4.02.2014

İşığa doğru aparan yol

Böyükağa Mikayıllı. “İşıq” sənədli romanı. I kitab. Bakı, “MM – S” müəssisəsi, 2013.

         Müasir dövrdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi proseslərdə baş verən böyük dəyişikliklər, heç şübhəsiz, insanların fərdi həyatına da nüfuz edir. Bu yolda indiki məqamlarda sözün böyük mənasında ziyalı olmaq, mədəni-mənəvi xislət sahibinə çevrilmək, milli ruh və ideyalara söykənmək hər birimizdən mətin iradə, yüksək əzmkarlıq, coşqun ruh tələb edir.

         İnsan və cəmiyyət problematikasının əbədiyaşar ünvanı olan ideal obrazlar nümunıəsinə tapınmaq cəhdi bütün zaman kəsiklərində olduğu kimi, bu gün də aktual bir seçim olaraq real düşüncəyə uyğun hümanist qayələrlə inkişaf edir.
         Bu zəmindən əsl insan, ləyaqətli şəxsiyyət, böyük vətəndaş imici qazanmış hər bir ideal tipin həyat və yaradıcı nümunəsindən istifadə etmək, şəxsi əmək və fəaliyyət yolunda onu özünə örnək bilmək nəcib və təşəbbüskar iş sayılmalıdır. Xüsusən, yaradıcı fəailiyyətlə məşğul olan adamların ahəngdar inkişafında estetik-mənəvi aspektlərin prioritet təşkil edən zənginliklərinin üzə çıxarılması gənc, böyüyən müasir nəsil üçün çox ibrətamiz bir həyat yoludur.
         Zaman və məkan kontekstində bu məqamların təmin olunması üçün də ilk növbədə yüksək nəzəri və təcrübi bilik və bununla yanaşı, yüksək iradə nümayiş etdirə bilən yetkin şəxsiyyət olmaq tələb edir. Pedoqoji elm və proses sahəsində istedadlı alim; ədəbi-estetik mühitdə nəğməkar şair; ictimai arenada nüfuzlu maarifpərvər; milli mətbuat sferasında – müqtədir publisist; dövlətçilik tədbirlərində fəal ictimai xadim; ailə təşnəsində müdrik valideynlik mövqeyi; nəhayət, cəmiyyət tutumunda azad və sərbəst düşüncəyə malik, qədirbilən şəxsiyyət kimi tanıdığımız ölkə prezidentinin fəxri təqaüdçüsü, Rusiya Sosial Pedoqoji Elmlər Akademiyasının üzvü, Respublika Təhsil Şurasının sədri, pedoqoji elmlər doktoru, professor Əjdər Əbdülhüseyn oğlu Ağayevin də həyat və məslək yolu haşiyəyə aldığımız bu hisslərlə bağlı intəhasız tapıntılarla doludur.
         Qədirbilənlik, sadəlik nümunəsi olan bu münəvvər şəxsiyyətin ömür-gün yolunun mənalı anlarını, maraqlı cizgilərini, füsunkar mündəricəsini dərin və lakonik məzmunda qələmə almaq hər bir yazar üçün çox ciddi mahiyyət kəsb edən ümumxalq və ümumdövlət səviyyəli bir işdir.
         O da məlum həqiqətdir ki, mədəniyyət və pedoqoji fikir tariximizdə əzəli və müstəsna xidmətləri olan alim-pedoqoqlarımız, müəllim-yazıçılarımız çox olmuşdur. Onların ən ali hikmət yolu iki istiqamətdə söz sənəti olan ədəbiyyatla və peşəkar fəaliyyət nümunəsi ilə təmsillənən müəllimliklə birləşərək, qoşa qanad altında bərq vurmuş, həm nəzəri, həm əməli biliklənmə yolu ilə əhəmiyyətli təcrübə qazanaraq insan şəxsiyyətinin formalaşmasına xidmət etmişdir.
         Çağdaş dünyamızın bu qəbildən olan simalarının həyat və mənəviyyat kredosunu yəqinləşdirib üzə çıxarmaq ənənəsində həmişə özünə məsuliyyətlə yanaşan peşəkar jurnalist, “Təhsil və Zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllının da belə səpkili yazıların hazırlanmasında əməyi böyükdür. Elə bu günlərdə onun işıq üzü görən “İşıq” adlı sanballı kitabı da dediklərimizə sübutdur. Kitabda (haqqında yuxarıdakı mülahizələrimizlə qısa-səciyyə verdiyimiz –V. B.) pedoqoji elmlər doktoru, professor Əjdər Ağayevin həyat yolundan, təhsil illərindən və fəaliyyətindən ilk mərhələsindən bəhs olunur.
         Müəllif öz mənəvi-intellektual potensialının verdiyi imkan çərçivəsində araya-ərsəyə gətirdiyi “İşıq”la ilk dəfədir ki, oxucuların görüşünə gəlir. Sənədli roman janrında yazılan bu kitab bədii üslubla, pedoqoji təhlil yönümünün sintezindən ibarət qiymətli effektiv nəticə verən ensklopedik külliyyat kimi də oxucu üçün çox maraqlıdır.
         Kitab müəllifi uzun illər bir yerdə, eyni sahədə çalışıb işlədiyi həmkarının maraq dolu həyat fraqmentlərini dərin sosial ictimai məzmunda dəyərləndirməklə yanaşı, bədii-metodik, ədəbi-bədii sözün məna dolu çalarlarından istifadə edərək, müəllim şəxsiyyətinə, onun ecazkar dünyasına son dərəcə humanist-demokratik prinsiplər işığında təhlil verərək, bir ömrün nümunəsində bitib-tükənməyən bu xarakterik cizgiləri əsil vətəndaş-jurnalist əzmi ilə ümumiləşdirə bilmişdir.
         Yəni o ilk dəfə olaraq bu janr dəstəyində qələm uğurunu sınayaraq, cəmiyyətdə ən şərəfli və müqəddəs sənət olan müəllim ömrünü, bu sənətdəki kamilliyi, insani ülviyyəti, doğmalıq duyğusunu portret-oçerk silsiləsi zəmnində, ideya mənəvi yaşantılar təcəssümü ilə hasilə gətirmişdir.
Sözün çəkisini bilənlər yaxşı başa düşürlər ki, təəssürat – xatirə ünsürünün güclü olduğu bu növ əsərlərdə əsas leytmotiv avtobioqrafik elementlərin qabardılması olsa da, insan xarakterinin dəqiq, psixoloji detallarla, mənəvi yaxınlıq müstəvisində açılması o vaxt oxucuda pozitiv əhval-ruhiyyə yaradır ki, yazıçı istedadının daxili hissiyyat gücü inandırıcı və yapışıqlı olsun. Təsvir olunan fakt və hadisələrdəki nəzərə çarpan məziyyətlər ithaf və bədii obraz yaratmaq qayəsi, onu həssas ürəklərə pərçimləmək səyi yazar şəxsdən əsl hünər, mətanətli yaradıcılıq manerası tələb edən keyfiyyətlərdə özünü daha çox biruzə verir.
Müəllim şəxsiyyəti probleminin sənədli-xronikal, qaranlıqda itirilmiş təmiz və pak əməllərinin incə gövhərlərini işıq nurunda ayırıb axtarmaq yolunu tapmağın güc sehrini oxucuya canlı həyat kimi təqdim edən müəllif yaradıcılığında ən zəngin metaforlar çox dərin və həssas detallarla təhlil-tərtib edilmişdir.
Məhz bu yönündən öz ecazkar qayələrini bir ömrün işığına həsr edən müəllif təhkiyələrindəki fikir aydınlığı, hamı üçün aydın və anlaşıqlı şərh üslubu, əsər boyu zəngin vəsilə olaraq süjet xəttini tamamlayır, onun asan və sadə yollarla mənimsənilməsi üçün geniş şans yaradır.
Gənc qələm sahibinin əsas məramını konkret obraz, real faktoloji materiallar təşkil etsə də, müəllim əməyinin alim-pedaqoq işinin zəhmətlə, fəailiyyətlə bağlı olan effektiv nəticələrini tərənnüm və təsvir edən lövhələrini ədəbi-bədii təhlil kontekstində, didaktik yanaşma istiqamətində, yeri gəlldikcə romantik tərzdə, müqəddəslik simvolu kimi, dilə gətirməsi məqamlarını da yüksək ifadə üslubu ilə şərh olunmuş söz istinadgahlarındakı güc və qüdrətdən aydın sezmək olar.
Kitabın ideya və məfkurəyi istiqaməti aydındır... Ömrü boyu öz parlaq ziyalılıq mədəniyyəti ilə döğma xalqına sidq ürəklə xidmət etmiş neçə-neçə könüllərə qəlb sirdaşı olmuş yetimə, kimsəsizə həyan qalmış, arabir narahatlıq yaradan cismani ürəyinin narahatlığına baxmayaraq daima gənc nəslin ideya mənəvi axtarışları üçün baş bilən olmuş professor Əjdər Ağayevin məşəqqətli, lakin şərəfli ömür-gün yolundan bəhs etmək. Müəllif öz “qəhrəmanının” könül riqqətə gətirən bu günlərin həmin xatirələr işığında belə edərək yazır: “Haram-halal fəlsəfəsi Əjdərin düşüncəsində, fikir və təfəkküründə məhz uşaqlıq illərindən yuva salmış, onun mənəvi aləminin formalaşmasında müstəsna rol oynamışdı...
...Müharibənin şiddətli aclıqla müşayiət olunan vaxtlarında kənd camaatının, elə Əjdərin ailəsinin də köməyinə bir də kəndlərindən axan çaydan tutduqları balıq gəlib. Nə yaxşı ki, həmin illər... Tanrı insanları ac qoymurmuş. Çayda hamıya yetən qədər balıq, çöldə quş, yemlik, quşəppəyi olarmış. Adamlar da onlardan istifadə etməklə aclıqdan xilas olarmışlar.”
Bəli, ulu təbiətin, qüdrətli cəmiyyətin və saf idrakın ümumi bir həyat qanunauyğunluğu var. Əgər insan övladı saf, halal xisləti özü üçün daimi əqidə və məslək inamı kimi bilib, qəlbində yaşadırsa, onun içində parlayan işıq da əbədi bərq vuracaq, həmişə ağılın, zəkanın sönməz məşəlinə çevriləcəkdir.
Oxunmaqdan doyulmayan kitabın ikinci bir üstün məziyyəti isə həyatda həqiqət fəlsəfəsinin, kamilliyə aparan yolun, toqquşan mədəniyyətlərin, inam və sevgidən yaranan işıqlı əməllərin əsl müəllimdə, onun fəaliyyət prinsiplərində təzahür edən didaktik səciyyəli məsələlərin aydın duyulub-düşünülməsində - yaxşı insan olmağın, təbiət, cəmiyyət və insan vəhdətindən nur alan işıqlı əməl sahiblərini öyrədib həyata hazırlamaq meracı ilə bağlı olan həmahəng düşünmək bacarığını göstərən bədii-estetik lövhələrin tərənnümüdür.
Xüsusən, şagirdlərin mənəvi kamilliyi yolunda saç ağardan, dilavər nitqi, səlis yerişi, nurlu baxışları ilə öz yetişdirmələrinin xatirəsində işıqlı ziyalı kimi qalan gənc Əjdərin ən mahir pedaqoq-tərbiyəçi aurasına qədər aparan yolun təxəyyül və düşüncələrdə canlandırmaq fütuhatında müəllif tərəfindən səmimi, leqal elementlərlə vurğulanmışdır. O, bu münasibətlə yazır:
“Qardaşımın (əməkdar təbliğatçı, veteran məktəb direktoru olmuş Abuzər Ağayev nəzərdə tutulur –V. B.) söhbətlərini, tövsiyyələrini müqəddəs kəlam kimi qəbul edib, onun malik olduğu əxlaqi-mənəvi dəyərlərə, inam və əqidəyə, şəxsiyyət, vətəndaş mövqeyinə, ziyalılıq mədəniyyətinə tapınan Əjdərin də düşüncəsində bir amal kimi özünə möhkəm yer qazanırdı: mükəmməl təhsil almaqla cəmiyyətə faydalı vətəndaş olmaq.”
Bu arzu və diləklər qoynunda böyüyən tələbə Əjdər Ağayevin filoloji fakultədə təhsil aldığı illərin xoş xatirələrini də həssas duyğusallıqla oxucu diqqətinə çatdıran kitab müəllifi tələbə statuslu, şux bir gəncin qaynar günlərindən bizə ərməğan qalan epizodlarını elmə, təhsilə sirdaşlıq zəminindən, həyati dünyagörüşü platformasından, yaradıcı fikir və düşüncələr prizmasından, insan və insanlığa baxışlar sistemindən təhlil edərək, onun ləyaqətli kadr kimi keçdiyi maraqlı məqamları da qibtə ediləcək səviyyədə mübariğəsiz, həqiqi gerçəkliklər müstəvisində, həll edərək sanki qəhrəmanın özünə xas, yüksək bədii-estetik palitrasını yaratmışdır. Tələbə Əjdərin ədəbi və pedoqoji düşüncələrinə qol-qanad vermiş bu müqtədir simaların onun qarşısında yeni-yeni yaradıcılıq üfüqlərini açmaqda olan təsir imkanları haqqında  olan mülahizələrində də müəllif çox haqlı olaraq əsl müəllim pedoqoji ustalığından xəbər verən mətləblərə işıq salır, həm də buna başqalarının nəsihətləri şəklində deyil, kənardan təsir kimi yox, bir insan mənəviyyatı ilə çulğalasan manifest kimi təqdim edir. O, öz iç dünyasının qavradığı təcrübi hisslərdən, məntiqi təfəkkür əməliyyatlarından bədii deyim lövhələrindən real gerçəklik traktovkasında istifadə edərək bir daha qəhrəmanının həyat səhifələrini mənalandırmaqla bu ömrə təşnə olan sələflərinin əməli xidmətlərini öz baxış bucağından, qəlbinin nuru, mənəvi işıqlanma kredosu ilə ümumiləşdirərək göstərir ki, “Tarix-filologiya fakultəsi bir sira xüsusuyyətlərinə görə digər fakültələrdən fərqlənir... Teatrşünaslığı Ağakişi Kazımov, musiqini isə Şəfiqə Axundova kimi gələcəyin görkəmli sənətkarları tədris edir. Gənc kadr kimi ilk addımlarını atan bu sənət adamları öz istedadlarını, müasir səciyyə daşıyan ideya, fikir və mülahizələri ilə tələbələrin yaddaşında silinməz iz buraxırlar, onların kino, musiqi sənəti haqqında düşüncələrinə yeni çalar qatırlar... Əlli-altmış il bundan əvvəl pedoqoji İnstitutda (ADPU – V. P.) təhsil alan tələbələrin hansı görkəmli alimlərin mülahizələrini dinlədiklərini öyrəndikcə, insanda bir həsəd hissi yaranır. İsmayıl Şıxlı, Mikayıl Rəfili, Əzəl Dəmirçizadə, Əhməd Kərədi Zəkizadə, Şıxəli Qurbanov, Əkrəm Cəfər, Mehdi Mehdizadə, Əhməd Seyidov, Mərdan Muradxanov, Fikrət Seyidov, Zeynal Tağızadə, Ağaməmməd Abdullayev, Şükür Sadıqov, Həmid Əliyev, Kamal Qəhrəmanov, Əhəd Hüseynov və başqaları”.
Göründüyü kimi kitab müəllifi Əjdər Ağayevin tələbəlik illərinin xoş duyğularının bu nurlu şəxsiyyətlərin bulağından su içdiyini, milli-mənəvi keyfiyyətlərinin, ictimai-siyasi məfkurəsinin, bədii-estetik düşüncə cizgilərinin formalaşmasında bu adların hər birinin incə, həssas ləpirlərinin olduğunu qeyd etməklə bir daha öz qəhrəmanının tələbəlik günlərinə düşən işıq payından necə bəhrələndiyini də kövrək və estetik duyğularla haşiyələndirmişdir.
Ümumiyyətlə, “İşıq” sənədli romanının ideya mənəvi çalarlarında insan qəlbini riqqətə gətirən, milli və bəşəri düşüncələrə dayaq olan, xəlqilik və vətənpərvərlik tərbiyəsi təlqin edən, köksündə xalq və dövlət sadiqliyi daşıyan, yüksək əməllər yolunda mübariz olmaq keyfiyyətlərini formalaşdıran, milli birlik, azad və sərbəst düşüncə qaynaqlarında cilalanan, insan firavanlığına xidmət edən saf diləklər uğrunda olan mətin-iradi xüsusiyyətlərin bir ömür salnaməsinə sığan əlamətləri də ciddi analtik təhlil yolu ilə təsbit olunmuş yetkin, püxtələşmiş uğurun məhsuludur.
Kitabda məzmun çaları ilə yanaşı, illüstrativ materiallardan, novator yanaşma tərzindən, tarixi məxəzlərdən, arxiv, muzey eksponatlarından istifadə imkanları da ürəkaçandır.
Xüsusən kitabın forzasında “Ön söz əvəzi” yerinə işıqlı dünya düşüncəsinə qərq olan qəhrəman prototipinin rəsm cizgisi olduqca maraqlı jestdir.
Bir daha xatırlatmaq istəyirəm ki, Böyükağa Əlisəfa oğlu Mikayıllı tədqiqatçı-jurnalist, yazıçı-publisistdir. Azərbaycan Təhsil Şurası mətbuat xidmətinin rəhbəri, “Təhsil və Zaman” qəzetinin redaktorudur. Təhsil sahəsində tədqiqat xarakterli xeyli metodik, publisistik məqalənin, müsahibənin, hekayənin, müəllifidir.
“İşıq” sənədli romanı müəllifin ilk kitabıdır.
İnanırıq ki, bu kitab ədəbi və pedoqoji ictimaiyyətimizin geniş marağına səbəb olacaq, öz sevimli oxucularının bədii-pedoqiji təfəkkürünü, zəngin mənəvi aləmlərini bir daha cilalamaqda onların daimi stolüstü kitabına çevriləcəkdir.
Vidadi Bəşirov,
Azərbaycan Dillər Universitetinin
Pedaqogika kafedrasının dosenti,
Pedaqogika üzrə fəlsəfə doktoru

No comments:

Post a Comment