11.14.2016

Lənkəran təhsilinin ənənələrinə sadiqik

Region məktəbləri ilə tanışlıq

“Region məktəbləri ilə tanışlıq” layihəsi çərçivəsində qonağı olduğum növbəti məktəb – Lənkəran rayon Şürük kənd tam ota məktəbində qarşılaşdığım ilk diqqətçəkən məqam məktəb rəhbərliyinin söhbətə təhsil ocağının tarixi, görkəmli məzunları ilə bağlı maraqlı faktlarla başlaması oldu. Məktəbin direktoru Namiq Bağırov söyləyir ki, Şürük məktəbi Lənkəran təhsilində öz dəsti-xətti, bu dəsti-xətti yaradan nailiyyətləri, bu nailiyyətləri məktəbə qazandıran müəllimləri, keçmiş məzunları, nəhayət bugünkü məzunları ilə seçilirlər. Təhsil ocağının məzunlarından Məhəbbət Həşimov texnika elmləri doktoru, professor, Talverdi Əzizov fizika-riyaziyyat elmləri doktoru, professor, Xaqani Abdullayev tibb elmləri namizədi, Vüqar Əliyev və Mirqasım Vahabov iqtisadiyyat üzrə fəlsəfə doktoru, Sabir Zeynalov kimya üzrə fəlsəfə doktoru, Cəlal Əliyev və Yusif Əliyev kənd təsərrüfatı üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışlar. Şahin Zeynalov isə Respublikanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür. Azərbaycan Milli ordusunda xidmət keçmiş general-mayor Zaur Rzayev, Gömrük xidməti generalı Mirqasım Vahabov da bu təhsil ocağının yetirməsidir. Göründüyü kimi, Şükür məktəbi generallar yurdu olan Lənkəranın bu istisna ənənəsinə də öz töhfəsini verməyi bacarmışdır. Məktəbin məzunları torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə də Vətən sevgisinə sadiq qalmışlar. Ağakərim Yunusov 1992 – ci ildə, Əkbər Nəsirov isə 1993-cü ildə Qarabağın erməni qəsbkarlarından azad olunması uğrunda gedən döyüçlərdə şəhidlik zirvəsinə yüksəlmişlər. 

