Aprelin 27-də Səttar Bəhlulzadə adına Xarici Dillər
Təmayüllü Gimnaziyanın pedaqoji və şagird kollektivi maraqlı bir tədbirə tamaşa
etdi. Gimnaziyanın ibtidai sinif müəllimi Şəcahan
Ramazanovanın birinciləri müəllimlərinin
rəhbərliyi ilə pedaqoji elmlər doktrou, professor Əjdər Ağayevin kiçik yaşlı məktəblilər
üçün yazdığı “Pişik balasının səhvi”
birpərdəli pyesini səhnələşdirib təqdim etdilər. Tamaşadan öncə çıxış edən
Şəcahan Ramazanova söylədi ki, pyeslə tanış olan kimi onun səhnə variantını
düşünmüş və şagirdlərini onun yüksək səviyyədə təqdim olunmasına hazırlamışdır.
Professor Əjdər Ağayev bu əsəri uşaqların yaş xüsusiyyətlərini nəzərə almaqla
elə ustalıqla qələmə alıb ki, uşaqlar onu sevə-sevə oxuyur, asanlıqla qavrayır,
həvəslə ifa edirlər. O, ümidvar olduğunu bildirdi ki, birincilərin ilk işi olan
bu tamaşa rəğbətlə qarşılanacaq, etimadı doğruldacaqdır.
Sonra səhnə birincilərin öhdəsinə verildi. Onlar
öncə professor Əjdər Ağayevin keçdiyi şərəfli ömür yolunun ayrı-ayrı məqamlarından
bəhs etdilər. Şəcahan Ramazanovanın hazırladığı bu ssenarini təqdiralayiq hal
kimi dəyərləndirmək olar. İlk növbədə ona görə ki, birincilər atdıqları ilk
kövrək addımlardan klassiklərimizi, mənəvi dəyərlərimizi tanımaq, onlar
haqqında məlumat əldə etmək, şərəfli
ömür yolu keçmiş insanların həyat və fəaliyyətindən nümunə götürmək imkanı
qazanırlar. Şəcahan Ramazanovanın
pedaqoji fəaliyyətindən xəbərdar olduğum üçün bilirəm ki, onun iş prinspinin əsasında
birinci sinifdən başlayaraq şagirdlərin mənəvi tərbiyəsinə yönəlmiş tədbirlər
aparıcı istiqamət təşkil edir.
Şagirdlər Əjdər Ağayevin keçdiyi həyat yolunu təqdim
etmək üçün yazıçı-publisisit Böyükağa Mikayıllının görkəmli alinin ömür
yolundan bəhs edən “İşıq” sənədli romanına müraciət etmişdilər. Onlar əsərin qəhrəmanından
sitatlar gətirməklə, Əjdər Ağayevin həm
alim, həm də şəxsiyyət kimi obrazını açmağa çalışırdılar. Qırmızıkənd məktəbindəki
ilk təhsil illərindən başlayır, tələbəlik illərini, təhsil aldığı görkəmli müəllimləri
yada salır, elmin keşməkeşli yollarında keçdiyi çətin sınaqlardan bəhs edirdilər.
Şəcahan Ramazanova kitabdan elə məqamları seçmişdi ki, bunlar həm uşaqların
yaş, anlaq səviyyəsinə uyğun olsun, həm də onların mənvəi tərbiyəsinə təsir
göstərsin.
Səhnəyə əsərin məzmununa uyğun geyimdə çıxmış
ifaçılar elə ilk andanca özlərinin ifa maneraları, tamaşanın ahənginə uyğun səs
templəri, dinamik hərəkətləri ilə tamaşaçıların qəlbinə yol tapdılar. Tamaşaçı
qarşısına ilk dəfə çıxan birincilərin gözlərində həm sevinc parıltıları, həm də
həyacan var idi. Tezliklə həyacan öz yerini ifa etdiyi rola sevgidən
qaynaqlanan sevincə verdi. Hər kəs öz rolunu daha maraqlı, cazibədar təqdim etməyə
çalışırdı. Pyesdə yer alan ana sərçə, bala sərçə, pişik balaları, ana pişik,
siçan, insan obrazlarının hər biri müvafiq xarakterik xüsusiyyətləri ilə təqdim
edilirdi. Onlar pyeslə bərabər sanki, ifa etdikləri rolların da xüsusiyyətlərini
mənimsəmişdilər. Azyaşlı olmaqlarına rəğmən əsərin ruhunu dərk edə, onu
yaşayaraq təqdim etməyi bacarmışdılar. Təbii ki, bu ahəngi təcrübəli ibtidai
sinif müəllimi Şəcahan Ramazanova təmin etmişdi.
Tamaşadan sonra çıxış edən professor Əjdər Ağayev də
şagirdlərin ifalarından məmnun olduğunu dilə gətirdi. Qeyd etdi ki, şagirdlərin
hələ ibtidai siniflərdən bu cür tədbirlərdə iştirakının təmin olunması onların
dünyagörüşünün, mənəvi aləmlərinin formalaşmasında müstəsna rol oynayır.
Sevindirici haldır ki, Xarici Dillər Təmayüllü Gimnaziyada bu kimi tədbirlərin
təşklinə önəm verilir. Ə.Ağayev vurğuladı ki, Məhəmmədəli Abbasovun rəhbərlik
etdiyi bu təhsil ocağı respublikamızın sayılıb-seçilən təhsil ocaqlarından
biridir. Bu təhsil ocağı daim özünün ənənələri, əldə etdiyi nailiyyətləri ilə
seçilib. Burada hər zaman dövrünün ən yaxşı müəllimləri çalışıblar. Əldə olunan
nailiyyətlər də elə bununla bağlıdır.
Xarici Dillər Təmayüllü Gimnaziyanın direktrou Məhəmmədəli
Abbasov professor Əjdər Ağayevin rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnunluq
ifadə etdi. Qeyd etdi ki, professor Əjdər Ağayevin fundamental elmi tədqiqat əsərləri
elmi-pedaqoji, təhsil ictimaiyyəti üçün nə qədər önəmlidirsə, uşaqlar üçün qələmə
aldığı şeirlər, hekayələr, pyeslər də o qədər əhəmiyyətlidir. Əjdər Ağayevin
uşaqlar üçün qələmə aldığı şeirlər qırx ildən artıqdır ki, balacalar tərəfindən
sevilərək oxunur. Azərbaycanın görkəmli bəstəkarları Oqtay Rəcəbov, Rəşid Şəfəq
və başqaları onun uşaq ruhunu oxşayan, tərbiyəvi mahiyyət daşıyan şeirlərinə elə
onun, eləcə də uşaqların ruhuna uyğun mahnılar bəstələmişlər. Biz bu gün o
mahnılardan bir neçəsini Şəcahan müəllimin şagirdlərinin ifasında dinlədik.
Məhəmmədəli Abbasov söylədi ki, Əjdər Ağayevin bu
pyesinin leytmotivini böyük mütəfəkkir Nizami Gəncəvinin soylədiyi “Qüvvət elmdədir,
başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” aforizm təşkil edir. Əjdər müəllim bu pyesi ilə
aşılayır ki, insanın həyatda yüksələ biləcəyi ən yüksək mərtəbə yalnız ağılla və
elmlə mümkündür. O, görkəmli alimə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları
arzuladı.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment