Şagird o zaman müstəqil
düşüncəyə, azad qərarlar qəbul etmək, nəticəyə gəlmək qabiliyyətlərinə mailk
olur ki, bütün bunları həm də müəlliminin şəxsiyyətində görsün, ondan əxz
etsin. Müəllim bu qabiliyyətləri şagirdinin hisslərində, düşüncələrində
cücərtməklə, əslində gələcəyin şəxsiyyətini, vətəndaşını formalaşdırmaq kimi mühüm bir vəzifəni yerinə
yetirir. Bu vəzifənin öhdəsindən isə yalnız özü də vətəndaşlıq xüsusiyyətlərinə
malik olan müəllim gələ bilir. Xəyalə Veyisovanın dərsində müşahidə etdiyim
ilkin təəssüratlar bunlar idi. Məhz bu xüsusiyyətlər idi ki, Xəyalə Veyisovanın
şagirdlərində elmə, təhsilə, bəşəriyyətə, vətənə məhəbbət yaratmışdı. Xəyalə
Veyisovanın dərsi şagirdləri üçün dünyanı anlamağın, təbiəti dərk etməyin
başlanğınc nöqtəsi idi desəm, məncə yanılmaram. O, sanki bu nöqtədə dayanıb ən
mürəkkəb mətləblərin qapısını döyürdü. Şagirdlərinə izah etməyə çalışırdı ki,
dünyanın mətləblərini anlamaq üçün elmin çərçivələrindən aşmaq lazımdır.
Çərçivədəkiləri hamı bilə bilər. Amma dünyanı dərk etməyin yolu elmi
incəliklərə qədər mənimsəməkdən keçir.
Onun 7-ci sinifdə “Dünya
okeanının hissələri” mövzusunda dərsi maraqlı bir nöqtədən başladı. Bu o nöqtə
idi ki, dünənki dərsdə qoyulmuşdu. Və şagirdlər əslində o nöqtədən sonra çox
işləmiş, düşünmüş, tədqiqat aparmışdılar. Əks halda müəllimin tətbiq etdiyi
“Auksion”da bu qədər fəallıq nümayiş etdirə bilməzdilər. “Auksion”da şagirdlər
“Ən uca zirvə”, “Ən uzun çay”, “Ən böyük okean”, “Ən duzlu okean”, “Ən uzun
boğaz”, “Ən böyük körfəz”... və digər “ən”ləri söyləməli, təkrara yol verən,
yaxud cavab verə bilməyən şagird yarışmanı tərk etməli idi. Müəllim biliklərini
nümayiş etdirmək üçün şagirdlərinə mükəmməl mühit yaratmışdı. Heç kəs yarışı
məğlub tərk etmək istəmirdi. Amma bunun üçün bilik və onu tətbiq etmək bacarığı
tələb olunurdu. Bu isə zamanla aşılanmışdı. Fikrimcə, müəllimin motivasiya və
“Auksion”la şagirdlərində beyin məşqi aparandan sonra dərsi yüksək qavrama
şəraitində təşkil edəcəyi şübhə doğurmurdu. Bu mərhələdən sonra sinif “Ağ”,
“Qara”, “Qırmızı”, “Sarı” adlandırılmaqla dörd qrupa bölündü. Sinfi sanki dəniz rəngləri ilə boyayan müəllim qruplara
iş vərəqlərini paylayarkən şagirdlərinin ingilis dilindən biliklərini də sınağa
çəkdi. Şagirdlər qrupların adını ingilis dilində ifadə etdilər.
İlk cavab “Qırmızı”lardan
gəldi. Onlar “Xəzər” gölünün dəniz adlandırılmasının səbəbini araşdırdılar. Qrupun
bütün üzvləri lövhə qarşısına çıxdılar. Maraqlı cavabları ilə diqqətə gəldilər.
Bu cavablarla şagirdlər “Xəzər” haqqında yalnız müasir bilgilər deyil,
tarixi-coğrafi, etnoqrafik bilgilərə, təbiətdə əsrlər boyunca gedən proseslər
haqqında məlumatlara da sahib olduqlarını meydana qoydular. Əhəmiyyətli cəhət
bu idi ki, qrup üzvləri sualları təşkil
etdikləri səhnəciklə təqdim etdilər. Özünü telereportyor kimi təqdim edən
şagird qrup üzvlərinidən və sinfin digər şagirdlərindən müsahibə yolu ilə
cavabları alırdı. Müsahib qismində çıxış edən şagird-sakin Xəzər dənizi
haqqında bilgilərini nümayiş etdirməklə yanaşı, onun problemlərini də ifadə edirdi.
Əslində müəllim şagirdləri cəmiyyətin problemləri, elmi məsələlər ətrafında cəm
etməklə, yetirmələrini gələcəkdə qarşıya çıxacaq daha ciddi sualların həllinə
hazırlayırdı. Şagirdlərin cavablarını ümumiləşdirməklə, onların ümumi məqsədə
doğru düzgün istiqamət tutmalarına təkan verirdi. Yəni yalnız bilik deyil, eyni
zamanda vətəndaşlıq mövqeyi də aşılayırdı.
“Qara”qrupuna təqdim edilən
iş vərəqində “Daxili dənizləri mavi, kənar dənizləri yaşıl, adalararası
dənizləri qırmızı rənglə rəngləmək” tapşırıldı. Bunlarla yanaşı, dəniz nədir?,
daxili dəniz nədir? Kənar dəniz nədir? kimi suallar qoyuldu. Bu sualları iş
vərəqi üzərində cavablandıran şagirdlərin coğrafiyadan hansı biliklərə sahib
olduqlarını aydın gördüm. Ümumiyyətlə coğrafiya qlobal mahiyyətli fəndir. Bu
fənn imkan verir ki, müəllim şagirdlərinin təfəkküründə geniş düşüncə diapozonu
yarada bilsin. Əgər coğrafiya müəllimi dərs prosesini tarix, biologiya,
riyaziyyat, fizika, təsviri incəsənətlə əlaqəndirməyi bacararsa, daha böyük uğur
əldə edəcəyi şübhəsizdir. Etiraf edim ki, Xəyalə Veyisova bunu bacarmışdı.
Şagirdlər yeri gəldikçə rəsm çəkir, suala şeirlə cavab verir, riyazi
hesablamalar aparır, öz cavabları ilə dünyanın coğrafi mənzərəsini
yaradırdılar. O, şagirdlərinin hər birini yaradıcı işləməyə stimullaşdıra
bilmişdi. Dərs boyunca sullara daha ətraflı cavab verən şagirdlərin elə
şagirdlərin özləri tərəfindən kiçik hədiyyələrlə rəğbətləndirmələri də dərsin
maraqlı məqamlarından idi.
“Ağ qrup” okeanlar haqqında
danışdı. Digər qruplarda olduğu kimi, onlar da şagird yoldaşlarına suallar
ünvanlamaqla, onları okeanlar haqqında problem ətrafında düşünməyə sövq
etdilər. Bu məqamda qeyd etmək istərdim ki, müəllimin mövzunu bütün sinfə
mənimsətmək üçün seçdiyi bu metod əslində özünü doğruldurdu. Birincisi ona görə
ki, sinif qruplara bölünsə də, hər bir qrupa ayrı-ayrı tapşırıqlar ünvanlansa
da, bütün sinif eyni problem üzərində işləyir, eyni nəticəyə gəlirdi. Bir qrupa
ünvanlanmış sual ətrafında digər qruplar da düşünürdülər. İkincisi, sinif
kollektiv əməkdaşlıq şəraitində işləməyə alışırdı.
Müəllim “Sarı” qrupa
ünvanlıdığı “Okeanın çirklənmə səbəblərini və ona uyğun təkliflər yazın” sualı
ilə şagirdlərin qarşısında daha bir qlobal problem qoymaqla, onları bu xüsusda
düşünməyə dəvət etdi. Maraqlı cavablar, eləcə də rəsmlər meydana çıxdı. Bu
qrupun təmsilçiləri də suala qlobal mahiyyətli cavablar verməyi bacardılar.
Onların da cavablarından aydın olurdu ki, mövzu ilə bağlı əhatəli biliklərə
malikdirlər. Dünyanın ekoloji tarazlığının qorunması istiqamətində irəli
sürdükləri fikirlər, təkliflər orijinallığı ilə bərabər, həm də aktual mahiyyət
daşıyırdı. Xəyalə müəllimin dərsdə nail olduğu ən mühüm cəhətlərdən biri də o
idi ki, qrupun hər bir üzvünə liderlik imkanları yaradılırdı. Hamı sərbəst fikir
söyləyir, problemə özünəməxsus yanaşma nümayiş etdirirdilər.
Daha sonra sinif “Tap
görüm” oyunu ətrafında səfərbər olundu. Bu oyun coğrafiya dərsinin “ürəyi”-xəritə
üzərində işlə müşaiyət olundu. Şagirdlər xəritə üzərində işləmək bacarııqları
ilə də diqqəti cəlb etdilər. Şagirdlərin verilən tapşırıqları dərhal yerinə yetirmələri,
məntiqli, məzmunlu cavabları deməyə əsas verirdi ki, Xəyalə Veyisovanın
dərsləri hər zaman öyrədiciliyi, əhatəliliyi, məzmun zənginliyi şəraitində
keçir. Onun əyani vəsaitlərlə zəngin olan “Coğrafiya” kabineti yaratması, İKT-dən,
mütərəqqi təlim metodlarından bacarıqla istifadə etməsi, respublika miqyaslı
müxtəlif müsabiqələrdə qalib gəlməsi, nəhayət ölkə başçısı cənab İlham Əliyevin
sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməsi də gənc ikən ustalaşan
müəllimin gələcək uğurlarından soraq verir. Xəyalə müəllimin şagirdlərinin
qazandığı uğurlar da bu gün təkcə onun deyil, Kürdəmir təhsilinin adına
başucalığı gətirir. Onlardan bəzilərinə nəzər salaq: Türanə Babaşova 645 balla
Bakı Dövlət Universitetinin “Gömrük işinin təşkili”, Səadət Hacıyeva 602 balla
Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq münasibətlər, Səbinə Piriyeva
509 balla Azərbaycan Müəllimlər İnstitutunun Coğrafiya müəllimliyi, Tutu
Hüseynzadə 543 balla Azərbaycan Dövlət İqtisad Universitetinə, Ayşən Yusifova
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olunmuşdur. Xəyalə
Veyisovanın müşahidə etdiyim bir dərsində - “Dünya okeanının hissələri”
mövzusunun mənimsədilməsinə nail oldu. O, bu dərsdə öz məqsədinə çatdı. Amma ən
böyük məqsədlər isə şagirdlərinin nail olduğu uğurlardır. Bu isə zaman-zaman
əldə olunur...
Məlum olduğu kimi, Coğrafiya
fəninin tədrisində əsas tələblərdən biri də əyanilik və praktik işlərin yerinə
yetirliməsidir. Dərsdən sonra Xəyalə müəllimlə apardığımız söhbətdə ilkin
olaraq toxunduğumuz bu məqam oldu. O, qeyd etdi ki, coğrafiya dərslərində
İKT-nin tətbiqi ilə yanaşı, açıq-çöl məşğələləri də təşkil etmək çox faydalıdır.
Buna görə də mövzuların tədrisində coğrafi alətlərlə açıq çöl məşğələlərini
şagirdlərlə birgə uğurla həyata keçirirlər. O, həmçinin vurğuladı ki, dərslərində müvafiq saytlardan istifadə
etməklə şagirdlərin online testlər həll etməsinə, videoçarxlar hazırlamasına
nail olur ki, bu da onların düzgün nəticə çıxarmalarına yol açır.
O, coğrafiya
fənninin tədrisində elektron xəritələrin də rolunu danılmaz hesab edir. Özü də
mütəmadi olaraq bu xəritələrdən faydalanır. Eyni zamanda təklif edir ki,
məktəblərdə coğrafiya meydançalarının yaradılması fənnin keyfiyyətli tədrisi
baxımından əhəmiyyətlidir.
Xəyalə müəllimin pedaqoji
fəaliyyətinin digər mühüm məqamlarından biri xarici ölkələrdə yaşayan
həmkarları ilə təcrübə mübadiləsi aparmasıdır. Maraqlıdır, o, bunu necə edir? -
2012-ci ildə “Dərs dediyim siniflərdə
müasir təlim texnologiyaları və İKT-nin tətbiqi” mövzusunda iş təcrübəm Kürdəmir
rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərində əyani,
respublikamızın digər rayon müəllimləri arasında isə online yayılmışdır. Mütəmadi
olaraq Rusiya, Gürcüstan, Türkiyə, Almaniyada yaşayan Coğrafiya müəllimləri ilə
dərslərimizi paylaşır, həmin dərslərdəki yenilikləri öz milli təhsil proqramımıza
uyğun olanları dərs prosesinə tətbiq edirəm. Biz bu prosesləri sosial
şəbəkələrdə yaratdığımız qruplarda həyata keçirir, busuu.com, livemocha
saytlarındakı qruplarda isə dil ilə bağlı çətinliklərimizi aradan qaldırırıq. Təcrübə
mübadiləsi məqsədilə Böyük Britaniyanın
online təşkil edilmiş “Qlobal ekoloji problemlər” mövzusunda layihəm
uğurlu hesab edilərək, Azərbaycan, ingilis və rus dillərində həmin saytda
yerləşdirilmişdir, söyləyir Xəyalə Veyisova.
Göründüyü kimi, bir
müəllimin uğurlarının əsasında dayanan ən mühüm amil bir tərəfdən peşəkarlıq
xüsusiyyətləridirsə, digər tərəfdən peşəsinə məhəbbəti və öz biliklərini
şagirdlərinə aşılamaq əzmkarlığıdır. Xəyalə Veyisova bütün bu cəhətləri öz
şəxsində birləşdirən müəllimdir...
Qısa arayış.
Xəyalə Veyisova 1999-cu
ildə Kürdəmir rayonu Dəyirmanlı kənd orta məktəbi müvəffəqiyyətlə bitirərək N.Tusu adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinə
qəbul olunmuş və həmin ali təhsil müəssisəsini 2003–cü ildə bitirmişdir. İlk
pedaqoji fəaliyyətinə ixtisaslı coğrafiya müəllimi kimi Cəyli kənd orta
məktəbində başlamış, Dəyrimanlı kənd tam orta məktəbində davam etdirmişdir.
Hazırda Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbdə çalışır.
O, müxtəlif təlimlərdə,
elmi-təcrübi konfranslarda iştirak edərək sertifikatlara, təlimçi statusuna,
diplomlara layiq görülüb.
Azərbaycan Respublikasının prezidenti Cənab İlham
Əliyevin sərəncamı ilə 30 sentyabr 2014-cü il tarixində “Tərəqqi “ medalı ilə
təltif edilib. Ölkə başçısının 17 dekabr
2014-cü il tarixli sərəncamı ilə isə
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment