11.13.2016

Zəngin ideyaların meydanı

"Təhsil Və Zaman" qəzeti, 10.11.2016.
Bu yazı Şirvan şəhərindəki 21 nömrəli tam orta məktəbin fəaliyyətinə həsr olunur.
Şirvan şəhərindəki 21 nömrəli tam orta məktəbdə bir neçə dəfə olmuş, məktəbin direktoru, təcrübəli məktəbşünas Səadət Quliyeva ilə rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti, əldə etdiyi uğurlarla bağlı söhbətlər etmişdik. Maraqlıdır ki, onunla hər bir görüşümüz sonradan məktəbdə həyata keçirəcəyimiz hər hansısa bir tədbirin planlaşdırılması ilə sonuclanmışdır. İlk görüşümüz Təhsil Şurasının Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbdə keçirdiyi “Təlim keyfiyyətinin yüksəldilməsi imkanları” mövzusunda respublika elmi-təcrübi konfransında reallaşmışdı. Hələ o zaman qərara almışdıq ki, Təhsil Şurasının həyata keçirdiyi təlimlərdə 21 nömrəli tam orta məktəbin kollektivi bütünlüklə iştirak etsin. Bir müddət sonra biz bu layihəni həmin məktəbdə reallaşdırdıq. Səadət Quliyeva ilə növbəti görüşümüz Təhsil Şurasının Bakıda Amerika Birləşmiş Ştatlarının Qarabağ Fondu ilə birgə keçirdiyi “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki məsələləri” mövzusunda beynəlxalq konfransda oldu. Oradakı söhbətimizdə qərara aldıq ki, 21 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Təranə Səmədzadənin iş təcrübəsi Təhsil Şurası tərəfindən öyrənilərək Respublikaya yayılsın. Qısa müddət ərzində bu layihəni də reallaşdırdıq.
Müşahidələrim məndə belə bir qənaət hasil edib ki, Səadət Quliyevanın pedaqoji fəaliyyətinin əsasında rəhbərlik etdiyi kollektivin elmi-metoki hazırlıq səviyyəsinin yüksəldilməsi, innovasiyaların, mütərəqqi ideyaların məktəbdə özünə təməl qazanması, kollektivin mənəvi ab-havasının daim yüksək səviyyədə saxlanılması, yaxşı işə, qabaqcıllığa daim meydan verilməsi ön planda dayanmışdır. İndi nəzər salacağımız nailiyyətlər də məhz bu mühitin, bu yanaşmanın nəticəsi kimi dəyərləndirilə bilər. 

Öncə qeyd edim ki, 21 nömrəli tam orta məktəb Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli sərəncamı ilə “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüşdür. Səadət Quliyeva bu nailiyyəti məktəbin ən böyük tarixi uğuru hesab edir. Söyləyir ki, bu uğurun əldə olunması, əslində bir neçə ilin deyil, çoxillik uğurların nəticəsi kimi meydana çıxmışdır. Bu uğurlar həm müəllimlərin, həm də şagirdlərin sayəsində əldə olunmuşdur. Məktəbin yaxın tarixinə ekskurs edən Səadət Quliyeva diqqətimizi bəzi faktlara yönəltdi. Məlum oldu ki, məktəbin ingilis dili müəllimi Təranə Səmədzadənin rəhbərliyi altında məktəbin 9a sinif şagirdi Cəlal Səmədov və 8a sinif şagirdi Mehriban İsmayılova Beynəlxalq Ekologiyanın Mühafizəsi üzrə (İNEPO-Avrasiya) layihə olimpiadasında qalib gələrək diplom və hədiyyələrlə təltif ediliblər. 
7b sinif şagirdi İlahə İbadova “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsində, 5a sinif şagirdi Cavid İsmayılov Vergilər Nazirliyinin keçirdiyi regional müsabiqədə, 9b sinif şagirdi Məhsəti Həsənli “Tariximiz mədəniyyətimizin irsidir” adlı inşa müsabiqəsinin şəhər turunda uğur əldə ediblər. Məktəbin komandaları “Xəmsə” intellektual oyununda və Ulu Öndər Heydər Əliyevin anım günündə, eləcə də “Ekologiya və biz” mövzusuna həsr olunmuş yarışda şəhər üzrə birinci yerə layiq görülüblər. Məktəbin “Şahin” hərbi idman komandası şəhər birinciliyində daim öncül yerləri özü üçün təmin edir. 
Səadət Quliyeva məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Püstə Babayeva, Ruqiyyə Babayeva, Amaliya Fətəliyeva, ingilis dili müəllimi Təranə Səmədzadə, Nuray Əmirova, riyaziyyat müəllimi Sevinc Bağırova, Xanım Əliyeva, Mehriban İsmayılova, tarix müəllimi Salam Əkbərov, Nuridə Zeynalova, biologiya müəllimi Sevinc Nəsirova, fizika müəllimi Aysel Abdullayeva, Günel Əkbərova, ibtidai sinif müəllimi İmarət Əliyeva, Aidə Abdullayeva, Nazlı Tağıyeva, Reyhan Dadaşova, Səmayə Zülfüqarovanın adlarını çəkməklə onları öz işlərini müasir dövrün tələbləri səviyyəsində qurmağı bacaran müəllimlər kimi xarakterizə etdi. Eyni zamanda vurğuladı ki, məktəbin pedaqoji kollektinin bütün üzvləri bütün səylərini gənclərin təlim-tərbiyəsi yolunda səfərbər etməklə, yüksək uğurlara öz layiqli töhfələrini verirlər. Bu töhfələrin bəzi qisminə nəzər salaq: Fənn olimpiadalarının Respublika turunda daim uğurlu nəticələr əldə edən Məhsəti Həsənova ali məktəbə də yüksək göstəricilərlə qəbul olundu. Məktəbin şagirdlərindən Nazilə Ələkbərova 672 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə, Fuad Əhmədov 639 balla Qafqaz Universitetinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, Aygün Həsənzadə 612 balla Bakı Dövlət Universitetinin kompüter elmləri, Zeynəb Hüseynova 601 balla Azərbaycan Tibb Universitetinin müalicə işi, Hümmət Zeynalov 612 balla, Ziya Salayev 621 balla Bakı Dövlət Universitetinin tarix, Nilufər Əmirli 527 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix müəllimliyi fakültəsinə daxil olublar. Bütün bunlar məktəbdə təlim keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə bariz nümunədir. 
Səadət Quliyeva söyləyir ki, şagirdlərin mənəvi tərbiyəsində önəmli rol oynayan tədbirlərin təşkilinə xüsusi önəm verilir. 15 sentyabr “Bilik Günü”, 21 sentyabr “Beynəlxalq sülh günü”, 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü”, 18 oktyabr “Müstəqillik Günü”, 9 noyabr “Bayraq Günü”, 12 noyabr “Konstitusiya Günü”, 17 noyabr “Dirçəliş Günü”, 12 dekabr “Ulu Öndər Heydər Əliyevin anım günü”, 31 dekabr Azərbaycanlıların Həmrəylik Günü, 20 Yanvar faciəsi, Beynəlxalq Ana dili Günü, 26 fevral Xocalı faciəsi, 31 mart “Azərbaycanlıların soyqırımı Günü”, torpaqlarımızın işğal tarixləri xüsusilə qeyd olunur. Onlar üçün bu kimi tədbirlər taraximizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, irsimizin öyrənilməsi və nəhayətdə gənclərə vətənpərvərlik və vətəndaşlıq duyğularının aşılanması məqsədi daşıyır. Elə bu günlərdə məktəbin 8b sinif şagirdlərinin 18 Oktyabr-Müstəqillik Günü münasibətilə hazırladıqları "Azərbaycan-adın oddur, özün işıq, sözün işıq" adlı bədii-ədəbi kompozisiya da bu baxımdan xarakterik idi. Tədbir sinif rəhbəri Xəyalə Əliyevanın rəhbərliyi ilə hazırlanmışdı. Bununla belə, təşkilatı işlərdə şagirdlər də fəallıq göstərmişdilər. Səadət Quliyeva qeyd edir ki, məktəbdə şagirdlərin ictimai fəallığının təmin olunması da onları maraqlandıran əsas məsələlərdəndir. Biz şagirdlərimizə məktəb illərində nə qədər ictimai fəallıq, müstəqil düşüncə, sərbəst qərar qəbuletmə bacarıqları aşılasaq onların həyatda daha yüksək mövqe tutmağa, vətəndaşlıq hissləri ilə böyümələrinə nail olarıq. Bu isə bizim qarşımızda duran ən mühüm vəzifədir, söyləyir Səadət Quliyeva. 
Səadət Quliyeva qeyd edir ki, məktəbin iki komputer otağı dərslərin müasir dövrün tələbləri səviyyəsində təşkil olunmasına imkan verir. Mütəmadi olaraq keçirilən açıq dərslər, qarşılıqlı dərs dinləmələri məktəbdə təlimin keyfiyyətinin yüksəldilməsinə yol açan amillərdəndir. Təsadüfü deyildir ki, məktəbin ingilis dili müəllimi Təranə Səmədzadənin iş təcrübəsi Azərbaycan Təhsil Şurasının keçirdiyi “Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsi çərçivəsində öyrənilərək respublikaya yayılmışdır. Təranə Səmədzadə beynəlxalq konfranslarda iştirak edərək öz pedaqoji təcrübəsini daim təkmilləşdirməyə çalışan müəllimlərdəndir. Yaxın vaxtlarda məktəbin daha bir müəllimi – ibtidai sinif müəllimi İmarət Əliyevanın da iş təcrübəsinin Təhsil Şurası tərəfindən öyrənilməsi planlaşdırılır. 
Səadət Quliyeva söyləyir ki, hər bir müəllimin xarakteri onun şagirdində əks olunur. Müəllim necədirsə, şagirdini də o cür görmək mümkündür. Odur ki, müəllim yalnız biliyi, savadı ilə deyil, həm də ictimai nüfuzu, davranışı, əxlaqı, obyektivliyi, bir sözlə şəxsiyyəti ilə örnək olmalıdır. Bu məktəbdə artıq xeyli müddətdir ki, müəllimlər üçün vahid geyim forması tətbiq olunur. Təcrübəli məktəb direktoru müəllimin geyim mədəniyyəti amilini də təlim-tərbiyədə mühüm cəhət hesab edir. Hər bir müəllimin tətbiq olunan bu qaydaya böyük məmnuniyyətlə əməl etdiyini vurğulayır. Məktəbdə təlim-tərbiyə işinin keyfiyyətinə təsir edən amillərdən biri də məktəb rəhbərinin nümunəsidir. Yazının əvvəlində də qeyd etdiyim kimi, Səadət Quliyeva pedaqoji kollektivin metodiki təkmilləşməsini təmin etmək üçün hər cür şərait yaradır, məktəb yalnız şagirdlər üçün deyil, həm də müəllimlərin özləri üçün öyrənmə yerinə çevrilir. Bir sözlə, inkişafyönümlü layihələrdə iştirak üçün müəllimlərə heç bir maneə yaradılmır. Səadət Quliyeva özü də bu kimi tədbirlərə sistemli olaraq qoşulmaqla kollektivə stimul verir. O, Azərbaycan İngilis dili müəllimləri Assosiasiyası kimi nüfuzlu bir təşkilatın (AZETA) Şirvan nümayəndəliyinin rəhbəri kimi ingilis dili müəllimləri arasında geniş metodiki maarifçilik işi aparır. Bu təşkilatın tədbirlərində fəal iştirak edir. O, eyni zamanda beynəlxalq tədbirlərə də böyük həvəslə qoşulur. Təhsil Nazirliyinin və AZETA-nın dəstəyi ilə İngiltərədə qoşulduğu beynəlxalq təcrübə mübadiləsi də bu qəbildən olanlardandır. Bu layihə çərçivəsində İngiltərənin Kenterberi şəhərinin Kent Universitetində 2 həftəlik kurslarda iştirak edən Səadət xanım “Müəllimlərin müəllimi” sertifikatına layiq görülüb. 2005-2006-cı illərdə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvü seçilərək Fransanın Strasburq şəhərində keçirilən konqreslərdə Azərbaycanı təmsil edib. 2013/14, 2014/15-ci tədris illərində isə Təhsil Nazirliyinin Britiş Konsulla birgə layihəsi olan "XXI əsr üçün müəllim " layihəsində iştirak edib. Səadət Quliyevanın əldə etdiyi nailiyyətlər Şirvan şəhər İcra hakimiyyətinin, Təhsil nazirliyinin fəxri fərmanları ilə dəyərləndiriib. 
Mən Şirvan məktəbləri ilə tanışlıq çərçivəsində, təxminən bir saatlıq qonağı olduğum 21 nömrəli tam orta məktəbin fəaliyyəti, yalnız bu yazıda qeyd etdiklərimdən ibarət deyildir. Əlbəttə ki, bir yazıya böyük bir məktəbin bütün nailiyyətlərini sığışdırmaq mümkün deyil. Hər halda, əsas məqamlara diqqət çəkmək istədim. Digər məqamlara isə sonrakı yazılarımda yer verəcəyimi düşünürəm.
Böyükağa MİKAYILLI


No comments:

Post a Comment