Əjdər üçün dünyanın mütərəqqi pedaqoji fikir
tarixi, zəngin keçmişə malik olan məktəblər, qabaqcıl müəllimlərin iş təcrübəsi həmişə böyük maraq kəsb edirdi. Bu istiqamətdə
apardığı tədqiqatlar fakt, fikir, ideya zənginliyi ilə seçilirdi. O, dünyanın
aparıcı fikir adamlarının xüsusilə təlim-tərbiyə, şəxsiyyətin formalaşmasının
pedaqoji-psixoloji istiqamətləri sahəsində
fikirlərini tədqiqata cəlb edir, bu sahədə
özü də orijinal fikirlər irəli sürürdü. Bu yazılar, bu fikirlər əvvəllər də
yazdığımız kimi, ruhi-mənəvi bağlılığın nəticəsi kimi dərin analitik aspektdə
meydana çıxırdı. Onun ruhi-mənəvi bağlılıq qurduğu tarixin görkəmli şəxsiyyətləri,
elm adamlarının milli mənsubiyyəti də fərqli idi. Əsas məqsəd dünyanın qabaqcıl
pedaqoji düşüncəsini zəmanəsinə gətirmək idi. Birmənalı olaraq deyə bilərəm ki,
Əjdər Ağayev şəxsiyyətin formalaşdırılması probleminin köklərini klassik fikir,
mənəviyyat, mədəniyyət qaynaqlarında axtarırdı. Övlad tərbiyəsini bu qaynaqlar
üzərində qurmağı tövsiyə edirdi.
O, Lev Nikolayeviç Tolstoyun pedaqoji görüşlərini,
onun Yasnaya Polyanadakı məktəbinin fəaliyyətini tədqiq edərkən özünün
Xolqarabucaq kənd məktəbindəki pedaqoji fəaliyyətinin detallarını düşünürdü.
Xolqarabucaqla Yasnaya Polyananı müqayisə edirdi. Oxşarlıqlar, paralellər
axtarırdı. Hər ikisi dünyanın fərqli yerlərində yerləşsələr də, eyni məqsədi
daşıyırdılar. Eyni amal üçün yaradılmışdılar. Bəzən ona elə gəlirdi ki,
dünyanın nəbzi işlədiyi kiçik məktəbdə döyünür. Dünyanın bütün qaranlıq mətləblərinin
açarı məktəbin divarları arasında gizlənib. Sirlərin açarı isə müəllimin
cavablarındadır. Mən bir çox dahilərin həyatını oxumuş, müqayisələr aparmışam.
Təbii ki, hər bir görkəmli şəxsiyyətin həyatının özünəməxsus tərəflərini,
oxşarlıqlarını, fərqli xüsusiyyətlərini görmüşəm. Amma əksər hallarda oxşar bir
cəhəti müşahidə eləmişəm. Dahilərin böyük əksəriyyəti özlərinin yüksək insanı,
mənəvi keyfiyyətlərini, yaradıcılıq xüsusiyyətlərini analarından əxz ediblər. Tolstoy haqqında
yazanlar da bu fikirdədirlər. Tolstoyun zadəgan ailəsindən olan anası Knyagina
Volkonskaya dahi yazıçının hələ iki yaşı olarkən dünyadan köçsə də, genetik
olaraq oğlunun formalaşmasında mühüm rol oynamışdır. Anası və atasının erkən vəfatı
səbəbindən Lev hələ uşaq yaşlarından qohumlarının himayəsində böyüyür. Erkən
yaşlarından azad həyata atılması, eləcə də elitar nəslindən gələn sərbəstlik gələcəkdə
Tolstoyun pedaqoji baxışlarına da təsir edəcəkdi. Onun Yasnaya Polyanada
yaratdığı məktəbin ən mühüm xüsusiyyətlərindən biri də elə təlim prosesində şagirdlərə
sərbəstlik verilməsi, onları tədqiqatçılığa həvəsləndirməsi idi. Əjdər Ağayev
Tolstoyla bağlı tədqiqatlarında yazırdı ki, Tolstoy nəinki şagirdin tədris
prosesində azadlığının tərəfdarı idi. O, ümumiyyətlə məktəb sisteminin dövlət
yolu ilə məcburi olaraq yaradılmasını deyil, xalqın öz iradəsi ilə qurulmasının
vacibliyini irəli sürürdü. Yazırdı: “Xalqa imkan vermək lazımdır ki, öz idarəsini
sərbəst surətdə aşkar etsin və necə istəyirsə məktəbini də elə qursun.” Məhz bu
düşüncələri etibarilə Əjdər Ağayevin hələ gənclik illərindən tədrisə yanaşması
Tolstoyun metodikasına yaxınlaşırdı. Çuxanlı məktəbində yaratdığı “Kiçik
Tretyakov qalereyası”, Xolqarabucaq məktəbindəki Teatr dərnəyi, kənddəki teatr
truppası gənclərin fikir, düşüncə azadlığının inkişaf etdirilməsinə yönəlmişdi.
Tolstoyun pedaqoji irsini hələ tələbəlik illərindən mənimsəməsi Əjdərin müəllim
kimi fəaliyyətinin ilk illərindən tədris prosesində əyaniliyinə,
interaktivliyinə, həyatiliyinə yol açmışdı. Onun təlim metodikası haqqında
fikirləri nəinki 1970-80-ci illər, bu günümüz üçün də çox aktual səsləndiyi
üçün Əjdərin də bir müəllim və pedaqoji fikir tarixinin tədqiqatçısı kimi diqqətini
cəlb edirdi. Məsələn Tolstoy yazırdı ki, müəllim uşaqların razı qaldığı
metodlardan istifadə etməli, həm də müxtəlif metodlar tətbiq etməli, eyni
zamanda yenisini tapmalıdır. Bu və digər faktlara Tolstoy haqqında yazdığı məqalələrdə
yer verən Əjdər Ağayev göstərirdi ki, Lev Tolstoy müxtəlif metodlar içində müəllimin
canlı sözünə xüsusi əhəmiyyət verir. Özü də bir müəllim kimi bu metoddan
istifadə edir, uşaqları dərindən maraqlandırmaq, onları həyacanlandırmaq
bacarığı nümayiş etdirirdi. Əjdər Ağayev Tolstoyu rus mənəvi tərbiyə sisteminin
memarlarından biri hesab edirdi. Əslində də belə idi. Bir məqama da diqqət
yetirmək lazımdır ki, Tolstoy bədii yaradıcılıqla pedaqoji fəaliyyəti sintezdə
təqdim edən azsaylı mütəfəkkirlərdən olmuşdur. O, uşaqların mənəvi tərbiyəsinə,
pedaqogika elminin inkişafına, didaktik, metodik məsələlərə əsərlərində xüsusi
diqqət yetirir, şəxsiyyətin mənəvi inkişaf mərhələlərini açırdı. Bu cəhət də
Əjdəri mənəvi cəhətdən böyük mütəfəkkirlə həmfikir edir, onunla aralarında
ruhi-mənəvi bağlılıq yaradırdı. Elə bu bağlılıq da Əjdəri böyük mütəfəkkirin
ruhu ilə söhbətə qanadlandırırdı: Günəşli bir yaz səhəri idi. Əjdər Qırmızıkənddəki
ata evində idi. Yazı masasının arxasına keçdi. Pəncərəni açıb yaz havasını sinəsinə
çəkdi. Xəyal onu Yasnaya Polyanaya apardı. Kəndəki evlərdən biri Lev Nikolayeviçin idi. O, işləyirdi.
Yazın gəlişi Tolstoyun da əhvalını dəyişmişdi. -Sizin pedaqoji əsərlərinizdə
pedaqogika elminin vəzifələrinə aid baxışlarınız xüsusi yer tutur. Müəllimin
qarşısında ciddi tələblər qoyursunuz...
-Əlbəttə, müəllim xüsusi hazırlığa malik şəxsiyyət
olmalıdır. Müəllim uşaq psixologiyasını yaxşı bilməlidir, uşaq ruhuna bələd
olmalıdır. Müəllim uşağı sevməlidir. Müəllim uşağın nə istədiyini bilməli və
pedaqoji fəaliyyətini uşağın istəkləri üzərində qurmalıdır. Müəllim ən böyük
humanist olmalıdır. Müəllim unutmamalıdır ki, onun daşıdığı mənəvi xüsusiyyətlər
bir müddətdən sonra şagirdinin xarakterində əks olunacaqdır. Tədris prosesində
müəllimin canlı nümunəsi əsas şərtddir, amma şagirdin hərtərəfli inkişafı əsas
etibarilə onun yaradıcılıq imkanlarına azadlıq verilməsindən keçir. Azadlıq
olmasa inkişaf olmaz. Bu, bütün sahələrdə belədir. Əjdər Tolstoyun fikirlərini
tarixin ən qiymətli inciləri kimi ruhuna yazırdı. O bu fikirlərdə 19-cu əsrin məktəb,
təhsil, pedaqoji fikir tarixinin qiymətli məqamlarını axtarırdı. Orada
Tolstoyun 1872-ci ildə ərsəyə gətirdiyi “Əlifba”, 1875-ci ildə yazdığı “Yeni əlifba”
dərsliyi, “Oxu kitabları” var idi. O, Tolstoyun mənəvi tərbiyə konsepsiyasına,
uşaqların əxlaq tərbiyəsinə yönəltdiyi diqqətə heyran idi. Tolstoyun uşaq tərbiyəsinə,
hekayələrindəki obrazlara psixoloji mövqedən yanaşması ilə Əjdərə həm də Tusini
xatırladırdı. Əjdər hələ 70-ci illərdə düşünürdü ki, Tolstoyun düşüncələrinə Şərq
əxlaqı, düşüncə tərzi təsir etməmiş deyildir. Əvvəllər o, bunu böyük
yazıçı-pedaqoqun Qafqaz həyatı ilə əlaqələndirirdi. Amma zaman keçdikcə Tolstoy
təfəkkürünün Şərqin daha dərin mədəni qaynaqlarından, “Qurani-Kərim”in özündən
qaynaqlandığı qənaətində qətiləşirdi. Ümumən bu qənaətə gəlirdi ki, düzgün mənəvi-əxlaqi
tərbiyənin mənbəyi Şərqdir. Bu da danılmaz faktdır ki, Tolstoy Mirzə Kazım bəydən
dərs almışdır. Bir sıra tədqiqatçılar kimi, Əjdər Ağayev də Mirzə Kazım bəy şəxsiyyətinin
Tolstoya təsirini şübhəsiz hesab edirdi. Yazılarında A.İ.Şifmanın tədqiqatlarına
istinadən göstərirdi ki, “Tolstoy
Qurandan humanist ideyaları ifadə edən kəlamları seçir və onları özünün oxu
kitablarına daxil edirdi.” Lakin bu da hələ son deyildi. Böyük yazıçı “Məhəmmədin
Qurana daxil olmayan kəlamları” ilə bütün xristian və müsəlman aləminə səs
salmışdı. Yadımdadır, bu kitab 1990-cı ildə Bakıda nəşr olunmuşdu. Mən o
kitabla tanış olmuşdum. Həmin kitabın müqəddiməsində rast gəldiyim bir məqam isə
Tolstoyun Şərq bağlılığını daha da möhkəmlədir. Müqəddimədə yazılır ki, Lev Nikolayeviç
Tolstoy 1908-ci ildə Abdullah Əl Suhəvərdinin Hindistanda çap olunmuş «Məhəmmədin
kəlamları» kitabı ilə tanış olub. Məhz bu tanışlıqdan sonra o, qeyq olunan kəlamları
hazırlayıb, 1909-cu ildə çap etdirib. Diqqətçəkan məqam həm də budur ki,
Tolstoy Məhəmməd Peyğəmbərin əsasən pedaqoji mahiyyətli kəlamlarını kitabçaya cəlb
edib. Əjdəri cəlb edən o idi ki, Tolstoyun məktəbi həyatın özü idi. O çox sadə
idi. Sadə kənd həyatının spesifik məktəbi idi. Amma möcüzəsi o idi ki, bu kiçik
kənd məktəbində sözün əsl mənasında rus təhsilinin gələcək inkişaf modeli
cızılırdı. Gələcəyin azad fiirli. Müstəqil düşüncəli insanı hazırlanırdı. Əslində
Tolstoyla bağlı Əjdəri cəlb edən məqamlardan ən mühümü onun pedaqoji irsinin
mahiyyətindəki bəşərilik idi. Tolstoy həm də ona görə qiymətli idi ki, onda Şərq
klassiklərinin, mənsub olduğu dəyərlərdən süzülüb gələn kültür elementlərini
görürdü. Doğrudur, Tolstoy milliyətcə şərqli deyil, amma düşüncə etibarilə o şərqə
çox bənzəyir. Bir sıra klassik şərq mütəfəkkirləri kimi dərin zəka sahibidir və
malik olduğu bu qaynaq bəşəriyyətin mənəvi ehtiyaclarına sərf olunur. Bəşəriyyətə
öz kamil təfəkküründən pay verən insan ən dəyərli insandır. İnsanlar öz
övladlarının körpəlikdən elm öyrənmək üçün kamil müəllimdən dərs almasına
çalışırlar. Bəşəriyyətin gələcəyi kamillikdə, kamilliyin əsası elmanilikdədir.
Böyükağa Mikayıllı
Əlləriniz var olsun Böyükağa müəllim
ReplyDeleteƏlləriniz var olsun Böyükağa müəllim
ReplyDelete