3.23.2015

Sabahkı uğurların sorağı ilə

Valideyn-məktəb əlaqələrinin tənzimlənməsi – mühüm pedaqoji tələb
Bir neçə il əvvəlin söhbətidir. Qəzetin yeni sayının materiallarını hazırlayırdım. Əjdər müəllim tapşırdı ki, bir səhifəlik material üçün yer saxlayım. Vacib bir yazı olacaq. - Nə ilə bağlıdır deyə, soruşdum. Nizami rayonundakı 129 saylı tam orta məktəbə yeni direktor təyin olunub, Samir Mehdizadə. Bizi məktəbə dəvət elədi. Yeni dərs ili qarşısında məktəbdə valideynlərlə görüş keçiriləcək. Görüşdən məqalə hazırlayarsan.
Məktəbdə valideynlərlə çox maraqlı bir konfrans keçirildi. O vaxt Samir Mehdizadə məktəbə yenicə direktor təyin olunmuşdu. Həmin tədbirdə Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Təhsil Texnologiyaları Mərkəzinin direktoru, professor Mahir Tahirov, Nizami raron İcra Hakimiyyətinin humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov və digər qonaqlar iştirak edirdilər.
Tədbirdə diqqətimi cəlb edən ən mühüm məqam o idi ki, Samir Mehdizadə valideynlərin məktəbə cəlb olunmasını mühüm pedaqoji problem kimi irəli sürürdü. Bunu o, özünün çıxışında da vurğuladı. Qeyd etdi ki, valideyn məktəbdə tədrislə, tərbiyə işlərinin təşkili ilə mütəmadi olaraq maraqlanmalı, yeri gələndə öz təkliflərini verməlidir. Samir Mehdizadə bununla bağlı özünün planlaşdırdığı fikirləri də irəli sürdü. Məktəbdə valideynlərin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə valideynlərdən, həmkarlar komitəsinin üzvlərindən, müəllimlərdən ibarət ictimai şuranın yaradılacağını diqqətə çatdırdı. Əsas məqsədin məktəbdə təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi olduğunu vurğulayan S.Mehdizadə bu işdə valideynlərin də üzərinə ciddi məsuliyyət düşdüyünü diqqətə çatdırdı.
Qeyd olunan konfransda professor Əjdər Ağayevin də çıxışı valideynlərin marağına səbəb oldu. Əjdər Ağayev söylədi ki, övladları ibtidai siniflərdə oxuyan valideynlərlə çoxsaylı görüşlərdə hiss edib ki, ixtisasca müəllim olan və bir sıra savadlı valideynləri çıxmaq şərtilə valideynlərin əksəriyyəti bugünkü məktəbin mahiyyətini tam mənası ilə anlamır, uşağa necə baxmaq, onunla necə danışmaq, necə rəftarda olmaq, onu sabaha necə hazırlamaq məsələlərinin elmi əsaslarını bilmir. Ona görə də uşaqlarla valideynlər arasında müəyyən narazılıqlar, anlaşılmazlıqlar yaranır. Dünyanın ən şərəfli insanı anadır, qadındır. Tanrı analara nəsil artırmaq, milləti formalaşdırmaq kimi şərəfli bir vəzifə əta eləyib. Əgər təbiətən yaradandan gələn belə bir vəzifə insanlara onların borcu olaraq həvalə edilibsə, deməli bu insanların təbiəti də ona uyğun olmalıdır. İnsanlar bu funksiyanı yerinə yetirmək üçün onların üsullarını da bilməlidirlər. Ondan hansı vasitələrlə istifadə etmək lazım olduğunu anlamalıdırlar. Valideyn bilməlidir ki, hansı halda, hansı vəziyyətlərdə övlada necə yanaşmaq lazımdır. Bunlar tərbiyədə mühüm şərtlərdir.  

Məktəbdə yeni ənənələrin əsası qoyulur
 Samir müəllimlə həmin görüşdə olan söhbətimizdə, eləcə də onun müəllimlər və valideynlər qarşısında çıxışından aydın olurdu ki, yeni direktor qarşıya ciddi strateji vəzifələr qoyulub və bu vəzifələrin həyata keçirilməsi üçün artıq bütün qüvvələr səfərbərliyə alınıb. Həmin gündən 129 saylı tam orta məktəblə əməkdaşlığımızın əsası qoyuldu. Məktəbdə sistemli olaraq keçirilən tədbirlər “Təhsil və zaman” qəzetinin səhifələrində yer aldı, müəllimlərin metodiki, elmi-nəzəri yazılarına yer ayrıldı. Nəhayət  2013-cü ilin noyabrında məktəbdə pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin son üç ildə çap olunmuş əsərlərinin geniş təqdimatı keçirildi. Təqdimatda Nizami rayonunun digər məktəblərinin də rəhbərləri, müəllimlər iştirak edirdilər. Məktəbin pedaqoji kollektivi təqdimata yüksək səviyyədə hazırlaşmışdı. Təqdim olunan altı əsərin hər biri haqqında çıxış etmək müəllimlərdən birinə həvalə olunmuş və həmin müəllim də bu işin öhdəsindən ustalıqla gəlməyi bacarmışdır. Oxucular üçün maraqlı olacağını nəzərə alıb təqdimat mərasimindən bəzi məqamları diqqətə çatdırıram. Öncə qeyd edim ki, təqdimat mərasimində məktəbin pedaqoji kollektivinin üzvləri ilə yanaşı, rayonun digər məktəblərinin direktorları, həmçinin pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayilli, Təhsil Şurasının icraçı direktoru Arif İbrahimli iştirak edirdi. Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Samir Mehdizadə qeyd etdi ki, çağdaş pedaqoji fikrimizin görkəmli nümayəndəsi olan Əjdər Ağayev keçdiyi şərəfli ömür yolunda gələcək nəsillər üçün dəyərli irs yaradıb. Əjdər Ağayevin elmi əsərləri ilə yanaşı, ədəbi, publisistik əsərləri, şeirləri də oxucular tərəfindən daim maraqla qarşılanır, sevilə-sevilə oxunur. Samir Mehdizadə çıxışında Əjdər Ağayevin ömür yolunun ayrı-ayrı məqamlarına toxundu, görkəmli alimin yüksək şəxsi-mənəvi keyfiyyətlərindən bəhs etdi. Söylədi ki, Əjdər müəllimin əsərlərinə müəllimlərin marağını nəzərə alaraq məktəbdə təqdimat mərasiminin keçirilməsi qərara alınıb. Əsərləri təqdim etmək üçün  söz müəllimlərə verildi. Müəllimlərin çıxışları maraqlı məqamlarla yadda qaldı. Onlar Əjdər Ağayevin əsərlərini “Elmiliyi və praktik əhəmiyyəti ilə seçilən əsərlər”, “Ürək çırpıntısı ilə yazılan əsərlər”, “Yeni texnologiyalara yeni yanaşmalar aşılayan” əsərlər kimi xarakterizə etdilər. Qeyd olundu ki, professor Əjdər Ağayevin əsərləri müasir  dövrümüzün təhsil problemlərini reallığı ilə anlamağa, Azərbaycan təhsil və pedaqoji fikrinin əsas ideyalarını tanıtmağa və müasir şəraitdə  onların tətbiqinə nail olmağa xidmət edir. Təqdimat mərasimində çıxış edən professor Vidadi Xəlilov söylədi ki, müəllimlər Əjdər Ağayevin əsərlərini elmi, metodoloji cəhətdən yüksək səviyyədə təhlil etdilər. Səmimi, müstəqil fikir yürütdülər. Əjdər Ağayevin əsərləri həqiqətən də müasirliklə tarixiliyin vəhdətindən yaranmışdır. Onun əsərlərində ənənə və müasirlik özünü tam dolğunluğu ilə meydana qoyur. Bu əsərlərin hər biri müəllimlər üçün dəyərli elmi, metodiki mənbədir.
 
Məktəbin uğurları üçün stimul
 129 saylı tam orta məktəblə əməkdaşlığımızın yeni səhifəsi isə bu yaxınlarda açıldı. Təhsil Şurasının ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək” Proqramı çərçivəsində məktəbdə həyata keçirdiyi “Elektron Tədris Resurslarının hazırlanması və tətbiqi qaydaları”  təlimləri müəllimlərin böyük marağına səbəb oldu. Bu, məktəbin Təhsil Şurası ilə əməkdaşlığının göstəricisi olmaqla yanaşı, eyni zamanda müəllimlərin müasirliyə, innovativliyə, yeni texnologiyaları öyrənməyə nə qədər meylli olduğu sübut edir. Əslində bu novator ənənələrin təməli hələ bir neçə il əvvəl qoyulub. Qeyd etdiyim kimi, bir neçə il əvvəl Samir müəllimin məktəbə rəhbərliyinin ilk günlərində irəli sürdüyü strateji planların tərkib hissəsi kimi dəyərləndirilə bilər. Onunla ilk görüşümdə hiss etmişdim ki, o, məktəbin idarəolunmasında demokratik prinsiplərin tərəfdarıdır və hər addımda bunu hiss etdirir. Düşüncələrimdə yanılmadım. Samir Mehdizadənin pedaqoji prosesə məhz bu mövqedən yanaşması qısa müddət ərzində məktəbin uğurları üçün stimul oldu. 
Məktəbdə uğurlara nail olmaq üçün öncə hansı addımlar atıldı? 
Öncə pedaqoji kollektivlə tanışlıq aparıldı. Samir müəllim bu addımı ona görə atırdı ki, kollektivdə kimin hansı elmi, intellektual potensila malik olduğunu müəyyənləşdirsin. Ayrı-ayrı müəllimlərin bacarıqları müəyyənləşdirildikdən kollektivin fəaliyyət istiqamətini də yönəltmək olardı. Şübhəsiz ki, məktəbin simasını onun pedaqoji kollektivi təşkil edir və əldə olunan nailiyyətlərin təməlində kollektivin elmi-nəzəri, metodiki hazırlığı dayanır. Bütün bunları müəyyənləşdirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının da iştirak etdiyi sistemli olaraq dərsdinləmələrə başlanıldı. Dərslərdəki müsbət və mənfi cəhətlər aşkara çıxarıldı. Mənfilikləri aradan qaldırmaq üçün metodbirləşmələrin fəaliyyəti nizama salındı. Hər bir fənn metodbirləşməsi qarşısında ciddi tələblər qoyuldu. Dərslərin müasir dövrün tələbləri səviyyəsində qurulması, müəllimlərin işə ciddi münasibətinin təmin olumnası bir nömrəli vəzifə kimi irəli sürüldü.
Bununla paralel olaraq məktəbin maddi-texniki bazasının mövcud durumu öyrənildi. Məlum oldu ki, pedaqoji prosesi müasir tələblər səviyyəsində təşkil etmək üçün məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsinə ehtiyac duyulur. Məktəbin istilik sistemi yox dərəcəsində idi. İdman zalından istifadə etmək mümkün deyildi. Ümumən məktəbin ciddi təmirə ehtiyacı var idi. Bütün bunları müəyyənləşdirən Samir müəllim düşünürdü ki, maddi-texniki bazanı möhkəmləndirmədən yüksək təlim nailiyyətləri əldə etmək mümkünsüzdür. Elə bu məqsədlə də Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət olundu. Bunun ardınca əmək intizamının möhkəmləndirilməsi, işə davamiyyətin yoxlanılması üçün jurnallar hazırlandı, müəllimlər üçün məktəbdə kompüter kursları təşkil olundu. Müəllimlərin dərs zamanı istifadə etmələri üçün sinif otaqlarına internet xətti çəkildi. Məktəb həmkarlar komitəsi ilə razılaşdırılaraq dərs yükünün bərabər və ədalətli şəkildə bölünməsi təmin olundu. Bakı şəhəri üzrə Təhsil İdarəsindən  “Kimya”, “Fizika”, “Biologiya” fənninin tədrisi üçün lazım olan əyani vəsaitlər, eləcə də kompyüterlər, proyektor, printer, elektron yazı lövhələri, idman ləvazimatları alınıb gətirildi. Məktəbin yüksək səviyyədə, nümunəvi təxliyyə planı hazırlanıb, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsi tərəfindən təsdiq olundu. Nəhayət 2012-2013-cü dərs ilinin sonunda məktəbdə həyata keçirilən bütün tədbirlər nəfis tərtibatda dərc olunmuş məktəbin “İllik hesabat” jurnalında öz əksini tapdı. Bu jurnalı vərəqlədiqcə inanırsan ki, qısa bir zaman kəsiyində həm problemləri aradan qaldırmaq, həm də fəaliyyəti dövrün tələbləri səviyyəsində nizamlamaq mümkündür. Yetər ki, buna cəhd olunsun, ürəkdə işləmək həvəsi olsun.  
Pedaqoji prosesin yüksək səviyyədə təşkil olunması məktəbdəki nizam-intizamla birbaşa əlaqədardır. Hələ iki il bundan əvvəl də bu istiqamətdə sistemli fəaliyyətə başlanmışdır. Əslində bizim də iştirak etdiyimiz valideynlərlə görüşdə diqqət mərkəzində dayanan məsələlərdən də biri bu idi. Hələ o zaman məktəbin direktoru nizam-intizamla bağlı özünün fikirlərini irəli sürərək bildirdi ki, intizamın möhkəmləndirilməsi pedaqoji kollektivin qarşısında dayanan bir nömrəli vəzifədir və bu işdə valideynlərlə sistemli iş aparılacaqdır. Valideynləri məktəbin işinə cəlb etmədən təlim-tərbiyə işində yüksək göstəricilər əldə etmək çox çətindir.

Məktəb-elm-ictimaiyyət əlaqələri diqqət  mərkəzində

129 saylı tam orta məktəbin fəaliyyəti ilə ətraflı tanışlıqdan sonra bu qənaətə gəlmək mümkündür ki, məktəbin fəaliyyətinin müasir dövrün tələbləri səviyyəsində təmin olunması üçün bir sıra mühüm amillər nəzərdə tutulur və onların həyata keçirilməsinə sistemli şəkildə yanaşılır. Yuxarıda da qeyd etdiyimiz kimi, burada əsas amillərdən biri kimi məktəbin valideynlərlə əlaqələri nəzərdə tutulur. Bu barədə məktəbdə həyata keçirilən tədbirlərə qısaca da olsa nəzər saldıq. Növbəti mühüm amil kimi, məktəbin alimlərlə sistemli əlaqəsini qeyd etmək istərdim. Artıq təhsilimizdə demək olar ki, tətbiq olunması unudulmuş bu tendensiyanı Samir Mehdizadə nəinki özünün rəhbərlik etdiyi məktəbə, mən deyərdim ki, təhsilimizə yenidən qaytarmaqdadır. Yaşlı nəslin nümayəndələri bilirlər ki, 1960-80-ci illərdə orta ümumtəhsil müəssisələrinin elmi müəssisələrlə əməkdaşlığı ənənəvi hala çevrilmişdi. Şagirdlərin elmə, təhsilə marağının təmin olunmasında müstəsna rol oynayan bu ənənə neçə-neçə gəncin elmə həvəsləndirilməsində böyük əhəmiyyət daşımışdı. Bir vaxtlar Bakının Yasamal rayonundakı 31 saylı tam orta məktəbin fəaliyyətindən bəhs edərkən bu məsələyə toxunmuşdum. 31 saylı məktəbdə fəaliyyət göstərmiş elmi loboratoriyalar görkəmli məktəbşünas Humay Həsənzadənin məktəbə rəhbərliyi dövründə yaradılmış və onun məktəbdə fəaliyyətini başa vurması ilə laboratoriyalar da öz işini dayandırmışdır. 1990-cı illərdən sonra isə ümumiyyətlə məktəb-elmi müəssisə əlaqələri öz dövrünü başa vurmuşdur. Doğrudur, ara-sıra məktəblərdə bu ənənə ilə rastlaşırdım. Amma bunlar sistemli hal daşımırdı. Bakının Nərimanov rayonundakı 177 saylı tam orta məktəbin direktoru Həqiqə Məmmədovanın rəhbərliyi ilə məktəbdə bu ənənənin işartıları yaşyırdı. Bu gün isə Samir Mehdizadə rəhbərlik etdiyi məktəbə elm adamlarının, elmin təşrif gətirməsinin yeni əsaslarla tətbiqinə nail olur. Məktəbin bu sahədəki fəaliyyəti özlüyündə az qala bir təcrübəyə çevrilməkdədir. Son vaxtlar məktəbin qonağı olmuş alimlərə, ziyalılara diqqət yetirək: pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, pedaqoji elmlər doktoru, Təhsil Problemləri İnstitutunun şöbə müdiri, professor Vidadi Xəlilov, Təhsil Texnologiyaları Mərkəzinin direktoru, professor Mahir Tahirov, yazıçı Şəmistan Nəzirli, Elxan Elatlı, Zöhrə Rzayeva və başqaları. Diqqətçəkən məqam odur ki, alimlərin, ziyalıların məktəbə gəlməsi əhəmiyyətli elmi-təcrübi konfranslarla, təqdimatlarla, müzakirələrlə müşaiyət edilməkdədir. Bu konfransalar ətrafında məktəbin bütün müəllimləri, eləcə də valideynlər və şagirdlər əhatə olunmuşlar. Hər bir elmi-təcrübi konfrans maraqlı məqamlar, alimlərin əhəmiyyətli çıxışları ilə yadda qalmışdır. 2012-cü ilin sentyabrında valideynlərin iştirakı ilə keçirilən konfransda professor Mahir Tahirovun çıxışına nəzər salaq:  Rəhbərlik etdiyim Təhsil Texnologiyaları Mərkəzi uzun illərdir ki, “Müasir təlimin təşkili və icra mexanizminin əsasları” konsepsiyası üzərində düşünür. Bu konsepsiyanın əsasını meqaenterapiya prinsipi təşkil edir. İstənilən əşya istehsal olunur. Bu maddidir. Biz onu xarici duyğu üzlərimiz vasitəsilə duyuruq. İdraki prosesin ilkin mərhələsi duyğu, qavrayış və təfəkkürdür. Meqaenterapiya konsepsiyasının əsası odur ki, təlim elə qurulmalıdır ki, öyrənənin yaş fiziologiyası nəzərə alınmaqla onun orqanizminin enerji potensialı optimal, səmərəli sərf olunsun. Buna əməl etmədən təlimin müvəffəqiyyətinə zəmanət vermək mümkün deyil. Burada gigiyenadan başlamış bir çox fizioloji, nevrofizioloji amillər nəzərə alınmalıdır. İnsan irsi və həyatda qazanılmış vərdişlərin daşıyıcısıdır. İrsi daşıyıcı bizə genlə gəlir, Bu, təbii intellektdir. Həyatda qazanılan vərdişlər süni vərdişlərdi. Bunların hamısını nəzərə lıb fikirləşmişəm ki, təhsilin 11 il yox, 10 il həyata keçirilməsinə nail olaq. Bu məqsədi həyata keçirmək üçün düşünmüşük ki, 129 saylı tam orta məktəbi gələcəkdə eksternat təhsil liseyi edək. Əgər biz bu gün bütün fənlərin tədrisində informasiya texnologiyalarından, elektron dərsliklərdən, internet şəbəkəsindən istifadə ediriksə, təbii ki, onda gələk təlimin klassik variantdakı yanaşmasından tamamilə kənarlaşaq. Mənim konsepsiyam alternativ variantda tədris təklif edir. Bunun elmi əsasları da işlənib hazırlanmışdır”.

Hər bir dərs açıqdır...
129 saylı tam orta məktəbin fəaliyətinin növbəti prioriteti mütəmadi olaraq keçirilən dəyirmi masalar, seminarlar, diskussiyalar, müzakirələrdir. Maraqlı burasıdır ki, bu tədbirlərin demək olar ki, hamısı nümunəvi, açıq dərslərlə başlayır və elə onunla da sona yetir. Müzakirələrin isə əsasında yeniliklərin elmi əsaslarının müəllimlərə çatdırılması dayanır. Həmin tədbirlərdən biri “Fizika fənninin tədrisində yeni təhsil proqramlarının (kurikulumlarının) tətbiqi” mövzusunda idi. Tədbirdə elmi təşkilatların nümayəndələri də iştirak edirdi. Çıxış edən edən məktəbin direktoru Samir Mehdizadə vurğuladı ki, müasir təlim texnologiyalarının tətbiqi prosesində müəllimlərin qarşılaşdıqları problemlər çoxdur. Məktəb rəhbərliyi və metodiki kabinet bu problemlərin aradan qaldırılmasında müəllimlərə mütəmadi olaraq köməkliklərini göstərirlər. Müəllimlərin iştirak etdiyi təlim kursları da qarşıya çıxan problemlərin aradan qaldırılmasına yardımçıdır. Samir Mehdizadə sevindirici hal kimi vurğulayır ki, məktəbdə kimya, biologiya, fizika laboratoriyalarının mövcudluğu həmin fənlərin yüksək səviyyədə tədrisinə şərait yaradır. Qeyd edək ki, Samir müəllim məktəbə direktor təyin olunduqdan dərhal sonra məktəbin müasir texnoloji avadanlıqlarla, əyani vəsaitlərlə təchiz olunmasını bir nömrəli vəzifə kimi qarşıya qoymuş, Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə bu vəzifənin öhdəsindən demək olar ki, gəlmişdir.
Ümumiyyətlə, məktəbdə həyata keçirilən tədbirlərin dinamikası göstərir ki, pedaqoji kollektivin qarşısına qoyduğu məqsəd aydındır: müasir dövrün tələblərinə uyğun hərtərəfli hazırlığa malik vətəndaş yetişdirmək. Şübhəsiz ki, hərtərəfli hazılıq dedikdə, bura gənclərin həm intellektual, həm mənəvi, həm də fiziki, əqli sağlamlığa malik şəxsiyyət kimi formalaşdırılması nəzərdə tutulur. Bu dinamikanı ibtidai siniflərdən hiss etmək mümkündür. Əslində ibtidai siniflərdə dinamik inkişafın bazasını qoyan məktəb rəhbərliyi inkişafın mərhələlərini bütün yaş qrupları üzrə müvafiq olaraq nizamlayır. Məhz şəxyiyyət formalaşdırılmasına yönəlmiş tədbirlərin dinamikasına diqqət yetirək: “Düşüncə”, “Bilik”, “Elm”, “Fikir”, “Zəka” komandalarının iştirak etdikləri 3 turdan ibarət bilik yarışı; şagirdlərin Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, Körpələr evinə, Şəhidlər Xiyabanına, Fəxri Xiyabana, muzeylərə, qoruqlara ekskursiyalarının təşkil olunması; şagirdlərin rəsm, şeir, mahnı müsabiqələrində iştirakının təmin olunması; fənn gecələrində şagirdlərin bilik və bacarıqlarının nümayiş olunması; sistemli olaraq fənn aylıqlarının keçirilməsi; vətənpərvərlik mövzusunda tədbirlərin təşkil edilməsi; ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyat və yaradıcılıqlarına həsr olunmuş ədəbi-bədii kompozisiyaların təşkil olunması; şagirdlərin müxtəlif miqyaslı yarışlarda iştiraka cəlb edilməsi; bunun üçün məktəbdə müvafiq şəraitin yaradılması; şagirdlərin yaradıcılıq işlərinə cəlb olunması; istedadlı şagirdlərin aşkara çıxarılması üçün stimullaşdırıcı tədbirlərin təşkil edilməsi, müəllimlərin metodiki hazırlıqlarının yüksəldilməsi; qabaqcıl iş təcrübəsinin öyrənilməsi və s. Göründüyü kimi, həyata keçirilən tədbirlərin hər biri müasir dövrün, müasir təhsilin, müasir cəmiyyətin nəbzini tutmaqla, məktəbin cəmiyyətdəki funksiyasının tam olaraq yerinə yetirliməsinə hesablanmışdır. Bu tədbirlərin hər birinin əsasında elmilik, müasir dövrün təhsil təcrübəsi dayanmışdır desəm yanılmaram. Dövr dəyişdikcə cəmiyyətin, şagirdin təhsilə olan münasibəti də dəyişir. Bu dəyişikliklər tendensiyası müəllimdən, məktəbdən də yeniləşməyi tələb edir. Əgər müəllim, məktəb zamanın inkişaf  dinamikasına cavab verə bilməyəcəksə, o zaman öz funksiyasını, öz mövqeyini itirəcədir. 129 saylı tam orta məktəbin pedaqoji kollektivi də məhz zamanın inkişaf tendensiyalarına söykənməklə öz işini qurmaqdadır. Bu məktəbdə bir çox dərsləri müşahidə etmişəm. Bir sıra tədbirlərdə olmuşam. Təsadüfən iştirak etdiyim dərslərdə belə müəllimin müasir təlim texnologiyalarından, informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə etdiyini, təlim prosesində müəllim-şagird münasibətlərinə yüksək səviyyədə önəm verdiyini, şagirdin bir şəxsiyyət kimi inkişafına çalışdığının şahidi olmuşam. Və bu tendensiynın məktəbin fəaliyyət prinsipinə çevrildiyinə inanmışam. Müşahidə etmişəm ki, 2012-ci ilin yayından, yəni Samir Mehdizadənin məktəbə rəhbərliyinin ilk günlərindən məktəbin fəaliyyətində bir ideya ətrafında birləşmək prinsipi prioritet təşkil edib. Bu ideya da özlüyündə hərtərəfli şəxsiyyətin formalaşdırılmasna istiqamətlənib. Samir müəllim söyləyir ki, onlar hər şeydən öncə məktəbdə sağlam pedaqoji-psixoloji mühit yaratmaqla öyrətmə və öyrənmə prosesini stimullaşdırmağa  çalışırlar. Yalnız sağlam mühitdə sağlam şəxsiyyət formalaşdırmaq olar. Yalnız sağlam mühitdə şagirdin idraki fəallığını təmin etmək, onları müstəqil işləməyə həvəsləndirmək, dərsi maraqlı, intensiv, səmərəli və sakit qurmaq, vaxtdan səmərəli istifadə etmək, təfəkkürün inkişafına nail olmaq mümkündür. Əslində müəllimlərimizin bütün dərsləri bu prinsiplər üzərində qurulur deyən, Samir Mehdizadə dərslərin açıq elan olunmasının əsas məqsədi təcrübənin yayılması və ümumiləşdirilməsi məqsədi daşıdığını vurğulayır. Hər bir müəllimin hər bir dərsi açıqdır deyir. Dərlərdən sonra keçiriləm müzakirələr müəllimin dərsini qiymətləndirmək, problemləri aradan qaldırmaq baxımından mühüm rola malikdir.
129 saylı tam orta məktəbin fəaliyyətini müşahidə etdikdən, öyrəndikdən sonra qənaətə gəlmək mümkündür ki:
1. Məktəbin müəllimlərinin böyük əksəriyyəti öz işini müasir dövrün tələbləri səviyyəsində təşkil etməyi bacarır.
2. Bu bacarıqların əldə olunması üçün məktəb rəhbərliyi konkret olaraq sistem müəyyənləşdirmişdir.
3. Bu sistem özündə müəllimlərin pedaqoji hazırlıqlarının təkmilləşdirilməsini, onların yeni təlim texnologiyaları ilə işləmə imkanlarının genişləndirilməsini, müstəqil fəaliyyətə həvəsləndirilməsini  nəzərdə tutur.
4. Müəllimlərin və şagirdlərin yaradıcılıq imkanlarının realizə olunması üçün məktəbdə hər cür şərait təmin olunmuşdur.
5. Məktəbdə müəllimlər tərəfində irəli sürülən hər hansı bir mütərəqqi ideya dəstəklənir və onun həyata keçirilməsi istiqamətində kollektivin bütün üzvləri səfərbər olunur.
6. Məktəbin elmi müəssisələrlə, alimlərlə, ictimaiyyətlə, valideynlərlə, kütləvi informasiya vasitələri ilə əlaqələri yüksək səviyyədə təmin olinmuşdur.
7. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə keçirilən yubileylər məktəbdə yüksək bədii tərtibatı ilə həyata keçirilir.
8. Müəllim və şagirdlərin ictimai işlərdə fəallığı yüksək səviyyədə təmin olunur.
9. Müəllimlərin elmi-kütləvi tədbirlərdə iştirakına böyük önəm verilir.
10. Müəllimlərin öz iş təcrübəsi, müsir təhsil problemləri ilə bağlı mətbuatda məqalələrlə çıxış etməsi diqqət mərkəzində saxlanılır.
11. Müəllimlərin, eyni zamanda pedaqoji mətbuatı mütaliəsi vacib amil sayılır.
12. Məktəbdə sinifdənxaric və məktəbdənkənar tədbirlər sistem halına salınmışdır və s.
Şagirlərin ilbəil ali məktəblərə yüksək balla qəbul olma faizinin artması, müsabiqələrdə, olimpiadalarda, bilik, idman, hərbi idman yarışlarında uğurlu çıxışları, eləcə də şagird kontingentinin sayının hər yeni dərs ilində bir qədər də artması, həmçinin yuxarıda sadaladığımız novator ənənələr Bakıda 129 saylı tam orta məktəb adında yeni bir təcrübə məktəbinin yaranmasından soraq verir. Bu məktəbin parlaq gələcəyinə inam yaradır. 
 Böyükağa MİKAYILLI





No comments:

Post a Comment