4.01.2015

Bölgədən soraq Vasif QASIMOV, bölgə müxbiri

YENİ MƏKTƏB BİNASINA EHTİYAC VAR

Pedaqoji kollektiv ümid edir ki, tezliklə onlar üçün də yeni məktəb binası inşa ediləcək. O zaman uğurların da sırası genişlənəcək.

Hər bir təhsil ocağının nailiyyətlərinin əsasında mükəmməl idarəetmə sisteminin yaradılması, savadlı pedaqoji kadr potensialı, maddi-texniki baza dayanır. Ümumiyyətlə, yaxşı və keyfiyyətli bir tədrisin həyata keçirilməsi üçün məktəb rəhbərliyinin yüksək idarəetmə qabiliyyəti önəmli rol oynayır.
Bu gün ölkəmizdə məktəblərin maddi-texniki bazasının müasirləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması istiqamətində əsaslı işlər aparılır. Ancaq şəraitsiz məktəblərimiz hələ də qalmaqdadır. Lakin bu, heç də o demək deyildir ki, lazımı şəraiti olmayan məktəblərdə tədris lazımı səviyyədə həyata keçirilmir. Xeyr. Elə məktəblərimiz var ki, maddi-texniki bazası nə qədər zəif olsa da, əldə etdiyi nailiyyətləri heç də az deyil. Bu kimi məktəblərlə respublikamızın hər yerində rastlaşmaq mümkündür. Gədəbəydə olarkən Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevlə də bu barədə söhbətimiz oldu. O, qeyd etdi ki, bu gün Gədəbəy təhsilində əldə olunan uğurlar az deyil. Son illər ali məktəblərə qəbul olunan məzunların sayının artması və eləcə də, məktəb şagirdlərinin istər olimpiadalarda, istərsə də, idman yarışlarında uğurlu çıxışları buna misal ola bilər.

Rayonun təhsil ocaqları ilə ilkin tanışlığa Təhsil şöbəsi metodkabinetinin müdiri Hüsaməddin Namazovla birlikdə palçıqlı, uçurumlu yolların sonunda yerləşən Səyavuş Qasımov adına Arabaçı kənd tam orta məktəbindən başladıq. Məktəbin binası öz fiziki simasını itirmək üzrə olmasına baxmayaraq təlim-tərbiyə prosesi normal ahəngi ilə davam edirdi. Məktəbdə öyrədən və öyrənənlərin səyi nəticəsində məktəbin məzunları ali məktəblərə yüksək balla qəbul olunurlar. 2013-2014-cü dərs ilində məzunlardan 8 nəfəri tələbə adını qazanıb. Məktəbin şagirdləri hər il fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə fəal iştirak edirlər. Təhsil ocağının direktrou Tofiq Mirzəyevin sözlərinə görə məktəbdə Nürəddin Nəbiyev, Əlibala Orucov, Araslı Nəbiyev, Ələddin Mirzəyev kimi uzun müddət səmərəli pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər çalışır. Sinif müəllimlərindən Ramiz Qasımov, Murğuz Nəbiyev, Şəmistan Quliyev, Vəsilə Muradova həmişə yüksək təlim keyfiyyəti göstəriciləri ilə fərqlənirlər. Sinif rəhbərləri sinif iclaslarında təlim-tərbiyə prosesinin aktual məsələlərini müzakirəyə qoyur, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün optimal yollar düşünürlər. Məktəbin direktor müavinləri Şəmsəddin Məmmədov və Qəmbər Tapdıqov öz işlərinə məsuliyyətlə yanaşır, təlim-tərbiyə və metodiki işləri lazımı səviyyədə təşkil edirlər. Məktəbdə mütəmadi olaraq idman yarışları, tamaşalar təşkil olunur. Məktəb direktorunun dediyinə görə Bilik günü, Dövlət müstəqilliyi günü, ulu öndər Heydər Əliyevin doğum və anım günü, Milli dirçəliş günü, Konstitusiya günü, Dünya Azərbaycanlılarının həmrəylik günü, Beynəlxalq Ana dili günü, eləcə də 20 Yanvar faciəsi, Xocalı soyqrımı günü, Azərbaycanlıların soyqrımı günü və digər tədbirlər şagirdlərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında. Dünyagörüşünün artmasında mühüm rol oynayır. Məktəbdə qabaqcıl iş təcrübəsinə malik olan müəllimlər çoxdur. Asəf Tapdıqov, Arzu Yusifov, Rüfət Məmmədov, Natiq Verdiyev, Rubayıl Nəbiyev yüksək səviyyədə İKT bacarığına malik olan müəllimlərdəndir. Amma təəssüflər olsun ki, məktəb müasir texniki avadanlıqlara lazımı səviyyədə təchiz olunmayıb. Eləcə də 1973-cü ildə inşa edilmiş məktəb binasında çatlar əmələ gəlib. Təhsil ocağının əsaslı təmirə ehtiyacı var. Pedaqoji kollektiv ümid edir ki, tezliklə onlar üçün də yeni məktəb binası inşa ediləcək. O zaman uğurların da sırası genişlənəcək.


 Vasif QASIMOV, bölgə müxbiri

No comments:

Post a Comment