11.18.2016

BƏSTƏKAR HACIBABA HƏSƏNOVUN MUSİQİ DÜNYA

Yazı "Təhsil və zaman" qəzetində dərc olunub.
Bu dünyanın sirli-soraqlı qapılarını açmazdan əvvəl gəlin bir anlığa keçən əsrin ikinci yarısından çəkilişinə başlanan və 1958-ci ildə kütləvi şəkildə geniş ekranlarda nümayiş etdirilən «Ögey ana» filmindən ucqar dağ kəndlərinə yol tikintisində çalışan fəhlələrin, mühəndislərin nahar fasiləsi zamanı verilən konsertlə bağlı epizodu yada salaq. Hələ o dövrdə hamı tərəfindən sevilən xalq artisti Əbülfət Əliyevin ifa etdiyi «Eşqimin novrağı» mahnısından «o körpəmin anasıdır, öz körpəmin anasıdır» misralarının musiqiylə təsirli bir ahəng yaratdığını həyəcansız dinləmək olmur. Minlərlə, milyonlarla tamaşaçıların çox az bir qismi bilir ki, həmin ecazkar və bəstəkarın özünün dediyi kimi yerinə düşən mahnının müəllifi Hacıbaba Həsənovdur. Yarım əsrdən çoxdur ki, «Ögey ana» filmi dünyanın ən məşhur kino-teatr salonlarında, televiziya ekranlarında nümayiş etdirilir. Heyrət-heyranlıq yaradır və belə bir sual da meydana çıxır: 

- Bu mahnının müəllifi kimdir? Bu ilhamı pərvazlandıran yollar haradan başlanıb?
Bakının mərkəzinin lap yaxınlığında olan milli ənənələrilə tanınan Əhmədli kəndindən-el ağsaqqallarından sayılan Əbdüləli kişinin ailəsindən. 13 sentyabr 1922-ci ildə dünyaya gəlib. İllər bir-birini əvəz etdikcə şirindilliyi, ətraf aləmə, xüsusilə müxtəlif janrlı musiqi nümunələrinə döstərdiyi emosional marağı ilə daha çox diqqəti cəlb edirdi. Aşağı siniflərdə oxuyanda simli musiqi alətlərində çalmağı öyrənməyə başladı. Əvvəlcə mandalinada bir sıra xalq mahnılarını öyrənmək, müstəqil ifa etmək üçün səylə çalışdı. Tanınmış musiqi pedaqoqu, bəstəkar, tarzən Adil Gərayın böyük qardaşı Əmrulla Məmmədbəyli tarda, kiçik qardaşı Nadir Məmmədbəyli isə kamançada mükəmməl ifaçılıq qaydalarını öyrətdi. Əmrulla müəllim, eyni zamanda, kənddəki mədəniyyət evində fəaliyyət göstərən tar dərnəyinə rəhbərlik edirdi. Yeniyetmə Hacıbaba bu dərnəyin ən fəal üzvlərindən idi. Hələ o dövrdə musiqi ifaçılıq qabiliyyətlərinin inkişaf edərək parlaq şəkildə nəzərə çarpması kənddə onun tez bir zamanda tanınmasına səbəb oldu. Hacıbaba Həsənovun nümunəsində musiqiyə, ayrı-ayrı musiqi alətlərində ifaçılıq qabiliyyətləri ilə tanınmağa maraq göstərənlərin sayı ildən ilə artırdı. 
Əhmədli kəndindəki S.M.Kirov adına Mədəniyyət Evində (sən bir işə bax Kirov Əhmədli kəndinə də gedibmiş) özfəaliyyət misiqi dərnəkləri təşkil etmək zərurəti yarandı. Əslində bu da musiqi sənətinin təbliğində, kənddə musiqi mədəniyyətinin inkişafında əsas və təsirli vasitələrdən sayılırdı. Bədii təfəkkür enerjisi, istedadı ilə tanınan gənc Hacıbaba bu işin əsas ağırlığını da öz üzərinə götürdü. Belə bir işi görmək isə keçən əsrin ən ağrılı-acılı 30-cu illərinin sonuna və 40-cı illərin qanlı-qadalı illərinə təsadüf edirdi. Ehtiyac, qəm-kədər dolu illər öz işini görürdü. Belə bir anda ruhdan düşmək də olmazdı. Müntəzəm, sistemlə keçirilən konsertlər, ifaçılıq müsabiqələri, müxtəlif mövzulu festifallar vasitəsilə kənd adamlarının ruh düşkünlüyünü aradan qaldırmaq lazım idi. Həmin işlərin həyata keçirilməsinin əsas təşkilatçısı, öndə gedəni də Hacıbaba Əbdüləli oğlu idi. Bununla belə kənd ağsaqqalları, ictimai təşkilatların nümayəndələri o dövrdə kənddə ali təhsilli tibb işçisinə olan ehtiyacı nəzərə alaraq H.Həsənovun Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almasını məsləhət bildilər. Beləliklə o, 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil oldu. Ancaq musiqidən də ayrılmadı. Özünün təşkilatçılığı ilə yaradılan və kənddə fəaliyyət göstərən xor, xalq çalğı alətləri ansamblına dərsdən sonrakı asudə vaxtlarında da inamla rəhbərlik etdi. İstedadlı musiqiçilərin, kənddəki özfəaliyyət musiqi dərnəklərində iştirak etmək istəyənlərin sayı daha da artırdı. Bütün bunlar isə müsiqiyə qəlbən bağlı olan gənc mütəxəssisi daha da sevindirirdi. Ancaq necə deyərlər, iki yolun ayrıcında qalmışdı. həkimlik, yoxsa musiqiçilik?
Yaxınların, doğmaların tənəsindən uzaq olmaq üçün inamla çalışdı. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktikası fakultəsində təhsilini uğurla başa vurdu. Kənddəki xəstəxanada həkim, baş həkim kimi yurddaşlarının sağlamlığı keşiyində durdu. Ancaq musiqiyə olan marağı, məhəbbəti onu bir an belə tərk etmirdi. İşdən sonrakı vaxtlarını da kənddə musiqi-özfəaliyyət işlərinin genişlənməsinə həsr edirdi. Xalqımızın qəzəl, məhəbbət şairi Əliağa Vahidin «musiqiylə ola hər xəstəyə aləmdə əlac, bu təbabət yenə min çarəyi loğmana dəyər» beytli dillər əzbəri olan qəzəlini xanəndələrin ifasında radio ilə verilən konsertlərdə dinlədikcə musiqiyə olan marağı, məhəbbəti günbəgün, anbaan artırdı. Necə deyərlər, musiqi təbabəti tibbi təbabətə üstün gəlirdi. Hələ yeniyetməlik illərində xalqımızın qədim və sehrli musiqi alətlərindən olan kamançada ifa etdiyi muğamlar, rəqs melodiyaları rəğbətlə qarşılanırdı. Böyük Vətən müharibəsindəki tarixi qələbədən sonra hər yerdə, bütün sahələrdə, o cümlədən kütləvi musiqi tədbirlərinin həyata keçirilməsi sahəsində də qarşıya yeni-yeni vəzifələr qoyulurdu. Bütün bunlar müharibədən qayıtmayan, döyüş meydanlarında qəhrəmanlıqla həlak olan oğulların, hələ də gözləri yol çəkən ata-anaların, bacı-qardaşların könlünü oxşamaq qəmini dağıtmaq məqsədilə həyata keçirilirdi. 
1947-ci ildə respublika üzrə özfəaliyyət musiqi kollektivlərinə keçirilən baxış da bu məqsəddən irəli gəlirdi. Repertuara ancaq yeni yazılan, ilk dəfə ifa olunacaq vokal və instrumental əsərlər daxil edilməli idi. Heç şübhəsiz, bu tələb ansamblın rəhbəri gənc musiqiçi H.Həsənovu da orijinal yaradıcılıq fəaliyyətinə istiqamətləndirirdi. Olduqca lirik, orijinal səslənən «Özfəaliyyət marşı»nı və «Mənim səsim» (Sözləri Əliağa Vahidindir) mahnısını yazdı. Münsiflər heyəti həmin musiqi nümunələrinin orijinallığını və professional ifa səviyyəsini nəzərə alaraq kollektivi Fxri Fərmanla təltif etdi, mükafata layiq gördü.
İllər bir-birini əvəz etdi. Ancaq onu da duyurdu ki, daha uğurlu nəticələr əldə etmək üçün hökmən musiqi təhsili almaq lazımdır. Buna görə də 1952-ci ildə Moskvadakı Ümumittifaq Xalq Yazıçılığı Evində fəaliyyət göstərən iki illik musiqi təhsili kursunu qiyabi yolla başa vurdu. Bundan bir qədər sonra isə Ü.Həcıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən Xalq Konservatoriyasının bəstəkarlıq şöbəsini əla təhsil göstəriciləri ilə başa vurdu. Hər hansı melodiyanı notla yazmağı, nota köçürmək sistemini mükəmməl öyrəndi. Geniş yaradıcılıq əzmi ilə çalışdı. Bəstəkarın şəxsi arxivindəki materiallar, müxtəlif janrlı musiqi nümunələrinin not yazıları və digər qeydlər göstərir ki, o keçən əsrin 50-ci illərinin sonuna qədər yüzdən çox irili-xırdalı musiqi əsəri qələmə almışdı. Onlar təkcə mahnılardan ibarət deyildi. Müxtəlif mövzuda suitalar, rəqs melodiyaları, hətta musiqili komediyalar da vardı. Həvəslə işləyirdi, qəlbən musiqiyə bağlanmışdı. Umacağı nə idi? Radio və televiziya ilə səslənən mahnıların musiqi müəllifi kimi adını eşitsin. Məmnunluq hissi keçirsin. Lakin Hacıbaba Həsənov da o dövrdə bir-birindən dəyərli olan, musiqinin ilk cümləsindən dinləyiciləri, tamaşaçıları ələ alan qəlb oxşayan mahnıları ilə tanınan Ələkbər Tağıyev, Qulu Əsgərov, Əlibaba Məmmədov, Şahid Əbdülkərimov, Bəhram Nəsibov, Qafar Namazəliyev kimi sənətkarlar özlərinin yazdıqlarına sahib çıxa bilmirdilər. Onların günlərlə, aylarla şair dostları ilə birgə üzərində işlədikləri mahnıları «Xalq mahnısı», «Segah təsnifi», «Şur təsnifi» və s. müvafiq muğam adları ilə səsləndirirdilər.
Xalq tərəfindən sevilən, geniş populyarlıq qazanan yüzlərlə (bəlkə də çox) mahnının müəlliflərini, tamaşaçıların nəzərinə çatdırmaq nə böyük problem imiş?
«Gərək Bəstəkarlar İttifaqının üzvü olsunlar, sonra onlar efirdə, ekranda səslənsin» kimi primitiv, heç bir hüquqi əsası olmayan fikri əgər belə demək mümkünsə nahamar kötüyü ortaya çıxaranların məqsədi nə imiş? 
Yaşları 50-yə, 60-a çatmamış dünyasını dəyişən Ələkbər Tağıyev, Qulu Əsgərov, Bəhram Nəsibov, Şahid Əbdülkərimov, Qafar Namazəliyev və başqaları heç bəstəkar kimi təbliğ olunmaq iddiasında da deyildilər. Qadir Allahın bəxş etdiyi o istedadları itirməklə, vaxtsız dünyalarını dəyişmələrinə bais olmaqla görəsən nə qazandıq?
Qazandığımızı deyə bilmərəm ancaq itirdiklərimiz çox oldu... Adama elə gəlir ki, o dövrdə xalq içərisindən çıxan, yazıb-yaradan musiqiçilərə hər cür mane olmaq, onları ruhdan salmaq üçün aşikarda görünməyən gizli bir qüvvə var imiş. Yeri gəlmişkən problemlə bağlı bir faktı da nəzərə çatdırmaq istəyirəm. 1969-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasında (əyani şöbədə) təhsil ararkən günlərimin çoxunu M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında keçirirdim. Musiqi və ədəbi folkulor nümunələri ilə bağlı yazılı mənbələri nəzərdən keçirərkən M-78 şifrəsi ilə nəzərə çatdırılan belə bir məcmuəyə rast gəldim «Müasir Azərbaycan xalq mahnıları».
Azərbaycan Xalq Yaradıcılığı Evinin təşəbbüsü ilə 1955-ci ildə Azərbaycan Dövlət Musiqi Nəşriyyatı tərəfindən nəşr edilən həmin məcmuədə H.Həsənovun «Bənövşə» (sözləri Novruz Gəncəlinindir) mahnısı da nəzərə çatdırılmışdı.
Həmin məcmuədə H.Həsənola yanaşı o dövrdə parlaq istedadı ilə tanınan Qulu Əsgərovun və digər müəlliflərin mahnılarının da nəzərə çatdırılması, necə deyərlər onların könlünü almaq məqsədini güdürmüş. Məsələnin digər tərəfi: «Müasir Azərbaycan xalq mahnıları» ifadə tərzini görəsən kim ortaya çıxarmışdır?
Etiraf etsək də etməsək də bütün bunlar o dövrdə xalq üçün yazıb-yaradan bəstəkarlara (o dövrün deyimi ilə həvəskar bəstəkarlara), onların səhhətinə mənfi təsir göstərir, stress vəziyyəti yaradırdı. Buna baxmayaraq xalq tərəfindən istedadlı bəstəkar kimi tanınan Hacıbaba Həsənov müxtəlif nəsillərdən olan insanların zövqünü oxşayan bir-birindən dəyərli mahnılar yazıb-yaradırdı. «Vətənim», «Ellər gözləyir», «Eşqimin növrağı», «Xatirələr», «Unuda bilmirəm», «Bu yerdə», «Tar çalan oğlan», «Yağma yağış» və s. mahnıları keçən əsrin 50-ci illərində ən çox sevilən və dinləyici, tamaşaçı məhəbbəti qazanan mahnı janrının ən parlaq və hamı tərəfindən yüksək dəyərləndirilən nümunələrdən sayılmışdır. Təqdirəlayiq haldır ki, görkəmli şairlərimiz Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Novruz Gəncəlinin, Qasım Qasımzadənin, Əliyar Əliyevin-Yusiflinin, Arif Cəfərovun sözlərinə yazılmış həmin mahnılar hələ o dövrdə adlı-sanlı xanəndələrimiz Əbülfət Əliyevin, Şövkət Ələkbərovanın, Sara Qədimovanın, Rübabə Muradovanın, Zeynəb Xanlarovanın, Gülağa Məmmədovun ifasında lentə yazılmış, radionun fonotekasına, fonduna daxil edilmişdir. Onlardan bir çoxu efirdə, ekranda indi də səslənir, zövq oxşayır. 
Unudulmaz müəllimim Hacıbaba Həsənov haqqında ürək sözlərimi tamamlamaqda çətinlik çəkirəm. Fikir, xəyal aləminə gedirəm. Bir az da məsuliyyət hissi keçirirəm. Necə deyim ki, əziz müəllimimə yaraşan olsun. Bax o anda neçə onilliklərdir ki, Azərbaycan radiosunun – ana radiomuzun ən populyar, uzunömürlü verlişlərindən olan «Axşam görüşləri»nin müəllifi, görkəmli alim, publisist, ictimai xadim Rəfael Hüseynovun bu yaxınlarda – iyulun 12-də bəstəkar Hacıbaba Həsənova həsr etdiyi ikinci verilişi (birinci veriliş 1995-ci ildə hələ bəstəkarın sağlığında efirdə səslənib) köməyinə gəldi. Onu da deyim ki, həmin veriliş elə bir kökdə, elə bir ruhda səsləndi ki, minlərlə, milyonlarla sənət həvəskarlarının rəğbətini qazandı. Necə deyərlər savab qazandı. Onsuz da dinləyicilər yaxşı bilirlər ki, Rəfael müəllim vaxtilə sənətdə öz yerlərini tutan, lakin nədənsə tez də unudulan kimsəsizlərin ruhlarını şad etməkdə çox böyük, dəyəri sözlə ölçülməyən işlər görür. Onun haqqında bəhs etdiyimiz verilişdə səsləndirilən mahnıların bədii-estetik mahiyyəti haqqında dediyi sözlər sadəliyi, səmimiliyi, məna tutumu ilə Hacıbaba sənətini sevənlərin qəlbinə bir sərinlik gətirir:
- Bu nəğmələr lap çoxdandır, könül sirdaşlarımızdır. Həm də 1950-ci illərdən başlayaraq o mahnılar neçə dinləyici nəslinin qəlbinə daxil olub. Arxadakı onilliklərin məşhur müğənniləri də o mahnıları həvəslə oxuyublar. Elə indiki cavanlar da həmin mahnılara köhnəlmiş, dəbdən düşmüş kimi baxmırlar. Yeni oranjemanlarda, bir az da çağdaşlaşdıraraq həvəslə ifa edirlər. Çünki melodiyalar bünövrədən gözəldir. Onlardakı ruh təzədir…
H.Həsənovun musiqi dünyasından bəhs edərkən onu təkcə dərin lirizmi, melodiya əlvanlığı ilə diqqəti çəkən mahnılarla məhdudlaşdırmaq olmaz. O, 75 illik ömür dünyasında (12 fevral 1997-ci ildə dünyasını dəyişib), yaradıcılıq anlarında bir sıra romansların, suitaların, kantataların musiqili komediyaların müəllifi kimi də tanınıb.
Uşaqlar məktəblilər üçün silsilə mahnılar yazıb. Onların bir çoxu «Məktəbli mahnıları» (Bakı, Maarif, 1956), «Sülh və dostluq mahnıları» (Bakı, Azərtədrisnəşr, 1964), «Nəğmə çələngi» (Bakı, Yazıçı, 1988) məcmuələrində çap olunan həmin mahnıları və digər bəstəkarlarımızın müxtəlif mövzuda qələmə aldığı mahnıları isə 1958-ci ildən 1980-ci ilə qədər V.İ.Lenin adına APİ-nin pedaqogika və ibtidai təhsil metodikası kafedrasında baş müəllim vəzifəsində çalışarkən tələbələrinə, gələcək müəllimlərə həvəslə öyrədib. Bu gün iftixarla deməliyik bu sahədə də onun minlərlə yetirmələri var. 
Hacıbaba müəllim gününün bir saatını belə boş keçirmirdi. O hələ gənclik illərində Əhmədli kənd mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışarkən görkəmli yazıçı-dramaturq Məhərrəm Əlizadənin liberettosu əsasında «Şeyx Rəhmətullah» komediyasını yazıb. Respublikanın xalq artisti Məlik Dadaşovun tamaşaya qoyduğu «Qaravəlli» xalq teatrına musiqi bəstələyib. Janrın bədii-estetik təsir imkanlarını çox gözəl duyan H.Həsənov sonralar «Boyaqçı Kərim» adlı ikinci operettasını yazıb. Onu da deyək ki, həmin əsərlər xalq teatrlarının səhnələrində və televiziya ekranlarında nümayiş etdirilmiş, tamaşaçıların zövqünü oxşamışdır. 
İllərdən bəri məni narahat edən lakin müəyyən səbəblərə görə qələmə ala bilmədiyim bu məqaləni necə başa vurum ki, sizə yaraşan olsun əziz müəllimim? Bax bu hisslərin narahatçılığında ikən yenə də sizin əsəriniz karıma gəldi. Hələ yeniyetməlik, gənclik illərindən ülfət bağladığınız şair dostunuz Novruz Gəncəvi ilə birgə yaratdığınız «Unuda bilmirəm» mahnısı sözə-söz gətirdi:
Min rəng verir bahar hər bir çiçəyə,
Ruh gətirir hər qəlbə, hər ürəyə.
Mən çatıram min arzuya, diləyə,
Neyçün səni bəs unuda bilmirəm?!..
Əlbəttə, oxucular irad tuta bilərlər ki, bu mahnı eşq-məhəbbət mövzusundadır. Doğrudur, belə bir mövqe əsas cəhət kimi nəzərə alınsa da unutmaq olmaz ki, eşq-məhəbbətin fəlsəfəsi daha genişdir. Vətənə, xalqa , elm-sənət adamlarına, dost-tanışlara olan eşq-məhəbbət daha geniş mənada dəyərləndirilir. 75 il omür yaşadınız əziz müəllimim! Ömrünün son illərində infarkt keçirdiyin anlarda və ondan sonrakı ağrılı-acılı illərdə incə yumorundan da qalmayaraq yarı zarafat, yarı gerçək deyərdin: özüm həkiməm, amma 12 dərdim var!.. Talein qismətiymiş bütün bunlar, nə etmək olar? El arasında gözəl bir deyim var: danışma dərdini dərd görməyənə. Bir də onu deyirlər ki, dərdi çəkən bilər!.. Təsəllimiz sənin yaratdıqların, heç zaman təravətdən düşməyən bir-birindən gözəl, həmişə bahar mahnılarındır. Xalqın məhəbbətini qazananların ömrü əbədidir, xalqın özü kimi. Sənin ağır-ağayana baxışını, nurlu çöhrəni əks etdirən portretin evdə iş otağımdadır. Ruhunla üzbəüz dayanıram, tələbəlik illərini, dəyərli söhbətlərini xatırlayıram. Yerin cənnətlik, ruhun şad olsun deyirəm!..
Vidadi Xəlilov,
Pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar müəllimi.


No comments:

Post a Comment