4.01.2015

Mənəvi tərbiyə əsas məqsəddir

Hələ bir neçə il bundan əvvəl olduğu kimi, bu dəfə də Mingəçevirdəki İsmət Qayıbov adına 10 nömrəli tam orta məktəbin direktoru Xumarə Mikayılova bizimlə söhbətə məktəbin şagirdlərinin əldə etdiyi nailiyyətlərlə başladı. Bunu da onunla əlaqələndirdi ki, uşaq ailənin güzgüsü olduğu kimi, şagird də məktəbin aynasıdır. Biz müəllimlərimizin peşəkarlığından, öz işlərinə məsuliyyətlə yanaşmalarından, əldə etdikləri nailiyyətlərdən nə qədər bəhs etsək də, bütün bunlar şagird uğurları ilə müşaiyət olunmazsa, heç bir əhəmiyyəti yoxdur. Təcrübəli məktəb rəhbəri qeyd edir ki, məktəbin şagirdləri beynəlxalq miqyaslı bilik, idman yarışlarında, müsabiqələrdə uğurlu nəticələri ilə pedaqoji kollektivi sevindirirlər. Məktəbin 11-ci “a” sinif şagirdi Fərid Əhədli Beynəlxalq İngilis dili test sisteminin bilik yarışında 9 mümkün baldan 7,5 bal toplayaraq qaliblər sırasında olub. Fərid İndoneziyanın Bali şəhərində keçirilən beynəlxalq olimpiadada da nailiyyət əldə edib. Məktəbin digər şagirdi Qabil Yusifov Əlillər günü münasibətilə keçirilən “Həyat əlillərin gözü ilə” rəsm müsabiqəsində birinci yeri tutub. 8-ci sinif şagirdi Ruqiyyə Əmrahlının iştirak etdiyi müsabiqə həm də maraqlılığı və orijinallığı ilə diqqəti cəlb edib. O, “Mənim 15 metr boyum olsaydı həyatı necə görərdim?” mövzusunda beynəlxalq tədbirə qatılıb. Ruqiyyə uğurlu nəticə əldə etdiyi bu müsabiqədə maraqlı fikirləri ilə yadda qalıb.
Müsabiqəyə təqdim etdiyi yazısını əsasən xeyirxahlıq amalları üzərində quran gənc məktəbli əldə etdiyi nailiyyətə görə müəllimi Nabat Vəliyevaya minnətdarlıq ifadə edir. Məktəbin şagirdlərindən Şəbnəm Sərdarlı və Zeynəb Quliyevanın da uğurları diqqətəlayiqdir. Onlar “Ana dilimizi sevək, sevdirək” respublika müdabiqəsində qızıl medala layiq görülmüşlər. Məktəbin kimya müəllimi Hizayət Abbasova, biologiya müəllimi Naimə Hacıyevanın yetirmələri müvafiq fənlər üzrə beynəlxalq olimpiadalardan uğurlu nəticələrlə qayıdıblar. Mikayıl Əmrahlı kimya üzrə 47-ci beyəlxalq olimpidada uğurlu nəticə əldə edib. Mikayılın müəllimi  Hizayət Abbasovadır. Ötən dərs ilində ali məktəbə sənəd verən 46 məzundan 36 nəfəri tələbə adını qazanıb. 6 nəfər 600-dən, 9 nəfər 500-dən artıq bal toplayıb. Məktəbin müəllimi Zemfira Məhərrəmovanın şagirdi Aytac Həsrətli  riyaziyyat fənn olimpidasının  zona yarışlarında iştirak etmək hüququ qazanıb. Respublika fənn olimpiadasının qalibi olmuş şagirdlərdən Pənah Mehdiyev və Ülkər Əsgərova  məktəbi qızıl medalla başa vurmuşlar.  
Xumarə Mikayılova söyləyir ki, məktəbin idman sahəsində olan nailiyyətləri də çoxdur. Fiziki tərbiyə müəllimləri Atəş Məmmədov, Ariz Soltanov və İsrayıl Məmmədov  məktəbin yüksək idman nailiyyətlərinin əldə olunmasında əhəmiyyətli rol oynayırlar. Şagirdlərin idman uğurlarını əks etdirən diplomlara nəzər sadıqda da bunu aydın görmək mümkündür. Yeniyetmələr arasında Respublika çempionatında, Bakı birinciliyində, Beynəlxalq Bakı turnirində, poliotlon çoxnövçülüyü üzrə benəlxalq  yarışlarda, Prezident Kubokunda əldə olunan qalibiyyətlər buna sübutdur.
 Şübhə yoxdur ki, məktəbin hərtərəfli təchizata malik olan idman zalı da uğurların əldə olunmasında təkanverici amillərdən biridir. Məktəbin “Şahinlər” hərbi idman komandası da şəhər birinciliyində mütəmadi olaraq qələbə əldə edir.
10 nömrəli tam orta məktəbin nailiyyətlərinə nəzər saldıqda və onu şəhərin digər təhsil ocaqlarının uğurları ilə müqayisə etdikdə görmək mümkündür ki, bu təhsil ocağının qazandığı uğurlar şəhərin digər təhsil ocaqları ilə müqayisədə özünəməxsus cəhətləri ilə seçilir. Xumarə Mikayılova məktəbin müəllimlərindən Nabat Vəliyeva, Zemfira Məhərrəmova (Respublikanın əməkdar müəllimi), Validə İbrahimova, Xuraman Paşayeva, Yeganə Bədəlova, Nailə Nəsibova, Nabat Kərimova, Nərmin Məlikova, Nərminə Əliyeva, Svetlana Kərimova, İlham Bayramov, Nəriman Qədirov, Seymur Məhərrəmov, Rəna Səfərova, Xatirə Lətifova, Atəş Məmmədovu qabaqcıl müəllim kimi xarakterizə etməklə, onların hər birini yenilikci, novator müəllim kimi təqdim etdi. Söylədi ki, məktəbdə qabaqcıl müəllimlərin çalışması, təlimin keyfiyyətinə müsbət təsir etməklə bərabər, digər müəllimlərin də işinin stimullaşdırılmasına yol açır. Mütəmadi olaraq açıq dərslərin keçirilməsi, yenilikçi müəllimlərin iş təcrübəsinin mütərəqqi cəhətlərinin məktəbdə yayılması məktəbdə pedaqoji prosesin səmərəsini artırır. Təcrübəli məktəb rəhbəri söyləyir ki, dövlət hər zaman müəllimin qarşısında böyüyən nəslin geniş dünyagörüşlü, elmə, təhsilə həvəsli, əxlaqlı, Vətənimizə layiqli vətəndaş formalaşdırılması kimi mühüm vəzifə qoyur. Bu vəzifələrin həlli yalnız tədris prosesi ilə yekunlaşmamlıdır. Müəllim nə qədər yüksək peşəkar hazırlığa malik olsa da, vətəndaş hazırlığına nail olmağın yolu yalnız dərs prosesindən keçmir. Məktəbdə mütəmadi olaraq müxtəlif mövzularda tədbirlər keçirilməli, bu tədbirlərdə öyrədicilik, maarifləndiriciliklə yanaşı, vətəndaş hazırlığı məsələlərinə xüsusi yer ayrılmalıdır. Bəs bu iş necə təşkil olunmalıdır? 10 nömrəli tam orta məktəbdə bu istiqamətdə hansı tədbirlər həyata keçirilir?
Xumarə Mikayılova söyləyir ki, şagirdlərin dərs prosesində vətənimizin tarixi keçmişi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, görkəmli şəxsiyyətləri ilə bağlı öyrəndikləri müəllimlərinin də köməyi ilə onları bu istiqamətdə araşdırma aparmağa, müxtəlif səpkili tədbirlər təşkil etməyə sövq edir. Çalışırıq ki, tədbirlərin hər biri özünün öyrədici, maarifləndirici xarakteri ilə diqqəti cəlb etsin, eyni zamanda şagirdləri maraqlandıran məqamlarla zəngin olsun. Şagirdlər dərs prosesində öyrəndiklərini bu kimi tədbirlər vasitəsilə daha da zənginləşdirirlər. Məktəbdə dövrü olaraq keçirilən “Bilik günü”, “Müəllim günü”, “Müstəqillik  günü”, “Konstitusiya günü”, “Bayraq günü”, “Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü”, “Dünya Azərbaycanlılarının həmrəylik günü”, “Novruz bayramı”, “Azərbaycanlıların soyqırımı günü”,  “Respublika günü”, “Baynəlxalq Ana dili günü”, “Dirçəliş günü”, 20 yanvar, Xocalı faciəsi günləri məktəbdə əhval – ruhiyyəni tamamilə bu günlərin əhvalına kökləyir. Ümumilikdə isə gənclərdə Vətən sevgisini, şəxsi ləyaqət hissini, azadlıq,  xeyirxahlıq duyğularının formalaşdırılmasına yol açır. Hər il may ayında məktəbdə böyük təntənə ilə qeyd olunan ulu öndər Heydər Əliyevin doğum gününə məktəbin pedaqoji kollektivi bütölükdə xüsusi hazırlıq aparır. Bu kimi tədbirlər ümumilikdə, təlim-tərbiyə işinin keyfiyyət baxımından yüksəlməsini stimullaşdırır. Məktəbin pedaqoji kollektivi, dərs prosesi ilə tanışlıqdan da bu qənaətə gəlmək mümkündür. Təsadüfü deyildir ki, hələ bir neçə il bundan əvvəl Təhsil nazirliyinin apardığı akkreditasiya 10 nömrəli tam orta məktəbin fəaliyyətini müsbət tərəfdən dəyərləndirmişdir. Akkreditasıya komissiyası məktəbin fəaliyyətini dövlət standartlarına uyğunluq baxımından yüksək qiymətləndirmişdir. Xumarə Mikayılova qeyd edir ki, akkreditasiya zamanı şagirdlərin ali məktəblərə qəbulu, onların müxtəlif miqyaslı yarışlarda, müsabiqələrdə, olimpiadalarda iştirakı, məktəbin beynəlxalq əlaqələri də yüksək nəticə hesab edilmişdir.
Hələ bir neçə il əvvəl Xumarə Mikayılovadan aldığım müsahibədə təcrübəli məktəb rəhbəri  vurğulamışdı ki,  bu gün məktəbdə təlimin keyfiyyətinin yüksəldilməsi bir nömrəli vəzifə kimi qarşıda dayanır. Pedaqoji kollektiv bütünlüklə bu vəzifənin yüksək səviyyədə yerinə yetirilməsinə səfərbər olunub. Bu məqsədlə mütəmadi olaraq keçirilən dəyirmi masalar, diskussiyalar, seminarlar, treninqlər müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə, bunun fonunda təlim-tərbiyə işinin keyfiyyətinin yaxşılaşmasına istiqamətlənib. Müəllimlərin respublika və beynəlxalq miqyaslı pilot layihələrdə, innovativ proqramlarda iştirakı, eyni zamanda məktəbdə İKT-nin, total internet şəbəkəsinin mövcudluğu təlimin müasir səciyyə daşımasına yardımcı olan amillərdəndir. Bu gün də belədir. Ümumiyyətlə, 10 nömrəli tam orta məktəb respublikada bütün innovativ layihələrin meydanı kimi tanınır. Xumarə Mikayılova vurğulayır ki, pedaqoji kollektivin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri də istedadlı şagirdlərin aşkara çıxarılması və onlarla işin təşkilidir. Məktəbdə pilot layihə kimi tətbiq olunan “Dram”, “Rəqs”, “Musiqi”, “Rəsm” dərnəkləri şagirdlərin dərsdənsonrakı vaxtlarının səmərəli dəyərləndirilməsi proqramı əsasında həyata keçirilir. Bu proqram da öz növbəsində istedadlı şagirdlərin meydana çıxarılmasına yol açır. Mingəçevirin dörd məktəbində tətbiq olunan bu proqrama bütün fənlər və bütün siniflər üzrə fəaliyyət göstərən qruplar daxildir. Dərnəklər həftənin cümə və şənbə günləri fəaliyyət göstərir. Xumarə Mikayılova qeyd edir ki, Təhsil nazirliyi tərəfindən tətbiq olunan və şəhər təhsil şöbəsinin yaxından iştirakı ilə tətbiq olunan bu proqramın məqsədi şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasına nail olmaqdır. Xumarə Mikayılova söyləyir ki, dərnəklərin fəaliyyətə başlaması məktəbin həyatında, sözün həqiqi mənasında, canlanma yaratmışdır. Şagirdlər kitabxanaya, dərnəklərə, müzakirələrə həvəslə gəlir, tədbirlərdə maraqla iştirak edirlər.

Bu gün 10 nömrəli tam orta məktəbin pedaqoji kollektivi Xumarə Mikayılovanın rəhbərliyi ilə öz işini gənclərin dünyagörüşünün hərtərəfli inkişafı, onların cəmiyyətdə layiqli mövqe tutması, təlimdə daha böyük nailiyyətlərin əldə olunması istiqamətində təşkil edir. Düşünmək olar ki, bu əsaslı fəaliyyət onları yalnız uğura doğru aparır.

Böyükağa MİKAYILLI  

No comments:

Post a Comment