3.20.2014

Maqnit sahəsinin hərəkət edən yükə təsiri. Lorens qüvvəsi.

Müasir dövrdə fizika elmi-texniki tərəqqinin aparıcı qüvvəsinə çevrilmişdir. Bu elm sahəsində əldə olunan nailiyyətlər canlı və cansız təbiətin sirlərinin açılmasında, həyat və məişətimizdə, tibb sahəsində, xalq təsərrüfatının ən müxtəlif sahələrində irəli çıxan çətinliklərin aradan qaldırılmasında özünü göstərir. Fizika, kimya və biologiyadan məktəb kursunun başlıca vəzifəsi şagirdlərin təfəkküründə təbiətin əsas qanunlarını cəmləşdirmək və buna əsasən də obyektiv aləmin tam mənzərəsini yaratmaqdır.
Məsələn, 9-11 –ci siniflərdə “Maqnit sahəsinin hərəkət edən yükə təsiri. Lorens qüvvəsi” mövzusu öyrənilir. Mövzunun izahından sonra bu qüvvənin bioloji aləmdə oynadığı roldan danışmaq yerinə düşər. Şagirlərə 9-cu sinifdə insanın fiziologiyası fənnindən öyrəndikləri “leykositlər” mövzusunu xatırladaq. Deyirik ki, leykositlər orqanizmi mikroorqanizmlərdən, toxumalara, qana daxil olan kənar maddələrdən qoruyur. Leykositlər mikroorqanizmləri udur və özündə həzm edir, bu hadisəyə faqositoz deyilir. Sağlam adamın qanında hər mm3- həcmdə 6000-8000-ə qədər leykosit var. Tədqiqat nəticələri göstərir ki, ekvatordan qütbə doğru getdikcə bu miqdar 2 dəfə azalır. Bunun səbəbi lorens qüvvəsinin təsiri ilə izah olunur. Bu qüvvə F=qBυsinα düsturu ilə ifadə olunur. Burada q-hərəkət edən yük, B - yerin maqnit sahəsinin induksiyası, υ - yükün hərəkət sürətini, α - maqnit sahəsinin istiqaməti ilə sürət vektorunun arasındakı bucağı göstərir. Düsturdan görünür ki, bu qüvvənin qiyməti bucağın 00 və 1800 –yə bərabər qiymətlərində sıfır 900-də isə böyük olur. Buradan görünür ki, kosmik fəzadan yüklü zərrəciklər asanlıqla planetimizə daxil ola bilər. Qütblərdə lorens qüvvəsi sıfır olduğundan bu zərrəciklərin hərəkətinə mane olan təsir də yoxdur. Ekvatorda isə lorens qüvvəsi ən böyük qiymət alır. Deməli, kosmosdan planetimizə daxil olmaq istəyən yüklü zərrəciklər lorens qüvvəsinin təsiri ilə kənar edilir. Yüklü zərrəciklərlə leykositlərin əlaqəsini araşdıraq. Tədqiqatlar göstərir ki, həmin zərrəciklər böyük sürətlə və enerji ilə orqanizmə daxil olduqda 1-ci növbədə leykositləri məhv edir. Leykositlərin azalması orqanizmin müdafiə qabiliyyətinin zəifləməsinə, yoluxucu xəstəliklərin şiddətlə yayılmasına şərait yaradır. Orqanizm müdafiə oluna bilmədiyindən məhv olur. Keçilən mövzunu həyatla, təbiətlə istehsalatla əlaqələndirəndə şagirdlərin fizika fənninə marağı artır, gələn dərsi səbirsizliklə gözləyirlər ki, daha hansı maraqlı faktları eşidəcəklər. Fizika müəllimi fizikanın tədrisi prosesini belə maraqlı faktlarla zənginləşdirəndə şagirdlərdə elmi dünya görüşünü formalaşmasından başqa digər fənlərlə - kimya, biologiya, coğrafiya və riyaziyyatla inteqrasiyasına nail olur.

Südabə IBRAHİMQIZI, Bakı şəhəri Suraxanı rayonu 114 saylı tam orta məktəbin müəllimi

No comments:

Post a Comment