İşıq” sənədli romanı çapdan çıxdı
Yazıçı-jurnalist Böyükağa Mikayıllının “İşıq” sənədli romanı çapdan çıxıb. Bu əsər Azərbaycanda bədii-pedaqoji janrda yazılmış ilk əsər kimi dəyərləndirilir.
Müəllifin bu əsəri Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi professor Əjdər Ağayevin həyat yolundan, təhsil illərindən və fəaliyyətinin ilk mərhələsindən bəhs edir. B.Mikayıllı görkəmli alimin həyat yolunu özünəməxsus tərzdə qələmə almaqla bədii-pedaqoji janrda dəyərli sənət əsəri meydana gətirib.
Qeyd etmək yerinə düşərdi ki, “İşıq” əsəri Azərbaycanda bədii-pedaqoji janrda qələmə alınmış ilk əsər kimi dəyərləndirilir. Əsərdə qəhrəmanın keçdiyi həyat yolu, görüşləri, ünsiyyətdə olduğu elm, sənət sahibləri, sadə peşə adamları ilə söhbətləri özünün pedaqoji, əxlaqi, tərbiyəvi mahiyyəti ilə diqqət mərkəzində dayanır.
Sənədli roman Azərbaycan pedaqoji fikir tarixinin inkişaf dinamikasını, bu inkişafın mərhələlərini əks etdirməklə ensiklopedik pedaqoji mənbə təsiri bağışlayır. Əsər böyük bir dövrün pedaqoji panoraması haqqında təsəvvür yaratmaq baxımından da mühüm əhəmiyyət daşıyır.
Kitabın redaktoru Azər Turandır.
No comments:
Post a Comment