4.01.2015

Şagird qəlbinə gedən yol...

Bir neçə ay əvvəl Şirvanda tədbirlərin birində 21 nömrəli tam orta məktəbin direktrou
Səadət Quliyeva ilə Təhsil Şurasının həyata keçrdiyi “Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsi barədə fikir mübadiləsi aparırdıq. Səadət müəllim müəllimərin iş təcrübəsinin respublikaya yayılması ənənəsinin Azərbaycan Təhsil Şurası tərəfindən pedaqoji ictimaiyyətin gündəminə gətirilməsindən məmnunluq ifadə edərək rəhbərlik etdiyi təhsil ocağında iş təcrübəsi ilə nümunə olan müəllimlərin çox olduğunu söylədi. Onlardan biri, məktəbin ingilis dili müəllimi Təranə Səmədzadənin da iş təcrübəsinin yayılmasının tərəfdarı olduğunu dilə gətridi.
Təranə Səmədzadə ilə görüşümüz 2-ci sinifdə apardığı dərsə təsadüf etdi. Əslində bu, mənim ürəyimcə idi. Müəllimin xarici dilin tədrisini  aşağı siniflərdə hansı səviyyədə qurduğu, söz ehtiyatını artırmaq, nitqi formalaşdırmaq, ümumən xarici dilə maraq oyatmaq üçün tətbiq edəcəyi metodikalar mənim üçün maraqlı idi. Məlum olduğu kimi dilin tədrisində  əsas məqam dərsin davamlılığına, ardıcıllığına nail olmaq, idraki və linqvistik tələbləri  yerinə yetirməkdir. Digər bir mühüm məqam isə sinifdə sərbəst öyrənmə mühiti yaratmaqdır. Şagirdə kifayət qədər sərbəstlik vermək lazımdır ki, o, öyrəndiklərini dərs prosesində olduğu kimi, məktəbdən kənarda da tətbiq edə bilsin. Təranə Səmədzadənin dərsində müşahidə etdiyim ən mühüm məqamlardan biri elə bu idi. O, “Cəngəllik heyvanları” mövzusunda apardığı dərsdə mövzunun imkanlarından istifadə etməklə həm də balaca fidanların düşüncəsinə xeyirxahlıq, ünsiyyət mədəniyyəti, ətraf aləmə sevgi toxumları səpə bildi. O, ilk baxışdan öz peşəsinin mahir ustası olan müəllim təsiri bağılayırdı. Onu müşahidə etdikcə düşünürdüm ki, istedadlı, şagird mənəviyyatına təsir edə bilən, onu layiqli vətəndaş kimi formalaşdırmağı bacaran müəllim ən dəyərli mənəvi sərvətdir. O, şagirdlərinə yanaşması ilə ilk baxışdan özü haqqında belə bir təəssürat yaradırdı. Müşahidələrim məndə bu qənaəti də yaradırdı ki, müəllim şagirddə biliyə, savada, elmə məhəbbət oyatdığı kimi, bəşəriyyətə, insanlığa, xeyirxahlığa da sevgi yaradan insandır. Bu, min il əvvəl də belə idi. Bu gün də belədir. Əsl müəllim hər zaman müasir olmuşdur. Əsl müəllim hər zaman "kirpikləri ilə od götürüb" bu odu şagirdinin qəlbində alovlandırmışdır. Bu alovu hələ ikinci sinifdə oxumalarına baxmayaraq Təranə müəllimin də şagirdlərinin simasından oxumaq mümkün idi.  
Dərsin əvvəlində nümayiş etdirdiyi video-carxda  müəllim cəngəllik heyvanlarını nümayiş etdirməklə mövzu haqqında maraqlı motivasiya yaratdı.  Özünün ahəngdar səsi ilə şagirdlərinə qoşulub oxuyan Təranə müəllim  çəkdiyi maraqlı rəsmləri dərsin müəyyən məqamlarında şagirdlərin istifadəsinə verir, eyni zamanda onların da rəsm üzərində işləmələrinə şərait yaradırdı. O, xüsusən yeni sözləri təqdim edərkən şəkillərdən istifadə edir, bununla da sözün şagird yaddaşına yazılmasına stimul yaradırdı. Əslində bu, Təranə müəllimin yeni sözləri şagirdinin yaddaşına yazmaq üçün tətbiq etdiyi üsullardan biri idi. Qeyd etdiyim kimi, o, bu məqsədlə musiqidən, daha sonra isə dialoqdan, eləcə də kompüterdə nümayiş olunan təsvirlərdən, jestlərdən də istifadə edirdi.  Dərs prosesində sanki heyvanlar da dil açır danışır,  musiqinin ecazkar dili ilə özlərindən bəhs edir, nə yeyib, nə içdiklərindən danışırdılar. 
