3.20.2014

OTURAQ HƏYAT TƏRZİ - SİVİLİZASİYANIN XƏSTƏLİYİ

Müasir dövrdə məktəb təkcə təhsil verməklə kifayətlənməyib, yetişməkdə olan nəslin şəxsiyyət kimi formalaşmasına da xidmət edir. Müəyyən mərhələlərdə məktəbəqədər təhsil müəssisələri, orta ümumtəhsil məktəbləri və ali məktəblər biri digərini əvəz etsə də onların məqsədi eynidir: Yetişməkdə olan nəslin təlim-tərbiyəsi ilə məşğul olub, onları fiziki və zehni cəhətdən inkişaf etmiş, bilikli, dünyagörüşlü, ahəngdar şəxsiyyət kimi formalaşdırmaq. Əfsuslar olsun ki, bir çox hallarda məktəbin funksiyası şagirdlərin biliklərə yiyələnməsi ilə məhdudlaşdırılır. Vaxtilə H.B.Zərdabi məktəblərimizdə şagirdlərin fiziki inkişafına, sağlamlığına lazımi diqqət yetirilmədiyini ciddi tənqid etmişdir.

O, "Məktəb gigiyenası" adlı məqaləsində yazırdı: “Məktəbli uşaqlarda qan azlığı, əsəbilik, yorğunluq, mədə pozğunluğu, vitamin çatışmazlığı, müxtəlif növ daxili xəstəliklər, göz xəstəlikləri, onurğa sütununun əyilməsi kimi ağır hallar özünü göstərir. Məktəbdə əsas diqqət zehni inkişafa yönəlir, uşaq orqanizminin normal fiziki inkişafına isə lazımi diqqət yetirilmir”. H.B.Zərdabi vəziyyətdən çıxış yolu kimi məktəblərdə bədən tərbiyəsi və idmana qayğını artırmağı, tibbi xidməti gücləndirməyi, tədris yükünü ixtisar etməyi, gigiyenik tələblərə ciddi əməl olunmasını vacib sayırdı.

Zərdabinin bu fikirləri müasir məktəbimiz üçün də aktualdır. Müasir gənclərin fiziki inkişafında ciddi nöqsanlar var. Sağlamlıq, fiziki hazırlıq, gümrahlıq hər bir insan üçün olduqca əhəmiyyətlidir. Sağlamlıq mürəkkəb anlayış olub təkcə xəstəliyin, fiziki qüsurların olmaması demək deyil. Sağlamlıq eyni zamanda fiziki, psixi və sosial rifahdır. Lakin şagird və tələbələrin bir qismi bu və ya digər xəstəlikdən, çox bir hissəsi isə ruh düşkünlüyü, stress, depressiyadan əziyyət çəkirlər. Gününü sosial şəbəkələrdə keçirən bir çox gəncdə intihara meyl belə yaranır. Görəsən bunun səbəbi nədir? Sağlamlıq üçün risk amilləri əsasən bunlardır: artıq çəki, qeyri-rasional qidalanma, siqaret çəkmək, spirtli içkilər, hipokineziya. Hipodinamiya(hipo-az, dinamiya isə qüvvə deməkdir) - əzələ qüvvəsi və tonusun azalmasıdır. Hipokineziya(hipo - az, kineziya isə hərəkət deməkdir) - hərəki fəallığın azalmasıdır ki, bu zaman əsasən iri oynaq və əzələlərdə hərəkətlərin azalması müşahidə olunur. Budur sivilizasiyanın xəstəliyi, budur yetişməkdə olan nəslin normal fiziki inkişafına, insanların sağlamlığına zərbə vuran səbəb - hərəkət azlığı. Hərəkət həyat deməkdir. Hərəkət insanın təbii təlabatıdır. Son 100-150 il ərzində isə insanların hərəki fəallığı 20 dəfəyə qədər azalmışdır. Müasir uşaqların yarıdan çoxunun hərəkətə, fiziki yüklənməyə olan tələbatı ödənmir. Aydındır ki, elmi-texniki tərəqqi insanların həyat tərzini yüngülləşdirsə də, onun nəticələrinin həyatımıza geniş addımlarla daxil olması, istehsalatda avtomatlaşdırma və mexanikləşdirmə, evdə məişət texnikasının tətbiqi, avtomabillərdən istifadə, televizor, kompyuter, internet aludəçisi olmağımız hərəki fəallığımızı məhdudlaşdıraraq sağlamlığımıza böyük zərər vurur. Alimlərin apardığı tədqiqatlar nəticəsində müəyyən edilib ki, passiv insanlarla müqayisədə fəal hərəkət rejiminə malik insanlar ürəyin işemik xəstəliyi, hipertoniya, aterosklerozdan 2-3 dəfə az əziyyət çəkirlər. Xəstəlikləri bir qayda olaraq daha yüngül keçirirlər və ağırlaşmalara 20% az rast gəlinir. Nəticədə orqanizm daha möhkəm və gümrah olur. Hipokineziya insan orqanizminə əks təsir edərək onun müqavimətini, iş qabiliyyətini aşağı salır, xəstələnmə və erkən ölüm riskini artırır. Oturaq həyat tərzi keçirən insanlarda eyni zamanda kürək, baş ağrıları, prostatın xəstələnməsi, sidik kisəsi və böyrəklərdə problemlərin yaranması, osteoxondroz, qəbizlik özünü qabarıq biruzə verir. Araşdırmalar nəticəsində məlum olub ki, 4 saat hərəkətsiz qaldıqdan sonra orqanizm həyəcan təbili vurur. Qlükoza və piy istehsalını tənzimləyən fermentlər fəaliyyət göstərmir. ABŞ-ın Xərçəng Araşdırmaları İnstitutunun tədqiqatlarına əsasən, oturaq həyat tərzi xərçəngin də yaranmasının başlıca səbəbidir. Tədqiqat müəllifləri il ərzində süd vəzisi və bağırsaq xərçəngi ilə bağlı 92 min faktın məhz fiziki yüklənmənin çatışmazlığı ilə bağlı olduğunu söyləyirlər. İnsanın normal psixoloji duruma malik olması üçün də hərəkət önəmlidir. Hərəkər azlığı insanlarda stress və depressiya kimi psixi problemlərə də yol açır. Müasir dövrdə sosial şəbəkələr, internet, televizor gənclərin həyatının ayrılmaz bir hissəsi olub onları "oturan insan"a çevirərək hərəkətlərini məhdudlaşdırıb ki, fiziki aktivliyin azlığı onların əhval-ruhiyyəsinə də mənfi təsir edir. Bir sıra gənclərdə depressiya və intihara meyl məhz bundan qaynaqlanır. Bütün bu deyilənlərdən hərəkətin, fiziki aktivliyin insan sağlamlığı üçün başlıca şərtlərdən olduğu aydın olur. Məhz bu baxımdan müasir dövrdə hər bir cəmiyyətin başlıca məqsədi sağlam vətəndaş yetişdirməkdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi də bu məsələyə biganə qalmayaraq təhsil alanların sağlamlığının qorunması məqsədiylə müəyyən işlər görür. Təhsil nazirinin "Təhsil alanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupun yaradılması haqqında" əmrində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün atılan addımlardan biri kimi "Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi film disk şəklində artırılaraq təhsil müəssələrinə göndərilib. Təhsil alanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəkətsizliyin uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunan Uşaqların Sağlam İnkişafı naminə Rusiyada istehsal olunan film Şümrüd kənd tam orta məktəbinin pedaqoji kollektivi tərəfindən də izlənildi. Əvvəlcə məktəbin direktoru Məmmədhüseyn Dadaşov hərəkətin, fiziki aktivliyin sağlamlıq üçün önəmi, Təhsil nazirliyinin şagirdlərin sağlamlığının qorunması naminə gördüyü işlər haqda məlumat verdi və film izləndikdən sonra müzakirələr başlandı. Müəllim kollektivi Təhsil Nazirliyinin təşəbbüsünü alqışladı və belə qənaətə gəldilər ki, filmdəki problemlər daha çox şəhər əhalisi üçün aktualdır. Belə ki, dağ məktəblərində təhsil alanların günlük həyat tərzi onlarda fiziki yüklənməyə olan ehtiyacı ödəyir. Lakin dərsin gedişində şagirdin hərəkətliliyinin təmin olunması, hündür iş masalalarının məktəblərdə tətbiqi kimi ideyalar yekdilliklə dəstəkləndi. Eyni zamanda belə qərara gəlindi ki, film sinif rəhbərlərinin iştirakı ilə siniflərdə nümayiş etdirilsin və şagirdlər oturaq həyat tərzinin törədə biləcəyi fəsadlar haqqında məlumatlandırılsın. Sonda məktəb direktoru şagirdlərin fiziki aktivliyinin və idmana maraqlarının artırılması üçün idman və hərbi müəllimlərinə öz tapşırıq və tövsiyyələrini verdi. Sağlam bədəndə sağlam ruh olar deyiblər. Odur ki, yetişməkdə olan nəslin sağlam böyüməsini təmin etmək mühüm məsələdir. Fiziki tərbiyənin şagirdlərin normal, sağlam inkişafında əhəmiyyəti hər kəsə məlumdur. Fiziki tərbiyə şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtidir. Məhz bu baxımdan şagird və tələbələrin oturaq həyat tərzinə yox deyib idmana cəlbi yönündə davamlı, məqsədyönlü işlər görülməli, onların sağlam böyüməsi ailənin, məktəbin, ictimaiyyətin, bütövlükdə xalqın və dövlətin ümumi işinə çevrilməlidir. Məqaləni filmin sonundakı cümləylə bitirmək istəyirəm: Məktəb həyata atılmaq üçün start meydanıdır. Bu startda oturmayın. Durmaq vaxtıdır!
Fikrət ABDULOV, Astara rayonu Şümrüd kənd orta məktəbinin müəllimi

No comments:

Post a Comment