Müasir
məktəbin başlıca vəzifəsi
Bir
neçə il əvvəl Mingəçevir məktəblərindən yazı hazırlamaq üçün bu şəhərə ezam
olunanda tanış olduğum məktəblərdən biri də Texniki Humanitar Təmüyüllü Lisey
olmuşdu. Şəhər Təhsil Şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sahib
Məmmədov ilk görüşümüzdə qeyd etmişdi ki, bu təhsil ocağı şəhərin zəngin
ənənələri olan məktəblərindən əldə etdiyi nailiyyətlər baxımından, gənc olsa
da, geri qalmır. Doğrudan da, məktəblə
tanışlıqdan sonra bu qənaət özünü doğrultmuşdu.
1990-cı
illərin əvvəllərindən etibarən Mingəçevirdə təhsil sahəsində müşaiyət olunan
inkişaf meylləri, eləcə də məktəblərdə şagird sıxlığının meydana gəlməsi
yeni-yeni təhsil ocaqlarının yaranmasına da yol açırdı. Şəhər 15 nömrəli tam
orta məktəb də 1992-ci ildə bu inkişafın bariz nümunəsi olaraq yarandı. Amma
şübhəsiz ki, 1953-cü ildə inşa olunmuş binada fəaliyyətə başlayan məktəb
maddi-texniki bazanın zəifliyi ucbatından çox çətinliklərlə üzləşdi. Və bu
çətinliklər əhatəsində fəliyyətinin ilk illərindən direktor Sahib Məmmədovun
rəhbərliyi ilə müasir pedaqoji texnologiyaları təlim-tərbiyə prosesinin aparıcı
istiqamətinə çevirən kollektiv böyük
uğurlara imza atmağı bacardı. İki il əvvəl bu təhsil ocağının fəaliyyətinə həsr
etdiyim “Yeni
hədəflərə doğru” adlı yazıda qeyd etmişdim ki, məktəb 2005-ci
ildə Respublikanın 50 ən yaxşı məktəbi sırasına daxil oldu. 2007-2008-ci dərs
ilində isə Respublikanın 20 ən yaxşı təhsil müəssisəsi arasında 9-cü yerdə
qərarlaşdı. Ali məktəblərə yüksək balla qəbul olanların sayı ilbəil artmağa
başladı. Şübhə yoxdur ki, bu, qarşısına cəmiyyətimiz üçün layiqli vətəndaşların
formalaşdırılıması kimi müqəddəz amal qoymuş pedaqoji kollektivin gərgin
əməyinin nəticəsi idi. Bu təhsil ocağı yaranan gündən gənclərin yüksək mənəvi
ideyalar, milli və bəşəri duyğular, vətəndaşlıq ruhunda tərbiyə olunması
prioritet təşkil etmişdir. Əgər belə demək mümkünsə 15 nömrəli tam orta məktəb
zamanın inkişaf dinamikası ilə ayaqlaşmağı qarşıya bir nömrəli vəzifə kimi
qoymuşdu. Keçilən yola nəzər saldıqda görmək mümkündür ki, istər müstəqilliyimizin
ilk illərində, istərsə də Təhsil İslahatlarının uğurla tətbiq olunduğu 21-ci
əsrdə zamanın nəbzi bu təhsil ocağının pedaqoji kollektivinin ürəyində, onların
böyük həvəslə dərs keçdikləri şagirdlərinin qəlbində döyünmüşdür.
Bu da
danılmaz həqiqətdir ki, 2008-ci ilin 18 martında o vaxtkı təhsil naziri cənab
Misir Mərdanovun 347 saylı əmri ilə liseyə çevrilən 15 nömrəli tam orta məktəb
elə həmin vaxtdan fəaliyyətinin yeni mərhələsinə qədəm qoydu. Daha böyük
uğurlar hədəfə alındı, müasir texnologiyaların tədrisə daha optimal tətbiqi
gündəmə gəldi. Və Azərbaycan təhsilinin inkişafı istiqamətində misilsiz
xidmətlər göstərən Heydər Əliyev Fondu və Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın təşəbbüsü ilə Lisey üçün müasir memarlıq üslubunda bina tikildi.
Əslində bu, Mingəçevir təhsilinə, onun istedadlı, vətənpərvər, sabaha inamlı
gənclərinə böyük bir hədiyyə idi.
Bu
gün təhsil ocağına rəhbərlik edən təcrübəli məktəbşünas Nailə Məmmədova bu
məktəbin yaradıcılarındandır. Nailə Məmmədova müəllim ailəsində anadan olub.
Atası Famil Məmmədov, anası Minayə xanım ömürlərini gənc nəslin təlim-tərbiyəsi
işinə həsr ediblər. O, hələ 1992-ci ildə 15 nömrəli məktəb yaradılarkən burada
təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Məktəbin o
vaxtkı direktoru Sahib Məmmədovla birlikdə “Gələcəkdə şəhərin, həm də
respublikanın ən yaxşı məktəblərindən birini yaratmaq” kimi çoxlarına xəyal
görünən bir işin öhdəsindən gəlməyi bacarıb.
Məktəbin möhkəm təməllərinin yaradılmasında yaxından iştirak edib. O,
2013-cü ildən liseyə rəhbərlik edir. Mingəçevir təhsilində səriştəli təhsil
işçisi kimi tanınan Nailə Məmmədova liseyin fəaliyyətini yaradılan təməllər
üzərində sabaha inamla aparmaqdadır. Bunu faktlar da sübut edir.
Nailə
Məmmədova qeyd edir ki, bu gün liseyin ənənələrinin yaşadılması, nailiyyətlərin
ildən-ilə artmasının ən mühüm səbəbi öz işinin mahir bilicisi olan müəllimlər,
eyni zamanda, ölkədə həyata keçirilən təhsil layihələridir. Ölkə başçısı cənab
İlham Əliyevin sərəncamı ilə həyata vəsiqə qazanan “Təhsil Sahəsinin İnkişafı
üzrə Dövlət Strategiyası” müasir dövrdə
təhsilimizin inkişafını stimullaşdıran, onun dünya təhsili ilə inteqrasiyasına
yol açan amillərdəndir. Bu gün Texniki Humanitar Liseydə təkcə
Mingəçevirdə deyil, respublikamızda qabaqcıl kimi tanınan müəllimlər
çalışırlar. Onlardan “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Mahiyyə
Məmmədlini, Respublikanın əməkdar müəllimi, dərslik müəllifi Sevda
İsmayılovanı, dərslik müəllifi “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif
edilmiş Arzu Hüseynovanı, Yaşar İsmayılovu, Aygün Novruzovanı, Söylü
Qorçiyevanı, Aytən Əliyevanı, Cəmilə Namazovanı, Elmizalə Namazovanı, Zemfira
Talıbovanı, Kəmalə Mayılovanı və digərlərini göstərmək olar. Qeyd edim ki,
məktəbin müəllimləri Arzu Hüseynova və Leyla Camalovanın hazırladıqları
“İnformasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə tətbiqi”, eləcə
də “Riyaziyyat” adlı vəsaitləri Mingəçevir müəllimlərinin marağına səbəb
olub.
Bu
gün Texniki Humanitar Təmayüllü Liseyin fəaliyyəti bir neçə istiqamətdən
diqqəti cəlb edir. Onlardan biri təhsilyönümlü, inkişafyönümlü layihələrdir.
Lisey artıq xeyli müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondu tərəfindən həyata keçirilən “Qardaşlaşmış məktəblər” layihəsinə qoşulmuşdur.
Bu layihə çərçivəsində lisey Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən 2
nömrəli tam orta məktəblə qardaşlaşıb. Nailə Məmmədovanın sözlərinə görə,
Horadizdə keçirilən görüşlər hər iki məktəbin şagirdləri üçün unudulmaz
xatirəyə çevrilib. Füzuli rayon İcra Hakimiyyyətinin başçısı tərəfindən
nümayəndə heyətinin qəbul edilməsi, şagirdlərin Füzuli rayonunun tarixi,
mədəniyyəti, erməni qəsbkarları tərəfindən işğalından əvvəlki və sonrakı
vəziyyəti ilə tanışlığı öyrədiciliyi ilə diqqət çəkib. Horadiz məktəbində
keçirilən bilik yarışında liseyin şagirdləri qalib gələrək kuboka layiq
görülüblər. Qardaşlaşmış məktəblər layihəsi çərçivəsində Horadiz 2 nömrəli tam
orta məktəbdə simvolik “Dostluq ağacı” düzəldiblər. Texniki Humanitar Liseydə
isə bu görüşdən xatirə olaraq guşə yaradılıb.
Füzulili şagirdlərin də Mingəçevir səfəri maraqlı keçib. Nailə Məmmədova
qeyd edir ki, ümumiyyətlə şagirdlərin bu kimi layihələrə qoşulması təqdirə
layiq haldır. Bu tədbirlər gənclərin dünyagörüşünün inkişafına təsir etməklə bərabər,
məktəbdə təlim-tərbiyə işinin də keyfiyyətinin yüksəlməsində əhəmiyyətli rol
oynayır. O, bu kimi tədbirlər silsiləsindən “Azərbaycanı tanıyaq”, tanınmış
tənqidçi Rüstəm Kamalla keçirilən görüşün də əhəmiyyətindən bəhs etdi.
Vurğuladı ki, Bilik Fondu ilə birgə keçirdikləri multikulutralizm və geni
dəyişdirilmiş qida məhsulları ilə bağlı tədbirlər də maraq doğurub.
Ümumiyyətlə, məktəbdə 11 pilot layihə fəaliyyət göstərir ki, bunların hər biri
təlim keyfiyyətinin yüksəldilməsində müstəsna əməmiyyətə malikdir. Təcrübəli
məktəb direktoru bu layihələrə misal olaraq ingilis dilinin, rus dilinin
intensiv tədrisi, inklüziv təhsil və digərlərinin adını çəkdi, onları müasirlik
baxımdan xarakterizə elədi.
Nailə
Məmmədova hesab edir ki, şagirdlərin mənəvi dünyasının, həyata, cəmiyyətə
baxışlarının formalaşdırılıması müasir məktəbin vacib vəzifələrindən biridir.
Odur ki, müəllim yalnız dərsini deməklə kifayətlənməməli, şagirdlərini həyata
hazırlamağın metodikasını da bilməli və onu tətbiq etməlidir. Nə yaxşı ki, bu
gün Texniki Humanitar Liseydə belə müəllimlər çalışırlar. Məhz bunun
nəticəsidir ki, bu gün Liseyin məzunları respublikanın nüfuzlu ali təhsil
ocaqlarına yüksək balla qəbul olur, cəmiyyətdə layiqli mövqeləri ilə
seçilirlər. Nailə Məmmədova söyləyir ki, onlar hələ birinci sinifdən başlayaraq
təlim-tərbiyə işinə kompleks yanaşmağı qarşılarına məqsəd kimi qoyurlar. Hər
bir müəllimin özünün sinifdənxaric və məktəbdənkənar tədbirlər planı olur. Bu
tədbirlər planına şəhərin tarixi yerlərinə ekskursiyalar, görkəmli
şəxsiyyətlərlə görüşlər, milli-mənəvi dəyərlərin, adət-ənənələrin aşılanması
istiqamətində tədbirlər və.s daxildir. Bu kimi tədbirlər həm siniflər, həm də
lisey səviyyəsində təşkil olunmaqla, şagirdlərin marağına səbəb olur.
Nailə
Məmmədova qeyd edir ki, məktəbin qabaqcıl müəllimlərindən Arzu Hüseynovanın,
Yaşar İsmayılovun, Aygün Novruzovanın iş təcrübəsi öyrənilərək şəhər məktəbləri
arasında yayılıb. Ümumiyyətlə məktəbdə iş təcrübəsinin öyrənilməli cəhətləri
olan müəllimlər çoxdur. Onların hər birinin fəaliyyəti tədriclə öyrənilib
yayılacaqdır. Məktəbdə yaxınlarda fəaliyyətə başlamış “Tədris mərkəzi”nin
məqsədlərindən biri də elə budur. Nailə Məmmədova qeyd edir ki, müasir təlim
texnologiyalarının, dünya təhsilinin qabaqcıl ənənələrinin, informasiya-kommunikasiya
texnologiyalarının müəllimlərə öyrədilməsi bu gün qarşıda dayanan mühüm
vəzifələrdəndir. Liseydə fəaliyyətə başlamış “Tədris mərkəzi” artıq metodiki
vəsaitlərlə təmin olunmaqdadır. Bu mərkəzdə təlim keyfiyyətinin yüksəldilməsi
istiqamətində müxtəlif mövzulu seminarların, konfransların, görüşlərin,
əbəbi-bədii kompozisiyaların keçirilməsi, pedaqoji mətbuatın oxusunun təşkil
edilməsi, elmi jurnallarda dərc olunan metodiki məqalələrin müzakirəsinin aparılması və s. nəzərdə tutulmuşdur.
Məktəbdə
fənn kabinetlərinin tərtibatına da xüsusi diqqətlə yanaşılır. Kabinetlərdə fənnin tədrisində gərəkli olan
məlumatlarla yanaşı, mənəvi dəyərlər aşılayan bilgilərə də rast gəlmək
mümkündür. Məktəbin rəhbərliyi fənn kabinetlərinin tərtibatına yetirdikləri diqqətlə
sanki şagirdin əlindən tutub onu keçmişinə səfərə çıxarır, gələcəyə uğurla
addımlamağın yollarını göstərir. Şagird məktəbdə hər addımbaşı ölkəsinin
tarixi, mədəniyyəti, incəsənəti, idmanı, musiqisi ilə bağlı informasiya
xarakterli guşələrlə rastlaşır. Bütün bunlar onda Vətəni haqqında məlumatlar
formalaşdırır, sevgi hissi yaradır. Fənn kabinetləri isə sanki, dəhlizlər
boyunca düzülmüş interyeri tamamlayır. Fənn kabinetlərindən söz düşmüşkən qeyd
edim ki, liseyin hər cür əyani-texniki vasitələrlə təchiz edilmiş kimya,
biologiya, fizika fənn kabineti bu fənnləri müasir tələblər səviyyəsində
qurmağa tam imkan verir. Fizika kabinetində təcrübəli müəllim Cəmilə
Namazovanın 7-ci sinifdə əyani vəsaitlərdən istifadə etməklə apardığı dərsdə də
laboratoriya cihazlarının nə qədər mühüm əhəmiyyət daşıdığının şahidi oldum.
Müəllimin dərsdə həyata keçirdiyi hər bir təcrübə şagirdlərin marağına səbəb
olmaqla, dərsin mənimsənilməsində əhəmiyyətli rol oynayırdı. Bəlkə də bu kimi
amillərin təsirinin nəticəsidir ki, lisey məzunlarının ali məktəblərə qəbul
faizi ilbəil artır. Ötən il üçün bu göstrici 62 faiz təşkil edib. Şagirdlərin
fənn olimpiadalarının respublika turunda uğurlu çıxışları da intensiv xarakter
alıb. Bu il Azərbaycanda keçiriləcək 47-ci beynəlxalq kimya olimpiadasının zona
mərhələsinə liseyin 4 şagirdi vəsiqə qazanıb.
Liseydə
istedadlı şagirdlərin aşkara çıxarılması və onların inkişafına şərait
yaradılması istiqamətində sistemli iş aparılır. Nailə Məmmədova qeyd edir ki,
bu istiqamətdə işlər hələ şagird məktəbə gəlməmişdən başlayır. Onlar uşaqları
məktəbə qəbul edərkən xüsusi testlər əsasında şagirdin qabiliyyətini
müəyyənləşdirirlər. Uşaq birinci sinfə qəbul edildikdən sonra isə onun
fəaliyyəti sistemli olaraq izlənilir. Şagirdlərin yaradıcı işlərinin, yaradıcılıq
imkanlarının realizəsi üçün müvafiq şərait yaradılır. Şeir, rəsm, əl işləri
müsabiqəsi mütəmadi olaraq təşkil olunur. Bu zaman qabiliyyətli şagirdlər də,
şübhə yoxdur ki, aşkar edilir. Maraqlı cəhət burasıdır ki, liseydə yalnız
şagirdlərin deyil, müəllim və valideynlərin də yaradıcılıq imkanlarının meydana
qoyulması üçün müəyyən tədbirlər həyata keçirilməkdədir. “Qiraət axşamları”nın,
əl işlərindən ibarət sərgilərin keçirilməsi buna misal ola bilər. Nailə
Məmmədova müasir dövrdə valideyn-məktəb əlaqələrinin daha mühüm əhəmiyyət
daşıdığını qeyd edir. Odur ki, liseyin valideynlərlə əlaqələrinin günü-gündən
genişlənməsi pedaqoji kollektivin qarşısında mühüm vəzifə kimi dayanır. Əslində
müasir dövrün təhsili də bunu tələb edir, deyə Nailə Məmmədova vurğulayır.
Artıq yeddi ildir ki, tətbiq olunan fənn kurikulumları övladlarını ənənəvi
təhsillə oxutmağa öyrəşmiş valideynlər üçün müəyyən suallar yaradır.
Valideynlərlə mütəmadi olaraq keçirilən sinif, məktəb iclaslarında bu suallara
cavablar axtarılır, təkliflər, tövsiyyələr irəli sürülür, yeniliklərin
mahiyyəti dolğunluğu ilə izah olunur. Nailə Məmmədova söyləyir ki, pedaqoji
yenilikləri bilmək valideynlər üçün də vacibdir. Axı, övladlarının
təlim-tərbiyəsi qayğısına qalmaq məktəblə bərabər onların da işidir.
Bu
gün Mingəçevir Texniki Humanitar Təmayüllü Lisey özünün yeni inkişaf
mərhələsini yaşayır. Çətinliklərlə keçən günlər artıq arxada qalsa da, o illər
kollektivə çox şeyi öyrədib. Ən əsası da hər cür çətin şəraraitdə işləməyi
öyrədib. Bu gün isə Texniki Humanitar Lisey müasir Azərbaycan təhsilinin ən
qabaqcıl təhsil ocaqlarından biri sayılır. Liseyin adı respublikanın ən yaxşı
təhsil ocaqları ilə bir sırada çəkilir. Burada geniş və işıqlı, maraqlı
tərtibatlarla zəngin 60 sinif otağı, laboratoriyaları olan fizika, kimya,
biologiya kabinetləri, 2 kompüter otağı, müasir işıqlandırma sistemi, 250
oturacaq yeri olan akt zalı, örtülü idman zalı, tədris mərkəzi, zəngin
kitabxana, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən guşə
müəllim və şagirdlərin istifadəsindədir. Bütün bunlar, liseydə təlim-tərbiyə
işinin yüksək səviyyədə təşkil olunmasına yol açan amillərdəndir. Ən mühüm amil
isə yüksək intellektual potensiala malik olan pedaqoji kadrlar, eləcə də
hərtərəfli inkişafa stimul yaradan demokratik olunmadır. Bu gün liseydə bu
amilləri də görmək mümkündür. Odur ki, bu təhsil ocağında gələcəyin hərtərəfli
şəxsiyyətinin yetişdirilməsinə yüksək inam var.
Böyükağa
MİKAYILLI
No comments:
Post a Comment