16 yanvar 2015-ci il tarixdə Bakıdakı 144 nömrəli
tam orta məktəbdə 20 yanvar
şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii
kompozisiya keçirildi. Tədbirdə Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər
Ağayev, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, məktəbin
pedaqoji kollektivi, şəhid ailələri, şagirdlər iştirak edirdilər.
20 yanvar şəhidlərinin xatirəsinə matəm ab-havasına
bürünmüş məktəbin akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət
Himni il açıldı, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin
ifasında vətənpərvərlik ruhlu mahnılar
oxundu, şeirlər söylənildi. Bir-birini əvəz edən kompozisiyalar şəhidlərin
ruhuna ağı kimi səslənir, vətənpərvərlik hissləri aşılayırdı.
Tədbirdə çıxış edən professor Əjdər Ağayev 20
yanvar hadisəsini Azərbaycan xalqının azadlıq mücadiləsində mühüm mərhələ
adlandırdı. Qeyd etdi ki, Sovet imperiyası həmin gün Azərbaycan xalqının
azadlıq uğrunda mübarizə ruhunu sarsıtmağa çalışsa da, buna nail ola bilmədi.
Əksinə, Vətəninin azadlığı uğrunda mübarizəyə qalxmış xalq son ana qədər
mübarizə əzmi nümayiş etdirərək, öz istiqlaliyyətinə qovuşdu. Əjdər Ağayev
vurğuladı ki, 20 yanvar şəhidləri arasında tələbələr, müəllimlər, şagirdlər də
var idi. Xalqımız 20 yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur.
Ə.Ağayev 144 nömrəli məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş bu tədbirin
yüksək səviyyədə təşkil olunduğundan, şagirdlərin vətənpərvərlik ruhlu
mahnıları məharətlə ifa etdiklərindən də məmnunluq duyduğunu ifadə etdi.
Tədbirdə çıxış edən 144 nömrəli tam orta məktəbin direktoru
Həcər Mahmudova diqqətə çatdırdı ki, rəhbərlik etdiyi təhsil ocağının məzunu
İsrafil Haşımov 20 yanvar 1990-cı ildə şəhid olmuşdur. Məktəb Qarabağ uğrunda
döyüşlərdə şəhid olmuş məzunu Namiq Babayevin adını daşıyır. O, vurğuladı ki,
bu gün 144 nömrəli tam orta məktəbdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə
olunması istiqamətində sistemli iş aparılır. Bu iş pedaqoji kollektivin bir
nömrəli vəzifəsinə çevrilmişdir. 20 yanvar ərəfəsində məktəbdə bu hadisələri
özündə əks etdirən divar qəzetləri buraxılmış, məktəbdə şəhidlərin xatirəsinə
guşələr yaradılmış, ayrı-ayrı siniflərdə ədəbi-bədii kompozisiyalar təşkil
olunmuşdur. Həcər Mahmudovanın sözlərinə görə vətənpərvərlik ruhlu tədbirlər məktəbdə
dövrü olaraq təşkil olunur. O, tədbirin təşkilatçılarına öz minnətdarlığını
bildirdi.
Məktəbin tarix müəllimi, diyarşünaslıq mərkəzinin əməkdaşı
Əlövsət müəllim 20 yanvar hadisələrinin tarixi köklərindən, ermənilərin və
sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqrımlardan,
deportasiyalardan bəhs etdi. Qeyd etdi ki, Azərbaycan xalqı əsrlər boyu olduğu
kimi, bu gün də mübariz əhval ruhiyyədədir və öz torpaqlarını erməni qəsbkarlarından
azad etmək əzmindədir.
“Təhsil və zaman”
No comments:
Post a Comment