6.12.2016

Milli istiqlal dərsi



Bu yazı Sumqayıt şəhərindəki 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəlalə Məmmədovanın iş təcrübəsindən bəhs edir.
Mövzunun mahiyyətinə varmağı, hər hansı bir əsərdəki obrazın hiss və duyğularını, hadisələrin tarixi inkişaf dinamikasını, tarxilik və müasirlik vəhdətini açmağı bacaran müəllim şagirdlərinin uğura gedən yolunun təməlini qoya bilər. Əvvəllər mənə elə gəlirdi ki, yalnız, insan ruhuna, insanın mənəvi dünyasına yaxınlığı baxımından ədəbiyyat şagirdin mənəvi keyfiyyətlərinin formalaşmasında müstəsna fəndir. Amma istedadlı müəllimlərin dərslərini dinlədikcə, görürdüm ki, tədris etdiyi fəndən asılı olmayaraq, əgər müəllimin ürəyində öyrətmək istəyi, şagirdinin mənəvi aləmini duymaq, ona onun arzu və istəkləri prizmasndan yanaşmaq istedadı varsa, o müəllim şagirdinin şəxsində yüksək əxlaqi mənəvi keyfiyyətləri formalaşdıra biləcək. Mən Şəlalə Məmmədovanı da məhz belə bir müəllim kimi tanıyırdım.
İzlədiyim dərsləri isə bu qənaətimin daha da möhkəmlənsinə yardımçı oldu. Onun səkkizinci sinifdə Məhmət Akif Ərsoyun “İstiqlal marşı” mövzusunda apardığı dərs Türk dünyasının görkəmli şairinin böyük əsərinin yaddaşlara köçürülməsi baxımından müstəsna oldu.
Onu dərsində mən həqiqətən belə bir qənaətə gəlirdim ki, müəllimin hər hansı bir mövzunun tədrisində əldə etdiyi uğur onun mənəvi dünyası ilə bağlıdır. Elə mövzular var ki, onların tədrisi yalnız bilik tələb etmir, hiss, həyacan, ürəkdən gələn sevginin təzahürü vacib şərt kimi görünür. Şagird müəllimin qəlbindəki bu hissi duyduqca, onun öyrətdiklərinə qarşı daha həssas, daha anlayışlı olur. Şəlalə Məmmədova “İstiqlal marşı”nı böyük bir millətin keçib gəldiyi tarixi səfər yolunun qələbə təntənəsi kimi təqdim edirdi. Elə Üzeyir Hacıbəylinin “Koroğlu” üverturasının sədaları altında Xəlil Rza Ulutürkün “Azadlıq” şeirini söyləməsi də istiqlalın ilham pərisi kimi düşüncələrdə əks səda verirdi. Sinifdə ruh yüksəkliyinin təmin olunması üçün əslində bu kifayət idi. Şəlalə müəllim motivasiya mərhələsi üçün seçdiyi bu yanaşma ilə həm də türk dünyasının mənəvi birliyinin, bu birlikdən doğan əzəmətli sənət əsərini nümayiş etdirirdi. Eyni zamanda dərsin əvvəlindəcə, tarixin, mükəmməl musiqinin, türk dünyasına böyük sevginin vəhdətindən yaranmış bir dərs haqqında mesaj verirdi. Sinfin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi də fikrimizin təsdiqi kimi səslənə bilər. Üvertura və Xəlil Rzanın şeiri həm də təfəkkürün oyadılması metodu idi. Şəlalə Məmmədova bu metodu məhz ona görə seçmişdi ki, “İstiqalal marşı”nı öyrənəcək yeniyətmələrin təfəkkürü ruhən bu mövzuya yaxınlaşsın. Yaxınlaşdıqca da mənəvi, ruhi azadlığın əsl mahiyyətini dərk etsin. Ruhi azadlıq insan mənəviyyatının sağlamlığıdır. Əslində ruhi azadlıq aşılayan müəllim, həm də öz yetirməsinə mənəviyyat zənginiliyin qapılarını açır. Şəlalə müəllim “İstiqlal marşı”nı insanın ruhi-mənəvi azadlığının təməl daşları kimi təqdim etməyi bacarırdı desək, yanılmarıq. Digər bir məqam isə o idi ki, müəllim dərsin Azərbaycan əsgərlərinin erməni qəsbkarlaraına qarşı döyüş əməliyyatlarının aparıldığı vaxta təsadüf etməsi zamanından istifadə edərək, dərsi zamanın ab-havası ilə səsləşdirməyə nail olmuşdu. Dərsin igid əsgərlərimizə, şəhid oğullarımıza həsr olunması da bu mənada yerinə düşmüşdü. 
Müəllimin www.learningapps.org saytında hazırladığı pazllar açıldıqdan sonra dərsin mövzusu şagirdlərə aydın oldu: Məhmət Akif Ərsoy “İstiqlal marşı”. Əslində şagirdlərə ünvünlanan və mövzunun açılmasına xidmət edən suallar da istiqlala gedən yolu xatırladırdı. Onlar “İstiqlal marşı”na çatana qədər istiqlalçı şəxsiyyətlərin adları, onların keçdikləri ömür yolları ilə tanış oldular və nəhayətdə monitorda “İstiqlal marşı”nın müəllifini gördülər. Şəlalə müəllimin Məhmət Akif Ərsoyun həyatından bəhs etməsi böyük şairin keçdiyi ömür yolunun özünün də istiqlal yolu ilə eyniyyət təşkil etdiyi aydın görünürdü. Müəllim bu həyatı məhz bu notlar üzərində qurmaqla, əslində həm şairin, həm də “İstiqlal marşı”nın tərcümeyi halını danışırdı. Osmanlı İmperatorluğunun süqutu, Türkiyə Cümhuriyytinin yaradılmasından, həmin dövrün tarixi ictimai proseslərindən, dünyada o dövrdə baş verən hadisələrdən misallar gətirən müəllim dövrün mənzərəsini yaratmağa çalışırdı. Şagirdlər “İstiqlal marşı”nın sanki cəmiyyətin reallıqlarından doğulduğunu və bu əsərin nə qədər sadə, sadə olduğu qədər də keşməkeşli ömür sürmüş bir insan tərəfindən yaradıldığının şahidi olurdular. Bütün bunlar müəllim tərəfindən adi bir fakt kimi deyilib keçilmirdi. Əgər hadisədən bəhs olunurdusa, onun tarixi köklərinə, şəxsiyyətdən danışılırdısa, onun şəxsi-mənəvi keyfiyyətlərinə səyahət olunur, alınan cavablardan zamanın həqiqətləri, şəxsiyyətlərin mənəvi aləmləri boylanırdı. Zamanın keşməkeşləri, şəxsiyyətin zəmanəsində rolu, insan-zaman münasibətləri açılırdı. 
Şəlalə Məmmədova tədqiqat sualına keçməzdən öncə də şagirdlərinin qarşısında maraqlı bir tapşırıq qoydu. Görkəmli Azərbaycan şairi, yazıçısı Cəfər Cabbarlının “Azərbaycan bayrağına”, eləcə də Səməd Vurğunun “Azərbaycan” adlı şeirindən verilmiş parçada buraxılmış sözləri tapmaqla, qruplarının adlarını müəyyənləşdirdilər. Bir məqamı qeyd etmək istərdim ki, Şəlalə Məmmədova dərsin bütün məqamlarından yaradıcılıqla istifadə etməyi bacaran müəllimlərdəndir. O, dərsi digər fənlərlə inteqrativ şəraitdə qurmala bərabər, keçilmiş mövzuları da, ustalıqla tədris etdiyi mövzu ilə əlaqələndirir, şagirdlərin idrak fəallığını təmin etməyə, yaddaşlarını sınağa çəkməyə, hadisələri və faktları yeri gəldikcə əlaqələndirməyə, məntiqi nəticələr çıxarmağa nail olur. Beləliklə, səkkizincilər “İstiqlala gedən yol, sizcə, nələrdən keçir?” tədqiqat sualı ətrafında işlədilər. Qrup işlərindən öncə şagirdlərin fərziyyələri dinlədildi. – İstiqlal şeirləri nə üçün yazılır? İstiqlala gedən yol nələrdən keçir? Kimi sualları şagirdlərin maraqlı fərziyyələri ilə diqqətimi cəlb etdi. Onlar istiqlal şeirlərinin zəngin mənəvi duyğuların, vətən, torpaq, yurd sevgisi kimi meydana gəldiyini, istiqlala gedən yolun Qarabağdan, şəhidlikdən, qəhrəmanlıqdan keçdiyini dilə gətirdilər. Mən Şəlalə müəllimin şagirdlərinin bu cavablarından onlarda böyük vətən sevgisinin, mənəvi dəyərlərimizə bağlılığın şahidi olurdum. Dama-dama göl olar deyiblər. Məndə belə bir əminlik hasil olurdu ki, səkkizincilərdə müşahidə etdiyim bu mənəvi keyfiyyətlər onların mənəviyyat dünyasında müəllimlərinin ustalığı sayəsində qətrə-qətrə yazılır. Və məqamında, zamanında üzə çıxır. Bir məqam da mənim üçün əhəmiyyətli idi. Dərsə hərbi geyimdə çıxan uşaqlar sanki özlərini vətənin müdafiəçisi, istiqlal yolunun fədailəri kimi hiss edirdilər. Əyinlərindəki geyim düşüncələrindəki istiqlal sevgisi ilə eyniyyət yaradıb fikirlərində doğulmaqla özünü biruzə verirdi. 
Sinif “Turan”, “Odlar yurdu”, “İstiqlal”, “Qarabağ” olmaqla dörd qrupa bölündü. Qrup tapşırıqlarından öncə müəllim şeirin bir hissəsini qiraətlə oxudu. Şagirdlərin də ardıcıllıqla şeirin digər bəndlərini oxumaları, həm də obrazlı ifadə etmələri sinfin ahəngini sanki əbəbi məclis ahənginə köklmişdi. Bu ahəng bütün dərs boyu davam edəcəkdi. Şagirdlər “İstiqlal marşı”nı hissə-hissə oxuduqdan sonra isə bütün qruplara taşırıq verildi. – Bənlərdə ifadə olunan fikirləri aydınlaşdırmalı, bədii təsvir və ifadə vasitələrini müəyyən etməli idilər. Şagirdlər öz təqdimatlarında Məhmət Akif Ərsoyun öz millətinin, ordusunun qəhrəmanlığına, milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə nə qədər böyük önəm verdiyini, tarixini sevdiyini, şanlı tarixindən qürur duyduğunu, zaman durduqca, uca millətinin var olacağına böyük inam bəslədiyini dilə gətirdilər. Əsərin əsl vətənpərvərlik simfoniyası olduğunu söylədilər. Həm də özlərinə, öz fikirlərinə o qədər inamlı şəkildə ifadə etdilər ki, bu fikilərin həqiqiliyinə inanmamaq, elmi tutumunu heyran qalmamaq mümkün deyildi. Yuxarıda da qeyd etdiyim kimi, onlar “İstiqlal marşı” ətrafında sanki ədəbi məclis qurmuşdular. Təhliletmə, faktlara düzgün qiymətvermə, əsərin mahiyyətinəvarma bacarıqları ilə elə əhatəli fikirlər irəli sürürdülər ki, sanki əsərin “ürəyini oxuyurdular”. Mənə elə gəlirdi ki, əsəri məhz bu cür təhliletmə bacarığı bizim gənclərə - torpağı işğal olunmuş, soydaşları qaçqın düşmüş, soyqırımlar, faciələr yaşamış gənclərə aid ola bilər. 
Dərsin “Yaradıcı tətbiqetmə” mərhələsində maraqlı nüanslarla qarşılaşdıq. Burada hər bir qrupa fərqli tapşırıqlar verildi. “Qarabağ” qrupu hərbi vətənpərvərlik mövzusunda şeir və ya musiqi ifadə etməli, “İstiqlal” qrupu “İstiqlala gedən yol” mövzusunda rəsm çəkməli, “Turan” qrupu Azərbaycanın Dövlət Himni ilə Türkiyə Cümhuriyyətinin Dövlət Himnini müqayisə etməli, “Odlar Yurdu” qrupu “Əsgərə məktub” layihəsinə qoşulmalı idi. Bu tapşırıqların hər biri vətənpərvərvər ruhlu tapşırıqlar olmaqla bərabər, eyni zamanda, şagirdlərin yaradıcılıq potensiallarını üzə çıxarmaq, ümumilikdə sinfin intellektual imkanlarını meydana qoymaq məqsədi daşıyırdı. Şeirdəki fikri aydınlaşdırdığına görə, bəddi təsvir və ifadə vasitələrinə görə qiymətləndirilən qruplar, eyni zamanda onlayn qiymət də aldılar. Kompüterə daxil edilən cavablara müvafiq olaraq şagirdlərə sertifikat yazıldı. 
“Yaradıcı tətbiqetmə” mərhələsində “Qarabağ” qrupunun üzvləri “Cənab leytenant” mahnısını özlərinəməxsus tərzdə ifadə etməklə ürəklərindəki vətənpərvərlik hisslərini dilə gətirdilər. “Odlar Yurdu” qrupu əsgərlərə yazdıqları məktubda əsgərlərimizə böyük inamlarını ifadə edir, onlarla ruhən bir yerdə olduqlarını, əsgərlərimizə daim dəstək olacaqlarını bəyan etdilər. “Turan” qrupunun Azərbaycanın Dövlət Himni ilə Türkiyə Cümhuriyyətinin Dövlət Himnlərinin müqayisəli təhlili də şagirdlərin hər iki ölkənin Himni ilə bağlı ətraflı məlumata malik olduqlarını meydana çıxardı. Burada həm də o fikir vurğulandı ki, hər iki ölkənin Dövlət Himni öz ölkəsinin görkəmli şairləri tərəfindən yazılmış, dünya şöhrətli bəstəkarlar tərəfindən bəstələnmişdir. “İstiqlal” qrupunun “İstiqlala gedən yol” rəsmi də maraqla qarşılandı. Onlar istiqlala gedən yolun məşəqqətlərindən, müharibələrdən keçdiyini, sonunda zəfərlə nəticələndiyini vurğuladılar. Bu dərs, mənə sözün həqiqi mənasında mükəmməl bir istiqlal dərsini xatırlatdı. Şəlalə Məmmədova özünün yüksək peşəkarlığı, intellektual və mənəvi hazırlığı sayəsində şagirdlərinin qəlbində istiqlal sevgisini oyada, onların vətənpərvərlik duyğularını alovlandıra bildi. Əslində müəllimin qarşısında dayanan ən ümdə vəzifə də elə bundan ibarətdir. O, dərsin motivasiya hissəsindən başlayaraq ən yeni texnologiyaları dərs prosesinə tətbiq edib sinfin yüksək əhval-ruhiyyəsini təmin etdi, yeri gəldikcə şagirdlərinin intellektual, həyati bacarıqlarını ümumiləşdirib dərsi maraqlı nüanslarla zənginləşdirdi. Ən yeni texnoloji vasitələrlə şagirdlərinin qiymətləndirilməsini təmin etdi, nəhayət onlara istiqlalın, azadlığın nə qədər vacib olduğunu anlatdı. Musiqiyə, tarixə, Azərbaycan dilinə, Təsviri incəsənətə inteqrasiya olunmuş maraqlı bir dərs təqdim etdi. Bu dərs, dediyim kimi, əsl istiqlal dərsi idi. 
Böyükağa MİKAYILLI


No comments:

Post a Comment