2010-cu ildən “Elektron məktəb” statusu
ilə fəaliyyət göstərən Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey
bu gün təkcə Lənkəranda deyil, regionda bu statusu daşıyan yeganə təhsil
müəssisəsidir. Məlum olduğu kimi, 2009-cu ildən reallaşdırılmasına başlanmış
“Elektron məktəb” layihəsinə respublikanın 50 təhsil müəssisəsi cəlb edilib.
Bəs bu layihənin mahiyyəti nədən ibarətdir? “Elektron məktəb” statusu təhsil
müəssisəsinin həyatına hansı dəyişiklikləri gətirir? Bu dəyişikliklər məktəbin
perspektiv inkişafında hansı əhəmiyyətə malikdir? Əslində 6 nömrəli
məktəb-liseyə gələndə bu kimi suallara cavab tapmağa ümidli idim. Məktəbin
direktoru, tanınmış məktəbşünas Akif Xalıqov bu istiqamətdə suallarımı dolğun
cavablandırmaqla, yalnız bu təhsil ocağının deyil, ümumilikdə “Elektron məktəb”
anlayışının tam mənası ilə açılmasında mənə yardımçı oldu. Akif Xalıqov fizika
üzrə fəlsəfə doktorudur. O, hələ bir neçə il əvvəl “Ümumtəhsil məktəblərində
şagirdlərin fizikaya marağının artırılması yolları” mövzusunda namizədlik
dissertasiyası müdafiə edib. Akif Xalıqovun elmi işinin müdafiəsində iştirak
edən professor Əjdər Ağayev gələcək alimin namizədlik işinin elmi mahiyyətini
nəzərə alaraq onu elmlər doktoru işi səviyyəsində dəyərləndirib. Bu gün 6
nömrəli məktəb-liseydə əldə olunan nailiyyətlərin də əsasında məhz pedaqoji işə
mükəmməl bələdlilik, təlim prosesinin elmi-pedaqoji yanaşmalar əsasında təşkil
edilməsi dayanır. Akif Xalıqov söyləyir ki, “Elektron məktəb” layihəsinin məqsədi informasiya- kommunikasiya texnologiyalarının tədris sistemində geniş və hərtərəfli istifadəsi, o cümlədən əldə edilmiş müsbət nəticələrin Azərbaycanın digər tədris müəssisələrində tətbiqidir. Layihə çərçivəsində pilot məktəblərin müəllimləri İKT biliklərinin tədrisdə istifadəsi üzrə təlimlərdən keçmişdir. Həmin məktəblərdə elektron tədris resursları dərslərdə geniş tətbiq olunmaqdadır. Həmçinin “Elektron Məktəb” layihəsinə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Bu hallar vasitəsilə məktəblərin daxili idarəetməsi həyata keçirilir, şagirdlərin qiymətləndirilməsi üçün elekton jurnallardan istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə və ya SMS-lər vasitəsilə izləyə bilir. Akif Xalıqov qeyd edir ki, pilot təhsil müəssisələri Cisco şəbəkə avadanlığı ilə təmin olunmuş və Azərbaycan Təhsil Şəbəkəsinə fiber-optik xətt vasitəsilə qoşulmuşdur. Layihədə iştirak edən məktəblərin hər bir sinif otağı İnternet, bir noutbuk və bir proyektorla təmin olunur. Elektron məktəbin bir üstün cəhəti də bu şəbəkəyə qoşulan məktəblərin elektron hökümət portalının yaradılmasında baza rolunu oynamasıdır.
Akif Xalıqov söyləyir ki, “Elektron məktəb” statusunu aldıqdan sonra məktəb 10 ədəd prometan lövhə, proyektor və digər İKT resursları ilə təmin edilib. Sözsüz ki, bu, təlimin keyfiyyətinin yüksəldilməsində, nailiyyətlər sırasının artmasında mühüm rol oynayıb. Bununla yanaşı, müəllimlərin müasir informasiya texnologiyalarından istifadə imkanları stimullaşıb. Bu gün məktəbin demək olar ki, bütün müəllimləri dərs prosesinə İKT-ni bacarıqla tətbiq edir, bununla da təlim prosesinin səmərəliliyinə nail olurlar.
Təcrübəli məktəb rəhbəri qeyd edir ki, təhsilin keyfiyyətinin cəmiyyətin aktual problemi kimi qəbul edilməsini fəaliyyətimizdə əsas istiqamət olaraq qəbul edirik. Məktəblə tanışlıqdan sonra da bu qənaətə gəlmək mümkündür. Məktəbdə təlim-tərbiyə prosesinin keyfiyyətli məzmunda qurulması kollektiv üzvlərinin hər birinin birgə səyi nəticəsində reallaşır. Akif Xalıqov keyfiyyətin yüksəldilməsi istiqamətində görülən işləri aşağıdakı istiqamətlər üzrə qruplaşdırdıqlarını diqqətə çatdırır: şagirdlərin yaradıcı təfəkkürlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən konfranslar; biliyin fəaliyyətə çevrilməsi: Məktəbdə bu istiqamətdə həyata keçirilən tədbirlər öz ətrafında böyük auditoriya toplaya bilib. Hətta Rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin nümayəndələri də şagirdlərin bu aspektdə təqdim etdikləri tədbirlərə maraqla qoşulurlar. Akif Xalıqov qeyd edir ki, biliyin fəaliyyətə çevrilməsi şagirdlərin ən çox sevdikləri yaradıcı layihədir. Burada şagirdlər ayrı-ayrı fənlər üzrə özlərinin yaradıcı işlərini nümayiş etdirir, necə deyərlər, layihə daxilində layihə ilə çıxış edirlər. İstiqamətlərdən biri də şagirdlərin mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində görülən işlərdir. Bu məqsədlə məktəbdə mütamadi olaraq keçirilən kitab müzakirələri, bədii əsərlərə rəylərin yazılması şagirdərin bədii ədəbiyyata marağının artırılması ilə bərabər, mənəvi inkişafını, həyata baxışlarını da stimullaşdırır. Ekoloji biliklərin təbliği istiqamətində həyata keçirilən “Tullantısız həyat” layihəsi də şagirdlərin ictimai həyatda fəallığının təmin olunması, ətraf mühit haqqında təsəvvürlərinin formalaşması, təbiətə qayğıkeş münasibətlərinin yaradılması məqsədi daşıyır. “Biz nə üçün fərqliyik?” layihəsi isə şagirdlərin yaradıcılıq imkanlarının bir daha üzə çıxarılmasında müstəsna rol oynadı. Təbii ki, bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi məktəbin iş ahənginə çevrilmiş, hər kəsi öz ətrafında toplamışdır. Şagirdlər maraqla qoşulduqları bu layihələrdən həm öyrənir, həm öyrədir, həm də özlərinin gələcək həyat yollarını müəyyənləşdirirlər. “Müəllim-valideyn-şagird” münasibətlərinin formalaşdırılmasına xidmət edən seminarların, mühazirələrin də mütəmadi olaraq keçirilməsi məktəbdə normal pedaqoji-psixoloji mühitin bərqərar olunmasının əsasında dayanan amillərdəndir.
Akif Xalıqov söyləyir ki, məktəbdə tətbiq olunan innovativ layihələr valideynlərin diqqətini cəlb edir. Təsadüfü deyil ki, son bir neçə ildə şagird kontingentinin sayı ən azı 3 dəfə artaraq, 528 nəfərə çatıb. Tətbiq olunan layihələr, Akif Xalıqov sözünə davam edərək deyir, - inkişafetdirici təlim mühitinin formalaşdırılmasına xidmət edir. Bu mühit özündə şagirdlərin tədris, tədqiqat, idman, sinifdənxaric, ictimai, yaradıcılıq fəaliyyətini birləşdirməklə, şagirdin şəxsiyyət kimi formalaşmasının təminatçısıdır. Elə bizim başlıca məqsədimiz də budur, -deyə Akif Xalıqov vurğulayır. Məktəbdə həyata keçirilən tədbirlər, onların pedaqoji mahiyyəti ilə tanış olduqca Akif Xalıqovun səsləndirdiyi fikirlərin təsdiqi ilə rastlaşmaq mümkündür. “Şagirdlərin yaradıcı təfəkkürünün inkişafı” mövzusunda Respublika Elmi-Metodiki, “Prometan lövhənin tətbiqi tədrisin keyfiyyətinə təsir göstərən vasitədir” mövzusunda elmi-təcrübi konfransın və digər öyrədici konfransların, seminarların, dəyirmi masaların keçirilməsi müəllimlərin metodiki hazırlıq səviyyəsini yüksəltmiş, onları müasir dövrün tələbləri səviyyəsində işləməyə istiqamətləndirmişdir. Akif Xalıqov liseyin “Elektron məktəb” statusu aldıqdan sonra müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının təkmilləşdirilməsində, onların ən müasir tədris-texniki vasitələri mənimsəməsində Təhsil Nazirliyinin əməkdaşı Ramil Süleymanovun müstəsna köməklik göstərdiyini qeyd edir. Sevindirici haldır ki, bu gün məktəbin müəllimləri özləri də Lənkəranın digər təhsil ocaqlarının müəllimlərinin İKT-dən istifadə imkanlarının təkmilləşməsində yaxından iştirak edirlər. Ümumiyyətlə, 6 nömrəli məktəb-lisey Lənkəranda bu işin öncülüdür.
Akif Xalıqov söyləyir ki, 2013-cü ilin oktyabrında qəbul edilmiş Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası təhsilin bütün pillələrində geniş miqyaslı işlərin həyata keçirilməsinə təkan verib. Əlbəttə ki, Lənkərandakı 6 nömrəli məktəb-liseyin uğurları da məhz qeyd olunan Strateji İnkişaf Planının uğurlu tətbiqindən formalaşmaqdadır.
Akif Xalıqov onu da vurğulayır ki, həmişə olduğu kimi, müasir dövrümüzdə də tərbiyəni təlimdən ayrı təsəvvür etmək mümkün deyil. O, görkəmli pedaqoq Suxomlinskinin “Tərbiyə hər şeydən əvvəl müəllimin və şagirdin mənəvi ünsiyyəti deməkdir. Ona görə də biz müəllimlər öz fəaliyyətimizi sizinlə - valideynlərlə əməkdaşlıqda görür və həyata keçirmək istəyirik” fikirləri ilə davam etdirərək vurğulayır ki, şagirdin təlim fəaliyyətində məktəbin və ailənin birgə iştirakı vacibdir. Odur ki, liseydə valideynlərlə əlaqəli tədbirlərin sistemli olaraq keçirilməsi, valideynlərin maarifləndiriliməsi işinin təşkili daim gündəmdədir. Biz, görkəmli pedaqoq Suxomlinskinin də dediyi kimi, fəaliyyətimizi valideynlərdən ayrı təsəvvür etmirik. Əldə etdiyimiz nailiyyətlər də birgə işimizin əməli nəticəsidir.
Qeyd edim ki, liseyin şagirdlərinin nailiyyətləri ilbəil artmaqdadır. Ali məktəblərə qəbul da həm kəmiyyət, həm də keyfiyyət baxımından artan dinamika ilə inkişaf edir. Bununla yanaşı, məktəbin şagirdlərindən Nazlı Bağırzadə biologiya, Muxtar Həsənov tarix üzrə fənn olimpiadalarının respublika turunda üçüncülük əldə ediblər. Akif Xalıqov söyləyir ki, onlar kollektiv olaraq təhsili dəyər kimi qəbul edirlər. Onu gənclərimizin hərtərəfli inkişafında başlıca vasitə kimi görürük. Bu da bizim işimizə sözün yaxşı mənasında təkan verir.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment