YAXŞILAR CƏRGƏSİNDƏ
Təhsil Şurası erməni silahlı qüvvələrinin
işğalından sonra köçkünlük həyatı yaşamağa məcbur olan təhsil ocaqlarımızla
tanışlığı davam etdirir. Rubrukamızın bu dəfəki qonağı Zəngilan rayon 26 nömrəli
tam orta məktəbdir.
Köçkünlüyün ilk illəribdən – 1993-cü ildən
Bakı şəhərində fəaliyyət göstərən bu təhsil ocağı şəhərdəki fəaliyyətinin ilk
illərindən ənənələrinə sadiq qalaraq böyük uğurlara imza ata bilib. Məktəbin
direktoru Süleyman Abdullayevlə bir neçə il əvvəlki söhbətimizdə də, bu günlərdə
apardığımız müsahibədə də təhsil ocağının nailiyyətlərinin ilbəil artdığını dilə
gətirdi. Söylədi ki, bu gün Zəngilan müəllimlərinin çiyinlərində daha ağır yük
var. Onlar öz işlərini köçkünlüyün ağır maddi-mənəvi yükü altında həyata
keçirirlər. Və nə yaxşı ki, bu işin öhdəsindən şərəflə gəlməyi bacarırlar.
Süleyman Abdullayev məktəbin nailiyyətlərindən
böyük fərəh hissi ilə danışır və öz nailiyyətlərini Azərbaycan təhsilinin
nailiyyəti hesab etməklə, təhsilimizdə son dövrlər həyata keçirilməkdə olan dəyişikliklərin
onların da fəaliyyətinə müsbət təsir etdiyini vurğulayır. Qeyd edir ki,
köçkünlüyün ilk illərində dövlətimiz tərəfindən inşa edilərək 26 nömrəli məktəbin
pedaqoji kollektivinə verilən
məktəbin binası zaman-zaman dövrün tələblərinə
uyğunlaşdırılaraq, istilik sistemi, əyani vəsaitlər, informasiya-kommunikasiya
texnologiyaları ilə təchiz edilib. Şübhəsiz ki, təlimdə əldə edilən yüksək nəticələr
də məhz bu diqqət və qayğının sayəsində mümkün olmuşdur.
Süleyman müəllimin tövsiyəsi ilə məktəblə
tanışlığı çağırışaqədərki hərbi hazırlıq kabineti ilə başladıq. Keçmiş döyüşçü, hərbi rəhbər Sabir Hacıyevin
gərgin əməyi nəticəsində yaradılan kabineti əsl “Vətənpərvərlik guşəsi” də
adlandırmaq olar. Hərbi kabinet Qarabağ müharibəsinin, ermənilər tərəfindən Azərbaycanlılara
qarşı törədilmiş soyqırımlarının, xalqımızın qəhrəman oğullarının düşmənə qarşı
döyüş şücaətlərinin, şanlı hərb tariximizin ayrı-ayrı məqamlarının, hərbçi
tarixi şəxsiyyətlərimizin həyatını özündə əks etdirmək baxımından mühüm əhəməmiyyətə
malikdir. Kabinetlə tanış olduqca düşünürdüm ki, bu məktəbin bu sahədə olan təcrübəsinin
respublika məktəbləri arasında yayılması məqsədəuyğun olardı. Biz də öz növbəmizdə
bu mövzuya qayıdacağıq.
Ümumiyyətlə, 26 nömrəli tam orta məktəbdə
müəllimlərin fəaliyyətində diqqətçəkən məqamlar çoxdur. Süleyman Abdullayev məktəbin qabaqcıl müəllimlərindən
kimya müəllimi Reyhan Əmiraslanovanın (Reyhan Əmiraslanova həm də məktəbin
direktor müavinidir), ingilis dili müəllimləri Səyyarə Salahovanın, Afaq
Əzizovanın, dil-ədəbiyyat müəllimlərindən Aidə Baxşəliyevanın, Arzu Rəhimlinin,
riyaziyyat müəllimləri Əfşan Bəşirovanın, Zahid Hüseynovun, biologiya müəllimi
Hafizə Talıbovanın, bədən tərbiyəsi və idman müəllimi Teymur Namazəliyevin,
informatika müəllimi Azadə Abbasovanın, informasiya-kommunikasiya
texnologiyaları üzrə laborant Laləzar Aslanovanın adlarını çəkməklə məktəbdə təlim-tərbiyə
işinin keyfiyyətinin yüksəldilməsində bu müəllimlərin xüsusi əməyini
vurğulayır. Elə Süleyman müəllimin adlarını çəkdiyi müəllimlərin bir qisminin dərsində
olarkən də şahidi oldum ki, məktəb, ümumiyyətlə, öz iş prinsiplərini yeni
strategiyanın tələbləri, yeniliklərin tətbiqi istiqamətində qurur. Dilarə
Abbasovanın, Aytəkin Şıxıyevanın, Afət Həsənovanın, Şəhla Hacıyevanın, Günel
Muradovanın, Aidə Hacıyevanın, Hafizə Talıbovanın hər birinin dərsində müasir
yanaşmaları müşahidə etmək mümkün idi. Süleyman Abdullayev qeyd edir ki, məktəbin
yüksək intellektual hazırlığa malik pedaqoji kollektivinin səyi, nizam –
intizamın sayəsində 26 nömrəli tam orta məktəb ali məktəblərə qəbulun nəticələrinə
görə həmişə seçilənlər sirasında olur. 2012-2013-cü dərs ilində məhz əldə
olunan yüksək göstəriciyə görə məktəb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
müəyyənləşdirdiyi reytinq cədvəlində respublika üzrə beşinci sırada yer tutub.
Ötən dərs ilində isə məktəbin 29 məzunundan 20 nəfəri tələbə adını qazanıb.
Sevindirici haldır ki, məzunların arasında Milli Aviasiya Akademiyası, Bakı
Dövlət Universiteti, Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad
Universiteti kimi nüfuzlu ali təhsil ocaqlarını, Ali hərbi məktəbləri seçənlər
az deyil.
Süleyman Abdullayevin sözlərinə görə, məktəbdə
gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması pedaqoji kollektivin
qarşısında bir nömrəli vəzifə kimi dayanır. Torpaqlarımızın işğal tarixlərinə həsr
olunmuş tədbirlər, xalqımıza qarşı törədilmiş soyqırımların anım günü yüksək səviyyədə
təşkil olunmaqla şagirdlərin yaddışana həkk olunur. Şagirdlərə öz ata-baba
torpaqları olan Zəngilanın tarixini, mədəniyyətini, görkəmli şəxsiyyətlərini,
adət-ənənələrini tanıtmaq üçün məktəbin xüsusi tədbirlər planı var. Bu plan hər
bir müəllimin fəaliyyətində əks olunmaqla, məktəbin ümumilikdə iş ahənginin tənzimlənməsinə
təsir göstərir.
Qeyd edim ki, məktəbin idmançıları –
xüsusən futbolçuları Sərxan Əhmədov, Anar Həsənov müxtəlif yarışlarda iştirak
etməklə məktəbin adına şərəf gətirlər. Onlarla görüşə bilmədik, amma “Səbael” futbol komandasının oyunçusu Aynur
Zeynalova ilə isə görüşmək imkanı əldə etdik. Gənc futbolçunun yüksək əhval
ruhiyyəsi bizə də sirayət etdi. Məktəbi elə bu əhvalla, eləcə də pedaqoji
kollektivə gələcək uğurlar diləyi ilə tərk etdik.
İnanırıq ki, bu gün köçkünlük şəraitində
yetişən, formalaşan Zəngilanlı gənclər gələcək-düşmən işğalından azad olacaq Zəngilanın
qurucuları olacaqlar...
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment