HƏDƏFİMİZ ƏN YAXŞI MÜƏLLİMLƏRİ CƏMİYYƏTƏ TƏQDİM
ETMƏKDİR...
"Təhsil və zaman" qəzeti,
10.11.2016.
Bu yazı Şirvan şəhər 4 nömrəli tam orta
məktəbin fiziki tərbiyə müəllimi Əli Bəşirlinin iş təcrübəsindən bəhs edir.
O, bütün dərs boyu hərəkətdə idi.
Əslində idman dərsində müəllimin hərəkətdə olması gözləniləndir. Amma Əli
Bəşirlinin hərəkətlərini sanki bir daxili nizamlayıcı qüvvə idarə edirdi. Hər
bir hərəkət ürəklə idarə olunur, ürəkdən doğan bir istək kimi meydana çıxrdı.
Ona görə də dərsin dinamik, canlı alınmasına imkan yaranırdı. Müəllimin
hərəkətliliyi təbii olaraq şagirdlərinə də sirayət etmiş, hər kəs dərsin ümumi
ahənginə qoşulmuşdu. Məlum olduğu kimi dərs prosesində müəllimin nail ola
biləcəyi ən böyük uğurlardan biri sinfin bütünlüklə problem ətrafında
müzakirəyə cəlb olunması, hər bir şagirdin fəallığının təmin edilməsidir. Bu,
əlbəttə ki, idman dərsləri üçün də istisna deyildir. O, şagirdlərinin hər
birini “Estafet texnikasının təkmillləşdirilməsi, sürətin inkişaf etdirilməsi”
mövzusu ətrafında cəm etməklə, hərəkətin, dinamikanın, sürətin vəhdətindən
yaranan bir mühit meydana qoya bilmişdi. Başlıca məqsəd sürət qabiliyyətinin
inkişaf etdirilməsi idi. Mən Əli Bəşirlinin yetirmələrində müşahidə etdiyim ən
önəmli cəhətin onların tapşırıqları böyük ruh yüksəkliyi və fiziki cəldliklə
yerinə yetirmələri idi. O, mənim fikrimcə, dərs apardığı səkkizincilərə
zaman-zaman bu hissi aşılaya bilmişdi: hər bir iş ürəklə, ruhla, zövqlə icra
olunmalı, yüksək nəticələrin əldə olunmasına qəlbən inanılmalıdır. Hər bir
insan gördüyü işi, qarşısına qoyulan tapşırığı icra edərkən, əslində özünün
daxili aləmini, dünyagörüşünü, həyata baxışlarını meydana qoyur. Ruh nə qədər
sağlamdırsa, icra olunan iş və onun nəticələri də sağlam, səmərəli və
əhəmiyyətli olacaqdır. Buna şübhə ola
bilməz. Əli müəllimin şagirdlərinin də
qarşıya qoyulan tapşırığın icrasına ruhən bağlılqları hiss olunurdu. Məndə belə
bir qənaət hasil olurdu ki, belə ruhi və fiziki hazırlıq bu yeniyetmələrin
həyatının aparıcı istiqamətinə çevrilmişdir. Onlar digər dərslərinə də
yanaşmalarında bu ruhi, mənəvi və fiziki hazırlıq əsas rol oynaya bilər. Elə
insanın şəxsiyyət kimi formalaşmasının da əsasında dayanan ən mühüm amil bu
deyilmi? Əgər biz cəmiyyət üçün layiqli şəxsiyyət yetişdirmək istəyiriksə, onun
şəxsi mənəvi keyfiyyətlərinin məhz bu üç komponentlə - sağlam ruhla,
mənəviyyatla və fiziki hazırlıqla bütövləşməsinə nail olmalıyıq. Əli müəllimin səkkizincilərlə qeyd etdiyimiz mövzuda apardığı dərsdə qarşıya qoyulan vəzifələr – estafet qaçışında texniki elementlərin izahı, ağacın ötürülməsi və qəbulu texnikası, texniki fəaliyyət birləşmələri haqqında məlumat vermək, şagirdlərin hərəki fəaliyyətini təşki etmək, tənzimləmək və qiymətləndirmək idi.
