"Təhsil
Və Zaman" 02 iyul, 2016-cı il.
Dünyanın ən qədim və mədəni xalqlarından
olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin
ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Bu
nəcib, həssas qəlbli xalqın vətəni Odlar yurdu, həm də sehrkar musiqi diyarı
kimi məşhurdur. Azərbaycan musiqisi öz milli zəmini üzərində yüksəlmişdir.
Bununla yanaşı, Azərbaycan musiqisi qabaqcıl dünya mədəniyyətinin gözəl
ənənələrindən də müəyyən dərəcə təsirlənmiş, daha da inkişaf edib müasir
səviyyəyə çatmışdır.
Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Qarabağ torpağı Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Qədim tarixə malik bu torpaq Azərbaycan elminə, mədəniyyətinə və incəsənətinə böyük şəxsiyyətlər bəxş etmiş və Azərbaycan mədəniyyətinin inkişafında müstəsna mövqeyə malik olmuşdur. Xüsusilə Qarabağın mərkəzi Şuşa şəhəri musiqi tarixində mühüm yer tutur.
Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və
təkrarsız incilərindən biridir. Şuşa şəhəri yarandığı gündən "Azərbaycan
milli mədəniyyət xəzinəsi", "Azərbaycan musiqisinin beşiyi",
"Qafqazın konservatoriyası" kimi şöhrət qazanmışdır. Görkəmli
musiqiçi B.S.Vinoqradov Şuşanın Azərbaycan musiqi mədəniyyəti tarixində oynadığı
roldan bəhs edərkən yazırdı: "Şuşalı musiqiçilər Azərbaycanın musiqi
tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin digər
ölkələrində də təmsil etmişlər". Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Qarabağ torpağı Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Qədim tarixə malik bu torpaq Azərbaycan elminə, mədəniyyətinə və incəsənətinə böyük şəxsiyyətlər bəxş etmiş və Azərbaycan mədəniyyətinin inkişafında müstəsna mövqeyə malik olmuşdur. Xüsusilə Qarabağın mərkəzi Şuşa şəhəri musiqi tarixində mühüm yer tutur.
Dünyanın mütərəqqi musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin inkişafında xalq musiqisi yaradıcılarının, eyni zamanda xanəndələrinin böyük xidmətləri olmuşdur. Xanəndələr xalqın mənəvi aləminin, zəkasının, arzu-istəyinin ifadəsi olan xalq musiqisini təbliğ etmiş, yaşatmış və qoruyub saxlamışlar.
Azərbaycan xanəndəlik sənəti məktəbinin ən görkəmli nümayəndələri olan Xarrat Qulu, Əbdül Bağı Zülalov, Hacı Hüsü, Məşədi Məmməd Fərzəliyev, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski və başqaları Şuşada doğulub sənətkar kimi püxtələşmişlər. Xanəndə incəsənəti öz kökləri ilə çox qədim zamanlara gedib çıxır. Belə ki, xalqımız qədim zamanlardan el aşığını, xanəndə və sazəndələrin sənətini qızğın məhəbbətlə sevmiş, onlara həmişə hörmət və ehtiram göstərmişdir. Muğamları nəsildən-nəslə çatdıran, onlara yeni-yeni guşələr və xallar əlavə edib zənginləşdirən elə xalq xanəndələri olmuşdur. "Azərbaycan xanəndələri və musiqiçiləri bütün Şərqdə şöhrət qazanmışdı. Onların mahnılarını Xəzərin o tərəfində, Türkmənistan düzlərində, Elbrus dağlarının ətəklərində və Qara dəniz sahillərində oxuyurdular. Xalqlar öz arzu və fikirlərini mahnı vasitəsi ilə bir-birinə bildirirdilər. Xalq həmişə öz sənətkarlarını, xanəndələrini, aşıqlarını yüksək və əziz tutmuşdur". Bu günə qədər əldə olunan mənbələrə görə xanəndəlik sənəti orta əsrlərdə şəhərlərin inkişafı ilə əlaqədar meydana gəlmişdir. O zamanlar xanəndələr əsasən şəhər əyanlarının düzəltdikləri ziyafətlərdə, toy şənliklərində, karvansaraylarda və yarmarkalarda çıxış etmişlər. Orada ən gözəl xanəndələr, muğam ifaçıları iştirak edirdi. Xanəndələr əsasən fars dilində yazılmış qəzəlləri və təsnifləri oxuduqlarına görə kəndlilər xanəndələri öz məclislərinə dəvət etməzdi. Kənd məclislərinin yaraşığı ya aşıqlar, ya da zurnaçılar dəstəsi olardı.
