2.10.2015

Coğrafiya qalib gəlmək elmidir

Əziz oxucu! “Coğrafiyanı öyrənmək nə üçün lazımdır?“ sualına siz yəqin ki, belə cavab verərdiniz: dünyanı tanımaq, uzaq-uzaq ölkələr və o ölkələrdə yaşayan insanların həyat tərzi, məşğuliyyəti, eləcə də təbiətdə baş verən təbii hadisələrin səbəbini öyrənmək üçün. Bəzən orta məktəb şagirdləri coğrafiyanı televizorda, mətbuatda rast gəldiyi krossvrdlara, çaynvordlara cavab tapmaq üçün öyrənir. Nə gizlədək,  çox təəssüf ki, coğrafiyanı qiymət xatirinə oxuyan şagirdlərimiz də var.
Gəlin bir anlığa düşünək ki, coğrafiya orta məktəbdə tədris olunan heç də adi bir fənn deyil. Məsələn, coğrafiyanın “qalib gəlmək haqqında elm” olduğu barəsində heç düşünmüsünüzmü? Mənim fikrimcə, şagirdlərimizə coğrafiyanı sevdirməyin daha bir yolu onun məhz bu tərəflərini açıqlamaqdır.
Qədim dövrlərin məğlubedilməz sərkərdələri sayılan Mete xan, Atilla, Şah İsmayıl Xətai, Babək və s. əslində həm də coğrafiyaçılar olmuşlar.
Onlar döyüşün baş verəcəyi yerleri, eləcə də düşmən ordusunun yerləşdiyi mövqeləri diqqətlə araşdırır, kəsə yolları, gizli dağ cığırlarını, meşələri, su və torpaq ehtiyatlarını, döyüş bölgəsinə yaxın yerləşən kəndlərin və yaşayış məntəqələrinin əhalisinin məşğuliyyətini diqqətlə öyrənirdilər. Bütün bunları öyrənmək onlara bir neçə min əsgərdən ibarət ordunu öz arxasınca daha tez, təhlükəsiz aparmaq, həm də yol boyu yedirib içirmək üçün lazım idi. Buna görə də döyüş bölgələrinin dəqiq xəritələri işlənir, ərazini yaxşı tanıyan bələdçilərin köməyindən istifadə olunurdu. Deməli, hələ lap keçmiş zamanlardan coğrafiya elmi döyüş texnologiyasına yardımçı olaraq dahi sərkərdələrə qalib gəlməkdə kömək etmişdir. Yəqin ki, coğrafiya xalqların müqəddəratının təyin olunmasında iştirak edən əsas elm sahələrindən biridir desək, yanılmarıq. Demək, coğrafiya təkcə təbii şəraiti və təbii ehtiyatları öyrənən elm deyil, eyni zamanda“qalib gəlmək haqqında” elmdir! Bəs min illər keçdikdən sonra, müasir dövrdə coğrafiya düşmən üzərində qələbə çalmaqda necə rol oynayır?  Məcburi müharibəyə cəlb olunduğundan torpaqlarının 20%-ni işğal nəticəsində itirən bir ölkənin vətəndaşı olduğumuz üçün bu sualın cavabını bilmək bizim hər birimiz üçün çox vacibdir. Elə isə oxuyaq! Müharibə zamanı coğrafiyaçıların çox mühüm vəzifələri olur. Onlardan bir neçəsi haqqında bilmək maraqlı olardı:
1. Coğrafiyaçılar hərbi əməliyyatların getdiyi ərazilərdə keçilməsi mümkün olan yolları, hava-iqlim şəraitini dərindən öyrənirlər. Bəzən təbiətin şıltaqlıqları da düşmən əleyhinə işlənən tutarlı silah ola bilər. 1812–ci ildə Kutuzov  Napoleonun ordusunu paytaxt Moskvaya bilərəkdən buraxmışdı. Çünki, soyuq və sərt rus qışı-nın mülayim iqlim şəraitində yaşamağa uyğunlaşmış fransız əsgərlərini hər hansı bir amansız döyüşdən daha çox itkiyə məruz qoyacağına əmin idi. Həqiqətən də həmin müharibədə aclıq , soyuq və ölümlə üzləşən fransız ordusu məğlub bir şəkildə geri qayıtmağa məcbur olmuşdu.
Təbiət hadisələrinin müharibələrin gedişinə təsir göstərməsi faktlarına  daha qədim dövrlərdə də rast gəlmk mümkündür. B. e. ə günəş allahına sitayiş edilən Misirdə kahinlər onlara tabe olmayan “dikbaş” fironları günəş tutulması hadisəsi ilə hakimiyyətdən salırdılar. Onlar günəşin hansı gündə tutulacağından qabaqcadan xəbərdar olmaqla hadisələri öz xeyirlərinə cərəyan etdirməyə müvəffəq olur-dular.
2.     Müharibə zamanı coğrafiyaçılar təbii və mədəni landşaftı öyrənirlər. Meşələr, dərin dərələr, yarğanlar, kanyonlar və s. hücum və əkshücum zamanı maskalanaraq düşməndən  gizlənmək üçün məharətlə istifadə olunur.
3.     Hərbi əməliyyatların keçirildiyi ərazilərin dəqiq topoqrafik xəritələri tərtib olunur. Coğrafiyaçı topoqraflar ordunun “görən gözü“dür. Topoqrafik xəritə coğrafiyanın müxtəlif sahələri olan geodeziya, kartoqrafiya və topoqrafiyanın birgə məhsuludur. Xüsusilə müharibə Dağlıq Qarabağ kimi çox kiçik bir ərazidə aparılarkən dəqiq topoqrafik xəritələr əvəzolunmazdır.
4.                     Müharibə zamanı relyef, torpaq, yeraltı su ehtiyatları, bulaqlar, çeşmələr, şirin su quyuları öyrənilir. Döyüş zamanı rəqib tərəflər  çalışır ki, ərazidə olan ən yüksək təpəni ələ keçirsin. Çünki, yüksək relyef mühüm strateji əhəmiyyətə malikdir, görmə məsafəsini aydınlaşdırır və düşmənin hərbi əməliyyatlarını aydın izləmək imkanı verir. Yəqin ki, böyük Kirs dağının (2725 m) ətəklərində yerləşən əhəng daşı qatlarından əmələ gəlmiş təbii qala sayılan Şuşa yaylasını əldən verməklə necə bir əlverişli strateji nöqtəni itirməyimizi izah etməyə ehtiyac yoxdur.
5.                     Hamımıza yaxşə məlumdur ki, döyüş gedən ərazilərdə çoxlu dağıntılar baş verir: yaşayış məntəqələri yandırılır, yollar, körpülər uçurdular. Xüsusilə geri çəkilən düşmən ordusu ardınca gələnlərin yolunu bağlamaq üçün dağıntılar törədir. Ona vaxtında yetişmək üçün dağılmış yolları və körpüləri yubanmadan bərpa etmək lazım gəlir. Bu zaman yaxınlıqda olan yerli tikinti materialları köməyə gəlir ki, belə yataqların aşkara çıxarilması ilə də məhz coğrafiyaçılar məşğul olur.
6.                     Meteoroloqlar  hava haqqında proqnozlar verməklə döyüşün taleyinə təsir göstərə bilirlər. Məsələn, havada sıx duman olması kəşfiyyata gedən döyüşçülər üçün nə qədər sərfəlidirsə, havadan zərbə endirmək üçün görmə məsafəsini çətinləşdirdiyinə görə əlverişli sayılmır.
7.                     Hidroresurslardan  istifadənin öyrənilməsi də müharibə zamanı ən aktual sahələrdən biridir. Döyüşdə heç bir tərəf dövlət əhəmiyyətli su hövzələrini; çayları, gölləri, su anbarlarını və s. əldən vermək istəmir. Adətən, belə obyektlər uğrunda qızğın döyüşlər gedir. Çünki, bu mühüm su obyektləri vasitəsi ilə sonradan düşmənə təzyiq göstərmək mümkündür. Məsələn, Tərtər çayı üzərində tikilmiş Sərsəng su anbarı və buradan başlayan suvarma kanalları vaxtı ilə respublikanın iqtisadiyyatında mühüm rol oynayırdı. Lakin çox təəssüf olsun ki, 1993-cü ildə Ağdərə rayonu erməni təcavüzkarları tərəfindən işğal olunduqdan sonra Tərtər su qovşağının fəaliyyəti pozulmuşdur. Hələ bu azmış kimi mənfur düşmənlərimiz Sərsəng su anbarının hidroresurslarından bu günə qədər bizim əleyhimizə istifadə etməkdədirlər. Onlar Tərtər çayının bolsululuq dövründə anbardakı suyu buraxaraq Azərbaycan ərazisində çay yatağı boyunca yerləşən yaşayış məntəqələrinin və əkin sahələrinin su altında qalaraq məhv olmasına səbəb olur. Yay aylarında, su ehtiyatlarının azaldığı dövrdə isə suyun suvarma kanallarına daxil olmasına mane olaraq kənd təsərrüfatımıza bilərəkdən ziyan vurmağa çalışırlar.
8.              Son dövrlərdə müharibənin daha müasir növü -“ekoloji müharibə” deyilən bir anlayışa rast gəlirik. Sözsüz ki, bu çox qorxulu bir situasiyadır. “Ekoloji müharibə” zamanı düşmən tərəf öz rəqibinə qalib gəlmək üçün hətta bütün dünyanın ekoloji dəyərlərinə ciddi ziyan vurmağı belə göz altına alır. Bu isə bir ölkəyə deyil, bütün bəşəriyyətə vurulan, bəzən də bərpası mümkün olmayan ziyandır. Azərbaycanın ikinci böyük tranzit çayı olan Araz təcavüzkar Ermənistanın apardığı elan olunmamış “ekoloji  müharibə” nəticəsində həddindən artıq çirklənmişdir. Bu ölkənin atom elektrik stansiyasından çaya axıdılan tullantıların tərkibində qurğuşun (Pb), civə (Hg) və insan orqanizmi üçün həddindən artıq təhlükəli olan bir çox ağır metalların miqdarı normadan yüz dəfələrlə çoxdur. Belə suyu nəinki içmək, heç əkin sahələrini suvarmaq da olmur.  Ermənistanın Qafan və Gorus rayonları ərazisindən suya axıdılan dağ-mədən sənayesi tullantıları ilə çirklənmiş Araz çayı ölkəmizin ərazisinə daxil olub bütün çirkabı da özü ilə bərabər gətirərək Kür çayına tökülür. Nəzərə alsaq ki, Bakı şəhərinin əhalisinin böyük  bir hissəsi hələ də Kür çayından içməli su mənbəyi kimi istifadə edir, onda bu prossesin genefondumuza necə böyük zərbə vurduğunun şahidi olarıq. Hal-hazırda respublikamızda mədə xorası xəstəliyindən əziyyət çəkənlərin həm sayı 30- 40 il bundan əvvəlki illərə nisbətən xeyli artmış, həm də xəstəliyin yaşı cavanlaşmışdır. Indi biz  hətta yeniyetmələr arasında da xeyli sayda  bu xəstəliyə tutulanlara rast gəlirik. Bunun əsas səbəbi içdiyimiz suyun tərkibinin ekoloji cəhətdən natəmiz olmasıdır. Bu hələ hamısı deyil! Araz Kürə qovuşduqdan sonra Kür də öz növbəsində dünyanın ən böyük gölü olan Xəzərə tökülərək onu çirkləndirir. Nəticədə nadir balıq növlərinin yox olma təhlükəsi yaranır. Görün, qonşuya pislik etmək niyyəti sonda hansı nəticələrə gətirib çıxarır! Bu yolverilməzdir!   
Əziz oxucu! Biz coğrafiyaçıların cəbhə bölgəsində hərbi əməliyyatları öz xeyrimizə dəyişdirə biləcəyinə dair yalnız bir neçə misal göstərdik. Bu siyahını xeyli uzatmaq da olar. Indi özünüz qərar verin: coğrafiyanı oxumağa və sevməyə dəyərmi?!.                               
Sevinc ABBASOVA, Bakı  şəhəri Binəqadi rayonu Q.Abbasov adına 284 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

"Ən yaxşı məqalə" müsabiqəsinə təqdim olunub. 

No comments:

Post a Comment