Qeyd edim ki, Təranə Səmədzadə 2-ci sinifdə tədrisi “İngilis dilinin intensiv tədrisi” layihəsi əsasında həyata keçirir. Bu layihə  21 nömrəli tam orta məktəbin qoşulduğu layihələdən biridir.   Təhsil nazirinin əmrinə əsasən 2008-2009-cu tədris ilindən Bakı şəhərinin 7 pilot məktəbində tətbiq edilən  bu layihə 2013-2014-cü tədris ilindən ölkənin 50 pilot məktəbində həyata keçirilməyə başlanmışdır. Layihənin həyata keçirilməsinə “British Council” tərəfindən də müvafiq dəstək göstərilir. 21 nömrəli tam orta məktəb artıq iki ildir ki, bu layihəyə qoşulub. Hər il Təhsil Nazirliyi və “British Council” tərəfindən  “21-ci əsrin müəllimi” layihəsi çərçivəsində Bakı şəhərində və rayonlarda seçilmiş 50 pilot məktəbdə “İngilis dilinin intensiv tədrisi” layihəsi üzrə 5  günlük təlimlər keçirilir. Azərbaycanın 50 pilot məktəbindən olan ingilis dili müəllimləri bu təlimlərdən bəhrələnərək müxtəlif təlim metodlarını mənimsəyir ve peşəkar vərdişlərini inkişaf etdirirlər.Təlimlərə ən yaxşı müəllimlər cəlb edilir. İştirakçı müəllimlərə “Fun English”kitabından necə istifadə etməyi, mahnı, hekayələr, oyunlar əsasında dərslərin keçirilməsi yolları, şagirdlərə ingilis dilini əyləncəli yol və vasitələrlə öyrətməyi öyrənirlər. Onu da qeyd edək ki,  müşahidə nəticəsində seçilmiş ən fəal müəllimlərdən 11 nəfəri 22-30 mart 2015-ci il tarixində Böyük Britaniyada “21-ci əsrin müəllimi” layihəsi çərçivəsində təlim səfərinə göndərilmişdir. Sevindirici haldır ki, seçilmiş müəllimlərdən biri də Təranə Səmədzadə idi. Böyük Britaniyaya təlim səfəri çərçivəsində London və Kembric şəhərlərində olan Təranə müəllim ingilis dilinin müasir səviyyədə tədrisi metodikası, dərsin planlaşdırılıması məsələləri, eyni zamanda Britaniya həyat tərzi, mədəniyyəti ilə yaxından tanış olmuşdur.   
Təranə müəllimin dərsi həqiqətən də qeyd olunan layihədə nəzərdə tutulan təlim metodları əsasında qurulmuşdu. Müəllim ikinciləri çox məharətlə irəli sürdüyü problem ətrafında işləməyə cəlb edir, onlarda əməkdaşlıq vərdişlərini formalaşdırmağa çalışırdı. Yeri gəldikcə nümayiş etdirdiyi cizgi filmi, qısa videoçarxlar da uşaqların yaş səviyyəsinə uyğun hazırlanmaqla, cəlbedici musiqilər əlavə edilməklə uşaqların zövqünü oxşayırdı. Musiqi ilə ahəngdar şəkildə səsləndirilən sözləri uşaqlar yeri gəldikcə böyük sevnc hissi ilə təkrarlayırdılar. Şübhəsiz ki, müəllim bu üsuldan istifadə etməklə şagirdlərin həm söz ehtiyatlarını atırmağa, həm də sözlərin yaddaşda daha da möhkəmlənməsinə stimul yaradırdı. Ümumiyyətlə, xarici dil müəllimlərinin bu amildən istifadə ediklərinin bir neçə dəfə şahidi olmuşam. Şagird bəzən dinləmə materiallarını, tapşırıqlarını öz müəlliminin deyil, digər danışanın dilindən eşidəndə onu daha yaxşı qavrayır. Müəllimin çox mükəmməl tələffüzü, nitqi ola bilər, amma şagirdin fərqli səsi dinləməsi onun xarici dili eşidib-anlama qabiliyyətlərinin formalaşmasını tezləşdirir. Onu da qeyd edək ki, “İngilis dilinin intensiv tədrisi” layihəsinə əsasən ibtidai siniflərdə xarici dil 3 saat tədris olunur. Layihəyə əsasən Kembric universitetinin dərsliklərindən istifadə olunur. Bu dərsliklər uşaqların dil öyrənmələrinə daha optimal şərait yaradır. Dərslərdə musiqidən, texnologiyadan, rollu oyunlardan məqsədyönlü şəkildə istifadə olunur. Müəllimdən yaradıcı yanaşma, mimika və jestlərdən daha çox istifadə etmək, bədən dili ilə öyrətmək  tələb olunur.
Diqqətimi həm də o cəlb edirdi ki, Təranə müəllim sinfin bütün şagirdlərini fəallaşmağa, birincilik uğrunda mübarizəyə səfərbər etməyə nail ola bilmişdi. Bunu isə əlbəttə ki, müəllim siniflə uzunmüddətli birgə fəaliyyət nəticəsində əldə etmişdi. Birinci növbədə xarici dilə maraq oyadılmışdı. İkincisi sağlam rəqabət mühiti yaradılmışıdı. Üçüncüsü əzmkarlıq, iradə kimi mühüm keyfiyyətlərin formalaşdırılması istiqamətində addımlar atılmışdı. Prosesdə də bunu aydın görmək mümkün idi. Ümumiyyətlə, sinifdə yaradılmış bu mühit idrak fəallığını artırmaqla şagird təfəkkürünün inkişafına yol açır. Təranə Səmədzadənin pedaqoji fəaliyyətinin əsasını məhz bu prinsip təşkil edir. O, tərtib etdiyi zəngin əyani vəsaitlər, dinləmə vasitələri, elektron tədris resursları, testlər, ekskursiyalar,  video-çarxlardan, sinifdənxaric oxu vasitələrindən və s. Istifadə etməklə şagirdlərinin həm bir şəxsiyyət kimi yetişməsinə, həm də xarici dilin incəliklərinə hələ kiçik yaşlarından yiyələnmələrinə çalışır.     

Təranə Səmədzadənin ömür yolundan sətirlər...
Təranə Səmədzadə  20 oktyabr 1975-ci ildə Şirvan şəhərində anadan olub. 1992 –ci ildə Şirvan şəhər  10 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbdə oxuyarkən kimya fənni üzrə olimpiadanın zona turunda birinci yerə layiq görülüb.1993-cü ildə Azərbaycan Dillər Universitetinin alman dili fakültəsinə qəbul olub.1997-ci ilə həmin universiteti bitirib. Həmin ildə Şirvan şəhərindəki 21 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
2005-2006-cı illər ərzində Təhsil Nazirliyi və British Council tərəfindən təşkil olunan  INSETT təlimlərində iştirak edib, sertifikatlar alıb. “Lüğətin öyrədilməsi” mövzusunda qrup şəklində layihə hazırlayaraq təqdim edib. Sülh korpusu konfransında iştirak edib. Həmin təşkilatla əməkdaşlığa qoşulub. 2013-cü ildən  AzETA-nın (Azərbaycan İngilis dili müəllimləri Assosiasiyası) Şirvan flialına üzv qəbul edilib.
2014 cu ilin aprel ayında INEPO-AVRASIYA olimpiadasında rəhbəri olduğu  layihəyə görə  şagirdi Cəlal Səmədov və Mehriban İsmayılova 51 ölkə  arasında 3-cü yerə layiq görülüb. Fəal müəllim kimi seçilərək 22-30 mart 2015-ci il tarixlərində İngiltərədə təlim səfərində olub. Qəbul imtahanlarında fəaliyyətinə görə TQDK-nın təşəkkür məktubunu alıb.

Böyükağa MİKYILLI

No comments:

Post a Comment