun atası Ağakərim İbrahimovun dilindən qəhrəman haqqında çox maraqlı söhbətlər eşitdilər. Sonra qrup M. Piriyev adına Əliabad kənd orta məktəbində oldu. Burada da şəhidin müəllimləri və məktəbin direktoru gələn qonaqlara maraqlı faktlar danışdılar.
Elə o vaxtdan da Xəzər rayonunda yerləşən 230 nömrəli tam orta məktəblə Biləsuvarda yerləşən Əliabad kənd orta məktəbi arasında sıx dostluq əlaqələri yarandı.
Növbəti ildə də məktəbimiz Mübariz İbrahimovun doğum gününü məktəbdə qeyd etdi və Biləsuvardan gələn qonaqlar bu tədbirdən məmnunluqla ayrıldılar. Elə o gündən Mübarizin yaxınları məktəbimizin daimi qonaqlarından birinə çevrildilər.
  Bu ilin fevral ayında keçirilən “Gələcəyin Mübarizləri” adlı tədbirin işığına da bir çox qonaq yığışmışdı. Tədbirdə yuxarı sinif şagirdlərinin hazırladığı səhnəcik tamaşaçıların qəlbində bir daha intiqam hissini alovlandırdı. IX sinif şagirdi Xanım Əsgərova qaçqın ana obrazını çox gözəl canlandırmışdı. Zalda əyləşənlər ananın dediklərini dinlədikcə göz yaşlarını saxlaya bilmirdilər. XI sinif şagirdi Əli Mahmudovun yaratdığı qəhrəman Mübariz obrazı Vətənimizin hələ çox belə oğul yetişdirəcəyindən xəbər verirdi. Vüsalə Əhmədova –X “a”,  Mirşikar Xudiyev –IX “a", Sevda Zeynalova –X “a”, Teymur Məmmədov –VIII “b”, Əsgər, İsmayıl-IX “a”, Günel  Zeynalova –V “a”, Brilliant Oruczadə -V “a”, Fatma Fərəcova –VIII “b”,  Ayşə Çobanova –VI”b”, Mirhakim Muxtarov –VIII “b”, Aytən Məmmədova-VI “b”, Şadman Əliyev –VIII “b” tədbirdə çox ürəklə iştirak edirdi.
Tədbirin sonunda hər il olduğu kimi məktəbin direktoru Elşən Qafarov Mübariz İbrahimovun  ev muzeyinə məktəbin adından hədiyyə təqdim etdi.
  Bundan başqa məktəbdə keçirilmiş inşa, divar qəzeti, bilik yarışlarının qalibləri Mübariz İbrahimova həsr olunmuş kitablarla, fotoşəkillərlə mükafatlandırıldı.
  Mübariz İbrahimov haqqında cild-cild əsrlər yazılsa belə yenə də azdır. Ölümünə fərman verən, şəhid olacağam fikrindən daşınmayan şir ürəkli Mübarizdən örnək alan şagirdlərimiz zaman-zaman bu cür igidləri xatırlamalı, vətənin qarşılaşacağı dar məqamda ondan nümunə götürməyi, düşünüb-daşınmadan vətənə qurban getməyi bacarmalıdır.



No comments:

Post a Comment