Professor Əjdər Ağayevin çıxışı maraqla qarşılandı.
Görüşdə məktəbin əldə etdiyi uğurlardan da bəhs
olundu.
Bu günlərdə Lənkəranda səfərdə olan Azərbaycan Təhsil
Şurasının sədri professor Əjdər Ağayev şəhər 8 nömrəli tam orta məktəbin qonağı
oldu, pedaqoji kollektivlə görüşdü, qabaqcıl dil-ədəbiyyat müəllimi Münasib
Nuriyevin dərsində iştirak etdi. Professor Əjdər Ağayevin müəllimlər qarşısında
“Ənənə və müasirlik” mövzusunda çıxışı maraqla qarşılandı. Əjdər Ağayev söylədi
ki, bu gün təhsilimiz Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə qayğı ilə əhatə
olunub. Ölkə başçısı cənab İlham Əliyevin təhsilimizin inkişafına ünvanlanmış fərman
və sərəncanları, yeni məktəb binalarının inşa olunması, müasir avadanlıqlarla təchizat,
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da Fondun xətti ilə
təhsilimizin inkişafına yönəlmiş geniş miqyaslı tədbirləri təhsilimizə yeni
ab-hava gətirmişdir.
O, çıxışında vurğuladı ki, bəzən müasir dərs
anlayışını tez-tez işlədirlər. Amma dərs bütün zamanlarda müasir olub. Mən 56
ildir ki, müəlliməm. Və 56 ildir ki, müasir dərs ifadəsini işlədirəm. Dövr, zaman
dərsi də öz tələblərinə uyğun formalaşdırır. Dərs həmişə təkmilləşib, yeniləşib,
müasir səciyyə daşıyıb. Bizim orta məktəblərdə dərs dediyimiz 1960-1970-ci illərdə
dərs prosesində texniki təlim vasitələrindən istifadə olunardı, indi isə onları
informasiya-kommunikasiya texnologiyaları əvəz edib. Əslində inkişaf edən
budur. Odur ki, müəllim İnformasiya-Kommunikasiya Texnologiyalarını, eləcə də
ingilis, rus dilini bilməlidir. Ona görə ki, bu, onun dünyaya çıxması, dərsini
müasir tələblər səviyyəsində qurması üçün stimul yaradacaq. Sevindirici haldır
ki, bu gün bizim belə müəllimlərimiz az deyil.
Əjdər Ağayev vurğuladı ki, bu gün müəllimlərə yeni
təlim metodları kimi təqdim olunan “Əqli hücum”, “Rollu oyunlar” və s. əslində
bizim təhsil sistemimizdə zaman-zaman mövcud olmuş və müəllimlər ondan bəhrələnmişlər.
Uzun illər Azərbaycanın Maarif naziri vəzifəsində işləmiş akademik Mehdi
Mehdizadə özünün 1982-ci ildə çap olunmuş “Ümumtəhsil məktəblərində təlim-tərbiyə
prosesinin təkmilləşdirilməsi yolları” adlı əsərində bu məsələləri, Azərbaycan
təhsilinin zəngin təlim, tədris ənənələrini şərh etmişdir. Bizim təhsilimizin ənənələri,
kökü var. Kökü olmadan heç bir şey inkişaf edə bilməz. Təbiətdə nə varsa, təhsildə
də var. Təhsil təbiətin əksidir. Təbiət necədirsə cəmiyyət də elədir. Bizim
bugünkü təhsilimiz də özünün zəngin ənənələri üzərində inkişaf edir. Həyata
keçirilən çoxsaylı layihələr təhsilə yeni nəfəs gətirir.
Əjdər Ağayev özünün orta məktəbdə müəllimlik fəaliyyəti
zamanı qarşılaşdığı problemlərdən, bu problemlərdən çıxmaq üçün tətbiq etdiyi
yanaşmalardan, metodlardan bəhs edərək vurğuladı ki, təlim prosesində ən yaxşı
metod şəraitə uyğun tətbiq olunan və səmərə verən metoddur. Müəllim elə metod
düşünüb tapmalıdır ki, həm şagirdi öyrədə, həm də tərbiyə edə bilsin. Müəllim gərək
siyasi cəhətdən ayıq olsun, vətəndaş mövqeyində olsun, vətənpərvər olsun. Bizim
müəllim olaraq uşaqlara sevgimiz, qayğımız olmalıdır. Mən bu gün Münasib müəllimin
dərsində də müəllimin şagirdə sevgisinin şahidi oldum. Şagirdə elə yanaşmalıyıq
ki, onun şəxsiyyətinin formalaşdıra bilək, onu ləyaqətli insan kimi yetişdirə
bilək. Biz gərək şagirdlərimizə cəsarətli olmağı aşılayaq. Cəsarət insanda əsas
amillərdəndir. Əgər bu keyfiyyət insanda çatmasa, onun vətəndaşlıq mövqeyindən
danışa bilmərik. Uşaq kitab oxuyub elmə yiyələnəcək. Amma insanlıq dərsini biz
müəllimlərdən almalıdır. Bu keyfiyyətlər damla-damla yaranır. Uşaqdan
vaxtımızı, zamanımızı əsirgəməməliyik. Əgər uşaq vaxtından şagirdlərimizə cəsarətlilik,
məntiqlilik, müstəqil düşüncə, öz sözünü demək bacarığı aşılaya bilsək, onda
onların əsl vətəndaş kimi formalaşmasına nail ola biləcəyik.
Əjdər Ağayev vurğuladı ki, ən yaxşı müəllimlər Azərbaycan
müəllimləridir. Biz öz genetik imkanlarımızı bilirik, həyatımızı, düşüncələrimizi,
uşaqlarımızın nəyə qadir olduğunu bilirik. Bu biliklərimizdən istifadə edib gənclərimizi
düzgün istiqamətə yönəltməliyik. Bu, bizim həm vəzifə, həm də vətəndaşlıq
borcumuzdur.
Görüşdə iştirak edən Təhsil Şurası Mətbuat və
İctimaiyyətlə Əlaqə Mərkəzinin rəhbəri, “Təhsil və zaman” qəzetinin redaktoru
Böyükağa Mikayıllı Təhsil Şurasının layihələrindən bəhs etdi. Qeyd etdi ki,
2014-cü ilin noyabr ayında təşkilat “Beynəlxalq təcrübə mübadiləsi təlim
keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda layihəsi çərçivəsində
Gürcüstanın Kabuleti şəhərində beynəlxalq konfrans keçirdi. Bu ilin mart ayında
isə bir qrup qabaqcıl Azərbaycan müəllimlərinin iştirakı ilə analoji konfrans
Ukraynanın Lvov şəhərində Lvov Vilayət Elm və Təhsil Departamenti ilə birgə təşkil
olundu. O, Bakıda Amerika Birləşmiş Ştatlarının “Qababağ Fondu” ilə ötən ilin
mart ayında “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki
məsələləri” mövzusunda Təhsil Şurasının
təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransı da xatırladaraq vurğuladı ki,
bu konfrans Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında müəllimlərin
haqq səsi kimi ucaldı. Böyükağa Mikayıllı Təhsil Şurasının keçirdiyi “Qabaqcıl
iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsindən bəhs edərək vurğuladı
ki, ötən 3 il ərzində Respublikanın ayrı-ayrı bölgələrindən olan 80 nəfərdən
artıq müəllimin iş təcrübəsi layihə çərçivəsində öyrənilərək yayılmışdır. Layihə
bu il də davam etdirilir.
Məktəbin direktoru Aslan İbrahimov söylədi ki, məktəbdə
müəllimlərin özünüinkişafına xüsusi diqqət yetirilir. Onlar mütəmadi olaraq
inkişafyönümlü təlimlərə cəlb edilir, fəal təlim texnologiyalarının, elektron tədris
resurlarının təlim prosesinə tətbiqi imkanlarına yiyələnirlər. Məktəbin peşəkar
kadr potensialının, eləcə də məktəbdə yaradılmış münbit pedaqoji-psixoloji
mühitin sorağı hətta qonşu rayonlara da yayılıb. Təsadüfü deyil ki, Lerik
rayonundan belə şagirdlər təhsil almaq üçün bu məktəbi seçirlir. Aslan
İbrahimov vurğuladı ki, yeni məktəb binasının inşa edilib istifadəyə verilməsi
də məktəbə şagird axınına yol açıb. Bu gün pedaqoji kollektivin qarşısında
dayanan ən mühüm vəzifə şagirdi şəxsiyyət kimi formalaşdırmaq, onların məntiq və
təfəkkürlərini inkişaf etdirmək, bir sözlə, cəmiyyətə layiqli vətəndaş kimi təqdim
etməkdir. Əlbəttə ki, bu çətin və şərəfli vəzifənin öhdəsindən ancaq öz işinin
mahir bilicisi, vətənsevər müəllimlərlə birgə gəlmək mümkündür. Aslan İbrahimov
məktəbin belə müəllimlərindən riyaziyyat müəllimi, metodbirləşmənin sədri Elnarə
Əbilovanın, Ruqiyyə Mehdiyevanın, Günel
Əliyevanın, Ülviyyə Həsrətovanın, Kəmalə İbayevanın, ingilis dili müəllimi Şölə
Əsgərovanın, Nərmin Cəlalovanın, Nuray Əşrəfbəylinin, Ofelya Ağayevanın, tarix
müəllimi Araz Məmmədovun, Şəfiqə Qəniyevanın, fizika müəllimi Aysel Səlimovanın,
dil-ədəbiyyat müəllimi Münasib Nuriyevin, idman müəllimi İlqar Paşayevin, biologiya müəllimi
Ülkər Həsənovanın, Ziqəm Abasovun, coğrafiya müəllimləri Təranə Abdullayevanın,
Könül Məmmədovanın, ibtidai sinif müəllimi
–metodbirləşmə sədri Yasəmən Rzayevanın, Vəfa İmanovanın, Könül Liftiyevanın, Şəlalə Nəhmətovanın, Rəqsanə
Sadıqovanın, Uşaq Birliyi Təşkilatının Rəhbəri Fidan Məmmədovanın adlarını çəkdi.
Hər bir uğurun əsasında peşəkarlığın dayandığını
vurğulayan təcrübəli məktəb rəhbəri nailiyyətlərin ilbəil artığından məmnunluq
ifadə edir. Qeyd edir ki, Lənkəranlı məzunlar arasında ilk prezident təqaüdçüsü
məhz 8 nömrəli tam orta məktəbin şagirdi olub. Elmin Əbilov 662 balla Bakı Dövlət
Universitetinin tətbiqi riyaziyyat fakültəsinə qəbul olmaqla rayon təhsilində
ilkə imza atıb. Ümumiyyətlə, 8 nömrəli tam orta məktəbin şagirdlərinin nailiyyətləri
bir qayda olaraq orta məktəb illərindən başlayır. Onlar müxtəlif müsabiqələrdə,
idman və bilik yarışlarında uğurlu çıxışları ilə seçilirlər. Məktəbin adı
9-11-ci siniflərin buraxılış imtahanlarının nəticələrinə görə, bir qayda olaraq
ilk onluqda qərarlaşır. Bu uğurlar, yüksək nəticələr məzunların ali məktəblərə
qəbul nəticələrində də özünü göstərir. 500-dən, 600-dən yüksək balla ali məktəblərə
qəbul olan şagirdlərin sayına görə də məktəb öncül yerlərdə dayanır.
Aslan İbrahimov vurğuladı ki, məktəbdə həvəsləndirici
tədbirlərin ənənəvi olaraq keçirilməsi də şagirdlərin təlimə olan marağının
artmasında müstəsna rol oynayır. Belə tədbirlərə misal olaraq “İlin ən yaxşı
şagirdi”, “İlin ən yaxşı sinfi” nominasiyası üzrə müsabiqələri göstərmək olar.
Ötən dərs ilində “İlin ən yaxşı şagirdi” nominasiyasının qalibi adına 9b sinif
şagirdi Kamran Əsədov, 7a sinif şagirdi Səkinəxanım Zeynallı layiq görülmüşdür.
5b sinfi isə məktəb rəhbərliyi tərəfindən “İlin ən yaxşı sinfi” nominasiyasının
qalibi seçilmişdir.
Aslan İbrahimov söylədi ki, Respublikamızın hər
yerinə olduğu kimi, Lənkəranda, eləcə də 8 nömrəli tam orta məktəbdə 5 oktyabr
Beynəlxalq müəllim Günü böyük təntənə ilə qeyd edildi. Bu bayram 8 nömrəli tam
orta məkktəbin pedaqoji kollektivi üçün daha da əlamətdar oldu. Məktəbin müəllimi - kreativ düşüncəli,
yeni yanaşma tərzinə malik olan, müstəqil, azad düşüncəli şagirdlər yetişdirən, ünsiyyət
qurduğu şagirdlərə çevik təsir göstərmək bacarığına malik olan, məktəbdə
keçirilən müxtəlif yönümlü tədbirlərin müəllifi, yaradıcı, tədqiqatçılığa meyli
olan dil-ədəbiyyat müəllimi Münasib Nuriyev Lənkəran Şəhər İcra Hakimiyyətinin
başçısı cənab Taleh Qaraşovun müvafiq sərəncamı ilə
Fəxri fərmana layiq görüldü və qiymətli hədiyyə ilə mükafatlandırıldı. Aslan
İbrahimov vurğuladı ki, bu Fəxri fərman və mükafat təkcə Münasib müəllimin
deyil, bütün kollektivin əməyinə verilən dəyərdir. O, bu dəyərə görə məktəbin kollektivi
adında şəhər icra hakimiyyətinin başçısına minnətdarlığını dilə gətirdi.
Aslan İbrahimov vurğuladı ki, şagirdlərin milli mənəvi
dəyərlərə, tariximizə ehtiram ruhunda tərbiyə olunması pedaqoji kollektivi düşündürən ən ümdə vəzifələrdəndir.
Dünya Azərbaycanlılarının Həmrəylik günü, ulu öndər Heydər Əliyevin doğum və
anım günü münasibətilə təşkil olunan
ekskursiyalar da bu məqsədin reallaşmasına xidmət edən tədbirlərdir. Bu əlamətdar
gün münasibətilə məktəbin bir qrup şagirdi xalqımızın ümummilli lideri Heydər
Əliyev Mərkəzində və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev
muzeyində olmuşlar. Şagirdlərin dahi bəstəkar Üzeyir Hacıbəyovun 130 illiyi ilə
əlaqədar səhnələşdirdikləri “O olmasın, bu olsun” tamaşası məktəbdə böyük
anşlaqla keçmişdir. Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri də
tədbirlərin təşkil olunasında fəal iştirak edir. Məktəbin şagirdləri Fövqəladə Hallar
Nazirliyinin keçirdiyi tədbirlərdə də mütəmadi olaraq iştirak edib qalib
olurlar.
Aslan İbrahimov məktəbin gənc “Füzulişünas”larından
da böyük maraqla bəhs etdi. Söylədi ki, Lənkəran Dövlət Universitetinin məktəbdə
pedaqoji təcrübədə olan tələbələrinin iştirakı ilə məktəbin şagirdləri dahi Azərbaycan
şairi Məhəmməd Füzulinin həyatı və yaradıcılığı ilə bağlı tədqiqat işi
aparıblar. İki həftə ərzində tədqiqatda iştirak edən məktəbin 8b sinif şagirdləri
yekun olaraq işlərini geniş auditoriya qarşısında təqdim etdilər. Şagirdlərdən
Ramilə Fərəczadə, Türkanə Mirzəzadə, Nərmin Bəqəlizadə, Gülməmməd Quluzadə,
Lamiyə Əliyeva, Hüsey Sadıxzadə maraqlı təqdimatları ilə seçildilər.
Aslan İbrahimovun sözlərindən bəlli oldu ki, ötən dərs
ilində məktəbdə görkəmli sərkərdə Səməd bəy Mehmandarovun 160 illik yubilieyinə,
Ulu Öndər Heydər Əliyevin doğum gününə, Gül bayramına həsr olunmuş açıq dərslərin,
20 Yanvar, Xocalı faciəsinə, Növruz bayramına həsr olunmuş tədbirlərin keçirilməsi
də şagirdlərin mənəvi dəyərlərə sahiblik hissinin formalaşmasına xidmət edirdi.
Məktəbin gələcək hədəflərindən bəhs edən Aslan
İbrahimov bildirdi ki, onlar məktəbin şagirdlərinin fənn olimpiadanın
respublika turunda layiqli yer tutmasına çalışırlar. Məktəbin valideynlər
və ictimaiyyat içərisində nüfuzunun yüksək səviyyədə oımasını məktəb rəhbərliyi daim düqqət mərkəzində saxlayır.
Sevindirici haldır ki, valideynlərin dəstəyini hər zaman hiss edirlər.
Məktəbin Lənkəran Dövlət Unuversiteti ilə əlaqələrinin genişlənməsi, müəllimlərin
İKT-dən istifadə imkanlarının artırılması, onların sistemli olaraq təlimlərə cəlb
edilməsi, pedaqoji kollektiv üzvlərinin əsasən təcrübəli, eləcə də gənclərdən
ibarət olması da təhsil ocağının fəaliyyətinə müsbət təsir göstərən amillərdəndir.
Aslan İbrahimov sevindirici hal kimi onu da
vurğuladı ki, hər il məktəbə gələn şagirdlərin sayı artmaqdadır. Bu proses 20
ildir ki, davam edir. 2014 cü ildə məktəbdə 319 şagird oxudugu halda,
hal-hazırda 510 şagird məktəbdə təhsilini davam etdirir. Məktəbin yeni binası 2014-cü ildə istifadəyə verilib. Yeni
bina, yeni şərait, yeni uğurlara yol açır.
Görüşün sonunda Aslan İbrahimov professor Əjdər
Ağayevə və jurnalist Böyükağa Mikayıllıya pedaqoji kollektivin görüşünə gəldikləri,
maraqlı çıxışları üçün minnətdarılığı bildirdi.
Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqə Mərkəzi
No comments:
Post a Comment