Bu yazı Səbail rayonundakı 239
nömrəli tam orta məktəbin biologiya müəllimi Nübar Qayıblının iş təcrübəsi
haqqındadır...
Əyanilik hər bir fənnin
tədrisində mühüm əhəmiyyətə malikdir. “Biologiya” da bu baxımdan istisna deyil.
Amma əyani vəsaitlərin sinif otağında mövcudluğu heç də o demək deyildir ki,
müəllim artıq dərs prosesində hər bir şeyə nail olacaq, mövzunu yüksək səviyyədə
mənimsədəcəkdir. Əyani vəsaitlərin mövcudluğu işin hələ başlanğıcıdır. Əsas
məsələ bu vəsaitlərin tədris prosesinə ustalıqla tətbiq olunmasıdır. Bakının
Səbail rayonu Patamdar qəsəbəsi 239 nömrəli tam orta məktəbin biologiya
müəllimi Nübar Qayıblı dərs prosesində əyaniliklə nəzəriyyəni ustalıqla sintez
etməyi bacaran, şagirdin təfəkküründə, təbiətin obrazını, bu obraza məhəbbət yaratmaq qabiliyyətinə malikdir.
Əslində Nübar Qayıblının yaratdığı biologiya kabineti onun tədris etdiyi
mövzuların mini modelidir desəm, doğru olar. O, hər hansı bir mövzunu tədris
edəkən sinifdə həmin mövzuya uyğun olaraq mühit yaratmaqla, şagirdin
nəzərlərini, düşüncələrini bütünlüklə həmin mövzuya yönəltməyi bacarır.
Dərs ilinin sonlarına yaxın
idi. 239 nömrəli tam orta məktəbin direktoru, respublikanın əməkdar müəllimi
Sədaqət Əzimova məni məktəbdə Heydər Əliyevin 91-ci ildönümü ilə əlaqədar
keçirilən tədbirə dəvət etdi. Tədbirin maraqlı məqamlarından biri proqrama
daxil edilən açıq dərslər idi. Həmin gün açıq dərs verəcək müəllimlərin
siyahısına diqqət yetirdim. Nübar Qayıblının adına rast gəlincə, ilk olaraq
onun dərsini müşahidə etməyi planlaşdırdım. Seçimim təsadüfü deyildi. Nübar
müəllimi Təhsil Şurasının həyata keçirdiyi elmi-praktik konfranslardan,
təlimlərdən, “Təhsil və zaman” qəzetində dərc etdirdiyi məqalələrdən
tanıyırdım. Düşünürdüm ki, Nübar müəllimin iş təcrübəsi haqqında qəzetimizə
yazı hazırlayaram.
Sinfə daxil olanda qəribə
mənzərə ilə qarşılaşdım. Sanki sinif otağına deyil, təbiətin gözəllikləri ilə
rahiyələnmiş bir məkana düşmüşdüm. Divar boyunca düzülmüş gül-çiçəklər,
dibçəklərdə cürbəcür yaşıl bitkilərin yaratdığı kompozisiya sinfi sanki
təbiətin bir parçsına çevirmişdi. Təbii gözəlliklər əhatəsində əyləşmiş
şagirdlər diqqətlə müəllimi dinləyirdilər. Divarlardan kimya-biologiya elmində
inqilab etmiş görkəmli alimlərin foto şəkilləri asılmışdı. Saxlanclarda
biologiya fənninə aid hər cür əyani vəsaitlər düzülmüşdü. Bu mənzərəni təbii
olaraq ağ xalatlı şagirdlər tamamlayırdı. Bir sözlə, sinifdə təlimi yüksək səviyyədə təşkil etmək
üçün ahəngdar mühit yaradılmışdı. Nübar müəllim həmin gün üçün maraqlı və
aktual mövzu seçmişdi. O, 9-cu “a” sinfində apardığı açıq dərsi
“Oftalmologiyamızın tükənməz xəzinəsi: akademik Zərifə xanım Əliyeva” mövzusuna
həsr etmişdi. Müəllim bu mövzunun tədrisində təchizat kimi
informasiya-kommunikasiya texnologiyalarından istifadə edirdi. Müəllimin
nümayiş etdirdiyi kadrlar Azərbaycanlı alimin mühüm əhəmiyyət daşıyan elmi işi
ilə yanaşı, göz xəstəliklərinin mənşəyi, yaranma, inkişaf etmə tendensiyalarını
da uşaqların gözləri önündə canlandırırdı. Əsl ana, qadın, həkim, şəxsiyyət
obrazını yaradırdı. Müəllimin hazırladığı bu vəsait ümumiyyətlə, ciddi
elmi-nəzəri, didaktik mahiyyətli ilə əhəmiyyətli idi.
Nübar Qayıblının bu dərsi onu bir
müəllim kimi qismən tanımağıma şərait yaratmaqla, onun iş təcrübəsi ilə bağlı
yazı hazırlamaq ideyama təkan verdi. Bir neçə gündən sonra müşahidə etdiyim
dərslərində isə Nübar Qayıblının bir müəllim və şəxsiyyət kimi obrazı mənə
aydın oldu.
Öncə bir məsələyə toxunmaq
istərdim. 239 nömrəli tam orta məktəbdə, ümumiyyətlə ekoloji mövzuda keçirilən
tədbirlərə diqqətlə yanaşılır. Bu məktəb haqqında yazdığım yazılarda məktəbin
direktoru Sədaqət Əzimovaya istinadən göstərmişəm ki, məktəb Beynəlxalq Ekoloji
layihə olan ENO-nun fəal üzvlərindən biridir. Dünyanın minlərlə təhsil
müəssisəsinin qoşulduğu bu layihədə fəal iştirakına görə 239 nömrəli tam orta
məktəb sertifikatla təltif edilmişdir.
Nübar müəllimin 6-cı sinifdə
tədris etdiyi “Qoruqlar” mövzusu da məzmunu etibarilə qlobal mövzudur. Elə
müəllim özü də bu mövzunun qlobal mahiyyətini açmağı, onu şagirdlərin nəzərində
bəşəri mərtəbəyə yüksəltməyi, eyni zamanda şagirdlərdə məhəbbət oyatmağı
bacarmışdı. Dərs belə bir ideyanı təlqin edirdi ki, ekologiyanın mühafizəsi
ümumbəşəri işdir. Dünyanın harasında olursa olsun təbiətə vurulan ziyan
ümumiyyətlə, insanlığa vurulan ziyandır. Hər bir kəs təbiətin qorunmasına öz
töhfəsini verməlidir. Bəs buna necə nail olmalı? Bunun üçün uşaqlar kiçik
yaşlarından təbiətə məhəbbət ruhunda tərbiyə olunmalıdırlr.
Müəllim “Qoruqlar” mövzusunun
verdiyi imkanlardan istifadə etməklə ermənilər tərəfindən işğal olunan
ərazilərimizdə qalan qoruqlar-Qaragöl və Bəstiçay Dövlət Qoruqları haqqında
ətraflı məlumat verdi. Bundan sonra şagirdlərə kontr-xəritə paylandı. Qrup
şəklində oturmuş şagirdlər xəritədə qoruqları tapıb qeyd edirdilər. Dərs
boyunca monitorda qoruqlara aid verilən maraqlı maraqlı məlumatlar şagirdləri
istiqamətləndirmək baxımından əhəmiyyətli rol oynayırdı. Diqqətçəkan məqam bu
idi ki, şagirdlər qoruqları təbiətin bir hissəsi olmaqla yanaşı, həm də tam
mahiyyəti ilə dərk edir, onun insanlar üçün, bəşəriyyət üçün, bütün canlılar
üçün hansı əhəmiyyətə mailk olduğunu anlayırdılar. Dərsdə tam aydın olurdu ki,
Nübar müəllim şagirdlərinə təbiəti, ekologiyanı, biologiyanı onların ən yaxın
bir varlıqları kimi sevdirməklə öyrədə bilir. Şagirdlərin cavablarından hiss
edirsən ki, onlar dünyanın hansısa ölkəsində təbiətin ziyan çəkməsindən acı
təəssüf hissi keçirirlər, ona ürək ağrısı ilə münasibət bildirirlər. Eləcə də
erməni işğalında olan ərazilərimizin ekoloji durumundan ciddi narahatlıq
keçirdiklərini, bu problemin qlobal problem olduğunu narahatlıqla dilə
gətirirlər. Bu da deməyə əsas verir ki,
Nübar Qayıblı istər dərs prosesində, istərsə də sinifdənxaric, məktəbdənkənar
tədbirlər zamanı şagirdlərin vətəndşlıq hisslərinin formalaşdırılmasını başlıca
prinsip olaraq irəli sürür. Nübar müəllimin dərsi yalnız həyatın görünən
tərəflərinin sinfə gətirilməsi, uşaqları həyatın, təbiətin bitib-tükənməyən
təbii xəzinəsi qoynuna çıxarmaqla bitmir. O, dərsin, müasir texnologiyaların
imkanlarından istifadə etməklə təbiətin sehrli aləmini uşaqların gözü önündə
cnlandırır. Problemin elmi mahiyyətini elə ustalıqla xarakterizə edir ki,
təbiət özü öz qəlbini, öz sirrini açır. O, dərsi elə ardıcıllıqla aparır ki,
qoyulmuş problem şagirdin dilindən özü özlüyündə açılır.
Mütəxəssislərin fikrincə, ən
yaxşı pedaqoq, ən yaxşı müəllim şagirdin bioloji xüsusiyyətlərini bilən
müəllimdir. Müəllim şagirdi yalnız zahiri olaraq tanımaqla kifayətlənməməlidir.
İnsanı hərtərəfli olaraq tanıya bilmək müəllimin ən böyük uğurudur. Buna nail
olmq üçün şagirdin psixi, fizioloji, mənəvi, eləcə də bioloji xüsusiyyətləri
müəllimə aydın olmalıdır. Bu xüsusiyyətləri müəyyənləşdirən müəllim şagirdə
yanaşmada düzgün mövqe tuta bilər. Nübar Qayıblının dərslərini müşahidə edərkən
diqqətimi çəkən məqamlardan biri bu idi ki, o, şagirdlərinin fərdi qavrama
xüsusiyyətlərini ciddi şəkildə nəzərə alırdı.
Qrupların öz işlərinin
təqdimatı da maraqlı məqamlarla yadda qalırdı. Bunlara diqqət yetirək: Birinci
məqam o idi ki, qrupda hər kəs lider rolunu oynya bilirdi. İkinci məqam o idi
ki, qruplararası və qrupdaxili rəqabət mühiti yaradılmışdı. Üçüncü məqam kimi
diqqətimi çəkirdi ki, şagirdlər elə Nübar müəllimin özü kimi, inamlı, müstəqil,
sərbəst fikir söyləmək, öz fikirlərini müdafiə etməkdə iddialı görünürdülər. Bu
məqamı altıncılarda olduğu kimi, yeddincilərdə də müşahidə etdim. 7-ci sinifdə
“Qurdların müxtəlifliyi” mövzusunda keçirilən dərsi qurdlar haqqında filmin
nümayişi ilə başlamaqla, sinifdə canlanma yaratdı. Bu mərhələdən sonra hamı
mövzunu öyrənmək həvəsində idi. Müəllim mövzu ilə bağlı elə məqamları seçib
təqdim etdi ki, 7-ci sinif şagirdinin bilməli olduğu mühüm məqamlar onlara bəlli
oldu. Qurd xəstəliklərindən qorunmağın yolları, ona yoluxmmaq üçün hansı
gigiyenik qaydalara əməl olunması (əllərin, paltarların, dişlərin, dırnaqların
daim təmiz saxlanılması, çirkli meyvələrin qəbul edilməməsi, çiy suyun
içilməməsi və s.), qurd xəstəliklərinin müalicəsi haqqında müəllimin verdiyi
izahat, eyni zamanda şagirdlərin diskussiyaya cəlb olunması mövzunun
mənimsədilməsində mühüm rol oynayırdı. Ümumiyyətlə Nübar müəllimin sahib olduğu
orta ixtisaslı tibb təhsili, eləcə də coğrafiya müəllimliyi dərsin ayrı-ayrı
mərhələlərinin yüksək səviyyədə qurulmasına yardımçı olurdu.
6-cı “b” sinfi də Nübar
müəllimin biologiya kabinetinə şövqlə daxil oldu. Onları qarşıda gözləyən
dərsin əsrarəngizliyindən xəbərdar idilər. Elə Nübar müəllim də həmin əhvalda
idi. Müəllimin ən böyük uğuru şagirdlərin onun dərsinə həvəslə can atması,
maraqlarının təmin olunmasıdır. Əgər müəllim buna nail olubsa, deməli əsl
müəllimdir.
Qeyd edim ki, 6-cı “b”
sinfində də “Qoruqlar” mövzusu kecirilirdi. Bu gün bu mövzunu ikinci dəfə
dinlətirdim. Düşünürdüm ki, birinci dərsin eynini müşahidə edəcəm. Amma belə
olmadı. Sinif kimi sanki Nübar müəllim də dəyişmişdi. Öncə oxunan “Ana təbiətin
məktubu” sinfin əhval – ruhiyyəsini müəyyənləşdirməklə bərabər, şagirdlərin
biologiyaya olan sonsuz marağını da meydana qoydu. Diskussiya başlandı.
Ağacların kəsilməsi, dənizlərin, çayların, havanın çirkləndirilməsi, Atom
Elektrik Stansiyalarının, zavodların vurduğu ziyan təbiəti qəzəbləndirir. Bu
ziyanı, bu qəzəbi aradan qaldırmaq üçün neyləmək lazımdır. Uşaqların maraqlı,
əhatəli cavablarıbir dinləyici kimi gözlərimin qarşısında təbiətin əzablarını
canlandırırdı. Bu dərs sanki təbiətin mövcud vəziyyətini xarakterizə edən bir
film idi. Həm də bu film uşaqların dilindən səsləndiyi üçün daha təsirli və
cəzbedici görünürdü. Müəllim şagirdlərinin hər birini sanki Azərbaycanın,
dünyanın ekoloji durumunu, bioloji müxtəlifliyini qorumaq üçün yetişdirirdi.
Yeri gəlmişkən qeyd edim ki, Nübar Qayıblının yetirmələri arasında bioloqlar,
həkimlər, ekoloqlar, elə onun özü kimi öz işinin ustası olan müəllimlər də az
deyil.
Nübar müəllimin digər dərsləri
kimi bu dərsi də maraqlı sonluqla bitdi. Uşaqlar Ana təbiətin onlara yazdığı
məktuba cavab ünvanladılar. Bu cavabda bu gün bu sinifdə gələcəyin əsl
vətəndaşının formalaşdığını görmək mümkün idi...
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment