HƏDƏFİMİZ ƏN YAXŞI MÜƏLLİMLƏRİ CƏMİYYƏTƏ
TƏQDİM ETMƏKDİR...
Bu yazı Sumqayıt
şəhərindəki 26 nömrəli tam orta məktəbin ingilis dili
müəllimi Könül Qafarovanın iş təcrübəsndən bəhs edir.
Hər bir insanın şəxsi-mənəvi keyfiyyətləri
onun hansı ruha, hansı əxlaqa, hansı dəyərlərə sahibliyi ilə formalaşır.
Ürəyin, ruhun sahib olduğu mənəvi keyfiyyətlər insanın ən dəyərli nemətləridir.
Zaman-zaman müəllimin qarşısında dayanan ən ali vəzifə də, məhz yetirmələrinin
mənəvi dünyasının zənginləşməsi, onun ürəyinin, qəlbinin ən dərin qatlarında
mərhəmət, xeyirxahlıq, haqq-ədalət toxumlarını cücərtmək olmuşdur. Əlbəttə ki,
bu, bu gün də belədir. Sumqayıt şəhərindəki 26 nömrəli tam orta məktəbin ingilis
dili müəllimi Könül Qafarovanın 8-ci sinifdə “Heç vaxt təslim olma” mövzusunda
apardığı dərs yalnız mövzuda əks olunan iradəli, mətin, cəsur şəxsiyyətlərin
mənəvi dünyasını xarakterizə etmək deyil, həm də şagirdlərdə bu keyfiyyətlərin
formalaşdırılmasına yönəlmişdi. Qarşıya qoyulan məqsədlərdən də bunu aydın
görmək mümkün idi. Onlar dil bacarığından istifadə etməklə fiziki qüsurlu
insanların həyat eşqindən ruhlanaraq bu insanların cəsarətliliyi haqqında
tapşırıqları icra etməli, mövzu ilə bağlı fikirlərini bildirməli, mətndən
fiziki qüsurlu insanlar haqqında fakt və hadisələri seçib qruplaşdırmalı,
fiziki qüsurlu insanlar haqqında kiçik mətnlər yazmalı idilər. Ən nəhayətdə isə
onlar bu insanların mənəvi dünyasını xarakterizə etməli, onları yüksək
zirvələrə aparan zəngin mənəvi aləmlərindən bəhs etməli idilər.
Könül Qafarova maraqlı motivasiya düşünmüşdü. O, dərsin bu hissəsində şagirdlərə elə real faktlar təqdim etdi ki, bu faktlar hər bir ürəyi riqqətə gətirmək gücündə idi. Paraolimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu, cüdo ustası İlham Zəkiyev, bəstəkar Stiv Vondə, müğənni Murad Sadıx, Hollivud aktyoru Kristofer Riv, keçmiş Amerika prezidenti Ruzvelt ekranda canlandıqca, müəllim bu müstəsna insanlar haqqında məlumat verir, onların mübarizələrlə dolu həyatından bəhs edirdi. Həyatda böyük uğurlar əldə etmək üçün əlbəttə ki, əziyyətlərə qatlaşmaq lazımdır. Amma bu insanların əziyyətləri ikiqat artıqdır. Onlar yalnız idman meydanında rəqibləri, gördükləri hər hansı bir işdə yalnız fiziki qüsuları ilə deyil, həm də həyatla, zamanla mübarizə aparmaq məcburiyyətindədirlər. Onlar öz həyatları ilə əsl mübarizə, örnək məktəbi yaratmış, həyatın çətinləkilərinə qalib gəlmişlər. Könül Qafarovanın “Heç vaxt təslim olma” mövzusuna məhz bu yanaşma ilə başlaması, şagirdlərdə həqiqi ruh yüksəkliyinin yaranmasına yol açdı. Video-nümayişin ardınca müəllimin ünvanladığı bu insanlar kimdir, onları hansı xüsusiyyətlər, ümumi cəhətlər birləşdirir, həyatda heç vaxt təslim olmayan insanı necə-hansı xüsusiyyətlərinə görə səciyyələndirərdiniz? sualı şagirdlərin maraqlı cavabları ilə müşaiyət olundu. Etiraf edim ki, bu cavablardan səkkizincilərin həyat hazırlıqları ilə yanaşı, onların mənəvi aləmlərinin hansı təməllər üzərində formalaşmaqda olduğunu da görmək mümkün idi. Onlar sanki bir ailə halına gəlib, öz mövqelərini bir ailənin mövqeyi kimi meydana qoyurdular. Bu insanları birləşdirən xüsusiyyətlər onların istedadları, seçdikləri sənətə məhəbbətləri, cəsarətli addım atmaqdan çəkinməmələri, həyat eşqləri, həyat arzuları, ruh yüksəklikləri və nəhayət böyük ürəyə sahib olmaqları idi. Onları məhz bu kimi xüsusiyyətlər birləşdirir, onlar həyatın çətinliklərinə məhz öz daxili aləmlərində formalaşdırdıqları bu cəhətləri ilə qalib gəlirlər. Könül Qafarovanın:- əlbəttə, mən sizinlə razıyam, amma insanın şəxsində olan bu xüsusiyyətlər də hələ onun uğur qazanması üçün son amil deyil. Məqsədə çatmaq üçün ona doğru inamla addımlamaq, maneələri aşmaq üçün çətinliklərdən çəkinməmək lazımdır. Elə isə biz bu gün “Məqsədə çatmaq üçün nə etmək lazımdır?” problemi üzərində düşünəcəyik, dedi. Şagirdlər bu tədqiqat sualı ətrafında işləmək üçün “Love” (Sevgi), “Talent” (İstedad), “Courage” (Cəsarət) qruplarına bölündülər. Tədqiqata başlamazdan əvvəl onlar yeni sözlərlə tanış oldular ki, bu da dərs prosesində onlara yardımçı olacaqdı. Müəllimin tətbiq etdiyi “Ziqzaq” təlim üsulu fikrimcə bu mövzunun tədrisində əhəmiyyətli idi. Bu zaman Könül Qafarova şagirdləri ekspert qruplara bölərək hər qrupa bir məlumat verdi. Ekspert qrupunda olan hər bir şagird məlumatı öyrəndikdən sonra onu öz mənsub oluğu qrup üzvləri ilə paylaşdı.
Qeyd etdiyim kimi, Könül Qafarova sinfi üç qrupa ayırmışdı. Birinci qrup ikiqat paraolimpiya çempionu İlham Zəkiyev, ikinci qrup məşhur Amerikalı aktyor, kinorejissor Kristofer Riv, üçüncü qrup isə dahi alman bəstəkarı Lüdviq Van Bethoven haqqında təqdimat hazırlamaq tapşırığı aldı. Mənim üçün maraqlı idi ki, fərqli təfəkkür tərzinə, düşüncə qabiliyyətinə malik olan şagirdlər eynilə bu fərqli sənət adamları haqqında hansı fikri yürüdəcək, bu insanların böyüklüyü qarşısında az qala görünməz olan fiziki qüsurlarını necə xarakterizə edəcək, fiziki qüsurluluq və şəxsiyyətin mənəvi keyfiyyətləri arasında necə paralellər və müqayisələr aparacaq, mənəvi yüksəlişə aparan yolları necə xarakterizə edəcəklər? Könül müəllimin bütün bunlara nail olmaq üçün seçdiyi məharətli yanaşma tərzi bütünlükdə sinfin üç böyük insanın şəxsi-mənəvi keyfiyyətlərinin təhlili üzərində köklənməsinə şərait yaratmışdı. O, qruplara verdiyi tapşırıqlarla yanaşı, bəzən kollektivi bütünlüklə problemin həllinə qoşur, yeri gəldikcə hər bir şagirdə fərdi yanaşır, onları iki-iki fəaliyyətə cəlb edirdi. Yetirmələri, gənc olmasına rəğmən kifayət qədər təcrübə toplamış istedadlı müəllimin dilindən süzülüb gələn hər bir ifadəni sanki “Göydə tutur”, onun suallarını eyni məharətlə də cavablandırırdılar. Onlar mətndəki fakt və hadisələri real həyatla müqayisə edir, cəmiyyətlə, ictimai, insanlararası münasibətlərlə əlaqələndirir, hər bir nailiyətin kökündə, dərsin əvvəlində də söylədikləri kimi, sarsılmaz mənəvi gücün, möhkəm iradənin dayandığını vurğulayırdılar. Amma bunlar yalnız nəticədir. Mənə maraqlı olan şagirdlərin çalışmaları internet resurslardan istifadə edərək hazırlamaları idi. VEB2 alətlərinin tətbiqi şəraitində keçən dərsdə diqqətimi cəlb edən məqam həm də informasiyanın zənginliyi, əhatəliliyi, eyni zamanda, şagirdlərin bu informasiyaları tətbiq etmək bacarıqları idi. Onlar bəhs etdikləri görkəmli şəxsiyyətlərin həyatlarının elə məqamlarına toxunurdular ki, bütün bunlar heç də hamıya bəlli deyil. Burada belə bir qənaətim yaranırdı ki, Könül Qafarovanın şagirdləri, özləri öyrənməklə bərabər, həm də biri-birilərini də öyrədir, biri-birilərinin dünyagörüşünün, təsəvvür dairələrinin genişlənməsinə səbəb olurdular.
Könül Qafarovanın bu mövzu çərçivəsində sinifdə yaratdığı mühit şagirdləri həm də görkəmli şəxsiyyətlərin həyatını öyrənməyə, eyni zamanda onlarda idmana, musiqiyə, kinoya, sənət əsərlərinə maraq yaranmasına yol açırdı. Görkəmli şəxsiyyətlərdən söz düşmüşkən, tarixə ekskurs edən təcrübəli müəllim Şah İsmayı Xətaidən, Şah 1-ci Təmasibdən, Şah 1-ci Abbasdan, Nadir Şahdan, Qubalı Fətəli xandan, Hacı Çələbi xandan müəyyən sitatlar, həyatlarının müəyyən məqamlarından nümunələr gətirməklə onları lider şəxsiyyət kimi diqqətə çatdırdı. Mövzuda bəhs olunan şəxsiyyətlərin də liderlik xüsusiyyətlərnə malik olduğunu bildirən şagirdlər, liderliyin həm də böyük məsuliyyət, eyni zamanda böyük vətənpərvərlik olduğunu vurğuladılar. Bütün bunlar elə bir xüsusiyyətlərdir ki, əgər bir insanın şəxsində əks olunursa, onu nə fiziki, nə də mənəvi cəhətdən məğlub etmək mümkün deyil. Necə ki, görkəmli şəxsiyyətlər də bunu belə ifadə ediblər. İlham Zəkiyev:“İşığı görmək vacib deyil, həqiqəti görməyən insan kordur”, Murad Sadıx: “Mənəviyyatı kor olanlar kordur”, Helen Keller: “Bir qapı bağlananda digəri açılır. Amma biz o bağlı qapının arxasınca elə uzun müddət baxırıq ki, bizə açılmış olan yeni qapını görə bilmirik” deməklə, öz həyat amallarını, mübarizə məqsədlərini dilə gətiriblər. Könül Qafarova dərsdə yaratdığı sistemlə şagirdlərinin düşüncəsində, onların həyat yolunda mübarizlik amalının təşəkkül tapmasına çalışırdı, onlarda həyata inam, sevgi hissinin bərqərar olmasına can atırdı. Təhlil üçün seçilmiş şəxsiyyətlər, onların həyatlarından gətirilən sitatlar, tarixə ekskursiya, həzin melodiya, hikmətli sözlər, hazırlanan kiçik mətnlər, həyatı, insanlığı, mənəvi dəyərləri özündə ehtiva edən şeirlər, bütün bunlar dərsin ayrı-ayrı anlarında səsləndirilib bir sistem halında şagirdlərin düşüncəsində əks etdirilirdi. Onu da qeyd edim ki, dərs ərzində “cütlərlə” işləyən şagirdlər yeni texnoloji imkanlara rəğmən müəllim tərəfindən sertifikatla dəyərləndirilirdi. www.proprofs.com, www.slideboom.com,www.learningapps.org. www.popplet.com internet resursları dərsin daha zəngin təməllər üzərində qurulmasına imkan yaratmışdı. Müəllimi isə şagirdlərinəmindomo.com saytında hazırladığı dərsi təqdim edirdi.
Könül Qafarova təqdim etdiyi bu dərslə, yalnız mövzuda əks olunmuş üç dahinin mənəvi aləmini deyil, ümumilikdə böyük mənəvi gücün yarada biləcəyi xarüqələrin mümkünlüyünü şagirdlərinə aşılaya bildi. O aşılaya bildi ki, mənəviyyat zənginliyi, mənəvi güc qarşısında bütün fiziki qüsurlar acızdır. Yetər ki, insan özündəki bu potensialı düzgün dəyərləndirə, onu xarakterində formalaşdıra bilə. Tədris etdiyi fənnindən asılı olmayaraq, müəllim bir şəxsiyyət olaraq şagirdlərinə, əlbəttə ki, bu hissi aşılamağı bacarmalıdır. Könül Qafarova 45 dəqiqə ərzində bu işə bütün qəlbi ilə yanaşmaqla, şagirdlərinin düşüncəsində mənəvi gücün, mənəviyyat zənginliyinin əhəmiyyəti haqqında təsəvvürlərini genişləndirə bilmişdi. Bunu onların cavabları ilə yanaşı, simalarındakı aydınlıq, baxışlarındakı parıltı da deyirdi...
Könül Qafarovanın ev üçün tapşırığı da tədqiqatçılıq, yaradıcı fəaliyyət baxımından şagirdlər üçün əhəmiyyətli oldu. Onlar evdə “Əgər sən cəsur adam olsaydın öz vətənin üçün nə edərdin”, eləcə də əsgərlərimizə “Heç vaxt təslim olma” mövzusunda məktub hazırlamalı idilər. Təbii ki, bu, mövzunun mənimsədilməsi baxımından, eyni zamanda şagirdlərin fikirlərini konkretləşdirmələri, yaradıcılıq imkanlarının sistemləşdirilməsi baxımından əhəmiyyətli idi.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment