11.28.2016

Dostluq körpüsü


Natalya NİŞTA
Lvov şəhər 69 nömrəli məktəbin direktoru


Hər şey nədən başladı...
          Bir qış günü məktəbimizi təmkinli, nəzakətli bir şəxs ziyarət etdi. Məlum oldu ki, həmin şəxs Azərbaycan Təhsil Şurasının katibi, "Təhsil və zaman" qəzetinin redaktoru Böyükağa Mikayıllıdır.
Elə ilk dəqiqələrdən Ukrayna və Azərbaycanda təhsilin səviyyəsi - müasir təlim metodları, didaktik və tərbiyə işlərinin həllinə yanaşmalar, şagirdlər üçün təlimi maraqlı edə biləcək vasitələr haqqında səmimi, dostyana söhbətimiz baş tutdu.
 Sonra məktəbdə ekskursiyaya çıxdıq, kollektivimiz xüsusi bir həvəslə öz təcrübələri ilə bölüşdü. İbtidai siniflərin dərsində olduq. Qonağımızı kiçik yaşlı məktəblilərin tədris prosesi daha çox maraqlandırırdı. Bu heç də təsadüfi deyil, çünki şəxsiyyətin formalaşması məhz bu yaşlarda baş verir, bu yaşda uşaqlar daha həssas, biliklərə yiyələnməyə maraqlı və açıq olurlar. Ona görə də bu mərhələdə məktəbdə işin forma və məzmununun düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir. Bizim məktəbdə “Mehriban qonşuluq münasibətləri mədəniyyəti” layihəsi həyata keçirilir və məktəb proqramına inteqrasiya edilir. Birinci sinifdə kursun proqramı çoxillik təcrübəyə malik, yüksək ixtisaslı pedaqoq Lukyanenko Lyubov Afanasiyevna tərəfindən tədris olunur. Böyükağa Mikayıllı həmin müəllimin dərsində iştirak edərək onun iş sistemi ilə tanış oldu və beləliklə “Təhsil və Zaman” qəzetinin növbəti sayında əhatəli bir məqalə dərc olundu. 


Yaz görüşü... 
Yazın lik gəlişi ilə Lvova uzaq Qafqazdan kolleqalarımızdan ibarət nümayəndə heyəti beynəlxalq konfrans keçirmək məqsədilə təşrif buyurdu. 23 mart tarixində baş tutan konfransda Lvov əyaləti və Azərbaycanın bir neçə məktəbi arasında qarşılıqlı əməkdaşlıq haqqında razılaşma imzalandı. Səhəri gün Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdi-zadə, Bakı şəhəri Samir Hacıyev adına 5 nömrəli orta məktəbin 7-ci sinif şagirdi Şəhla Babazadə və bir neçə qabaqcıl müəllimlərdən ibarət qrup məktəbimizə gəldi. Çox simvolik oldu ki, gələnlər arasında təcrübəli professordan tutmuş şagirdə kimi müxtəlif yaşın nümayəndələri var idi. Qonaqlarımızın ünsiyyət zamanı nümayiş etdirdikləri ehtiram, nəzakətli davranışları xüsusilə diqqətimizi çəkdi. Hiss olunur ki, Azərbaycan xalqı da ukrayna xalqı kimi dərin köklərə, bu günə qədər qoruyub saxladığı adət-ənənələrə malikdir. Hətta müasir tarixi-siyasi reallığımız da oxşardır. Qonaqlarımızı multikulturalizm mövzusu çox maraqlandırırdı. Müasir qloballaşmış dünyada təcrid olunaraq ayrıca yaşamaq mümkün deyil, biz hamımız bir-birimizlə sıx təmasda olmalıyıq, çünki, qloballaşma elə bir prosesdir ki, dünyanın bir tərəfində insanların qərar və fəaliyyətləri dünyanın hər yerində yaşayan insanlara və onların toplumlarına əhəmiyyətli dərəcədə təsir göstərir.
Qonaqlar Azərbaycanda müxtəlif din və mədəniyyətin nümayəndələrinin azad yaşaması üçün onların beynəlxalq prinsiplərə əsaslananhüquq və azadlıqlarla təmin edildiyini vurğuladılar. Azərbaycan Prezidentinin 2016-cı ili “Multikulturalizm ili” elan etməsindən sonra multikulturalizm ənənələrinin inkişafı daha da geniş vüsət almış, multikulturalizm dövlət siyasətinə çevrilmişdir. Çünki dinindən, dilindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsə tolerant yanaşma olmadan demokratik cəmiyyətin inkişafı mümkün deyildir.
İnsan faktoru bütün sferalarda olduğu kimi əməkdaşlıq, qarşılıqlı münasibətlərin qurulması zamanı  xüsusilə əhəmiyyətlidir. Qeyd edim ki, həmin gün bizim görüşümüz çox maraqlı və səmərəli təcrübə mübadiləsi ilə, isti və doğma  münasibətlərlə yadda qaldı. O qədər ümumi cəhətlərimiz, bölüşmək istəyimiz var idi ki, biz həmin gün tanış olduğumuza inana bilmirdik, sanki illərin dostu idik.
Ona görə də ümid edirik ki, əməkdaşlığımız məhsuldar, təcrübə mübadiləmiz səmərəli olacaqdır – uşaqlarımızın rifahı naminə, vahid Yer kürəsi naminə...

Gələcəyin qurulmasıüçün ümumi məsuliyyət ...

“Yaxşı təhsil odur ki, ruha və bədənə gözəllik
bəxş etsin və bizi qabiliyyətləndirsin.”
Platon

 XXI əsr ... bizi saysız-hesabsız yeni çağırışlara səsləyir.Bu elə bir zamandır ki, bilik ictimai təkamülün, cəmiyyətin inkişafının ən zəruri faktoruna çevrilmişdir. İnnovasiyaların tətbiqi biliklərə yiyələnməyin aparıcı qüvvəsidir, təkan nöqtəsidir. Texnoloji və sosial sıçrayışlar o qədər sürətlə baş verir ki, bəzən qeyri-müəyyənlik, qarşılıqlı asılılıq yaranır. Ona görə də gələcəyin istəklərimizə uyğun qurulması üçün hamımız məsuliyyət daşıyırıq.
Beləliklə, yalnız təhsil insanları bir araya gətirməyə, onları müvəffəq, mübariz və  xoşbəxt etməyə qadirdir. Ukraynanın “Təhsil haqqında” yeni qanun layihəsində yazıldığı kimi, təhsil- şəxsiyyətin intellektual, mənəvi inkişafının, cəmiyyətdə uğurunun, iqtisadi rifahının əsası, ümumi dəyər və mədəniyyətə malik cəmiyyətin inkişfının təminatçısıdır. Təhsilin məqsədi insanın şəxsiyyət və yüksək dəyər kimi hərtərəfli inkişafı, onun əqli və yaradıcı imkanlarının, peşə qabiliyyətlərinin yönəldilməsi, intellektual və mədəni potensialını artırmaq məqsədilə fəaliyyətinin təmin edilməsi, dəyişkən sosial mühitə adaptasiyası, vətəndaş cəmiyyətində ictimai seçim etməyə hazır olan fərdlərin yetişdirilməsidir.
Təhsil işçisi kimi amalımız bu olmalıdır: “Yaradıcı insanlardan ibarət həyatsevər cəmiyyət yaradaq”.


No comments:

Post a Comment