XX əsrin əvvəllərinə qədər varlı ailələr xanəndələri, ortabab və şəhər yoxsulları isə zurnaçılar dəstəsini, kənd əhli isə aşıqları öz şənliklərinə dəvət edirdilər. Lakin böyük toylara həm xanəndə, həm də aşıq dəstəsi çağırır və növbə ilə oxudardılar. İstər musiqiçilərin sayına, istərsədə repertuar zənginliyinə görə xanəndə dəstəsi hələ o vaxta qədər Azərbaycanda olan digər musiqiçi dəstələrindən fərqlənirdi. Əgər aşıq sənəti öz ədəbi qidasını zəngin xalq şerindən alırdısa, xanəndə sənətinin ədəbi mənbəyi klassik Azərbaycan şeri, xüsusilə qəzəl idi. Xanəndələr xalq mahnılarından da geniş şəkildə istifadə edirdilər.
Azərbaycanın məşhur musiqiçiləri Cabbar Qaryağdıoğlunun, Bülbülün və Saşa Oqanezaşvilinin əlyazmalarından məlum olur ki, XIX əsrin birinci yarısında xanəndələr tar, kamança və yastıbalabanın müşaiyəti ilə oxuyurmuşlar. Xanəndə və çalğıçılara o zaman "sazəndə dəstəsi" deyirdilər. Bütün xalq şənliklərinə sazəndə dəstəsi- xanəndə, tarzən, kamança və qoşanağara çalanlar olmaq üzrə dörd nəfərdən, sonralar, XX əsrin əvvəllərindən isə xanəndə dəstəsi əsasən üç nəfərdən- xanəndədən, tarzəndən və kamançaçalandan ibarət olmuşdur. Xanəndə ansambllarında qoşanağaraya və yastıbalabana təsadüf edilmirdi. El aşıqları kimi xanəndələrin də ənənəvi libasları olmuşdur. Xüsusilə Qarabağ xanəndələrinin qeyri-adi, cəvahiratlı geyimləri də görənləri təəccübləndirirdi- bahalı mahud parçadan çuxa, atlasdan arxalıq, toqqa bağlayar, diaqanaldan şalvar geyər, bellərinə qızıl toqqa bağlayar, barmaqlarına brilyant üzüklər taxar, başlarına buxara papaq qoyardılar. Çalğıçılar isə musiqi alətlərini qiymətli daş-qaşlarla bəzəyirdilər. Qocaların söylədiklərinə görə Sadıqcanın tarının qolu bütünlüklə sədəfə, çanağı isə qızıldan olmuşdur. Xalq yazıçısı, akademik Mirzə İbrahimov klassik xanəndələrimizin adət-ənənələrindən və onların sənətə münasibətlərindən bəhs edərkən yazmışdır: "Keçmişdə əsl xanəndə və çalğıçıların möhkəm ədəb-ərkan qaydaları vardı. Onlar geyimlərinin səliqəsinə, zahiri hərəkətlərinin nəcibliyinə, ağır oturub, ağır durmağa fikir verdikləri kimi ifaçılıqda da müəyyən kamil, bütün qaydaları gözləyirdilər. Xüsusən oxunan havanın bitkinliyinə çalışar, sözlərini diqqətlə seçər, əxlaqi, fəlsəfi və estetik mənası olan qəzəllər, bayatılar, qoşmalar, gözəlləmələr oxuyardılar". Beləliklə, XIX əsrdə xanəndə incəsənəti böyük inkişafa doğru gedir, musiqiçilərin sayı artmağa başlayırdı. Musiqi məclisləri yüksək səviyyədə təkmilləşmiş xanəndə nəsli