3.12.2017

VAQİFİN DƏ ÖZ DÜNYASI VARDI...

Tədbir MAHMUDOV,
Neftçala şəhərindəki “Təhsil muzeyi” nin rəhbəri,
Respublikanın əməkdar müəllimi.
"Təhsil və zaman" qəzetinin 03.03.2017-ci il tarixli sayında dərc olunmuş bu yazı uzun illər Neftçala rayon qəzetinə rəhbərlik etmiş Vaqif Əliyevin ömür yolundan bəhs edir.

İllər gəlib keçdi ömürdən, illər!
İllər görməmişdik bu illər kimi!
Səməd Vurğun.
Yaşasaydı 80 yaşı olacaqdı Vaqifin. Ancaq ölümün daş üzü, buz nəfəsi ömrünün çiçəklənən bir vaxtında, müdriklik və kamillik dövründə dostlarına, doğmalarına, ən əsas ailəsinə daha çox lazım olan bir vaxtda gözlənilmədən sıramızdan qoparıb uzaq bir səfərə, gedər-gəlməz bir səfərə apardı,Vaqifi.
İllər nə tez gəlib keçdi, ömürdən keçən illər! Vaqif , səni bizdən düz 19 il bir vaxt ayırır. Amma elə bilirəm ki, bunların hamısı lap dünən olub. 21 may 1998-ci il. Oğlun Vasif bu bəd xəbəri mənə telefonla çatdıranda, lap çaşıb qaldım, bilmədim nə edim. Bir neçə dəqiqə özümdə olmadım. Sonradan özümü topladım, birlikdə keçirdiyimiz ağrılı-acılı, bəzən də bəxtəvər günlərimiz kino lenti kimi gözlərimin önündən gəlib keçdi. Nəhayət, həmişə gəldiyim küçəyə, evə gəlməkdə çətinlik çəkirdim, sanki ayaqlarımdan daş asılmışdı.

Eşidib bilənlər, hamı hüzünlü, kədərli idi. Dostlar, tanışlar, doğmalar hamı gəlirdi. Bircə Sən görünmürdün. Sən də ruhən aramızda idin. Nəhayət, dəfn mərasiminə yığışdıq. Rayon rəhbərliyi – İcra başçısı S.Məmmədov, Salyandan tanışlar, dostlar, Yəhya Əliyev, Bakıdan Əlövsət Bəşirli, “Gündoğar”ın bütün əməkdaşları. Dəfn mitinqi oldu. Ürək sözləri deyildi, bir daha Sən hörmətlə xatırlandın, dualar oxundu, “məzarın nurla dolsun, Allah sənə rəhmət eləsin” dedik.
Vaqif! Bu illər ərzində heç vaxt unudulmamısan, həmişə yanımızda hiss etmişik səni. Sənin mübarizliyin, sabaha ümidin və inamın, bu gün də gənclərimizə nümunədir, örnəkdir. Rayonda böyük nüfuz və hörmət sahibi idin. Deyirlər, İnsan ancaq unudulanda ölür! Xoşbəxt o adamlardır ki, ürəklərdə yaşayır, yaddaşlara həkk olurlar, izləri, ağıllı söz-söhbətləri qalır. Sən ürəklərdə yaşayan, izi qalan, sözü qalan xoşbəxtlərdənsən.
Böyük şair, dramaturq, pedaqoq Hüseyn Cavidin aşağıdakı misralarını xatırlayıram.
Ölüm var ki, həyat qədər dəyərli
Həyat var ki, ölümdən də zəhərli.
Həyat qədər dəyərli ölümlər, Vətənini, xalqını sevərək yaşayanlar, bunun uğrunda canlarından keçməyə hazır olan əsl ziyalı vətəndaşlardır. Əziz dostumuz! Sən də həmin ziyalı vətəndaşlardan biri idin. Nə etmək olar?! Hər kəsin bir ömür payı var.
Azalır sıramız, azalır yaman,
Azalır doğmalar köçür dünyadan.
Əzəldən belədir gərdişi dövran.
Bir ibrətxanədir bu məzaristan
Azalır doğmalar köçür dünyadan
Martın 1-i, yazın qədəmlərinin dünyaya ayaq açdığı, baharın ilıq nəfəsinin duyulduğu gün. Keçmiş SSRİ Jurnalistlər İttifaqı lauriatı, Azərbaycan Jurnalistlər ittifaqının “Qızıl qələm” mükafatı lauriatı, Respublikanın “Əməkdar jurnalisti”, 1973-cü ildən ömrünün sonuna kimi Neftçala rayon qəzetinin – “Gündoğar”ın baş redaktoru Vaqif Lətif oğlu Əliyevin dünyaya göz açdığı gün – doğum günüdür.
