“İrs”
vəsaitləri müəllimlərə yaradıcı işləməyə istiqamət verir
Solmaz
Amanovanın adı Azərbaycanın təhsil ictimaiyyətinə uzun müddətdir ki, tanışdır.
Özünün orijinal, müasir tədris vəsaitləri, elektron dərs nümunələri ilə müəllim
və şagirdlərin marağına səbəb olan Solmaz Amanova, sözün həqiqi mənasında,
qeyri-adi yaradıcılıq manerasına malik olan müəllim, metodist, şair, bəstəkar,
multimedia vasitələri üzrə istedadlı mütəxəssisdir. Son illər Solmaz Amanovanın
hazırladığı vəsaitlər artıq Azərbaycanın sərhədlərini aşaraq dünyada tanınmağa,
eyni zamanda, rəğbətlə qarşılanmağa başlayıb.
Rusiyada əsərlərinin təqdimatı
keçirilib. Əsərləri Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində nümayiş
olunub. O, yeganə müəllimdir ki, Rusiyada keçirilən eyni müsabiqədə iki mükafat
qazanıb. Solmaz Amanovanın meydana qoyduğu hər bir əsərin əsasında əsl yaradıcı
ilham, pedaqoji-psixoloji prinsiplər dayanır, desəm, yanılmaram. O, öz işinin
vurğunudur. Əsərlərinin yüksək səviyyədə qəbul olunmasının ən asas
səbəblərindən biri də məhz onların vurğunluqla yaradılmasıdır. Bu əsərlərlə
tanış olduqda düşünürsən ki, onların ərsəyə gəlməsində böyük bir kollektivin
əməyi var. Əslində isə bütün bunlar yalnız yaradıcı bir insanın təfəkküründən
və qələmindən süzülüb gəlib. Baxaq: “Anatomiçeskiy teatr”, “Monastırskaya
apteka”, “İnsan iz qoyur”, “İrs”, “Xurcun”, “Nasledie”, “Klad Qyandje”,
“Anatomiya v jivopisi i poezii”, “İlmənin macəraları”, “Gəncə xəzinəsi” və digər
əsərləri milli-mənəvi dəyərlərimizin, mənəvi tariximizin, adət-ənənələrimizin,
eləcə də ümumbəşəri dəyərlərin öyrədilməsi, həm də şagirdlərin anlayacağı dildə
onlara izah olunması baxımından nə qədər əhəmiyyətlidir. Solmaz Amanova 15
ildir ki, yazıçılıq fəaliyyəti ilə məşğul olur. Hələ Azərbaycan təhsilində
kurikulum modelinin tətbiqinə başlanmazdan öncə onun təqdim etdiyi vəsaitlər
mütərəqqi təcrübə kimi diqqət mərkəzində dayanmış, qabaqcıl müəllimlərin
marağını cəlb etmişdir. Onun Azərbaycan əlifbasındakı 32 hərfin hər birinə həsr
etdiyi, belə demək mümkünsə, dərs-kompozisiya müəllifi novator ənənələrin
yaradıcısı kimi qələmə verməyə əsasdır.
Solmaz
Amanova ilə söhbətimizdə öncə onun ərsəyə gətirdiyi əsərlərə ilk növbədə
Azərbaycanda marağın hansı səviyyədə olması ilə maraqlandım. Düşündüm ki, yeni təlim texnologiyalarının, multimedia
vasitələrinin geniş istifadə olunduğu, ölkə başçısının sərəncamı ilə İKT-nin
geniş tətbiq edildiyi Azərbaycan təhsilində bu vəsaitlər maraq doğurmaya
bilməz, amma də dərəcədə? Onu da düşünürdüm ki, müsahibim onunla əməkdaşlıq
edən xeyli sayda məktəbin, müəllimin adını dilə gətirəcək. O, bir neçə məktəbin
adını çəkdi. Amma fikrimcə, müəllimlərin vizual vəsaitlərə geniş yer verdiyi
indiki şəraitdə bu, çox kiçik bir arealdlr. Onun sözlərinə görə artıq bir neçə
ildir ki, vəsaitlərdən Bakının mərkəzindəki bir neçə məktəb istifadə edir.
