Ahiskalı türklərin doğma
yurd-yuvalarından Deportasiya edilməsinin 70 illiyinə, Azərbaycanı özlərinə ikinci vətən seçərək Saatlı rayonunda məskunlaşmasının
56 illiyinə həsr olunur.
1933-cü ildə
Avropada faşist partiyasının hakimiyyətə gəlməsi, 1936-cı ildə İspaniyada vətəndaş
müharibəsinin başlanması, İtaliya və Yaponiya dövlətləri ilə Almaniya dövləti
arasında həm iqtisadi əlaqələrin güclənməsi və eyni bir istiqamətdə siyasi
baxışların birləşərək, dünyanın yenidən
bölüşdürülməsi, yeni-yeni xammal mənbələri olan ərazilərə sahib olmaq uğrunda
apardıqları mübarizə və bu mübarizədə keçmiş SSRİ-nin oynadığı ikili siyasət
ölkə daxilində gərginliyi artırmağa başladı.
Bu məqsədlə gələcəkdə
baş verə biləcək arzuolunmaz gərginlik zamanı gözlənilən xoşagəlməz hadisələrdən
qorunmaq üçün Qafqazda məskunlaşmış xalqlar arasında “etibarını” itirmiş ayrı-ayrı
millətləri müəyyənləşdirib, onların əvvəlcədən zərərsizləşdirilməsi ilə əlaqədər
bir sıra tədbirlər görülməsi planlaşdırıldı.
Belə ki,
müharibə başlanana qədər və müharibənin ilk aylarında ölkədə yaşayan bütün
almanların (dörd min nəfərə qədər), kürdlərin və Krımda tatarların çox hissəsi
kütləvi şəkildə Orta Asiya respublikalarına və Ural dağı boyunca ərazilərə
köçürüldülər.
Çar Rusiyası
dövründə başlamış, lakin sona qədər həyata keçirilməmiş, Gürcüstan ərazilərinin
Ahıskalı türklərdən, bir sözlə türklərdən tamamilə təmizləmək siyasəti yenidən
gündəmə gətirildi.
Sərhəd
zolağında yaşayan “arzu olunmaz” hesablanan digər millətlərin-koreyalıların,
polyakların, yunanların, iranlıların və digərlərinin tərkibinin dəqiqləşdirilməsi,
onların üzərində nəzarətin artırılması artıq bu xalqların başları üzərindəki buludların
getdikcə sıxlaşmasına işarə idi.
Bütün bu çətinlik
və gərginliklərə baxmayaraq, keçmiş SSRİ-nin bütün ərazilərində yaşayan xalqlar
kimi, onlar da II Dünya müharibəsi başlandığı gündən etibarən “Doğma Vətən” torpaqlarının
qorunması uğrunda müharibəyə səfərbər olundular.
II Dünya
müharibəsi ərəfəsində keçirilmiş, 1939-cu il siyahıya alınmasına görə Mesxeti-Cvaxetiyanın
5 rayonunda 87.987 nəfər türk yaşayırdı.
Müharibənin
gedişi ilə əlaqədar olaraq əhalinin kütləvi sürgün olunduqları 15 noyabr 1943-cü
ilə qədər 30 min nəfərə qədər Ahıskalı türkü ön cəbhədə, 40 min nəfərə qədəri
isə arxa cəbhədə Sovet silahlı Qüvvələrinin qələbəsi naminə olduqca böyük işlər
görmüşlər.
Həqiqət naminə
etiraf etmək lazımdır ki, müharibə illərində döyüşə səfərbər olunanların yarıya
qədəri geri qayitmamış, minlərlə insan əlil olmuş, minlərlə döyüşçünün qəhrəmanlıqları
orden və medallarla təltif edilmiş, 8 nəfər Ahıskalı türkün keçmiş SSRİ
qarşısında xidmətləri ən yüksək ada Sovet İttifaqı Qəhrəmanı adına layiq bilinmişdir.
1926-cı ilin son siyahıya alınmasına görə Gürcüstanın
sərhəd zolağı olan tarixi Mesxeti-Cvaxetiya torpağının Axalkalaki qəzasında əhalinin
sayı 78.847 nəfər, onlardan 7.565 nəfəri gürcü, 57.791 nəfəri erməni, 6.940 nəfəri
türk, 930 nəfəri müsəlman kürdü, 2492 nəfəri rus, 2679 nəfəri ukraynalı
olmuşdur. Bundan başqa bu qəzada farslar, tatarlar, osetinlər, polşalılar, almanlar,
yahudilər, acarlar, lazlar, minqrenlər və gürcü yəhudiləri də yaşayırdılar.
Axalsxa qəzasında
yaşayan 96.973 nəfərdən 24.353 nəfəri gürcü, 29.170 nəfəri türk, 15.565 nəfəri
erməni, 167 nəfəri rus, 3.094 nəfəri kürd, 1015 nəfəri ukraynalı, 216 nəfəri
yunan, 589 nəfəri tatar, 103 nəfəri yəhudi, 115 nəfəri polşalı, 813 nəfəri isə
gürcü yəhudiləri idi.
Menşevik
Gürcüstan dövlətində general olmuş, əvvəlcə Türkiyədə, Fransanın Paris şəhərində
sürgün həyatı yaşamış Spirdon Cavçavadze alman ordusunun ardınca hərəkət edərək
Gürcüstanda almanlar tərəfindən yaradılacaq yeni hökumətin təşkilində iştirak
etmək üçün 1942-ci ildə Stavrapola gələrək Gürcüstanın almanlar tərəfindən
alınmasını gözləyirdi.
Bütün bu
prosesləri nəzərə alan mərkəzi hakimiyyət Mesxetiya-Cvaxetiya bölgəsində
yaşayan ilk növbədə türklərə və onlarla birgə yaşayan xalqlara əsassız olaraq
inamlarını itirdilər və bu xalqları satqın hesab edərək Türkiyə dövlətinin
agentləri hesab edirdilər.
1944-cü ilin
iyun ayında Gürcüstanın müxtəlif yerlərində terrorçular tərəfindən müəllim, həkim,
kolxoz sədrlərini və digərlərinin öldürülməsi və respublikada yaranmış gərginlik
barədə SSRİ dövlətinin başçısı İ.Stalinə Lavrenti Beriya məlumat verərək təklif
edirdi ki, yaranmış vəziyyətdə Gürcüstan ərazisini toxunulmazlığını təmin etmək
Axalsixa, Adıgün, Aspinza, Axalkalaki və Boqdanovka rayonları, Acarıstan Muxtar
respublikasının bir neçə kənd sovetləri ərazisində yaşayan türk, kürd və
xeşemenlər ərazidən köçürülsün.
Dövlət Müdafiə
komitəsinin qərarı ilə tədbirin keçirilməsi və eləcə də Gürcüstanın dövlət sərhədlərini
qorumaq üçün 20 min nəfərə qədər siravi döyüşçülərlə yanaşı, mütəxəssislər də
ayrılmış və səfərbərliyə alınmış, yerli əhalinin
köməkliyi ilə Vale stansiyası tikilmiş və stansiyaya sürgün olunacaq əhalini
daşımaq üçün boş yük vaqonları gətirilmişdi. 20 sentyabır 1944-cü ildə ərazidə
hərbi vəziyyət elan edildi.
15 noyabır
1944-cü ildə köçürülmə tədbirinə başlanıldı. Tədbir 10 gün davam etdi. Əhaliyə
isə məlumat belə verilmişdi: təhlükəsizliyinizə görə sizi köçürürlər,
hazırlaşın. Özünüzlə 3 günlük ərzaq götürün. Hazırlaşmaq üçün 3 saat vaxt
verilirdi. 15 kiloqramdan çox ərzaq götürmək olmazdır. Noyabr ayının 17-də saat
1600 –da içərisində 81.324 nəfər türk, kürd və xeşemenlər yüklənmiş
25 eşalon yola salındı. Yola salınan eşalonlardan birinə ayaq-yalın, yataqsız, ərzaqsız
iki vaqona yerləşdirilmiş qaraçılar da qoyulmuşdu.
Köçürülmə
qaydalarının tələblərinə uyğun olaraq qadınları türk, kürd və xeşemenli olan
digər millətlər də köçürülməyə məruz qaldılar.
Köçürülmə ilə əlaqədar
9 rayon ərazisində 259 hökümət komissiyası yaradılmışdır. Yaradılmış
komissiyaların tərtib olunmuş köçürmə aktlarına görə proses zamanı əhalidən
8.252 ton taxıl, 3.226 ton qarğıdalı, 60.007 baş iri buynuzlu mal-qara, 23.777
baş inək, 18.205 baş qoşqu öküzü, 90 min baş qoyun və keçi, çoxlu miqdarda ev
quşları götürülmüşdür.
Hüquqsuz
insanlar yüklənmiş eşalonlar 22 gündən sonra Daşkənd və digər müəyyən olunmuş
stansiyalara çatdılar. 220 kənddən məcbur çıxarılmış 22.600 ailə üzvləri Özbəkistan,
Qazaxıstan və Qırğızstan respublikaları arasında məskunlaşdırıldılar.
Təyinat yerlərinə
gəlib çatan gündən etibarən əhalinin yaşayıb özünü dolandıra bilməsi üçün hər
bir ailəyə iri buynuzlu mal, qoyun, keçi, əkin üçün toxumluq dən, kartof
verilmiş və onlar bir neçə ardıcıl il olaraq vergilərdən azad edilmiş, əhalinin
özlərinə mənzil şəraiti yaratmaq üçün faizsiz kredit vəsaiti ayrılmışdı.
Bütün bunlara
baxmayaraq xüsusi köçürülənlərə yaşayış yerindən xüsusi icazə olmadan kənar
yerlərə getməyə icazə verilmir, ailədə baş vermiş dəyişikliklər barədə xüsusi
komendata 3 gün müddətində ailə başçısı məlumat verməli, müəyyən olunmuş rejimə
əməl etməli, qayda pozuntularına görə inzibati qaydada 100 manat cərimə və ya 5
gün həbs cəzası verilirdi.
16 yaşına
çatmış xüsusi köçkünlər qaydaya görə hər 15 gündən bir mütləq yaşadıqları
rayonun komendaturasında şəxsən qeyddən keçməli idilər. Əks təqdirdə hətta ailəsi
ilə birlikdə dövlətin qəbul etdiyi qanuna tabe olmamaqda ittiham edilərək ən
ağır cəzaya – 25 illiyə Sibirə də sürgün edilə də bilərdilər.
Məcbur köçürülməyə
məruz qalanların milliyətcə tərkiblərinin rəngarəng olmasına baxmayaraq onlar yaşayış
üçün təyin edilmiş yerlərdə əsasən birgə yaşadıqlarına görə uşaqlarının təhsilini ancaq rus dilində davam etdirə bilər
və bu dildə orta ixtisas və ali təhsil də ala bilərdilər. Heç təsadüfü deyildir
ki, 1960-cı illərdə rayonumuza yaşamağa gələn Ahıskalı türklərin az da olsa müəyyən
sayı Orta Asiya Respublikalarında orta ixtisas, hətta, ali təhsil almış
insanlar var idi.
01 yanvar
1952-ci il vəziyyətinə görə bütün ölkə üzrə 1.835.078 nəfər əhalinin müəyyən
edilmiş yaşayış yerlərində məskunlaşdırılan xüsusi təyinatlıların 91.943 nəfər məktəb yaşlı
uşaqları təhsilə cəlb olunmamışdılar. Onlardan 1.035.701 nəfəri almanlar,
365.173 nəfəri çeçenlər və inquşlar, 57.491 nəfəri qarayçılar, 31.873 nəfəri
balkanlar, 77.179 nəfəri kalmıklar, 186.535 nəfəri tatarlar, yunanlar və
bolqarlar, 81.026 nəfəri isə türklər, kürdlər və xeşemenlər olmuşlar.
Müvafiq qərarın
tələbinə görə həmin əhali yaşadıqları yerlərə əbədi köçürülmüşlər.
Həmin dövrdə
keçmiş SSRİ ərazisində xüsusi göndərilənlərin sayı 4.772.332 nəfər olmaqla, bu
qrupa qolçomaqlar, millətçilər, sektaçılar da aid edilirdi.
1953-cü ilin əvvəlində
Sov. İKP MK-nin baş katibi, SSRİ Nazirlər
sovetinin sədri İosif Stalinin ölümü ərəfəsində Gürcüstandan sürgün olunanların
sayı 86.663 nəfər olmuşdur ki, onlardan 63.824 nəfəri türk, 8.843 nəfəri kürd və
13.997 nəfəri isə xeşemenlər olmuşdur.
Sürgün
olunanların 430.6 min nəfəri Özbəkistanda, 325000 nəfəri və ya 37 faizi
Qazaxıstanda, 105 min nəfəri və ya 12 faizi Qirğızstanda yerləşdirilmişdilər.
1944 cü ildən 1956-cı ilə qədər ötən 12 il müddətində bütün sürgün olunan əhali
kimi Ahıskalı türklər, kürdlər və ədalətsizliklərlə üzləşdilər.
SSRİ Nazirlər
sovetinin sədri, sovet imperiyası MK-nin
baş katibi İ.Stalinin ölümündən və xüsusən SSRİ dövlət təhlükəsizlik
komitəsinin sədri Lavrenti Beriyanın həbsindən sonra müharibədən qalib çıxmış və
bu qələbənin əldə edilməsində olmazın çətinliklərinə mərdliklə sinə gərən bütün
sovet xalqları içərisində ilk dövrlər bir çaşqınlıq, sabahki günə inamsızlıq
yaşandı.
Sonraki yarım
il ərzində Kremildə bütün ölkə boyunca hökum sürməkdə olan gərginliyin
yumşalması istiqamaətində əsaslı işlərə başlanılması ilə əlaqədar əhaliyə məlumatlar
verildi.
1956-cı ildə
sovet imperiyasında partiyanın növbəti qurultayı keçirildi. Qurultaydan sonra Mərkəzi
Komitənin keçirilən plenumu SSRİ Ali Soveti sessiyasında qərarlar və verilmiş fərmanlar
ölkə daxilində keçirilən müzakirələr pozulmuş vətəndaş hüquqlarının bərpası sahəsində
müəyyən irəliləyişlərə səbəb oldu.
1956-cı ildə bu
istiqamətdə SSRİ Ali Soveti Rəyasət heyətinin növbəti fərmanı verildi.
Fərman və qəbul
olunmuş qanunda vətən müharibəsi illərində sürgün olunmuş, xüsusi təyinatlı
Krım tatarlar, balkarlar, SSRİ vətəndaşları olan türklər, kürdlər, xeşemenlər və
onların ailə üzvlərinə bəraət verildiyi, onlara dəymiş ziyanın ödənilməsinə,
müsadirə olunmuş əmlakın qaytarılmasına aydınlıq gətirilmədiyi kimi, sürgün
olunduqları yerlərə daimi yaşamaq üçün qaytarılmalarına da icazə verilmirdi.
31 oktyabr
1957-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyəti, Böyük Vətən Müharibəsi illərində
Gürcüstan SSR-dən və Acarıstan Muxtar Sovet Sosialist Respublikasında yaşamış
Azərbaycan millətindən olan əhalinin haqsız yerə sürgün olunduqları və onlar üzərində
olan bütün qadağaların götürülməsi barədə yeni fərman qəbul etdi.
Qəbul olunmuş fərmanda
göstərilirdi ki, sürgünlə əlaqədar olaraq Gürcüstan ərazisində olan torpaqlarda
digər millətlərdən olan əhali (ermənilər) məskunlaşdırıldıqlarına görə sürgündən
azad olunanlar Gürcüstan hökümətinin razılğı ilə başqa respublikaların istənilən
rayonlarında yaşaya bilərlər.
1956 və 1957-ci
illərdə bu istiqamətdə verilmiş qanun və fərmanlar hüquqları pozulmuş əhalini
tam təmin etmirdi.
Nadir HACIYEV,
Saatlı Rayon Təhsil Şöbəsinin məsləhətçisi
No comments:
Post a Comment