11.14.2016

Arzuların reallaşması üçün...


Bu günlərdə Bakının Nərimanov rayonundakı 177 nömrəli tam orta məktəbdə Şagird Fəaliyyət Komitəsinin (ŞFK) prezident seçkisi ilə əlaqədar toplantı keçirildi. Toplantıda pedaqoji elmər doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor Vidadi Xəlilov, Azərbaycan Təhsil Şurasının mətbuat və ictimaiyyətlə əlaqə mərkəzinin rəhbəri, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, məktəbin direktoru Günel Xanlarova, direktor müavini Afilə Cəfərova, təşkilatçı-müavin Arzu Süleymanova, məktəbin müəllimləri, eləcə də şagirdlər iştirak edirdilər.
Toplantını açıq elan edən Afilə Cəfərova söylədi ki, məktəbin Şagird Fəaliyyət Komitəsinin yaradılması təşəbbüsü 2013-cü ildə onun tərəfindən irəli sürülmüş və təhsil ocağının o vaxtkı direktoru, tanınmış məktəbşünas, Respublikanın əməkdar müəllimi Həqiqə Məmmədova tərəfindən dəstəklənərək fəaliyyətə başlamışdır. ŞFK aylıq fəaliyyət planı əsasında fəaliyyət göstərir. Burada məktəbin ən fəal şagirdləri təmsil olunmaqla maraqlı işlərə imza atılır. ŞFK-nın nəzdində fəaliyyət göstərən klubların hər birinin özlərinəməxsus fəaliyyət istiqamətləri olur. Onlar zəif oxuyan şagirdləri himayəyə götürür, ayrı-ayrı tədbirlərin təşkilində iştirak edir, məktəbin ictimai həyatına fəal şəkildə qoşulurlar. Afilə Cəfərova qeyd etdi ki, şagirdlərin ŞFK ətrafında fəal şəkildə birləşmələri, ümumilikdə onların elmə marağının artmasında, ictimai fəallıqlarının yüksəlməsində müstəsna rol oynayır.

Sonra söz məktəbin şagirdlərinə verildi. Orxan Xəlilov söylədi ki, təhsil aldığı məktəbin ən yaxşı müəllimlərdən təmsil olunması onların qarşısında böyük perspektivlər açır. Bu amil məktəbdə tədrisin keyfiyyətini yüksəltməklə, məzunların ali məktəblərə qəbulunda yüksək bal toplamasına imkan yaradır. O, vurğuladı ki, ŞFK müəllimlərin ən yaxın köməkçisidir. Onlar müəllimlərinin köməkçiləri olmaqdan qürur duyurlar.
Məktəbin direktoru Günel Xanlarova şagirdləri toplantıda fəal iştiraka, eləcə də məktəbin gələcəyi ilə bağlı arzu və istəklərini dilə gətirməyə səslədi. Bundan sonra şagirdlər fəal müzakirəyə qoşuldular. Aynur İbrahimova, Ləman Rzayeva, Səma Namazova, Aygül Quliyeva, Cəvahir Məmmədova, Amil Zeynalov, Fidan Həsənli, Cəmil Xəlilov, Fidan Fətullazadə maraqlı təkliflərlə çıxış etdilər. Təkliflərdə qeyd olundu ki, məktəbdə mütəmadi olaraq müsabiqələr, bilik yarışları, fənn gecələri keçirilsin; istedadlı şagirdlərə xüsusi şərait yaradılsın; İnformasiya- Kommunikasiya Texnologiyaları dərslərdə daha geniş şəkildə tətbiq olunsun; məktəbdə Çağırışaqədərki Hərbi Hazırlıq Kabineti yaradılsın; Alman, Fransız dillərinin tədrisinə başlanılsın; məktəbin xarici əlaqələri yaradılsın. Şagirdlərin dilə gətirdikləri arzular, əslində məktəbin gələcəkdə işinin daha səmərəli qurulması üçün maraqlı nüanslarla zəngin idi. Yəqin ki, bu arzuların reallaşması üçün məktəbdə gələcəkdə müvafiq işlər görüləcəkdir.
Sonra ŞFK prezidentinin seçilməsi üçün açıq səsvermə keçirildi. Orxan Xəlilov yekdilliklə ŞFK-nın prezidenti seçildi.
Toplantıda çıxış edən professor Vidadi Xəlilov söylədi ki, bu gün məktəbdə mükəmməl ab-hava hökm sürür. Biz bu məktəbdə bu ab-havanı görməyə öyrəşmişik. Şagirdlərin yüksək səviyyədə fəallığını görmək çox yaxşı haldır. Halbuki son dövrlər biz bu fəallığı müşahidə etmirik. Şagirdlərin mütaliə maraqlarının azalması da mənfi hal kimi dəyərləndirilə bilər. Bu, daha çox şagirdlərin internetə, virtual aləmə maraqlarının artması ilə əlaqədardır.
Professor Vidadi Xəlilov Təhsil Naziri cənab Mikayıl Cabbarovun şagirdlərin mütaliə marağının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı imzaladığı əmri xatırladaraq ümidvar olduğunu bildirdi ki, bu əmrdən irəli gələn tədbirlərin məktəblərdə sistemli olaraq keçirilməsi şagirdlərin mütaliəyə marağını artıracaqdır. Kitab oxumaq insanın biliyini, dünyagörüşünü artırmaqla bərabər, həm də insanın sağlamlığına yol açır. O, ŞFK – nin yeni prezidentini təbrik etdi. ŞFK-ın fəaliyyətinə uğurlar dilədi.
“Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı çıxışında 177 nömrəli tam orta məktəbdə şagird özünüidarə orqanlarının, o cümlədən Kiçik Akademiyanın yaradılması tarixindən və bu orqanların məktəbin fəaliyyətinə, şagirdlərin bir şəxsiyyət kimi formalaşmasına təsiri imkanlarından bəhs etdi. Söylədi ki, 177 nömrəli tam orta məktəbin şagird özünüidarə orqanlarının fəaliyyəti sahəsində özünəməxsus ənənəsi formalaşmışdır. Bu ənənənin formalaşmasında məktəbin keçmiş direktoru Həqiqə Məmmədova, eləcə də müavinlər Afilə Cəfərova və Arzu Süleymanova müstəsna rol oynamışlar. O, bu ənənələrin davam etdiriləcəyinə ümidvar olduğunu dilə gətirdi.
Təşkilatçı-müavin Arzu Süleymanova vurğuladı ki, bu gün onların qarşısında dayanan ən ümdə vəzifə şagirdin şəxsiyyət kimi formalaşmasına nail olmaqdır. Pedaqoji kollektiv bu işin öhdəsindən layiqincə gəlməyə çalışır.
Məktəbin direktoru Günel Xanlarova çıxışında şagirdlərin irəli sürdükləri təkliflərdən məmnunluq ifadə etdi. Söylədi ki, onlar məhz şagirdlərin arzu və istəklərini ifadə edə bilən bir təhsil ocağı yaratmaq arzusundadırlar. Ölkədə təhsilin inkişafı istiqamətində görülən işlər də bu arzunun reallaşmasına imkan verir. Məhz belə bir mühit şagirdin həm bilikli, həm də şəxsiyyət olaraq formalaşmasına yol açır. O, məktəbin tezliklə qoşulacağı beynəlxalq layihələrdən, valideynlərlə əməkdaşlıq sahəsində görəcəkləri işlərdən, məktəbin inkişafı istiqamətində nəzərdə tutulan tədbirlərdən bəhs etdi. Öz növbəsində ŞFK-nın fəaliyyətinə uğurlar dilədi. Məktəb rəhbəri kimi onlara işlərində hər cür şərait yaradacağını söylədi.  


“Təhsil və zaman”

No comments:

Post a Comment