1.08.2017

İSTEDAD SORAĞINDA...

Təhsil Və Zaman qəzeti 07.01.17

Onunla Bakının 32 nömrəli tam orta məktəbində keçirilən – “Birinci sinifdən proqramlaşdırmanın tədrisi” layihəsinin pedaqoji ictimaiyyətə təqdimatında rastlaşdıq. Birinci sinifdə oxuyan yaşıdları ilə yanaşı əyləşib planşetdə verilən tapşırığı icra etməklə məşğul idi. İlk baxışdan o, heç nə ilə fərqlənmirdi. Amma diqqət yetirdikdə Aftandilin tapşırıqları daha operativ icra etdiyinin, nəzərdə tutulan nəticələrə daha optimal yollarla çatmaq bacarığını müşahidə etdim. Barmaqlarını cəld hərəkətlərlə planşet üzərində hərəkət etdirməklə bu balaca oğlan sanki, böyük bir problemin üzərində düşünür, çevik, qəti qərar qəbul edir, nəticə əldə etdikdə üzündə azacıq razılıq əlaməti hiss olunurdu. Mən onun baxışlarından dünyanın sirlərindən agah olmaq istəyini aydınca duyurdum.
Balaca planşet onun üçün sanki böyük bir qapı idi. O, bu qapını açıb sirli aləmə qədəm basacaq və onun möcüzələri ilə tanış olacaqdı. Əlbəttə ki, birinci sinif şagirdi Aftandildə müşahidə etdiyim maraq dairəsi məni onun müəllimi ilə söhbətə sövq etdi. Öyrəndim ki, Aftandilin sinif müəllimi Dilarə Hacıyevadır. Dilarə Hacıyeva sevimli şagirdindən ürək dolusu, böyük sevgi ilə bəhs etdi. Məlum oldu ki, o, Aftandili hələ üç yaşı olarkən tanıyıb. Anası oğlunu Dilarə müəllimin yanına gətirib və onunla sual-cavab aparmasını xahiş edib. Dilarə müəllim elə ilk suallarından balaca Aftandilin iti zehnə malik olduğunu müəyyənləşdirib. Beləcə, anası Aftandili müntəzəm olaraq Dilarə müəllimlə görüşdürüb, onun müvafiq proqram əsasında məktəbə hazırlanması təmin olunub. Aftandil Təhsil Nazirliyi tərəfindən beş yaşlılar üçün təşkil olunan imtahanlardan uğurla keçərək təlimə bir il əvvəldən başlamaq hüququ qazanıb. 
Dilarə Hacıyeva sözlərinə davam edərək söyləyir ki, Aftandil ona bəslənilən etimadı doğruldub. Hələ bir az da irəli gedib. O, bütün fənlərə maraq göstərir və xüsusən riyaziyyatı yüksək səviyyədə dərk etmək qabiliyyətinə malikdir. Təsadüfü deyil ki, o, 1000 dairəsində ədədləri yazır və oxuyur, onları yüzlüklərə, onluqlara, təkliklərə ayırır, müqayisə edir. Üçrəqəmli ədədləri toplayır, çıxır, vurma cədvəlini bilir, üçrəqəmli ədədi birrəqəmli ədədə vurur, bölür, tənlikləri həll edir, simmetriyanı bilir, ikirəqəmli ədədləri yuvarlaqlaşdırır. Ən əsası isə, Dilarə Hacıyeva sözünə davam edir, Aftandil məntiqli nitqə, sərbəst düşüncəyə, qoyulan problem üzərində düşünüb ağıllı nəticə çıxarmaq qabiliyyətinə malikdir. 
Dilarə Hacıyeva sevindirici hal kimi vurğulayır ki, Aftandilin ailəsi onun təlimlə bağlı bütün arzu və istəklərini reallaşdırmağa çalışır. Evdə yaradılan şəraitlə məktəb mühitinin həmahəngliyi uşağın təlim tərbiyəsində müstəsna rol oynayır. Aftandil məhz belə bir mühitlə əhatə olunaraq müəllimlərinin təlim tapşırıqlarını lazımı səviyyədə yerinə yetirir. 
Qeyd etdiyim kimi, Aftandillə yeni bir layihənin təqdimatı mərasimində tanış olduq. Təqdimat mərasiminin sonunda layihə haqqında fikir bildirmək üçün şagirdlərə də söz verildi. Aftandil də çıxış etdi. Və onun çıxışı Dilarə müəllimin haqqında söylədiklərini bir daha təsdiq etdi. Səlis nitqlə danışan bu balaca fidan onun yaşı üçün mürəkkəb olan bir layihəni öz yaşı səviyyəsində çox maraqlı şəkildə xarakterizə etdi, onun şagirdlər üçün əhəmiyyətli cəhətlərini açıqladı. Bu, mənim də fikirlərimdə yanılmadığımın sübutu idi. 
Əlbəttə ki, şagirdin bir şəxsiyyət olaraq formalaşmasının, onun elmə, biliyə olan marağının artmasının, uğurlar əldə etməsinin təməlində dərs aldığı müəllimi, onun dünyagörüşü, savadı, ictimai nüfuzu dayanır. Aftandilin də bəxti 32 nömrəli tam orta məktəbin ən yaxşı müəllimlərindən olan Dilarə Hacıyevadan dərs almaqla gətirib. Dilarə Hacıyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikası ve metodikası” fakültəsini 1997 – ci ildə bitirib. Həmin ildən Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. O, bir müəllim olaraq daim öz bilklərini təkmilləşdirməyə, bununla da şagirdlərinin təlim-tərbiyəsində daha böyük uğurlar əldə etməyə çalışır. İyirmi ilə yaxın dövrü əhatə edən pedaqoji fəaliyyətinə də nəzər saldıqda bunu görmək mümkündür. O, Azərbaycan Respublkası Təhsil Nazirliyi və “Smart Technologies” şirkəti tərəfindən təşkil edilmiş məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün “Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris”, “Mədəd” humanitar təşkilatı ictimai birliyi tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”, Təhsil portalından istifadə, ”Promethean” interaktiv lövhələrindən istifadə, Multimedia Mərkəzinin təşkil etdiyi “İnternet texnologiyaların və sosial servislərin tədris prosesində rolu” mövzusunda təlimlərdə iştirak edib. Elektron Təhsil Müsabiqəsində iki dəfə nominant olub. “Təməl” Təqaüd proqramında iştirak edib. GEAD təşkilatının xətti ilə Təhsil Nazirliyinə təqdim olunan “Birinci sinifdən proqramlaşdırmanın tədrisi” adlı layihədə iştirak edir. "SCRATCHjr proqramlaşdırma dili" kitabının müəlliflərindən biridir. Göründüyü kimi, müəllimin zəhmətsevərliyi, işgüzarlığı, yenilikləri öyrənmə həvəsi onun şagirdlərinin təlim-tərbiyəsində, dövrün, zamanın uşaqları kimi yetişməsində, gələcək nailiyyətlərinin təməlinin qoyulmasında mühüm rola oynayır...
B.MİKAYILLI


No comments:

Post a Comment