Onlardan biri də 160 saylı Klassik gimnaziyadır. Gimnaziyanın bütün müəllimləri
“İrs” vəsaitindən istifadə üzrə kurslardan keçmiş və sertifikat almışlar. Mənim
fikrimcə, 160 saylı Klassik Gimnaziyanın Solmaz Amanovanın hazırladığı
vəsaitlərdən istifadəsini bir təcrübə kimi qəbul eləmək olar. Yəni, əgər bu
vəsaitlərdən Respublikanın qabaqcıl məktəblərindən biri istifadə edir və bu
təhsil müəssisəsinin kifayət qədər təlim nailiyyəti var, deməli onun
təcrübəsindən bəhrələnməyə dəyər. Solmaz Amanova da mənim fikrimlə razıdır. O,
qeyd edir ki, hazırladığı vəsaitlərin məktəblərdə istifadə olunması məktəblərin
özləri üçün əhəmiyyətlidir.
Bəs
vəsaitlərin standartları necə hazırlanır? Çünki bəzi halarda, deyirlər ki,
onların standartları yoxdur...
Standartsız
bu, mümkün deyil... deyə Solmaz Amanova cavab verir. Sözünə davam edərək deyir:
Ümumiyyətlə mənim yaradıcı işlərim Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və
bütün vəsaitlərin standartları var. Əgər onlar olmasa işləmək çətin olar.
Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi mənim çoxlu sayda
vəsaitlərimi alaraq məktəb kitabxanalarına təqdim edib. Onlar özləri də yaxşı
bilirlər ki, bu vəsaitlər müəllimlər üçün vacibdir. Azərbaycan Yazıçılar
Birliyi, Mədəniyyət Nazirliyi də öz növbəsində mənim hazırladığım vəsaitləri
təqdir edir. Hələ bir neçə il bundan əvvəl xalq yazıçısı Anar Təhsil Naziri
Misir Mərdanova tövsiyə etmişdi ki, mənim vəsaitlərim məktəblərdə istifadə
olunsun. Əvvəllər çətin idi. İndi müəyyən irəliləyişlər var. Bəzi məktəblərdə
“İrs” kabinetləri yaradılıb və bu iş davam edir. Yaxşı olardı ki, Rayon Təhsil
Şöbələri özləri bu vəsaitləri alsınlar və müəllimləri onunla işləməyə cəlb
etsinlər.
-Bu
çox yaxşı haldır ki, təhsil müəssisələrinin kitabxanalarında Solmaz Amanovanın
hazırladığı vəsaitlər mövcuddur. Bəs görəsən müəllimlərin onlardan istifadə
imkanları, həvəsləri, bacarıqları necədir?
-Müasir
müəllimin müasir biliklərlə, onları tətbiq etmək üçün multimedia vasitələri ilə
“silahlanması” dövrün qarşıya qoyduğu tələbdir. Şükürlər olsun ki, bu gün belə
müəllimlərimiz var. 164 saylı məktəbin müəllimi Turan Hüseynova, İlyas
Əfəndiyev adına Elitar Gimnaziyanın müəllimi Zeynəb Məmmədova, 166 saylı
məktəbin müəllimi Solmaz Məhərrəmova, 60 saylı məktəbin müəllimi Aygün Ağayeva
bu vəsaitlərin imkanlarından məharətlə istifadə edirlər. Aygün Ağayeva ötən il
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi oldu. Ümumiyyətlə, “İrs”in
imkanlarından istifadə edən məktəblərin sirası getdikcə genişlənməkdədir. 30,
45, 177, 23, 91, 239, 288, 189, 190, 18, 5, 51, 162, 200 saylı məktəblər,
Elitar Gimnaziya, Klassik Gimnaziya, eləcə də, Salyan, Şirvan, Astara,
Hacıqabul rayonlarının təhsil ocaqları, Gəncənin uşaq bağçaları bu sahədə daha
artıq fəallıqları ilə seçilirlər.
Solmaz
Amanovanın adlarını qeyd etdiyi məktəblərin əksəriyyətinin fəaliyyəti ilə
yaxından tanışam. “İrs” vəsaitlərini mən də həmin məktəblərdə görmüşəm və onu
da müşahidə eləmişəm ki, bu vəsaitlər özləri ilə məktəblərə tamamilə yeni bir
təlim atmosferi, uşaqların, müəllimlərin
təlimə yeni bir münasibətini bəxş edir. Həm kitab, həm də elektron
formada olan inteqrativ dərsliklər imkann verir ki, müəllim nəzəri hissəni
vizual görüntü ilə möhkəmləndirsin. Elə bunu düşünmüşkən müsahibimdən: -Bəs,
uşaqlar bu vəsaitlərə necə münasibət bəsləyirlər?-soruşdum.
-“İrs”
uşaqların qarşısında yeni bir dünya açır. Bu dünya ilə tanış olmaq üçün ona
açar verir. Dünya onun gözləri qarşısında səhifə-səhifə vərəqlənir. Nağıl,
əfsanə, şeir, musiqi, teatr dünyanı yenicə dərk etməyə başlayan uşaq üçün bir
möcüzədir. “İrs” bu möcüzəni həqiqətə çevirir. Müəllimin bəhs etdikləri, hələ
uşaq üçün qaranlıq olanlar elektron lövhədə canlandıqca uşaqların öyrənmək
istəyini gözlərindən aydın oxumaq olar. Öyrətmək üçün bu, mühüm şərtdir. “İrs”
uşağın əlindən tutub onu irəli aparır. Uşaq özünü nağıllar aləmində hiss edir.
Şübhəsiz ki, bu, yalnız yaxşı müəllim sayəsində əldə olunur.
Müəllimlərdən
söz düşmüşkən... Onlar bunu necə mənimsəyirlər?
–
Kurslarda iştirak etməklə, Solmaz Amanova söhbətə davam edir. Artıq xeyli sayda
müəllim bizim vəsaitlərlə işləmə texnologiyasını məmimsəyib. Bu, əvvəlcə çətin
görünür. Amma işlə tanışlıqdan sonra maraq bütün çətinliklərə üstün gəlir.
Artıq biz, müəllimlərlə birlikdə neçə-neçə mövzunun elektron variantını
hazırlamışıq. Bilirsinizmi, bizimlə işləmək istəyən müəllimlər yaradıcı
müəllimlərdir, dərs prosesinin hər anından səmərəli istifadə etmək istəyən
müəllimlərdir. Heç yaradıcı müəllim olmasa da, bizim kurslardan sonra yaradıcı
işləməyə məcburdur. “İrs” bunu təlqin edir: yalnız yaradıcı işləməklə şagird
nailiyyətlərinin sırasını genişləndirmək mümkündür.
Solmaz
xanımın hazırladığı vəsaitlər, istər kitablar, istərsə də elektron nümunələr
zəngin tərtibatı baxımından da diqqəti cəlb edir. Şübhə yoxdur ki, bunlar xeyli
maddi vəsait hesabına başa gəlir. Bəs bu problem necə aradan qalxır?
–
Çox çətinliklə, Solmaz xanım bu suala ən yaralı yer kimi yanaşır:
-
Mənim işim yalnız kitab yazmaqdan ibarət deyil. Mövzulara uyğun cizgi filmi,
personajların rəsmini müxtəlif vəziyyətlərdə çəkmək, musiqi bəstələmək,
personajlar yaratmaq, resurslar əldə etmək, videogörüntüləri səsləndirmək...nəhayət
kitabları satmaq...bütün bunlar çox çətindir və böyük vəsait tələb edir. Əgər
bütün məktəblər, uşaq bağçaları bu vəsaitləri alsalar çox yaxşı olar.
-Məlumatıma
görə, ötən il Siz vərəm xəstəliyinin müalicəsini açmış məşhur alim Robert Koxun
100 illiyi münasibətilə “Robert Kox medalı” və şəxsi marka ilə təltif
olunmusunuz. Ümumiyyətlə, təltifləriniz, bilirik ki, az deyil. Bunlar barəsində
danışardınız... Həmsöhbətim Avropanın nüfuzlu təltifləri haqqında həvəslə
danışır. Söyləyir ki, o, Almaniyada keçirilən “Evromedika-2012” konqresinə uzun müddət
hazırlaşıb. Həmin konqresə özünün “Monastırskaya apteka”, “Xurdjun”, “Klad
Qyandji” kitabları və onların elekrton versiyaları ilə qatılıb. Qeyd etmək
yerinə düşərdi ki, bu kitabların hər biri anatomiya, profilaktika və gigiyena,
pediatriya, farmokalogiya, religiya, ətraf aləmlə tanışlıq, tarix, musiqi ilə
inteqrativ şəraitdə yazılmaqla uşaqların hərtərəfli inkişafında müstəsna rola
maikdir. Məhz bu müstəsnalıq da Azərbaycanlı mütəxəssisin əsərlərinə Avropa
alimlərinin marağını təmin edib. Solmaz Amanovanın sözlərinə görə, bütün konqres
iştirakçıları özündə təhsilin xeyli aspektlərini birləşdirən bu yeni, orijinal
vəsaitləri məmnunluqla qarşılayıb. Elə ona görə də onu nüfuzlu medala layiq
görüblər. Lakin bundan başqa da Solmaz xanımın digər nüfuzlu təltifləri var.
Uşaq tibbi ədəbiyyatı sahəsindəki uğurlarına görə o, Avropanın “Şərəf” ordeninə, incəsənəti öz əsərlərində
anatomiya ilə vəhdətdə ustalıqla təmin etdiyinə və bu vəsaitlərin uşaqların
sağlamlığının təmin olunmasında rolunu nəzərə alaraq o, Leonardo da Vinçi
medalına layiq görülüb.
Maraqlıdır,
görəsən, Solmaz Amanovanın yenilik kimi qarşılanan bu vəsaitlərinin
redaktorları kimlərdir, eləcə də, vəsaitlərin hazırlanmasında kimlərsə ona
kömək edirlərmi? Müəllifin sözlərinə görə, Fizika İnstitutunun direktoru professor
Çingiz Qacar, Tibb Universitetinin Anatomiya kafedrasının müdiri professor Vaqif
Şadlinski, Rusiya Yazıçılar İttifaqının katibi Lola Zvonareva, Tibb
Universitetinin farmokalogiya kafedrasının müdiri professor Musa Qəniyev,
Rusiya Tibb Elmləri Akademiyasının akademiki Sapin Solmaz Amanovanın
vəsaitlərinə redaktorluq etmişlər. Qeyd edim ki, adları çəkilən alimlər Avropanın
nüfuzlu Akademiyalarının akademikləridir. Vəsaitin hazırlanmasına gəlincə isə,
164 saylı məktəbin müəllimi Turan Hüseynova, İlyas Əfəndiyev adına Elitar
Gimnaziyanın müəllimi Zeynəb Məmmədova, 166 saylı məktəbin müəllimi Solmaz
Məhərrəmova, 60 saylı məktəbin müəllimi Aygün Ağayeva ona yaxından köməklik
göstərirlər.
Diqqətimi cəlb edən məqamlardan biri də bundan
ibarətdir ki, Solmaz Amanova vəsaitlərdə milli dəyərlərin öyrədilməsinə, eyni
zamanda ümumbəşəri hissləri aşılamağa çalışır. Onun təqdim etdiyi əsərlərin
məzmununda Şərqin də, Qərbin də mədəni dəyərlərinə, nağıllarına, əfsanələrinə,
tibb elminin nailiyyətlərinə, görkəmli şəxsiyyətlərə rast gəlmək mümkündür.
Amma ilk növbədə o, öz milli mədəniyyətini daha qabarıq verməyə çalışır.
Əlifbanın “A” hərfindən başlayaraq öyrədilən dəyərlər elə sistemli təqdim
olunur ki, şəxsiyyət hazırlığı məqsədinin qarşıda əsas vəzifə kimi dayandığı
aydın görünür. Bu, isə müəllimin
qarşısında elə bir tələb qoyur ki, öyrətmək üçün özü də zəngin təcrübə əldə
etməlidir.
Solmaz
Amanovanın 15 il ərzində yaratdığı zəngin vəsaitlər əslində daha geniş yazının
mövzusudur. Bir qəzet məqaləsində bu barədə tam dolğunluğu ilə əhatə eləmək
mümkün deyil. Odur ki, bu mövzuya bir daha qayıdacam.
Böyükağa
MİKAYILLI
No comments:
Post a Comment