Xalq ruhundan doğulan bəstəkar
Ləyaqətli ömrü boyu müxtəlif nəsillərdən olan insanların xoşbəxt gələcəyi, musiqi mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışan bəstəkar Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 90 illiyi tamam olur. 22 fevral 1924-cü ildə Şuşada anadan olan Süleyman Ələsgərov Tanrının xalqımıza bəxş etdiyi qənimət insanlardan idi. Elcanlı, dostcanlı bu böyük insanla ünsiyyətdə, yaradıcılıq əlaqəsində olan hər kəs onu dahi Üzeyir bəyin yadigarı kimi tanıyır, sevir, dəyərləndirirdilər. Bəri başdan deyim ki, dövlətimiz də onun hər zaman görünən nümunəvi əməyini, musiqi sənətimizin, musiqi mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətləri layiqincə qiymətlən¬dirmişdir. O, yaradıcılıq fəaliyyətinin müxtəlif mərhələlərində Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, xalq artisti fəxri adlarına, habelə Üzeyir Hacıbəyov adına Respublika Dövlət Mükafatı Laureatı tituluna layiq görülmüşdür
.
Süleyman Ələsgərov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının professoru, konservatoriyanın Şuşa filialının rektoru kimi ixtisaslı kadrların hazırlan¬ması səhəsində səmərəli fəaliyyət göstərirdi. Yetirmələri nümunəvi şəxsiyyət zənginliyinə malik olan bu böyük insanı məhəbbətlə xatırlayır, yaradıcılıq irsini ləyaqətlə davam etdirirlər.
50 ildən çox bir müddətdə xalqına xidmət edən bəstəkar və dirijorun, görkəmli musiqi pedaqoqunun ömür yolu haradan başlanıb? Qarabağın dilbər guşəsi, gözəllik şəhəri, Qafqazın konservatoriyası sayılan Şuşadan! Saray ananın laylaları, əzizləmələri balaca Süleymanın musiqi duyğularını körpəlik yaşından daha da qüvvətləndirib. Cıdır düzünün tar-qavallı məclisləri, Şuşanın nəğməli-şikəstəli gecələri onda elə bir hiss oyadıb ki, artıq 30-cu illərin əvvəllərində musiqiçi olacağını qətiləşdirib. 1935-ci ildə Şuşa Musiqi Texnikumunun tar sinfinə daxil olanda onun 11 yaşı var idi. Gənc Süleyman artıq 1939-cu ildə texnikumda 50 nəfər istedadlı musiqiçini birləşdirən xalq çalğı alətləri orkestri təşkil edir. Çox keçmir ki, bir-birindən təravətli xalq mahnıları və rəqs melodiyaları, Ü.Hacıbəyovun «Koroğlu» operasından parçalar orkestrin ifasında səslənərək tamaşaçıların zövqünü oxşayır.
1940-cı ildə S.Ələsgərov musiqi təhsilini davam etdirmək üçün Bakıya gəlir və Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Üzeyir bəyin diqqəti, qayğısı sayəsində böyük sənət yolunda uğurlu addımlar atır. 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün ilk «Rəqs» əsərini, müharibə mövzusunda «Gözlə məni» mahnısını bəstələyir.
S.Ələsgərovun 1941-45-ci illərdə xalq çalğı alətləri orkestri üçün bəstələdiyi «Qaytağı», «Yallı», «Cəngi», habelə simfonik orkestr üçün «Süita»sı hərbi-vətənpərvərlik tərbiyəsi baxımından böyük əhəmiyyət kəsb etmişdir. O dövrdə gənc bəstəkarın iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun böyük rəşadətini tərənnüm edən simfonik poeması yüksək qiymətləndirildi. «Naməlum əsgər haqqında ballada» da bəstəkarın müharibə mövzusunda qələmə aldığı ən dəyərli əsərlərindəndir.
Tarix təkrar olunur. Aradan nə az çox, düz 50 il keçəndən sonra S.Ələsgərov digər sənət dostları kimi müharibə mövzusuna yenidən müraciət edib. Nəfəsli orkestr üçün «Yürüş marşı», solist, xor və orkest üçün «Birliyə çağrış» əsəri Vətən oğullarını, igid əsgərlərimizin qələbəyə səsləyir.
Bəstəkarın yaradıcılıq diapazonu çox genişdir. O demək olar ki, musiqinin bütün janrlarında qələmini sınamış və hər yeni əsəri ilə sənətsevərlərin rəğbətini qazanmışdır. O, ömrü boyunca yüzdən çox mahnı bəstələmişdir. Bu mahnılarda doğma Azərbaycanımızın bənzərsiz təbiəti, gözəl guşələri, xalqın həyatı, qurub-yaradan adamlarımızın fədakar əməyi tərənnüm olunmuşdur. Bəstəkarın «Göy-göl», «Şuşa», «Mingəçevir», «Naftalandadır» kimi mahnıları Azərbaycan təbiətinin bənzərsiz gözəlliyini, ülviliyini tərənnüm edən çox qiymətli vokal əsərlərindəndir. O, professional musiqimizdə mahnı-romans janrını yaradıcılıqla inkişaf etdirən sənətkarlarımızdandır. «Yada düşdü», «Vətənimdir», «Sərvi Xuramanım mənim», «Qafqaz», «Ata», Küsmərəm», «Bilmirəm», «Neylərəm» romansları forma əlvanlığına, ifadə vasitələrinə görə böyük maraq doğurur.
S.Ələsgərov Azərbaycan professional musiqisində «Sözsüz mahnı» janrının əsasını qoyan və bu janrı daha da zənginləşdirən yeganə bəstəkardır. Müxtəlif illərdə böyük həvəslə qələmə aldığı 21 sözsüz mahnı bir-birindən dəyərli, əlvan melodiya çalarlarına malikdir.
Xalq musiqi xəzinəsindən bəhrələnən S.Ələsgərov tap ilə xalq çalğı alətləri orkestri üçün 1 və 2 nömrəli konsertləri ilə Azərbaycan tarının necə geniş ifa imkanlarına malik olduğunu nümayiş etdirdi. Onun tar, kamança, qanun, balaban, fortepiano üçün bəstələdiyi pyeslər, sonatalar, sonatinalar, kvartetlər də gənc ifaçılarımızın repertuarında möhkəm yer tutur.
Bəstəkarın iri həcmli vokal-simfonik əsərləri-«Bayram», «Dostluq» süitaları, «Bahar təranələri», «Azərbaycanım mənim» kantataları, Nizaminin 850 illiyinə həsr etdiyi vokal-simfonik poeması, opera və operettaları musiqi mədəniyyətinin ən dəyərli inciləri kimi səciyyələnir. C.Cabbarlının eyni adlı əsəri əsasında tamamladığı «Solğun çiçəklər» operası isə bu janrın həvəskarlarına layiqli töhfədir.
S.Əsgərov Azərbaycanda operetta janrının inkişafı sahəsində çox məhsulldar fəaliyyət göstərmiş, Ü.Hacıbəyli ənənələrini ləyaqətlə davam etdirmişdir. O, ilk operettasını-«Məhəbbət günü»nü 1945-ci ildə bəstələmişdir. Müxtəlif illərdə qələmə aldiğı «Ulduz», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Milyon¬çu¬nun dilənçi oğlu», «Sevindik qız axtarır», «Hardasan, ay subaylıq», «Həmişə¬xanım», «Gurultulu məhəbbət», “Hərənin öz ulduzu”, “Subaylarınızdan görəsiniz” operettalarının hər biri uğurlu yaradıcılıq axtarışlarının nəticəsidir.
S.Ələsgərov müxtəlf vaxtlarda Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor, baş dirijor, direktor, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində direktor, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində incəsənət işləri idarəsinin rəisi, Respublika Radio və Televiziya Verilişləri Komitəsində bədii rəhbər, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri vəzifələrində çalışarkən böyük insanlıq, idarəetmə mədəniyyəti, orijinal iş üslubu, yaradıcılıq nümunəsı göstərmişdir.
Görkəmli bəstəkar, gözəl, xeyirxah insan, alovlu vətənpərvər Süleyman Ələsgərovun haqq dünyasına qovuşduğu vaxtdan 14 il ötür. Şuşa dərdi, Şuşa həsrəti əzizimiz Süleyman müəllimi sıramızdan apardı.
O, doğma yurdu Şuşayla fəxr edirdi. Şuşa adına hər an musiqi çələngi hörməyə çalışırdı. Sənət dostu, unudulmaz Şıxəli Qurbanovun sözlərinə özünün və dinləyicilərin ürəyincə olan bir mahnı bəstələmişdi Süleyman müəllim.
Səni hər görəndə tanımaq olmur, a Şuşam,
İldə bir qərinə cavanlaşırsan.
Sən cavan hüsnünə qoca dağların,
Mehriban şəhərim, çox yaraşırsan…
Şuşa ilə nəfəs alırdı Süleyman müəllim. Nəinki yayda, elə qışın oğlan çağında da Şuşaya baş çəkirdi. Günlərlə orada qalır, yazıb-yaradırdı. Üst-üstə hesablayanda, demək olar ki, ilin 5-6 ayını Şuşada keçirirdi. Şuşa onun ilham mənbəyi idi.
Sən demə, Şuşada keçirdiyi bəxtəvər günlərin də sonu varmış. Aman Allah! Şuşanın işğal olunması xəbərini eşidəndə nə hala düşdü?! Ürəyi sıxıldı, bir anlığa nəfəsi kəsildi. Ancaq Allah səbir də verdi. Onsuz da 1988-ci ilin fevralından-Qarabağın qara günləri başlanandan bəri dincliyi yox idi. Tez-tez camaat arasında olur, hərbi hissələrə gedir, əsgərlərlə görüşür, hərbi və simfonik orkestr üçün marşlar yazır, yeni mahnılar bəstələyirdi.
Şuşa həsrəti, Şuşa dərdi Süleyman müəllimin həyat tərzini də dəyişmişdi. 70-75 illik yubileylərini geniş şəkildə qeyd etmək istəyənlərə qısaca belə cavab verirdi:
- Qalsın Şuşaya, orada qeyd edərik.
Anadan olmasının 75 illiyinin tamamına bir neçə gün qalmış yenə də kəskin ürək ağrıları, ürək sıxıntıları keçirdi. Hiss edirdik ki, bu sıxıntılar, bu ağrı-acılar Şuşayla bağlıdır. Yadımdadır, doğum günündə qohumlar, dostlar başına yığılmışdıq. Televiziyanın «Xəbərlər» proqramında respublikamızın Prezidenti Heydər Əliyev cənablarının bəstəkara ünvanlanan təbrik məktubu və «Şöhrət» ordeni ilə təltif olunması haqqında imzaladığı fərman oxunanda eyni açıldı, məmnun oldu…
Süleyman Ələsgərovun Şuşa həsrətli qəlbinə təskinlik verəni ömür-gün yoldaşı Ağgül xanım idi. Ağgül xanımın qəfil vəfatı onun dərdini daha da artırdı. Ürək dözmədi bu əvəzsiz itkilərə. 20 yanvar 2000-ci ildə dünyasını dəyişdi Süleyman müəllim. Nə deyəsən dünyanın belə işlərinə?
Ölüm sözünü unudulmaz Süleyman müəllimin adı ilə yanaşı deməyə dilim gəlmir. Ancaq nə edəsən? Nə qədər ağır da olsa etiraf etməliyik ki, insanlığa yaraşıq, əməlləri, şəxsi həyatı ilə hamıya nümunə olan insan aramızda yoxdur. Ancaq ruhu bizimlədir, həmişə də bizimlə olacaq!...
VIDADI XƏLILOV,
pedaqogika üzrə elmlər doktoru,
professor, əməkdar müəllim.
No comments:
Post a Comment