4.01.2015

129 nömrəli tam orta məktəbdə maraqlı tamaşa

Məktəbin 3-cü sinif şagirdləri professor Əjdər Ağayevin “Pişik balasının səhvi” pyesini səhnələşdirdilər

Martın 16-da Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə Təhsil Naziri cənab Mikayıl Cabbarovun "Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması" haqqında əmrinin icrası məqsədilə professor Əjdər Ağayevin uşaqlara həsr etdiyi "Pişik balasının səhvi" əsərinin səhnələşdirilmiş təqdimatı keçirildi. Təqdimatda Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Şuranın idarə heyətinin üzvləri Həqiqə Məmmədova, İslam Baxşıyev, Akif Orucov, Böyükağa Mikayıllı, Yusif Əliyev, Şuranın üzvü Nizami Məmmədli, mətbuat nümayəndəsi Eldəniz Abbasov iştirak edirdilər.  Məktəbin 3-cü sinfinin rəhbərləri Elmira Hüseynova və Seçmə Canmirzəyevanın təşkilatçılığı ilə hazırlanan təqdimatı giriş sözü ilə açan məktəbin direktoru Samir Mehdizadə bildirdi ki, onlar professor Əjdər Ağayevin yaradıcılığına təsadüfi müraciət etməyiblər. Əjdər Ağayevin  çoxşaxəli yaradıcılığında uşaqlar üçün yazdığı şeirlər, hekayələr mühüm yer tutur. Əjdər Ağayev Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi olmaqla bərabər, müasir Azərbaycan uşaq ədəbiyyatında da şair, nasir kimi özünəməxsus yeri ilə tanınır.
Samir Mehdizadə söylədi ki, Azərbaycanın görkəmli söz adamlarından S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, C.Məmmədquluzadə, R.Əfəndiyev, A.Şaiq kimi qüdrətli sənətkarlar müəllimlik etməklə yanaşı, bu gün də öz dəyərini itirməyən, uşaqların mütaliəsi üçün qiymətli rol oynayan bədii əsərlər yaratmışlar. Əjdər Ağayev də öz görkəmli sələflərinin  yolunu uğurla davam etdirərək uşaqlar üçün dəyərli əsərlər meydana gətirmişdir.
S.Mehdizadə daha sonra Əjdər Ağayevin bədii yaradıcılığından bəhs etdi. Söylədi ki,  keçən əsrin 50-ci illərindən bədii yaradıcılığa qədəm qoyan  Ə.Ağayevin "İlk və son mahnı" adlı ilk hekayəsi 1956-cı ildə "Azərbaycan pioneri" qəzetində, "Bir də çal o mahnını" adlı ilk şeiri isə 1957-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. Onun bədii yaradıcılıq nümunələrinin toplandığı "Sülh gəmisinin kapitanı", "Payız", "Kosmos və mən", "Bala dadı, bal dadı", "Ceyran nənəm" (Azərbaycan və ingilis dillərində), "Gəlirəm, gözlə məni", "Fərhadın rəsmləri", "Allahın haqq bəndəsiyəm", nəhayət “Pişik balasının səhvi” kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb. Əjdər Ağayev bu əsərlərinin hər birində insanın daxili aləmini özünəməxsus boyalarla təsvir etmiş, gənc nəslə vətənpərvərlik, mənəvi dəyərlərə bağlılıq, saflıq, fəal vətəndaş mövqeyinin, nəcib hisslərin aşılanmasına çalışmışdır. Samir Mehdizadə vurğuladı ki, Təhsil naziri cənab Mikayıl Cabbarovun şagirdlərin mütaliəsi istiqamətində imzaladığı əmr 129 nömrəli tam orta məktəbdə də əks-səda verib. Məktəbdə şagirdlərin mütaliə imkanlarının yaxşılaşdırılması üçün tədbirlər planı hazırlanmış, sistem yaradılmışdır. Bu günkü tamaşa da həmin tədbirlər planının bir hissəsidir. S.Mehdizadə onu da qeyd etdi ki, məktəbdə tamaşaların təşkil edilməsi, şagirdlərin tamaşalarda iştirak etməyə meyl göstərməsi onların mədəni cəhətdən inkişafında, dünyagörüşünün formalaşmasında mühüm rola malikdir. O, onu da vurğuladı ki, tamaşanın ərsəyə gəlməsində valideynlərin də yaxından köməkliyi olmuşdur.  
Samir Mehdizadə tədbiri aparmaq üçün sözü uşaqlara verdi. “Bahar” mahnısı səsləndirildikdən sonra şagirdlər Əjdər Ağayevin şeirlərini ifa etdilər. Müəllifin “İkincilərik biz” şeirinə bəstələnmiş mahnını ifa etdilər. Görkəmli alimin təlim-tərbiyə mövzusunda qələmə aldığı elmi məqalələrindən hikmət dolu hissələri səsləndirdilər. Əjdər Ağayevin vətənpərvərlik mövzulu şeirlərini əyinlərində hərbi geyim olan balaca məktəblilər ifa etdilər. Tamaşaçılara daha yaxından bəlli olsun deyə Əjdər Ağayevin ömür yolunun ayrı – ayrı məqamlarını dilə gətirdilər. Söylədilər ki, Əjdər Ağayev 10 oktyabr 1937-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1954-cü ildə Salyan şəhər 2 nömrəli oğlan tam orta məktəbini bitirib. 1955-1960-cı illərdə APİ-nin (indiki ADPU) tarix-filologiya fakültəsində təhsil alıb. 1960-1965-ci illərdə Salyan rayonunda dil, ədəbiyyat, tarix müəllimi və tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 1966-1969-cu illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1970-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə edib. Pedaqoji elmlər doktoru (1996), professor (1996), Azərbaycan Respublikasının əməkdar müəllimi (2000), Rusiya Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür (Moskva, 2006). Azərbaycan Jurnalistlər Birliyinin (1975), Azərbaycan Yazıçılar Birliyinin (2001) üzvüdür. “Araz” ali ədəbi mükafatın (1997), akademik Mehdi Mehdizadə adına pedaqoji mükafatın (1998) laureatıdır. 500-dən çox elmi əsərin, 40 kitabın, monoqrafiya və dərsliyin, proqram və metodik tövsiyənin, 600-dən çox elmi-kütləvi, publisistik məqalənin müəllifidir. 10 bədii əsərlər kitabı nəşr olunmuşdur. 100-dən artıq şeirinə mahnı bəstələnmişdir. Əsərləri rus, ingilis, ukrayn, belarus, başqırd dillərində çap olunmuşdur. Azərbaycanda pedaqoji jurnalistikanın, xüsusilə, pedaqoji televiziya jurnalistikanın yaradıcılarındandır. Əjdər Ağayev 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür
Şagirdlər Əjdər Ağayevin həyat və yaradıcılığını vərəqlədikdən sonra tədbirin Novruz bayramına həsr olunmuş birinci hissəsi başlandı. Səhnədə tonqal alovlandırıldı. Milli geyimdə olan oğlan və qızlar milli rəqslər ifa etdilər. Novruz bayramının rəmzi olan Kosa və Keçəl maraqlı atmacaları ilə tamaşaçıları əyləndirməyi, əsl Novruz əhval-ruhiyyəsi yaratmağı bacardılar.
Nəhayət “Pişik balasının səhvi” pyesini səhnələşdirilmiş balaca aktyorlar-məktəbin üçüncü sinif şagirdləri səhnəyə çıxdılar. Tamaşanın sujet xəttinə uyğun tərtib olunmuş səhnəyə qədəm qoyan balaca aktyorların zövqlü, eyni zamanda tamaşanın ruhuna uyğun geyimləri səhnənin tərtibatı ilə həmahənglik təşkil edirdi. Adama elə gəlirdi ki, tamaşa peşəkar aktyorlar tərəfindən hazırlanıb. Hər bir iştirakçı ölçülü-biçili hərəkəti ilə öz rolunu ifa edir, sözlər intonasiya ilə tələffüz olunur, heyvan səsləri məharətlə səsləndirilirdi. Onlar səhnədə sanki möcüzəli bir aləm yaratmışdılar. Pyesin mahiyyətini öz hərəkətləri və sözləri ilə açıqlayır, maraqlı kompozisiya yaradırdılar. Qeyd edim ki, “Pişik balasının səhvi” pyesi mahiyyət etibarilə ətrafda baş verənlərə ağılla yanaşmağı, düşünməyi, düzgün nəticə çıxarmağı, tədbirli, bilikli olmağı ehtiva edir. Yazıçı pyesdə uşaqların anlayacağı dillə onlara izah edir ki, həyatda hər hansı bir məqsədə çatmağın ən səmərəli yolu bilik əldə etməkdən və onu tətbiq etməyi bacarmaqdan keçir. Bu isə müasir dövrümüzdə çox aktualdır. Bu gün cəmiyyətmizdə baş verən texnoloji yeniliklər uşaqların maraq dairəsini dəyişməklə, onları əksər hallarda yanlış istiqamətə yönəldir. Odur ki, kiçik yaşlı məktəblilərin mənəvi dünyasının formalaşmasına müsbət mənada təsir göstərəcək bu kimi əsərlər bu gün olduqca əhəmiyyətlidir. 
Tamaşa iştirakçıların gurultulu alqışları ilə qarşılandı.
Tamaşadan sonra çıxış edən Təhsil Şurası idarə heyətinin üzvü Həqiqə Məmmədova söylədi ki, 129 nömrəli tam orta məktəbdə bir neçə dəfə tədbirlərdə iştirak edib. O, bu tədbirlərin hər birinin maraq doğurduğunu söyləməklə, bunun təhsil ocağında təlim-tərbiyə işinin dövrün tələbləri səviyyəsində təşkil olunması ilə əlaqələndirdi. Tamaşanın şagirdlər tərəfindən yüksək bədii tərtibatda hazırlandığından məmnunluğunu ifadə etdi.
Sonda çıxış edən professor Əjdər Ağayev də tamaşadan məmnun qaldığını dilə gətirdi. Söylədi ki, şagirdlər pyesdə irəli sürülən əsas fəlsəfi məqamı tamaşaçılara çatdıra bildilər. Həyatda insana gərək olan ən böyük nemət bilikdir. Gərək bilkli olasan ki, cəmiyyətə, insanlara fayda verə biləsən. Əjdər Ağayev məktəbin pedaqoji kollektivinə, rəhbərliyinə, şagirdlərə tamaşanın yüksək səviyyədə hazırlandığına görə minnətdarlığını bildirdi. 129 nömrəli tam orta məktəbin onu arzu etdiyi, düşüncələrində yaşatdığı təhsil ocağı olduğunu söylədi.

Təhsil Şurası Mətbuat və İctimaiyyətlə Əlaqə Mərkəzi
 

 

 



No comments:

Post a Comment