yetişdirirdi. Təkcə Şuşada 60-a yaxın ansambl yaradılmışdır. Onlar artıq geniş kütlə üçün konsertlər verirdi. Şuşada, Gəncədə, Bakıda, Dərbənddə, Vladiqafqazda, Tiflisdə keçirilən konsertlər böyük uğur gətirməyə başlayırdı. Ansamblların yaradılması və inkişafında el məclislərinin, toyların da xüsusi yeri var idi. Şuşalı xanındələrin toy coğrafiyası Şimali Qafqazdan, Türkiyə, İran və Mərkəzi Asiyaya qədər əhatə edirdi. Onları Avropada bir çox qrammofon firmaları səs yazdırmağa dəvət edirdi. 1898-ci ildə "Rast" və "Bayatı İsfahan" muğamlarının İlham Abdullayev tərəfindən qrammofona yazılması artıq Azərbaycan musiqisinin onun hüdudlarından kənara çıxdığını göstərirdi. 1902-ci ildə Riqada "Qrammofon" firmasında vallar yazılırdı ki, bu, dahi Şuşalı xanəndə Cabbar Qaryağdıoğlunun səsi idi. Bütün Şuşalı müğənnilərin, musiqiçilərin artıq qrammofon diskləri kompleks şəkildə çıxmağa başlayırdı. Ümumiyyətlə, Avropa dinləyicisi Azərbaycan xanəndəsinin səsinə heyran qalırdı. Hətta konsertlərdən sonra pərdə arxası bir çoxları gedib ifaçının boğazına baxmaq istəyirdilər ki, uzun müddət necə olar ki, belə geniş diapozonda oxuyur. Maraqlı faktlardan biri də Abdul Baği Zülalovun (Bülbülcan) rus çarı III Aleksandrın qarşısında çıxışı ilə bağlı olmuşdur. Bu hadisə 1888-ci ildə baş vermişdir. Belə ki, III Aleksandr ailəsi ilə Qafqazada səyahətdə idi. Firudin Şuşinskinin yazdığına görə "Müştaid" bağında çarın şərəfinə məclis təşkil olunmuşdu. Orada badələri yüksək qonağın sağlığına qaldıranda Bülbülcanın bülbülə bənzər səsi eşidildi. Zülalovun ifası sonralar onun ən mötəbər məclislərə dəvət almasına gətirib çıxardı. III Aleksandr Əbdül Bağinin nə arzusu varsa nəzərə alınmasını tələb etdi. Əbdül Bağinin xahişi ilə qədim Qafqaz adət-ənənəsinə görə ona tüfəng və at bağışladılar. Hətta ona icazə verdilər ki, Tiflisin mərkəzi Qolovinsk prospektində gəzsin. Hansı ki, o zamanlar orada yalnız şəhərin başçıları, mötəbər insanları gəzə bilərdilər.
Qədim Şuşada, onun ətraf ərazilərində aşıq ansamlları da yaranmağa başlayırdı. Onlara saz, zurna, ney, dəf daxil idi. Şuşa qəzasında xüsusi şan-şöhrət qazanmış aşıqlar Gülablı kəndinin aşıqları idi. Bütün kəndin sakinləri kiçikdən böyüyə qədər aşıq və musiqiçi idi. Gülablıdan aşıq-müğənnilər: Bədəl, Davud, Nəcəfqulu, Kazım, Abasqulu Həsən, aşıq-şair Valeh, Kərblayi Məhəmməd, tanınmış tarzən Qurban Pirimov və başqaları. Şuşada xüsusi məclislərdə çıxış edən aşıqlar: Sarı Aşıq, Qurbani, Lələ, Aşıq Valeh, Aşıq Səməd, Aşıq Məhəmməd və s.
