İnteqrativ şəraitdə qurulan dərslər təfəkkür
çevikliyinin inkişafını təmin edən mühüm
şərtlərdəndir.
Müəllimin təlim prosesində əldə etdiyi nailiyyətlərin
əsasında, fikrimcə, şagird qəlbini ələ almaq, onun məhəbbətini qazanmaq, sinifdə
mənəvi-psixoloji mühiti təmin etmək bacarığı dayanır. Hər bir şagird qəlbinin
öz incəlikləri, öz sirli aləmi var. Müəllim elə psixoloji, metodik hazırlıq
qabiliyyətinə malik olmalıdır ki, hər bir şagirdinə onun mənəvi psixoloji aləminə
müvafiq yanaşmaqla, şagirdinin mənəvi aləminin formalaşmasına müsbət təsir göstərə
bilsin. Haqqında bəhs edəcəyim Bakının Sabunçu rayonundakı 67 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi Ülviyyə Aslanova da məhz belə müəllimlərdəndir.
Ülviyyə Aslanovanın tədris prosesinə pedaqoji yanaşmasının əsasında da məhz
şagird qəlbinin, şagird istəklərinin, arzularının təmin olunması dayanır. Müşahidə
etdiyim riyaziyyat və Azərbaycan dili dərslərinin hər
birində o, tamamilə fərqli-fərqli
metodikalar tətbiq etsə də, qarşısına qoyduğu məqsəd dəyişməmişdi: yaratdığı mənəvi-psixoloji
mühitdə şagirdlərinə daha çox sərbəstlik verməklə öyrətmək, həyati bacarıqlar
aşılamaq. Mən Ülviyyə Aslanovanın şagirdlərinin simasında əsl yaradıcı müəllimin
yaratdığı əsərin şahidi oldum. Bu balaca fidanların gələcəyinə məndə böyük inam
hissi yarandı. Onun bəzi məqamları ilə sizin də tanış olmağınızı istərdim.
Mübarizə həm də rəqabət əhval-ruhiyyəsi yaratmışdı
Müşahidə etdiyim riyaziyyat dərsinin mövzusu
“Toplama və çıxma əməllərinin qarşılıqlı əlaqəsi” idi. “Zəkalar”, “Bilik”,
“Düşüncə”, “Təfəkkür”, “Məntiq” qruplarına ayrılan ikincilər “Toplama və çıxma əməlləri
arasında hansı əlaqələr var” tədqiqat sualı ətrafında araşdırma apardılar. Həzin
musiqi sədaları altında sinifdə, sözün həqiqi mənasında, yarışma başlandı.
Burada bir məqama toxunmaq istərdim ki, Ülviyyə müəllimin ali təhsil aldığı Azərbaycan
Dövlət Pedaqoji Universitetində əlavə musiqi ixtisasına yiyələnməsi dərsin müəyyən
mərhələlərində musiqinin ecazkar imkanlarından istifadə etməsinə yardımçı
olurdu. Hiss olunurdu ki, sinif bütünlüklə hər bir dərsdə mübarizə əhval ruhiyyəsinə
kökləndirilib. Müəllim hələ ilk gündən bu hissi formalaşdırmağı bacarmaqla, əslində
təlim marağını təmin edə bilib. Bunu şagirdlərin baxışlarından belə hiss etmək
mümkün idi. Mübarizə həm də rəqabət əhval-ruhiyyəsi yaratmışdı. Qrup işlərinin
təqdimatı zamanı da bunu görmək mümkün idi. Heç bir şagirdin çıxışı digərini təkrarlamır,
yaradıcı yanaşma, şagirdlərin özlərinin müstəqil fikirləri sezilirdi. Ülviyyə müəllim qarşıya qoyduğu
problemi ümumsinif probleminə çevirməyə nail olmuşdu. Hər bir qrupa ayrı-ayrı
suallar ünvanlansa da, əslində mübarizə bir problemin aradan qaldırılmasına yönəlmişdi.
Və rəqabət hiss olunsa da, hamının eyni məqsəd uğrunda çalışdığı duyulurdu.
Problem üzərində düşünmək, işləmək şagirdi əqli-intellektual
cəhətdən mərhələ-mərhələ inkişaf etdirir
Ümumiyyətlə, sinifdə problem situasiya yaratmaq və
şagirdləri bu problem ətrafında səfərbər etmək müəllimin ustalığına işarədir.
Ülviyyə müəllim sinifdə belə mühit yaratmaqla haqlı olaraq hesab edir ki, həqiqət
problemlərin araşdırılmasından, fikir müxtəlifliyindən doğulduğu kimi, bu, eyni
zamanda şagirdin əqli yetkinləşməsinə, mənən formalaşmasına da yol açır.
Problem üzərində düşünmək, işləmək şagirdi əqli-intellektual cəhətdən mərhələ-mərhələ
inkişaf etdirir. Şübhəsiz ki, Ülviyyə müəllimin dərs prosesində istifadə etdiyi
həzin musiqi də dərketmənin, yaradıcı fəaliyyət göstərmənin
stimullaşdırılımasına yönəlmişdi. Əslində riyaziyyat dərsi olsa da, müəllim
ustalıqla keçidlər edir, musiqi, həyat bilgisi ilə inteqrasiya aparırdı. Bu da
öz növbəsində dərsin mənimsətmə imkanlarını genişləndirməyə xidmət edirdi.
Ümumiyyətlə, inteqrativ şəraitdə qurulan dərslər təfəkkür çevikliyinin inkişafını təmin edən mühüm şərtlərdəndir.
Onun tətbiq etdiyi metodik yanaşma, əgər ilkin mərhələdə təfəkkür çevikliyinin
inkişafına yönəlmişdirsə, dərsin növbəti mərhələlərində artıq təfəkkürün realizəsinə,
yəni öyrədilənlərin tətbiqinə hesablanırdı. Və o, bunu uğurla tətbiq etməyi
bacarırdı. Çalışırdı ki, proses hər bir şagirdi əhatə etsin və hər bir şagirdin
məhsuldar fəaliyyəti təmin olunsun. Bəs o, buna necə olurdu? Birinci növbədə
Ülviyyə Aslanovanın qoyduğu suallar, doğrudur, mövzudan yaranırdı, amma hər bir
sualın məzmununda bir həyatilik var idi. Bu tendensiya Azərbaycan dili dərsində
də davam etdi. Həm də daha da genişliyi ilə... Əslində mövzu da buna şərait
yaradır, müəllim bu imkanlardan istifadə etməklə cəmiyyətin problemlərini
şagirdlərin anladıqları səviyyədə sinifə gətirməyə və onun aradan qaldırılması
yollarını birgə düşünməyə çalışırdı. Görkəmli Azərbaycan şairi Abbas Səhhətin
“Ayı və şir” şeiri cəmiyyəti həm anlamaq, həm də anlatmaq baxımından mühüm əhəmiyyətə
malikdir. Müəllimin qoyduğu “Artıq tamah baş yarar” tədqiqat sualı mövzunu
anlamaq baxımından diqqətəlayiq idi. Uşaqlar da həm görkəmli şairin, həm də öz
müəllimlərinin nə demək istədiklərini dərhal anladılar. Müəllimin izahatından
sonra sinifdə işgüzar mühit yarandı. Əslində mən bundan çox məmnun oldum. Çünki
həyatın, cəmiyyətin problemlərini, incəliklərini xarakterizə edən mövzulara
şagirdlərin daha çox maraq göstərməsi təqdirəlayiq haldır. Amma burada bir
nüansı da unutmaq olmaz. Gərək müəllim həyat gerçəkliklərini elə təqdim etsin
ki, şagirdi yanlış istiqamətə yönəltməsin. Reallıq, bəzən isə acı həqiqətlər
şagirdi ruh düşkünlüyünə də uğrada bilər. Amma təcrübəli müəllim reallığı elə təqdim
edir ki, şagird həqiqəti müəllimin müşaiyəti ilə özü axtarıb tapsın, həyatın
gerçəkliklərini dərk etsin. “Ayı və şir” mövzusu bu baxımdan böyük əhəmiyyətə
malikdir.
Ülviyyə müəllimin dərs prosesnində şagirdlərinə fərdi
yanaşması da diqqətimi cəlb edirdi. O, ayrı-ayrı şagirdləri fəallaşdırmaqla, tədriclə
bütün sinfin eyni ahənglə işləməsini təmin edirdi. O, bununla çalışırdı ki,
sinifdə zəif oxuyan şagirdləri də fəallaşdırsın, onları da dərs prosesinin bir
parçasına çevirə bilsin. Əslində təcrübəli müəllim bu yanaşma ilə şagirdinin
yalnız dərsə marağını deyil, eyni zamanda həyat eşqini təmin edir. Hiss edirdim
ki, Ülviyyə müəllim zəngin mütaliəsinin nəticəsindən, geniş dünyagörüşündən
çıxış edərək ayrı-ayrı səviyyələrə uyğun suallar qoyur, fərqli fərdi
tapşırıqlar verir, hər kəsin müstəqil işləməsinə şərait yaradırdı. Və bütün
bunları o, məharətlə həyata keçirirdi. Hər iki dərsdə qiymətləndirmənin şagirdlərin
iştirakı ilə aparılması da şagird-müəllim əməkdaşlığı, qarşılıqlı anlaşma şəraitində
keçən dərsin məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.
Riyaziyyat dərsində olduğu ki, Azərbaycan dili dərsində
də şagirdlərin yaradıcı yanaşmasının, maraqlı təqdimatlarının şahidi oldum.
Onlar “Ağıllı lövhə”də verilən tapşırıqları yaradıcılıqla yerinə yetirir,
mövzunu məharətlə həyatla əlaqələndirir, öz mövqelərini bildirirdilər. Fikrimcə,
bu, müəllimin ən böyük uğuru hesab oluna bilər.
Qısa arayış
Ülviyyə Aslanova ziyalı ailədə dünyada
gəlib. Atası Salam müəllim ixtisasca dil-ədəbiyyat müəllimi olub. Evdə elmə,
təhsil olan maraq ailənin hər bir üzvünə, o cümlədən Ülviyyəyə də sirayət edib.
O, Azərbaycan Dövlət Pedaqoji Universitetini ibtidai təhsilin pedaqogikası və metodikası
əlavə musiqi ixtisası üzrə bitirib. Ülviyyə müəllimin qardaşı Vaqif və İdris,
bacısı Nüşabə də ali təhsilli müəllimdirlər.
O, 1988-ci ildə Zəngilan rayon
Mədəniyyət şöbəsinin özfəaliyyət dərnəyinin rəhbəri kimi çalışıb. 1993-cü ildə
Zəngilan rayonundakı 3 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi
pedaqoji fəaliyyətə başlayıb. 1995-ci ildən fəaliyyətini Bakı şəhəri Sabunçu
rayon 215 nömrəli, 2011-ci ildən isə 67 nömrəli tam orta məktəbdə davam
etdirir. O, 2013-cü ildə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş
nişanı ilə təltif edilib. Təhsil Nazirliyinin və Azərbaycan Təhsil Şurasının,
eləcə də bir sıra digər təşkilatların keçirdiyi təlimlərdə, elmi-təcrübi konfranslarda
iştirak edərək sertifikatlar, diplomlarla təltif olunub. 2011-ci ildə Azərbaycan Milli Valideyn
Müəllim Assosiasiyası tərəfindən “Azərbaycan, Gürcüstan, Moldova və Polşada
Valideyn-Müəllim hərəkatının inkişafı üçün təcrübə mübadilsinin formalaşması”adlı 4 günlük təlim və
beynəlxalq konfransda iştirak edib. Təhsil Nazirliyinin, eləcə də Təhsil
Şurasının təlimlərində iştirak etməklə “Təlimçi” statusu qazanıb.
“Promethean”İnteraktiv lövhələrdən istifadə üzrə təlim kursunda iştirak edib,
“Müvəffəqiyyət” sertifikatına layiq görülüb.
B.MİKAYILLI
No comments:
Post a Comment