Namiq Bağırov qeyd edir ki, Şürük məktəbinin məzunları əmək cəbhəsində də öz sözlərini deməyi bacarıblar. Bu da şübhə yoxdur ki, 90-dan artıq yaşı olan təhsil ocağında təlim – tərbiyə işinin təşkili, gərgin müəllim əməyinin bəhrəsi kimi meydana çıxmışdır. Respublikamızda əmək qəhrəmanı kimi şöhrət tapmış, Sosialist Əməyi Qəhrəmanı, Prezidentin fərdi təqaüdçüsü Səmayə Əliyeva məhz Şürük məktəbinin məzunudur. Sovet dönəmində ölkənin digər ali mükafatları ilə təltif olunmuş Əlibaxış Həbibov, Şaddiq Əliyev, Abbasəhət Məlikov, Yusif Əliyev, Əli Səfərov, Samid Eyvazov, Xanağa Əliyev və başqaları kəndin zəhmət bahadırlarına çevrilmişlər. Namiq Bağırov bu insanların hər birini əsl nümunə məktəbi adlandırmaqla, gənclərin mənəvi tərbiyəsində onların hər birinin keçdikləri ömür yolunun örnək olduğunu dilə gətirir və vurğulayır ki, Şürük məktəbi zaman-zaman həyatın qoynuna yalnız elm yolunda addımlamaq, müxtəlif vəzifələr tutmaq üçün deyil, cəmiyyətə layiqli ola biləcək fəhlə, zəhmət adamları da təqdim etmişdir. Onların hər biri Şürük məktəbinin sağlam mənəvi ab-havasından pərvazlanaraq həyata vəsiqə qazanmışlar.
Bu gün Şürük məktəbi 1976-cı ildə inşa edilmiş binada yerləşir. 420 yerlik təhsil ocağında hazırda 394 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 40 nəfər müəllim məşğul olur. Məktəbin müəllimlərindən iki nəfəri – Namiq Bağırov və Asif Qasımov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ekspertləridir. Məktəblə tanışlıq əsnasında məlum oldu ki, fənn kabinetlərində təlimin əyani və texniki vasitələri köhnə də olsa, var. Müəllimlər həmin vəsaitlərdən dərs prosesində istifadə etməklə, dərslərini müasir tələblər səviyyəsində qurmağa çalışırlar. Bu işdə isə onların köməyinə daha çox hər biri işlək vəziyyətdə olan 17 dəst kompyüter gəlir.  Namiq Bağırov söyləyir ki, müəllimlər yeri gəldikcə dərslərində informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə dərslərini daha canlı, səmərəli qurmağa çalışır və buna nail olurlar. Məktəbin internet şəbəkəsinə qoşulması yalnız bu təhsil ocağının deyil, qonşu məktəblərin də müəyyən problemlərinin həll olunmasına kömək edir. Belə ki, Şürük məktəbi  müəyyən informasiyaların mərkəzə ötürülməsində, yeniliklərin çatdırılması və s.də əlaqələndirici  rolunu oynamaqla, məktəblərə böyük dəstək funksiyasını yerinə yetirir.
Namiq Bağırov qeyd edir ki, Şürük məktəbində tarixi ərzində olduğu kimi, bu gün də istedadlı müəllimlər çalışırlar. Onlardan biri də coğrafiya müəllimi Afət Paşayevadır. 10 ilə yaxın pedaqoji təcrübəsi olan Afət müəllimin dərslərini informasiya-kommunikasiya texnologiyalarından istifadə etmklə qurması, mütəmadi olaraq aşıq dərslər keçirməsi, şagirdlərini ardıcıl olaraq ekskursiyalara aparması, çöl-ekspedisiya dərslərində olması, tədris filmlərindən mütəmadi olaraq istifadə etməsi müəllim həmkarları üçün də bir növ örnəkdir.
Ümumiyyətlə isə, məktəbin direktoru Namiq Bağırov ən yaxşı müəllimlərdən bəhs etmişkən təşkilatçı müavin Mirəzim Əskərovun, TİMS üzrə əlaqələndirici Mehparə Məcidovanın, Nazlı Cəfərovanın, Asif Qasımovun, Afina Həsənovanın, Gülarə Hacıyevanın, Yeganə Məmmədovanın adlarını çəkir. Söyləyir ki, əslində bu müəllimlərin hər birinin işinin maraqlı və maraqlı olduğu qədər də innovativ cəhətləri var. Məktəbdə mütəmadi olaraq keçirilən tədbirlər – 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 20 yanvar faciəsinin, Xocalı faciəsinin ildönümləri, 31 mart Azərbaycanlıların soyqırımı Günü, 9 may – Faşizm üzərində Qələbə Günü, Novruz bayramı, 18 Oktyabr Müstəqillik Günü, 9 Noyabr – Bayraq Günü, 17 Noyabr Milli Dirçəliş Günü, Torpaqlarımızın işğal tarixləri məktəbin pedaqoji və şagird kollektivinin bütün üzvlərinin birgə səyi ilə yüksək səviyyədə anılır, qeyd olunur. Ötən dərs ilində pedaqoji kollektivin hazırladığı Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun, general Cəmşid Naxçıvanskinin yubiley tədbiri böyük anşlaqla keçmişdir.
Namiq Bağırov qeyd edir ki, şagirdlərin mütəmadi olaraq muzeylərə, Lənkəranın, eləcə də Respublikamızın görməli yerlərinə ekskursiyalara aparılması məktəbdə artıq ənənə halına çevrilib. Əgər biz Vətənimizi şagirdlərimizə sevdirmək istəyiriksə, onda birinci növbədə yurdumuzu onlara tanıtmalıyıq. Müəllimlər də bu işə böyük həvəslə yanaşırlar. Bu günün şagirdini maraqlandırmaq, onda tədrisə maraq oyatmaq üçün artıq yeni yanaşmalardan istifadə etmək tələb olunur. Yeni yanaşmalar isə öz növbəsində müəllimdən ustalıq tələb edir. O müəllim təlimdə uğur əldə edir ki, dərsini müasir tələblər səviyyəsində - informasiya-kommunikasiya texnologiyalarının, fəal təlim metodlarının tətbiqi şəraitində qursun, dərs prosesini həyatla, cəmiyyətlə əlaqələndirə bilsin. Yalnız bu zaman biz cəmiyyətə faydalı ola biləcək əsl vətəndaş formalaşdıra bilərik. Sevindirici haldır ki, Şürük məktəbi məhz belə müəllimlərdən təmsil olunmuşdur.
Məktəbdə fəaliyyət göstərən “Debat mərkəzi” də həyata keçirilən tədbirlərin məzmun və tərtibat baxımından keyfiyyətli, günün tələbləri ilə uzlaşması nöqteyi nəzərindən əhəmiyyətlidir. “Debat mərkəzi”ndə həyata keçirilən tədbirlərdən bəhs edən Namiq Bağırov vurğulayır ki, burada təşkil olunan tədbirlər məktəbin ümumi tədbirlər planını əks etdirməklə, daha çox müzakirə, seminar, dəyirmi masa xarakterində olur. Məzunlarla görüş, zərərli vərdişlərə qarşı şagirdlərin maarifəndirilməsi, valideynlərlə maarifləndirici görüşlərin təşkil olunması, açıq dərslərin müzakirəsi, pedaqoji şura iclasları, metodbirləşmələrin toplantıları, qəzet, jurnal məqalələrinin müzakirəsi əsasən bu mərkəzdə təşkil olunur.
Namiq Bağırov məktəbin kitabxanasının də məktəbin ümumi işində fəal iştirak etdiyini vurğulayır. Qeyd edir ki, kitabxana məktəbdə təşkil olunan tədbirlərin hazırlanmasına fəal qoşulmaqla bərabər, özlərinəməxsus tədbirlərlə də şagirdərin diqqətini cəlb edirlər. Bu özünəməxsusluq əsasən kitab müzakirəsi, şagirdlərin bədii əsərlər haqqında təqdimat hazırlamaları, divar qəzetlərinin təşkil olunması ilə müəyyənləşir. – Biz çalışırıq ki, şagirdlərimiz bədii ədəbiyyatdan müntəzəm surətdə istifadə etsinlər. Mütaliə insanın daxili aləminin formalaşmasında, onun şəxsiyyət kimi yetişməsində əvəzsiz rola malikdir. Şagirdlərimiz bu müstəsnalığı dərk edir, kitabxanaya həvəslə gəlirlər. Əgər biz şagirdlərimizdə kitaba, mütaliəyə maraq oyada biləriksə, onların zərərli vərdişlərdən uzaqlaşmasını, elmin, təhsilin də nə qədər əhəmiyyətli olduğunu onlara aşılaya bilərik  – deyə Namiq Bağırov vurğulayır. Məktəbin fəaliyyəti, uğurları ilə tanış olduqca, Namiq müəllimin söylədiklərinə əmin olmaq mümkündür.


Böyükağa MİKAYILLI 

No comments:

Post a Comment