XIX əsrin ikinci yarısında Qarabağın mərkəzi Şuşa şəhəri böyük mədəni yüksəliş dövrünü yaşayırdı. Şuşa musiqi istedadlarının beşiyi idi. Şuşanın musiqi mərkəzi kimi məşhur olmasının səbəblərindən biri şübhəsiz ki, onun məsum uşaq qəlbi kimi pak olan havası, sərin bulaqları, səfalı meşələri, təkrar olunmaz seyrangahları, bir sözlə füsunkar təbiətidir. Sağlamlıq ocağı kimi tanınan Şuşada hələ XIX əsrin axırlarında həyat qaynayırdı. Hər il yay aylarında Qafqazın, Yaxın Şərqin və Orta Asiyanın hər yerindən bura şairlər, dramaturqlar, bəstəkarlar, artistlər və musiqiçilər, həm də Rusiya və Qərbi Avropada, ali məktəblərdə oxuyan azərbaycanlı tələbələr toplaşaraq teatr tamaşaları göstərir, musiqi məclislərində iştirak edirdilər. Hər xanəndə öz dəstəsi ilə Şuşanın yay klubunda, səfalı seyrangahlarında qurulan məclislərdə çıxış edərək , Şərq musiqisindən qəribə hekayətlər söyləyirdilər. Hər evdən, hər həyətdən, hər ağac kölgəsindən tar, kaman, ney, qarmon səsi ucalırdı. Məsəl var deyərlər: "Şuşanın uşaqları ağlayanda "Segah", güləndə "Şahnaz" üstündə gülərlər.
Şuşa Qafqazın konservatoriyası, həm də vokal məktəbi kimi də bütün Yaxın və Orta şərqdə məşhur idi. Şuşanın musiqi istedadlarını Qafqazın, eləcədə Şərqin heç bir şəhəri verməmişdir. "İtaliya vokal məktəbi" Avropa musiqi tarixində hansı mövqeyi tutursa "Şuşa vokal məktəbi" də Şərq musiqi tarixində eyni mövqeyi tutur. Təsadüfi deyildir ki, vaxtı ilə Şuşanı "Qafqazın İtaliyası" adlandırmışdılar.
Görkəmli yazıçı Ə.Haqverdiyevin qeyd etdiyi kimi XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri Qafqazın hansı yerinə getsən orada musiqiçi görərdin. Bakı, Şamaxı, Şəki, Aşqabad, Tehran hətta İstambul şəhərlərinin toy məclislərinə sazəndə dəstəsini çox vaxt məhz Şuşadan dəvət edərdilər. Qarabağ xanəndələri öz gözəl səsləri ilə İran, türk müğənnilərini həmişə kölgədə qoymuşlar. Qarabağ xanəndələri Şamaxı, Bakı musiqi məclislərinin üzvləri arasında da xüsusi hörmət və ehtirama malik idilər. Bu xanəndələr o zaman musiqi sahəsində çalışan bütün digər sənətkarlara istiqamət verirdilər. Müxtəlif yerlərdən xanəndə və tarzənlər Şuşaya gəlib Qarabağ musiqiçiləri üçün çalıb-oxuyar, onlardan göstəriş və qiymət almağa can atardılar. Onlar muğam mülkünün sultanları olan Hacı Hüsünün, Sadıqcanın, Mirzə Muxtarın necə qiymət verəcəyini səbirsizliklə gözləyərdilər. Bu siyahını Bülbülcan, Cabbar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, İslam Abdullayev, Məşədi Məhəmməd Fərzəliyev, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski kimi ecazkar xanəndələrin adlarını sadalamaqla davam etdirmək olar. Məhz onların sayəsində Şuşanın musiqi mədəniyyəti unikallığı ilə fərqləndi və uca zirvələri fəth etdi.
Bu gün dövlətimiz bu sənətkarların adlarına layiq xatirələrini əbədiləşdirmək üçün bir çox əhəmiyyətli addımlar atır. Sevindirici haldır ki, 2005-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun fəaliyyəti və şəxsən YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Qarabağ xanəndələri" musiqi albomu Qarabağ xanəndələrinin ecazkar səsləri disklərdən ibarət albom şəklində buraxılmışdır.
No comments:
Post a Comment