Yazı Bakı şəhəri Nəsimi rayonu
164 saylı tam orta məktəbin müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi
Qafilə Əliyevaya həsr olunur...
Müəllimlik elə bir peşədir ki,
onu sevmədən, qəldən bağlanmadan uğur əldə etmək çox çətindir. Yalnız sevgi ilə
bu peşənin dərinliklərinə baş vurmaq, onun ən incə məqamlarını mənimsəmək
mümkündür. Uzun illik pedaqoji mətbuat təcrübəmdən belə qənaətə gəlmişəm ki,
ibtidai sinif müəllimliyi müəllimlik peşəsinin zirvəsidir. Riyaziyyatı bilməklə
yaxşı riyaziyyat müəllimi, ədəbiyyatı bilməklə yaxşı ədəbiyyat müəllimi ola
bilərsən və s. Amma bir ibtidai sinif müəllimi olmaq bir neçə elm sahəsinin
incəliklərini təfəkkür süzgəcindən keçirib beyinlərə həkk etmək bacarığı tələb
edir. Həm də hələ formalaşmaqda olan kövrək uşaq beyninə... Bakının Nəsimi
rayonundakı 164 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Qafilə Əliyeva
da fəndən fənnə, dərsdən dərsə məharətlə adaptasiya olunaraq şagird qarşısına
ana dilini sevən, onun musiqisini, mədəniyyətini, təsviri incəsənətini,
təbiətini, ədəbiyyatını bilən bir müəllim kimi çıxmaq istedadına malikdir.
Uzun
müddətdir ki, onu bir müəllim kimi müşahidə edirəm. Və bu müşahidələrim məni
düşüncələrimdə yaşatdığım bir müəllim obrazı ilə zaman-zaman qarşı-qarşıya
qoyur. Qafilə müəllim müəllimlik peşəsinin çətinliklərini, məsuliyyətini artıq
40 ildir ki, çiyinlərində daşıyır. Hər gün Xocahəsən qəsəbəsindən uzaq bir
məsafəni qət edərək Bakının mərkəzinə gəlmək, axşam saatlarında yenidən geri
dönmək, növbəti günün dərslərinə ciddi şəkildə hazırlaşmaq, yenilikləri
öyrənmək üçün mütəmadi olaraq təlim kurslarında iştirak eləmək, gənc
müəllimlərə müvafiq tövsiyyələr vermək, nümunə dərsləri təşkil etmək, nəhayət
ailə qayğıları Qafilə müəllimin ən yaxın yol yoldaşıdır.
Qafilə müəllimin dərsini
müşahidə etmək üçün 164 saylı tam orta məktəbə gələrkən elə düşündüklərimlə də
qarşılaşdım. Hələ yenicə tətbiq olunmağa başlayan “Prometan” lövhəsinin köməyi
ilə dərs quran Qafilə müəllim novator texnologiyanı tədris prosesinə məharətlə
tətbiq edirdi. Dərsdə iştirak edən gənc müəllimlər də Qafilə müəllimi maraqla
dinləyirdilər. Müəllim ikinci sinifdə “Azərbaycan dili”ndən “Cümlə” mövzusunu
tədris edirdi. Dərsi diqqətlə dinləyən şagirdlər müəllimin ustalıqla
yönəltmələri əsasında söz ehtiyatlarını artırır, maraqlı cümlələr qurur,
testlərlə işləmə bacarıqlarını inkişaf etdirirdilər. Məktəbin direktoru Kəmalə
Qədirovanın yolladığı bilməcə isə sinifdə əməlli-başlı canlanma yaratdı.
Bilməcə həndəsi fiqurlardan ibarət idi. Lövhədə uşaqlara rəngli dairə, üçbucaq,
romb, dördbucaq nümayiş olundu. Hər rəngə aid hərflər yazıldı. Uşaqlar rənglərə
uyğun olaraq hərfləri yerinə qoydular. “Uşalar sizə uğurlar arzulayıram.”
cümləsi alındı. Maraqlıdır, məktəbin rəhbəri sinifdən kənarda olduğu halda
motivasiya üçün mükəmməl şərait yaratdı. Bu da öz növbəsində müəllimin
yaratdığı motivasiya ilə üst-üstə düşdü, onu bir qədər də möhkəmləndirdi.
Dərs davam etdikcə maraqlı
nüanslar bir-birini əvəz edirdi. Qafilə müəllim sinifdə sağlam mübarizə mühiti
formalaşdıra bilmişdi. Qruplararası yarış hər kəs üçün özünütəsdiqləmə imkanı
yaratmışdı. Qoyulan suallar hər kəsdən düşünərək dərhal cavab verməyi tələb
edirdi. Şübhəsiz ki, bu da uşaqlardan yaradıcılıq potensiallarını realizə etmək
bacarığı tələb edir. Bunun isə formalaşdırılması üçün müəllimdən zaman tələb
olunur. Hiss edirdim ki. Qafilə müəllimin şagirdlərində bu xüsusiyyət
yaranmaqdadır. Növbəti – musiqi dərsində bunun bir daha şahidi oldum. Bu barədə
bir qədər sonra...
Azərbaycan dilinin tədrisində
fənndaxili, fənlərarası əlaqə mühüm rola malikdir. Qafilə müəllim bu əlaqədən istifadə etməklə
həm də şagirdlərinin təfəkküründə bir ardıcıllıq, əlaqələndiricilik,
tədqiqatçılıq, axtarıcılıq xüsusiyyətlərinin ilkin elementlərinin yaranmasına
yol açırdı. Növbəti mərhələdə-sualların cavablandırılmasında, testlərin həll
olunmasında bu, özünü aydın göstərirdi.
Qafilə müəllim musiqi dərsində
şagirdlərin qarşısına sanki yeni bir biçimdə çıxmışıdı. O, musiqinin verdiyi
imkanlardan istifadə etməklə şagirdlərini sehirli bir aləmə çəkib apara bildi.
Öncə ötən dərsdə öyrəndkiləri “Sərçə” mahnısı səsləndirildi. Uşaqlar müəllimlə
birlikdə bu mahnını çox gözəl ifa etdilər. Yeni mövzu isə Fikrət Əmirovun
Zeynal Cabbarzadənin sözlərinə bəstələdiyi “Qatar” mahnısı idi. Sinfin
fəallarından olan Ayan bu mahnını incə bir biçimdə ifa etdikdən sonra sinif
mahnını xorla oxudu. Müşahidə etdiyim bir məqam üzərində də dayanmaq istərdim.
Qafilə müəllim ali təhsil aldığı Azərbaycan Pedaqoji İnstitutunda musiqi fənninin
tədrisi metodikasına da mükəmməl yiyələnmişdir. Bu bilikləri bu gün də onun
köməyinə gəlməkdədir. Bu gün əksər məktəblərimizdə musiqinin tədrisinə laqeyd
yanaşılır. Musiqinin uşaqların bədii-estetik zövqünun formalaşmasındakı rolu
lazımınca dəyərləndirilimir. Hətta bəzi məktəblərdə musiqi fənninə ayrılan
saatlar başqa fənlərlə əvəz olunur. Dərs Azərbaycanın Dövlət Himninin oxunuşu
ilə başlandı. Təcrübəli müəllim Qafilə Əliyeva isə musiqinin tərbiyəvi
imkanlarını tədrisə məharətlə tətbiq etməklə, şagirdlərin estetik zövqünün,
bədii dünyagörüşünün formalaşmasına stimul yaradır. “Qatar” mahnısı ifa
ediləndən sonra şafirdlərə bu mahnı ilə bağlı təəssüratlarını rəsmlə ifadə
etmək tapşırığı verildi. Uşaqların rəssamlıq qabiliyyətlərini stimullaşdırmağa
çalışan müəllim burada da təbii ki bir sıra nüanslar üzə çıxardı: sinifdə
rəssamlıq qabiliyyəti olan uşalar var. Əlbəttə ki, müəllim onları tanıyırdı.
Amma hər bir mövzunun şagird düşüncəsindəki inikasını müəyyənləşdirmək,
şagirdin intellektual inkişaf səviyyəsini dərsdən-dərsə izləmək müəllimin
vəzifəsidir. Və bu vəzifədən irəli gələrək Qafilə müəllim şagirdlərinin bir
dərs anının belə boşa getməsinə imkan yaratmırdı. Hər bir məqam öyrənməyə
xidmət edirdi. Və bu öyrədicilik mühiti məzmun etibarilə yalnız elmi mahiyyət
daşımırdı, həm də dünyagörüşünün inkişafına, vətənə məhəbbət duyğularının
formalaşmasına xidmət edirdi. Belə bir ruhda, belə bir sinif, belə bir müəllim
müəllimin mühitində böyüyən, bilik alan şagirdin uğur əldə edəcəyi şübhə
doğurmur. Necə ki, Qafilə müəllim nailiyyətlər əldə etmiş şagirdlərindən fərəh
hissi ilə danışır. Qarşıda isə onları daha böyük uğurlar gözləyir...
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment