Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Turan Hüseynova rəhbəri olduğu ikinci sinif şagirdləri
ilə Novruz bayramını özünəməxsus şəkildə qeyd etdilər. Onlar tanınmış yazıçı,
şair, pedaqoq Solmaz Amanovanın “Turac” əsərini
səhnələşdirməklə tamaşaçıları heyran etməyi bacardılar. Öncə bu əsər
haqqında... Əfsanəyə görə keçmiş
zamanlarda Turac adlı qız zalım bir xanımın evində qulluqçu işləyirmiş. Xanım
onu çox incidirmiş. Turaca qarın dolusu çörək, geyiməyə paltar vermirmiş. Günlərin
bir günü xanım onu çağırıb deyir:
-A qız, bu saat su isidib başımı, ayaqlarımı
yuyursan.
Turac gedib su isidir. Nə qədər axtarır, darağı tapmır, bilmir darağı hara qoyub. Xanımın səsi gəlir:
-Səni parça-parça olasan, bəs necə oldun?!
Turac deyir:
-Xanım, bu saat gəlirəm. Turac nə qədər axtarır, yenə də darağı tapmır. Xanımın ayağının səsi gələndə Turac ağlayıb deyir:
-Nə olaydı, bir quş olaydım, xanımın zülmündən qurtaraydım.
Turac gedib su isidir. Nə qədər axtarır, darağı tapmır, bilmir darağı hara qoyub. Xanımın səsi gəlir:
-Səni parça-parça olasan, bəs necə oldun?!
Turac deyir:
-Xanım, bu saat gəlirəm. Turac nə qədər axtarır, yenə də darağı tapmır. Xanımın ayağının səsi gələndə Turac ağlayıb deyir:
-Nə olaydı, bir quş olaydım, xanımın zülmündən qurtaraydım.
Turac bir quş olur, xanım əli ağaclı qapıdan içəri girəndə uçub bacadan çıxır. Birdən yadına düşür ki, daraq taxçadakı boxçadadır. Təzədən uçub pəncərənin qabağına qonub, deyir:
-Xanım, taxçada, boxçada.
İndi də Turac həmişə bu sözləri oxuyur:
-Xanım, taxçada, boxçada.
Solmaz Amanova öz peşəkar ideyalarına sadiq
qalaraq bu əfsanəyə də yaradıcı aspektdən yanaşmış, şagirdlərin mənəvi
dünyasının, onların fikir və düşüncələrinin, arzu və istəklərinin inkişafına,
formalaşmasına yönəlmiş bir əsər ərsəyə gətirə bilmişdir. Solmaz Amanovanın bu əsərində
uşaq dünyasının hiss və həyacanı ilə yanaşı, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin,
maddi nemətlərimizin zənginlyi ilə də qarşılaşmaq mümkündür.
Tanınmış yazıçı “Turac”la yanaşı, uzun
illik yazıçılıq fəaliyyətinin nəticəsi olaraq
“Anatomiçeskiy
teatr”, “Monastırskaya apteka”, “İnsan iz qoyur”, “İrs”, “Xurcun”, “Nasledie”,
“Klad Qyandje”, “Anatomiya v jivopisi i poezii”, “İlmənin macəraları”, “Gəncə xəzinəsi”
ilə oxucularının görüşünə gəlib. Bu əsərlərin
hər biri milli-mənəvi dəyərlərimizin, mənəvi tariximizin, adət-ənənələrimizin,
eləcə də ümumbəşəri dəyərlərin öyrədilməsi, həm də şagirdlərin anlayacağı dildə
onlara izah olunması baxımından əhəmiyyəti ilə diqqəti cəlb edib. Bu gün
Bakının 30, 164, 45, 177, 23, 91, 239, 288, 189, 190, 18, 5, 51, 162, 200 nömrəli
tam orta məktəbləri, Elitar Gimnaziya, Klassik Gimnaziya, eləcə də, Salyan,
Şirvan, Astara, Hacıqabul rayonlarının orta məktəbləri, Gəncənin bəzi uşaq
bağçaları Solmaz Amanovanın hazırladığı vəsaitlərdən istifadə edirlər. 160 nömrəli
Klassik Gimnaziyada isə bu vəsaitlərin tətbiqinə daha geniş şərait yaradılıb.
Solmaz Amanova həmin təhsil ocağında özünün hazırladığı vəsaitləri tətbiq etməklə
dərs aparır.
Yazının əvvəlində qeyd etdiyim kimi, 164 nömrəli
tam orta məktəbin ibtidai sinif müəllimi Turan Hüseynovanın hazırladığı “Turac”
kompozisiyası Novruz bayramı ilə səsləşməklə bərabər, Solmaz Amanovanın bu əsərinin
bütün məqamlarını əhatə etmişdi.
Tamaşa şagirdlərin ifasında Azərbaycanın milli rəqsi
olan “Şələqoy”la başladı. Geniş monitorda tamaşanın Solmaz Amanova tərəfindən
hazırlanmış elektron versiyası da davam edirdi. Şagirdlər tamaşanın elektron
versiyasını olduğu kimi səhnədə də canlandırırdılar. Turac evində işlədiyi
xanım tərəfindən xeyli danlandıqdan sonra bazara alış-verişə göndərilir. Əlinə
bazar çantası alan balaca qızcığaz səs-küy, müxtəlif rayonlardan gəlmiş cürbəcür
adamların əhatəsinə düşür. Hərə bir tərəfdən onu səsləyib mal almağa çağırır.
Turac bir-bir satıcılara yaxınlaşır. Burada yazıçının məqsədi həm də Azərbaycan
torpağının yetişdirdiyi min cür nemətlə uşaqları tanış etməkdir. Turac
Salyanlıdan balıq, Göyçaylıdan nar, Şəkilidən halva, Lənkəranlıdan çay,
Ordubadlıdan çərəz alır. Alış-veriş davam etdikcə, Azərbaycanın bölgələrini
xarakterizə edən mahnılar səslənir, adət-ənənələr-xoruz döyüşü, Keçəllə Kosa,
Bahar qızı canlandırılır, Azərbaycanın qədim tarixə malik olan, işğal altında
qalan torpaqları ekranda nümayiş olunur, bu torpaqları xatırladan musiqilər səsləndirilirdi.
Uşaqların tək-tək və birgə ifaları tamaşaçıların alqışları ilə
qarşılanırdı.
Turan Hüseynova şagirdlərini bu kompozisiyanı təqdim
etməyə mexaniki olaraq hazırlamamışdı. Onların hər birini bu əsərin bir
parçasına çevrirməyi bacarmışdı. Hər rol, hər bir ifa seçilmiş şagirdin sanki
boyuna biçilmişdi. Əslində hər bir rola müvafiq ifaçı tapmaq heç də asan deyil.
Nəzərə alsaq ki, müəllim bu seçimi yalnız özünün dərs dediyi sinfdə
aparmalıdır. İfaçıların geyimləri də bu baxımdan xarakterik idi. İfalar, geyimlər,
musuqi və rəqslər səhnədə əsl Azərbaycan mənəviyyatını ifadə edir, bazarda cərəyan
edən hadisələrin təqdimatı isə Azərbaycanın adət-ənənələrinin, torpaqlarının
bol nemətlərinin xarakterizəsi baxımından əhəmiyyət daşıyırdı. Tam əminliklə
demək olar ki, Solmaz Amanovanın bu əsəri Azərbaycan haqqında təkcə Azərbaycanlı
məktəblisində deyil, əcnəbi tamaşaçıda da geniş maraq oyatmaq, maarifləndirmək
təsirinə malikdir.
Tamaşanın sonunda səhnəyə çıxan Zorro tamaşaçıların
təəccübünə səbəb oldu. Əslində bu, “Turac” əsərinin qəhrəmanları sırasına daxil
deyildi. Turan Hüseynova Azərbaycan mədəniyyətinə daxil olmayan, lakin dünyada,
eləcə də Azərbaycanda milyonların sevgisini qazanmış bu obrazı səhnəyə
çıxarmaqla dünyada hər kəsin bir-biri ilə qardaş, dost, mehriban olmasının gərəkli
olduğu çaşırışını verdi.
Tamaşa Solmaz Amanovanın “Turac” mahnısının sədaları
altında sona çatdı.
Kürüm ay Kürüm
Göz yaşım axır.
Anamçün mənim
Ürəyim axır.
Müəllifin öz səsində ifa olunan bu mahnı kövrək, həzin
duyğular yaratdı. Azərbaycan təbiətinin gözəlliyini gözlər önündə canlandırdı.
Tamaşanın sonunda çıxış edən Solmaz Amanova
uşaqların uğurlu çıxışından, səliqəli geyimlərindən, ifalarından, müəllimin mükəmməl
ssenarisindən heyran olduğunu dilə gətirdi.
Söylədi ki, hər bir uşaq bir dünyadır. Biz yazıçılar uşaqlarımız üçün elə
əsərlər yazmalıyıq ki, uşaqlarımızın dünyasını zənginləşdirək, onları milli-mənəvi
dəyərlərimizə məhəbbət ruhunda tərbiyə edə bilək. Turan Hüseynova da öz növbəsində
uşaqların mənəvi dünyasının zənginləşməsinə xidmət edən dəyərli əsərlərinə görə
Solmaz Amanovaya minnətdarlığını bildirdi.
Həmin gün Rəşid Behbudov adına Mahnı Tetrında da
Bakıdakı 60 nömrəli tam orta məktəbin ikinci sinif şagirdləri də “Turac” əsərini nümayiş etdirdilər.
No comments:
Post a Comment