Etiraf edim ki, mənim üçün Əli Bəşirlinin izlədiyim bir dərsi, onun ümumilikdə fiziki tərbiyə müəllimi olaraq qarşısına qoyduğu vəzifə, məqsəd və məramının aydınlaşmasına yardımçı oldu. Onun ən ali vəzifəsi sağlam ruhlu şəxsiyyət hazırlığına xidmət etməkdir. Öncə bu dərsin detallarına vardıqdan sonra irəli sürdüyüm bu fikrə təkrar qayıdacağam.
O, dərsi kiçik qruplarla, fərdi, cütlüklərlə iş formasında qurmaqla lazımı məqamlarda izahat işi aparır, yeri gəldikcə icra olunacaq hərəkətləri özü də nümayiş etdirirdi. Mən bu dərs boyunca Əli Bəşirlinin və onun şagirdlərinin mövzudan doğaraq icra etdikləri bütün hərəkətlərin yalnız fiziki sağlamlığa xidmət etdiyinin deyil, mənəvi əsaslı və həyatı mahiyyətli olduğu qənaətinə gəlirdim. Ümumiyyətlə, idman belədir. Sadəcə yaxşı müəllimin dərsində qeyd olunan əsas və mahiyyəti görmək mümkündür. Fikrimi faktlarla izah edim: Estafet qaçışı zamanı birinci mərhələdəki iştirakçı estafet ağacını sağ əlində tutur və qaçış yolunun daxili hissəsi ilə ikinci mərhələdəki komanda yoldaşına ötürür.
İkinci mərhələdəki ağacı sol əllə qəbul edir və üçüncüyə ötürür, o da dördüncü və axrıncıya. Axrıncı finişə doğru qaçır. Estafet qaçışında hazırlıq mərhələsi sürətlənmə və ötürmə mərhələləri mövcuddur ki, izah və nümayişlə başa salınır. Bu zaman estafeti ötürən şagirdin maksimal sürətlə yaxınlaşmasına, estafet ağacını qəbul edən şagirdin irəli əyilməklə qaçışa hazır vəziyyətdə olmasına, ağacı vaxtında və düzgün qəbul etməsinə, estafeti qəbul edən şagirdin nəzarət nişanına baxmasına və estafeti ötürən komanda yoldaşının nəzarət nişanına yaxınlaşdıqca start götürməsinə diqqət yetirilir. Əli müəllim estafet oyunu zamanı sinfi iki qrupa bölmüşdü. Yarış xarakterində keçirilən bu oyunda şagirdlərdə cəldlik, çeviklik, sürət, sürət-güc hərəki qabiliyyətlərinin tərbiyə olunması qaçılmazdır. Eyni zamanda qeyd etdiyimiz kimi, müəllimin verdiyi istiqamət əsasında icra olunan, həm də sevə-sevə yerinə yetirilən hərəkətlər şagirdlərdə kollektiv təəssübkeşliyi, dosta, yoldaşa kömək etmək, hörmətlə yanaşmaq, qaydalara riayət etmək kimi mənəvi-iradi keyfiyyətlərin formalaşmasına yol açır. Hansı ki, bu keyfiyyətlər insanın ləyaqətlilik, şəxsiyyət kimi cəmiyyətə gərəklilik, vətənpərvərlik hisslərinin yaranmasında müstəsna amildir. Ümumiyyətlə, Əli Bəşirlinin şagirdlərinin şəxsiyyətində nail olmaq istədiyi ən mühüm cəhətlərdən biri məhz onları vətəndaş, vətənpərvər duyğulu insanlar kimi görməkdir. Onun “Qəhrəmanlar məktəbdə yetişir”adlı məqaləsində oxuyuruq: “Məşhur psixoloq V.İ.Selivanov insanda psixoloji və ən dəyərli iradi keyfiyyətləri formalaşdırmaq üçün aşağıdakı proqram əhəmiyyətli tədbirləri vacib sayır: “Peyvənd və iynəyə, tikanın çıxarılmasına soyuqqanlıqla dözmək, çöldə, yaşayış yerindən uzaqda, qaranlıqda qorxmadan tək qalmaq; çıxıqdan, qandan qorxmamaq, xəstəlik, yanıq, yaralanma zamanı ağrıya mərdliklə tab gətirmək; yorğunluğa, yuxusuzluğa, susuzluğa, aclığa uzun müddət dözmək; soyuğa, istiyə dözmək; hündürlükdən, uçurumdan qorxmamaq; güclü tufan zamanı qayıqda fırtınaya tərəf getmək; öz həyatından qorxmadan suda batanı, yanan evdə qalan uşağı xilas etmək”. Buna görə də ümumtəhsil məktəblərində həmin problemlərlə əlaqədar ailələrlə aparılan əlbir iş zamanı yeniyetmələrdə həmin psixoloji-iradi keyfiyyətlərin formalaşmasına da xüsusi diqqət yetirilməlidir. Xüsusilə, fiziki tərbiyə və hərbi hazırlıq dərslərində bu keyfiyyətlərin gənc nəslə aşılanması çox böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan məktəblərində Vətənin Müdafiəsinə Hazıram proqramı çərçivəsində “Poliatlon” çoxnövçülüyü yarışları keçirilir, eləcə də “Şahin” hərbi idman oyunları yarışları hər il mart ayında təşkil olunur ki, bu da həm vətənpərvərlik, həm də hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşmasına xidmət edir. Yuxarıda sadalananlar, iradi, psixoloji, fiziki hazırlıqla bağlı keyfiyyətləri tərbiyə edir. Bu işdə xüsusilə, fiziki tərbiyə və hərbi-hazırlıq müəllimlərinin üzərinə ciddi məsuliyyət düşür.” Təcrübəli müəllim Əli Bəşirlinin yetirmələrinin nailiyyətlərinə nəzər saldıqda da onun yetirmələrinin təlim – tərbiyəsində prinspial mövqeyini aydın görmək mümkündür. Onlar “Koka-kola” məktəbli kubokunun 7-ci siniflər arasında keçirilən futbol üzrə Respublika birinciliyində 4-cü yeri qazanıblar. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi yeniyetmələrin X Respublika oyunları proqramına daxil olan həndbol üzrə 2002-2003-cü təvəllüdlü qızlar arasında III yerə layiq görülüblər. Şirvan şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında həndbol üzrə zona birinciliyində 12 komanda arasında qalib olaraq, Göy-göl şəhərində Respublika birinciliyinin final görüşündə iştirak hüququ qazanıblar. Şirvan şəhərini həndbol, voleybol yarışlarında məhz Əli müəllimin hazırladığı oğlan və qız komandaları daim təmsil edir.Onlar bir çox idman növləri - voleybol, futbol, həndbol, şən startlar, atletika üzrə yarışlarında bir neçə ildir ki, şəhər birinciliyini əldə saxlayırlar. Maraqlı məqamlardan biri də budur ki, Əli Bəşirlinin xeyli sayda yetirməsi – Almaz Xavəndi, Elçin Əliyev, Maarif Rəsulov, Rəşad Bəşirli, Təmraz Ağayev, Fəhmin Əsgərov, Məhəmməd Mehralıyev, Fərhad Əhmədli, Hülya Gözəlova fiziki tərbiyə müəllimliyini özlərinə peşə seçmişlər.
Qeyd etdiyim kimi, Əli Bəşirlinin bir müəllim olaraq başlıca məqsədi yetirmələtinin həm fiziki, həm də mənəvi cəhətdən sağlam ruhlu insanlar kimi formalaşmasına nail olmaqdır. O, dərslərinin, məqalələrinin, eləcə də pedaqoji, ictimai fəaliyyətinin hər məqamından öyrətməyə, mənəvi tərbiyə aşılamağa çalışır. Onun dərslərində fiziki tərbiyə şagirdlərinin düşüncəsində yalnız sağlamlığa xidmət edən bir vasitə kimi deyil, ruhun, mənəviyyat aləminin qidası kimi təcəssüm olunur. Əli Bəşirli özü isə yetirmələrinin qarşısında daim bir nümunə kimi dayanır. Bu nümunə şəxsi-mənəvi keyfiyyətlərlə yanaşı, həm də idmanın, fiziki tərbiyənin insan ruhuna, insan cisminə nə qədər mükəmməl təsir göstərdiyini əks etdirir.
Mən Əli Bəşirlini xeyli müddətdir ki, tanıyıram. Məni Əli müəllimin öz peşəsinə münasibətdə daim bir neçə cəhət cəlb edib. O, Təhisl Şurasının, eləcə də digər təkşilatların keçirdiyi ayrı-ayrı mövzularda təlimlərə qoşularaq öz elmi-metodiki hazırlıq səviyyəsini daim artırmağa çalışır. Bu da əlbəttə ki, təcrübəli müəllimin dərslərini daha səmərəli, müasir dövrün tələbləri səviyyəsində qurmasına yol açır. İkinci cəhət odur ki, o, öz elmi-pedaqoji biliklərini, metodiki bacarıqlarını məharətlə ümumiləşdirərək maraqlı məqalələr şəklində öz həmkarları ilə bölüşür. Bu məqalələrdən bir neçəsi “Təhsil və zaman” qəzetində də dərc edilmişdir. O, Təhsil Şurasının Ukraynanın Lvov şəhərində keçirdiyi “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda Beynəlxalq konfransda da “Azərbaycan məktəblərində vətənpərvərlik tərbiyəsi məsələlərinin qoyuluşu” problemindən bəhs etməklə, Ukraynalı müəllimlərin böyük diqqətini cəlb edə bildi. Əli Bəşirli Ukraynada Təhsil Şurasının məktəblərin iş təcrübəsini öyrənən nümayəndələrinin tərkibində Striy şəhərindəki 10 nömrəli məktəbdə olaraq bu məktəbin iş təcrübəsi ilə maraqlandı. Həmin məktəbin iş təcrübəsi haqqında Bakıda geniş məruzə ilə çıxış edərək Beynəlxalq konfransın nəticələrinin yüksək səviyyədə təqdim olumasına öz töhfəsini verdi. Mən Əli müəllimin istər müəllim kimi fəaliyyətini, istərsə də Ukraynada Azərbaycan təhsilinin ənənələrini, müasir inkişaf səviyyəsini təqdim edərkən, istərsə də beynəlxalq təcrübəni öyrənərkən, həmin təcrübəni Azərbaycanda öz həmkarları ilə bölüşərkən, istərsə də dərsdə şagirdəri qarşısında öz bilik və təcrübəsini nümayiş etdirərkən, əsl zəhmətsevər Azərbaycan müəllimini müşahidə edirdim. Və tədriclə təsəvvürümdə ürəyi Vətən övladılarının ruhi-mənəvi, fiziki sağlamlığı, vətənpərvər ruhda formalaşması uğrunda döyünən bir insan – Əli Bəşirli obrazı yaranırdı...Bu yazıda bu obrazı qismən də olsa təsvir etməyə çalışdı.
Əli Bəşirlinin ömür yolundan sətirlər...
Əli Allahverdi oğlu Bəşirli 1952-ci il dekabrın 15-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1970-ci ildə şəhər 2 N-li orta məktəbi bitirib. 1975-ci ildə Əli Bayramlı Pedoqoji Məktəbinin bədən tərbiyəsi fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 1975-ci ildən ixtisası üzrə müəllim işləyir. 1982-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstutunu qiyabi yolla bitirib. 1984-cü ildə “Baş müəllim” adına layiq görülüb. 1990-95-ci illərdə Əli Bayramlı Xalq Deputatları Sovetinin deputatı olub.
1999-2004-cüillərdə Əli Bayramlı Bələdiyyəsində üzv kimi fəaliyyət göstərib. 2016-cı ilin oktyabr ayında Təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.
Böyükağa
MİKAYILLI
Ugurlar!
ReplyDelete