Doğum günün mübarək, 80 yaşını təbrik edirik, əziz dostum Vaqif!
Yubileyini sənsiz qeyd edirik, məlum səbəb üzündən özün iştirak etmədiyin bu yubileydə Vaqifsevərlər, jurnalist həmkərların, iştirak edirlər.
Həm sevinc, həm də şirin bir kədər içindəyik. Yaşasaydın 80 yaşlı müdrik bir ağsaqqal timsalında görünərdin. Elə ağsaqqal kimi də yadımızdasan, çətinə düşəndə səndən məsləhət alar, sənin ağıllı, məntiqli mühakimən bizim üçün qanun olardı.
Əziz dostum, Səni xatırlayıram, uşaqlıq illərimizi xatırlayıram. Müharibə illərini, müharibədən sonrakı çətin illəri aclıq, səfalət günlərimizi xatırlayıram. “Şərikli çörək” bədii filminə baxanda sinfimizdə baş verən bir hadisə yadıma gəlir. 4-cü sinifdə oxuyurduq. Məktəbdən bizə çörək almaq üçün talon verirdilər. Sənin talonun birdən yoxa çıxdı. Sən pis vəziyyətə düşdün. Talon itirmək, o günü ac qalmaq demək idi. Aslan müəllim (A.Xankişiyev) vəziyyəti biləndən sonra sinfə müraciət etdi. Heç kəsdən səs-səmir çıxmadı. Nəhayət, özü işə qarışdı. Bircə-bircə uşaqların hamısını yoxladı. Çox çətinlikdən sonra talon yoldaşlarımızın birinin kitabının arasından çıxdı. Müəllim həmin şagirdi möhkəm cəzalandırdı. Sən dözmədin, müəllimdən xahiş etdin ki, onu bağışlasın...
Həmkarların, “Gündoğar”ın, bütövlükdə redaksiyanın bütün əməkdaşları səni həmişə ehtiram və hörmətlə xatırlayırlar, haqqında xoş, yaddaqalan xatirələr danışırlar; Sənin qəzetlə doğmalaşmağından, ona sonsuz diqqət və qayğından, prinsipiallığından, cəsarətindən, bəzən mətbəədə gecələməyindən, işçilərlə birgə nahar eləməyindən, qəzetin 65 illik yubileyindən, Moskvada qəzetin 1931-ci il tarixdən çap olunmasını sübut edən nüsxəsinin foto şəklini min bir əziyyətlə tapıb gətirməyindən həvəslə söhbət açırlar.
İ.Nurli danışır ki, “Kommunist” rejimi vaxtı idi. Vaqif (redaktor) məzuniyyətə getmişdi. Məmurların telefonçu qızları necə təhqir etmələri haqqında bir feleyton yazmışdım. Bu yazı rayonda bir hay-küy yaratdı ki, gəl görəsən. Redaksiyanın əməkdaşlarını bir hala saldılar ki...
Vaqifi məzuniyyətdən geri çağırdılar. Məsələni dəqiqliyi ilə araşdıran redaktor əməkdaşlarının günahsız olduqlarını birinci katib mərhum T.Xankişiyevə məlumat verəndən sonra hərə öz yerini bildi. Rəhmətlik T.Xankişiyev çox obyektiv bir insan idi. O, kadrları yaxşı tanıyır, onları hər hansı xırda məsələlərə görə korlanmasına imkan verməzdi. Danışırlar ki, Vaqif bizi o qədər təhlükələrdən qurtarıb ki... Vaqif, sən RPK-də də işlədin. Oradan daha böyük vəzifələrə yüksələ bilərdin. Sənin buna savadın, biliyin, qabiliyyətin və yüksək mədəniyyətin, ziyalılığın da çatırdı. Lakin sən mətbuatdan ayrılmadın. Balığın canı suda olduğu kimi, sənin də bütün varlığın mətbuat aləminə bağlı idi.
Axşamlar xidməti işlə əlaqədar bəzən başqa yerlərdə olsaydın da, vaxtdan asılı olmayaraq, redaksiyaya gələr, qəzeti diqqətlə oxuyar, qeydlər edər, tapşırıqlar və göstərişlər yazıb qoyar, onlar düzələndən sonra imzalayardın. Mən bunun dəfələrlə şahidi olmuşam. Bütün bunlar məsuliyyətdən başqa, həm də sizdə vərdişə çevrilmişdi. Bu, əsl peşəkarlıq idi.
Sən bir dəfə belə bir söhbət etdin. Bunu mən heç vaxt yadımdan çıxara bilmərəm.
Dedin ki, II Dünya müharibəsinin qızğın çağında “Krasnı Zvezda” (SSRİ Müdafiə Nazirliyinin orqanı) qəzetinin baş redaktoru bir gün qəzeti, nədənsə, oxumadan imzalayır. Qəzet çapdan çıxır. Səhər redaktor işə gəlir və çox böyük və kobud bir səhfin getdiyini görür. Ali Baş Komandan Stalinin vəzifəsi bir hərfin düşməsi üzündən söyüş mənası verdi. “Qlavno” sözündə “L” hərfinin düşməsi “qavno” səslənirdi. Redaktor dəhşətə gəlir. Tapança ilə özünü vurub öldürməkdən başqa çarə tapa bilmir. Elə də edir. Xəbər Stalinə çatır və o, çox soyuqqanlıqla qımışaraq deyir.
- Düzgün eyləyib, ondan yüngül cəzası olmayacaqdır.
Deyirlər, anadangəlmə kor bir aşıq varmış. Bu kor aşıq çalar, çağırar, oxuyar, el-obanın toy-düyünündə iştirak edər, telli saz onun bütün dərdlərinin unutdurar, ağrı-acılarına məlhəm olarmış. Dünya işığından məhrum olması, onun qətiyyən yadına düşməzmiş. Elə güman edərmiş ki, hamı belədir, dünya hamıya qaranlıqdır. Onun da öz qaranlıq dünyası varmış. Bu qaranlıq dünyada o, gözəli çirkindən seçə bilər, yaxşını yamandan ayırd edə bilərmiş. Deyirlər Ulu tanrı belə insanlara çox böyük həssaslıq və duyma qabiliyyəti verir, adamları səsi ilə qiymətləndirə bilir, onları seçə bilirlər.
Bir gün loğman timsallı bir həkimə rast gəlir bu kor aşıq. Həkimin ona yazığı gəlir və deyir ki, aşıq, icazə ver sənin gözlərini müalicə edib sağaldım. Aşıq isə cavabında:
-Yox, həkim, mənim öz dünyam var, qaranlıq dünyam. Bu qaranlıq dünyasız yaşaya bilmərəm, mən hər şeyi görür və hiss edirəm. Gözlərim açılsa dünyam alt-üst olar, qoy mən öz dünyamla qalım.
Vaqif! Sənin də öz dünyan vardı. Mətbut adlı bir dünya.
1985-ci ildə səni Fransaya yola salırdıq. Yaxşı yadımdadır, o vaxt radio verlişləri komitəsinin məsul işçiləri, əməkdaşları İlyas Adığözəlli, Valid Sənani, Fikrət müəllim, bir tanış həkim, Sən, bir də Mən. İçərişəhərdə Karvansaraya yığışdıq, oturduq, söhbət etdik, səfərqabağı bir az yaşamaq istədik. Və yaşadıq da! Romantik bir gecə, lirik bir axşam, sənə yaxşı yol arzuladıq. Qonşu otaqlardan birində sazın səsi, kimsə “Şirvan Şikəstəsi” oxuyurdu. Birdən sən dedin:
- Ay, Tədbir, könlüm saz havası istəyir. “Yanıq Kərəm”, “Şirvan Şikəstəsi”, Qara Zurnanın səsini eşitmək, oynamaq istəyirəm. 
Aşıqları dəvət etdik. “Yanıq Kərəm”i çaldılar, “Şirvan Şikəstəsi”ni oxudular, birlikdə oynadıq.
Bir gün də Türkiyəyə səfərindən, məşhur türk artisti, türk müğənnisi Türkan Şoraydan, onun qonqpərvərliyindən danışdın və dedin ki, Türkan Şoray bizi-Azərbaycandan gedən 12 nəfər nümayəndə heyətini qonaq dəvət etmişdi. Bizim nümayəndə heyətindən bir nəfər hansı səbəblərdənsə oraya getmədi. Otaqda stullardan biri boş qaldı.Türkan Şoray qonşuluqlarından yaşlı bir nəfəri ora dəvət etdi. Orada iştirak edən həmin yaşlı bir kişi Azərbaycana və azərbaycanlılara çox yüksək qiymət verərək dedi ki, “Azərbaycanlılar bütün türk dünyasının sultanıdırlar”. Bu sözlərin təsirindən həyəcanlandığını, qürur hissi keçirərək fəxr etdiyini necə də sevinclə deyərdin.
Vaqif! Sən ölümündən 3-4 ay əvvəl özünü yaxşı hiss etmirdin. Çox darıxır, ümidsizliyə qapanırdın. Xəstəliyin şiddəti isə səni daha çox narahat edirdi. Elə bil ki, Moskvada həkimləri cərrahiyyə əməliyyatı aparmağa təhkidlə xahiş edən Vaqif deyildin. Səni əməliyyat edən həkim milliyətcə tatar olan və Rusiyanın o vaxtkı Prezidenti B.Yeltsinin ürəyində cərrahiyyə əməliyyatı aparan dünya şöhrətli professor R.Akçurin səni bu əməliyyatdan çəkindirmək üçün bir neçə dəfə təşəbbüs göstərsə də, səni fikrindən döndərə bilmədi. Sən əməliyyatın aparılmasını israrla təkid etdin. Cərrah ona görə əməliyyata başlamaq istəmirdi ki, ümidsiz idi. Həm də istəmirdi ki, onun əlində ölüm hadisəsi baş versin. Çünki Vaqif hədsiz dərəcədə çox zəif idi.
Müalicə həkimi əməliyyatın son dərəcə çətinliyindən, ciddiliyindən, bir daha söhbət saldı və qohumlarından kiminsə, bir nəfərin xüsusi anketə imza etməyini istədi.
Sən cavabında:
- Özüm imza edəcəyəm, dedin: Özün də imza etdin, həm də böyük inamla!
Yadımdadır palatada ikimiz qaldıq. Otağa ağır bir sükut çökdü. Sükutu yenə sən pozdun, bir az kövrəldin və sevimli şairimiz S.Vurğunun məşhur misralarını özünəməxsus tərzdə ümidlə, inamla ölümə qarşı üsyan edərək söylədin.
Vaxtsız əcəl! Məndən uzaq dayan, dur,
Qürbət eldə can vermərəm ölümə
Qılıncını məndən uzaq dolandır,
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə!
Bütün bunlara baxmayaraq sənin ulu tanrıya daxilən inamın, möhkəm iradən hər şeyə qalıb gəldi. Vaqif, sən həmin əməliyyatdan sonra 4 il yaşadın.
Vaqif! Sən rəhbər kimi idarəetməni yaxşı bilir, intizamı gözləyər, hər hansı məsələyə soyuq mühakimə ilə yanaşmağı, bütövlüyü özündə birləşdirən əsl vətəndaş ziyalı idin. Aza qane olub, yoxa dözər, yaltaqlığı və gözəgirməyi yaxına buraxmazdın. Bunlar isə hər hansı insanda varsa, o, xoşbəxt və bəxtəvərdir.
Vaqif, bir də sən ona görə xoşbəxtsən ki, “Gündoğar”ın əməkdaşları heç vaxt, bu gün də qapı-qapı gəzib başqaları kimi özlərini ucuzlaşdırmadılar, kimdənsə, nəsə ummadılar, talelərinə düşənlərlə razılaşdılar. Kimlərinsə ciblərində gözləri qalmadı. Bütün bunlar Vaqif ənənəsi, Vaqif əqidəsi, Vaqif amalı idi. Bəli, “Gündoğar”ın ənənələri yaşamalıdır.
Vaqif! Sənin haqqında yazmaq, acılı-şirinli xatirələr söyləmək, onların hamısını möhtərəm oxuculara çatdırmaq bir qəzet səhifəsinə sığan bir iş deyil.Bunların bir hissəsini “Oxunmamış nəğmələr” kitabımda yazmağa çalışmışam. Səndən bizə bir ömürlük xatirələr qalıb. Qnları yaşatmağa çalışırıq. Bir də çox böyük və şərəfli bir yol keçmiş Respublikamızda sayılıb seçilən mətbuat orqanı kimi öz sözünü deyə bilən “Gündoğar” bu gün də yaşayır, sabah da və gələcəkdə də yaşayacaq.
Vaqif Lətif oğlu Əliyevin ailəsi, dostları və həmkarları adından, uzun illər səmərəli, qüsursuz fəaliyyətini nəzərə alıb, onun adının əbədiləşdirilməsinə köməklik göstərməyi, səlahiyyətli orqanlardan, xüsusilə rayon İcra Hakimiyətinin başçısı cənab İsmayıl Vəliyevdən xahiş edir və buna əminliklə inanırıq. Bu, Vaqifin ruhuna, ailəsinə hörmət və ehtiramın əvəzsiz töhfəsi olardı.



No comments:

Post a Comment