2.22.2014

Uğur verilmir - Uğur qazanılır

Bir insan heç vaxt hara getdiyini bilmədiyi zamankı qədər uzun yol gedə bilməz.
(Oliver Kromvel) Həyatda uğur qazanmaq üçün bəzən bizə nə lazımdır, deyə düşünürük. Uğur nədən başlayır? Uğur əldə etmək üçün bilik, bacarıq, zəhmət və daha nələr vacibdir? XXI əsrin tələblərindən yanaşsaq uğur qazanmaq üçün vacib amillərin sırasında ən ümdə məsələ Məqsəddir. Nədir məqsəd ?
Nabələd zad da deyilsən, şükrilillah “ali"sən, Türkiyə, Çin, Şam, Mərakeş, hər xəbərdən halisən. Hər "nə” olsan ol, "minəmməzsən" daha hammalı sən, Boş çalışmaqdan, yorulmaqdan görüm məqsəd nədir? Cəfər Cabbarlının təbirincə məqsəd göründüyü kimi biliklərdən, bacarıqlardan, güclülükdən, məntiqsiz zəhmətdən ibarət dyil. Məqsəd həyati vacibliklərin planlaşdırılmış ardıcıllıqla yerinə yetirilməsidir. Bu planlaşma isə hədəfə yönəlməlidir. Hədəfimiz isə günün tələblərinə güc gələrək gələcəyin təminatını özündə əks etdirməlidir. Bu, əlçatmaz görünən zirvələrin məqsədli, düşünülmüş və planlı şəkildə fəth olunması deməkdir. 1953-cü ildə bir qrup alim Yell Universitetinin məzunları arasında araşdırma aparırlar. Məzunlardan gələcək planlarını və bu planları necə həyata keçirmək istədiklərini yazmağı tələb edirlər. Nəticədə məzunların ancaq 3 faizinin belə "yazılı planları" olduğunu görürlər. İyirmi il sonra alimlər (yəni 1973-cü ildə) araşdırmada iştirak edən adamlarla yenidən görüşürlər və onların maddi baxımdan qalan 97 faizin hamısından daha yaxşı vəziyyətdə olduqlarını görürlər. Üstəlik, alimlər rəqəmlərlə ölçmək mümkün olmayan subyektiv məsələlərdə də (məsələn, xoşbəxtlik kimi) həmin 3 faizin qalan 97 faizdən irəli olduqlarını müəyyən edirlər. Sizcə, elə bu kiçik misal da həyatda uğur qazanmaq üçün ilk şərtin məqsəd olduğunu göstərmirmi? Məqsədlərə nail olmaq üçün balans və tarazlıq mütləq şərtdir. Uğur qazanmağı ürəyin istəklərinin yerinə yetirilməsi kimi başa düşdükcə zövqlərinin əsirinə çevrilir insan. Halbuki zövq dəryaya bənzəyir. İnsan o dəryanın suyundan içdikcə susayır, susadıqca içir. “Uğur insanın özünü bir şeyə həsr etməsidir” yanaşması da yalnış təfəkkürün hipotezidir. Çünki, o da öz məqsədlərinin kölgəsində cansıxıcı bir həyat yaşayır. Həyatını “xəzinə axtarmağa” həsr etsə də, “həyat xəzinəsi” əriyib gedir. O üzdən bu məqamda da əsas məsələ tarazlığı qorumaqdır. Tarazlığı qorumaq üçün əsas vacib şərt və tələblilik isə ölçülü olmaqdır. Başqa ehtimalın və ya variantın olmaması da uğur qazanmaqda vacib şərtdir. Məsələn, keçmiş sovetler dönəmində fənn olimpiadalarda medalların qazanılmasının əsas səbəbi “kommunizm üçün” mübarizə aparmaları idi. Tariq ibn Ziyad isə 5 min nəfərlik bir ordu ilə özündən iyirmi dəfə çox düşmənə qarşı vuruşmaq üçün sahilə çıxmış və geri qayıtmamaq üçün gəldiyi gəmiləri yandırmışdı. Və o bu yolla nəinki İspaniyanı fəth etdi, həm də bəşər tarixinə böyük incilər bəxş edəcək 8 əsrlik bir mədəniyyətin təməlini atdı. Cəbəllüttariq boğazı isə ondan bəşəriyyətə yadigar qaldı. Gəlin bizlər də bir təhsil işçiləri olaraq, cəmiyyətin ictimai şüurunu formalaşdıran təbəqə olaraq hədəflərə yönəlmiş məqsədimizə doğru irəliləyək...Bu işdə ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı olan, cənab prezidentimiz İlham Əliyevin təhsil siyasətinə yaxından dəstək olaraq Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının gerçəkləşməsi istiqamətində hörmətli nazirimiz Mikayıl Cabbarovun da qeyd etdiyi kimi, modernləşdirilmiş və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmış təhsil sisteminin formalaşmasını qarşımıza əsas məqsəd qoyaraq davamlı inkişafın təmin edilməsi rifahın yüksəldilməsində dövlətimiz qarşısında vəzifə borcumuzu yerinə yetirək. İzlədiyimiz son 10 il ərsində Təhsil İslahatını əhatə edən Dövlət Proqramlarını nəzərdən keçirsək aydın şəkildə müşahidə etdikdə çoxsaylı layihələrin və proqramların gerçəkləşdirildiyinin şahidi olarıq. - Təhsil Sektorunun İnkişafı Layihəsi (2003-2008) - 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı - Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər) - 2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf proqramı - Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər) - 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı - Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı (2007-2010-cu illər) - Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə dövlət proqramı (2007-2012-ci illər) - 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı - TSİL cərcivəsində «Kurikulum islahatı» - Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı Təbii ki, bütün bunlar məqsədli addımlar idi və öz nəticəsini təhsil sisteminin təmərküzləşməsində, təlim-tədris prossesində, təhsilin idarə olunmasında, ümumtəhsil müəssisələrinin müasir tələblərə uyğun formalaşdırılmasında, dərsliklərin tələblərə uyğun hazırlanmasında və önəmli məsələlərdən biri olan qiymətləndirmə sistemində özünü daha aydın büruzə verirdi. Biz təhsil işçiləri isə bunlardan irəli gələn məsələləri layiqincə və lazımi səviyyədə reallaşdıraraq ümumtəhsil müəssisələrində keyfiyyətli təhsilin əldə olunmasında uğurlarımızı bol etdik. Rəhbərlik etdiyim Bakı şəhəri Suraxanı rayonu 282 №-li tam orta məktəbin idarəolunma prinsiplərində və keyfiyyətin əldə olunmasında Dövlət Proqramlarının tətbiqinin və cənab prezidentimiz İlham Əliyevin məqsədli siyasətinin izlənməsi sayəsində son illərdə əldə etdiyimiz uğurlar Azərbaycan təhsilinin uğurlarıdır və bu hər bir vətəndaşımızın uğurudur. Qarşıya qoyduğumuz məqsədlərin gerçəkləşməsində Təhsil Nazirliyinin, rayon icra strukturlarının və Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun dəstəyi və bu sahədə göstərdiyi xüsusi diqqətın önəmi böyükdür. Biz isə məktəbin pedaqoji heyəti olaraq göstərilən etimadın təsdiqində bütün gücümüzü səfərbər edərək keyfiyyətli təhsilin əldə olunmasına çalışırıq. Dövlət və QHT qurumları ilə əməkdaşlığı ən yüksək səviyyədə təşkil edərək rəsmi və könüllü olaraq savadlılığın artırılması istiqamətində təlim nəticələrinin yüksək əldə olunması, şagird nailiyyətlərinin bol olmasını məqsəd tutaraq davamlı inkişafa doğru irəliləyirik. Bu istiqamətdə əldə etdiyimiz nailiyətlərdən biri "2010/2011-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli, 1581 nömrəli Sərəncamı ilə ilin Ən yaxşı ümumtəhsil müəssisəsi elan olunmağımzdır. Hazırda məktəbimizdə şagirdlərin təlim - tərbiyəsi ilə 1 nəfər ali kateqoriyalı olmaqla, 175 müəllim məşğul olur. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İbrahimov İsmayıl Əli oğlu təhsildə göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi " medalına layiq görülmüşdür. Məktəbimizdə təlim-tədris prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir təlim metodları və pedaqoji texnologiyalarının tətbiqi, peşəkarlıq bacarıqlarının zənginləşdirilməsi, pedaqoji təfəkkürün müasir yanaşmalara uyğunlaşdırılmış şəkildə formalaşması istiqamətində bir sıra əməli, təşkilati tədbirlər həyata keçirilmişdir. Son 7 ildə məktəbimizin 40 dan artıq məzunu 600-dən yuxarı balla Respublikanın müxtəlif ali təhsil ocaqlarına daxil olmuş, 3 nəfər məzunumuz Prezident təqaüdünə layiq görülmüşdür. 2008 – ci ildə məktəbimizin məzunlarının 52,3 %-i , 2009-cu ildə 47,8 % -i , 2010-ci ildə isə 49 %-i ali məktəblərə daxil olmuşdur. 2010-cı ildə 107 nəfər məzunumuzdan 51 nəfəri ali məktəblərə qəbul edilmişdir ki, onlardan 4 nəfəri 600-dən yuxarı, 22 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. 2012/2013 tədris ilində isə 77 məzundan 69 nəfər ali məktəblərə sənəd vermiş, onlardan 47 nəfəri ali məktəblərə qalanları isə orta ixtisas təhsil müəssisələrinə daxil olmuşlar. Sevindirici haldır ki, öncəki tədris illərində Qocayev Əli, Mirzəyev Elvin prezident təqaüdünə layiq görülmüş, 2011-ci ildə isə Əliyev Nizami Yaqub oğlu 690 bal toplayaraq Prezident yanında Ali İdarəçilik Akademiyasına daxil olmuş və Prezident təqaüdünə layiq görülmüşdür . Məktəbimiz ali məktəblərə qəbulun nəticələrinə görə Suraxanı rayonu və Bakı şəhəri üzrə qabaqcıl yerlərdən birini tutur. Məktəbdə şagirdlərdə vətənpərvərlik, azadfikirlilik, sərbəstlik və müstəqillik vərdişlərinin aşılanması, onların milli-adət-ənənələrimiz ruhunda tərbiyə edilməsi məqsədi ilə bir sıra sinifdənxaric və məktəbdənkənar tədbirlər təşkil edilmişdir. Beləki, “İlk zəng - Bilik günü”, “5 oktyabr – Müəllim günü” , “Müstəqilliyimiz əbədidir”, “Konstitusiya günü”, 17 noyabr - Milli Dirçəliş günü, “Dünya Azərbaycanlılarının həmrəylik günü”, 20 yanvar faciəsinə həsr esilmiş “Şəhidlər ölməzlərdir”, “Xocalı - Qan yaddaşımızdır”, “31 mart- soyqırımı günüdür”, Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi, 28 May Respublika günü ilə əlaqədar keçirilən tədbirlər məktəbimizin şərəf lövhəsinin tarix səlnaməsidir. Şagirdlərin asudə vaxtlarının səmərəli və inkişafetdirici təşkil etmək məqsədilə “Qız qalası” , “Tarix muzeyi”, “Şirvanşahlar sarayı”, “Atəşgah məbədi”, “Qobustan dövlət qoruğu”, “Nəbatat bağı” eləcədə digər tarixi məkanlara, mərkəzlərə tez-tez ekskursiyalar şəklində ziyarət edilir. Şagirdləri hərbi vətənpərvərlik ,vətənə məhəbbət ruhunda tərbiyə etmək, həmçinin onlarda dözümlülük, çeviklik, cəsurluq kimi keyfiyyətlər aşılamaq məqsədi ilə keçirilən idman tədbirlərində də şagirdlərimizin fəal iştirakı təmin edilməkdədir. Məktəbimizin komandası Suraxanı rayon orta ümumtəhsil məktəblərinin XXII Spartakiadasının proqramına daxil olan “Basketbol” idman növü üzrə rayon birinciliyində və “Dama” idman növü üzrə rayon birinciliyində I yerə layiq görülmüşdür. “Cəsurlar” və “Şahin” hərbi - idman oyunları üzrə rayon birinciliyində xüsusi ilə fərqləndiyinə görə diplomla təltif edilmişdir. Məktəbimizin idmançı şagirdi Məlikova Zümrüd şəhər birinciliyində və Beynəlxalq yarışlarda xüsusi ilə fərqləndiyinə görə I yeri tutmuş, medal və diplomlara layiq görülmüşlər. VIII c sinif şagirdi Camalov Allahverdi yoqa idman növü üzrə respublika çempionu olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Xüsusi istedada malik uşaqların yaradıcılıq potensiallarının inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq məktəbdə bu istiqamətdə məqsədyönlü iş aparılır. Məktəbimizin uğurlarını saymaq və bu siyahını uzatmaq olar. Lakin bu uğurların qazanılmasında zəhməti olan hər bir kollektiv üzvünün və inzibati heyətin başlıca prinsiplərinə diqqət yetirmək işin ciddiyyətindən xəbər verəcək. Uğurları əldə etmək üçün hədəf, məqsəd, bunları reallaşdıra biləcək peşəkar kadr potensialı, ümumi təhsillənmək və savadlanmaq mühitinin formalaşdırılması, dövlət dəstəyinin olması, müəssisənin təhsil sahəsində ictimai təşkilatlarla əməkdaşlığının təşkili, nəhayət ən vacibi müsbət şəxsi-mənəvi keyfiyyətlərin olması ən ümdə məsələlərdir. Unutmayaq ki, uğurlar verilmir. Uğurları bilik, bacarıq, əzm, zəhmət, güc və pedaqoji vicdanın məqsədli inkişafı ilə əldə edirlər. PS: Respublikamızda təhsilin inkişafı istiqamətində atdığı ciddi addımlara görə Azərbaycan Təhsil Şurasına uğurlar və davamlı uğurlu əməkdaşlıq arzulayırıq.
Cəlal Əlirzayev Bakı şəhəri Suraxanı rayonu 282 № li tam orta məktəbin direktoru

No comments:

Post a Comment