4.01.2015

Mənəvi zənginlik aşılamaq üçün...

Mingəçevirdəki 10 nömrəli tam orta məktəbə bu təhsil ocağının iş təcrübəsi haqqında yazı hazırlamağa getmişdim. Məktəbin direktoru, təcrübəli təhsil  işçisi  Xumarə Mikayılova təhsil ocağının fəaliyyətindən, həyata keçirilən tədbirlərdən həvəslə bəhs edir, söhbət əsnasında mütəmadi olaraq məktəbin kitabxana müdiri Gültəkin Əsgərovanın adını çəkirdi. Odur ki, Gültəkin müəllimlə görüşmək, onun işi ilə tanış olmaq  qərarına gəldim. Və peşiman olmadım. Tanışlıq məndə belə bir qənaət hasil elədi ki, Gültəkin Əsgərova 10 nömrəli tam orta məktəbin kitabxanasını məktəbin döyünən ürəyinə çevirə bilib.  Burada sanki hər bir kitab, hər bir qəzet, hər bir jurnal oxucusu ilə dil açıb danışır. Burada oxucu özünü elə bil ki, zəngin ədəbi mühitin içərisində hiss edir. Rəngarəng divar qəzetləri, bir-birindən maraqlı guşələr,  kitablar oxucuları sirli-sehrli bir aləmə çəkib aparır. Əslində kitabxana elə möcüzəli bir dünyadır. Əgər şagird kiçik yaşlarından bu möcüzəli aləmə düşərsə, bu aləm onun dərketməsini, həyata baxışlarını, zövqlərini formalaşdırar, onun hərtərəfli inkişafının təməlini qoyar. Təsadüfü deyil ki, 10 nömrəli tam orta məktəbin kitabxanası “Mütaliə qüdrətli
idrak vasitəsidir” devzini özünə həyat, iş amalı kimi seçib.
Kitabxanada diqqəti ilk çəkən məqam səliqə səhmandır. İlk müşahidədən də hiss edirdim ki, Xumarə xanımın Gültəkin Əsgərova haqqında dediklərinin əsası var.  O, təbiətcə sakit xarakterli təsiri bağışlayır. Amma öz işi barədə danışdıqca bu sakit xarakterli insanın qəlbində təhsilə, şagirdlərin maariflənməsinə, ədəbiyyata, mənəvi dəyərlərə nə qədər böyük məhəbbətin yaşadığını hiss edirsən. Gültəkin müəllim 55 illik ömrünün 38 ilini kitablar arasında keçirib. Bu illər ona bədii ədəbiyyata sonsuz sevgi aşılayıb. Mütaliə vurğunu edib. Özü ədəbiyyatdan faydalandıqca, onun mənəvi qüdrətini öz üzərində hiss etdikcə, bu mənəvi dəyərin gənc nəslə aşılanmasını da bir vəzifə olaraq qarşısına qoyub. Kitaba, kitabxanaçılıq işinə olan sonsuz marağı onu 1981-ci ildə Krupskaya adına Bakı Mədəni-Maarif məktəbinin kitabxanaçılıq işi fakültəsinə gətirib. Gültəkin Əsgərova 1992-ci ildən kitabxanaçılıq fəaliyyətini 10 nömrəli məktəblə bağlayıb. Elə “Kitabxana möcüzəsi”ni də bu təhsil ocağında yaradıb. Xumarə müəllimin də dediyi kimi,  Gültəkin Əsgərovanın kitab sevgisi məktəbin hər bir şagirdinə sirayət edib. Bu da öz növbəsində məktəbin ümumi iş ahənginə öz müsbət təsirini göstərməkdədir.
Gültəkin müəllim illik fəaliyyətini əvvəlcədən müəyyənləşdirilmiş və məktəbin direktoru tərəfindən təsdiq olunmuş plan əsasında həyata keçirir. Hələ sentyabr ayında şagird, valideyn və müəllimlərdən ibarət kitabxana şurasının üzvləri seçilir. İllər əvvəl yaradılmış "Kitabsevənlər"qrupunun üzvləri sentyabr ayında yeni tərkiblə fəaliyyətini davam etdirir. Qeyd edim ki, bu qrupun fəaliyyətinin əsas məqsədi şagirdlərdə kitaba məhəbbət və qayğı ilə yanaşmaq hissləri formalaşdırmaqdır. Gültəkin Əsgərova hesab edir ki, məktəbin hər bir şagirdində kitaba məhəbbət yaratmaq mümkündür. Amma gərək bu işə hələ birinci sinifdən başlayasan.  Şagirdlərə kitab sevgisini addım-addım aşılayasan. Böyüdükcə kitab sevgiləri də onlarla böyüyəcək. Mütaliə gənclərin mənəvi tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Bu mühüm amildən istifadə etmək vacibdir.
"Kitabsevənlər" qrupunun üzvləri ayda bir dəfə toplanır. Onlar kitabları nəzərdən keçirir, lazım gələrsə təmir işləri aparırlar.
Diqqətimi dövrü mətbuat cəlb edir. Gültəkin müəllim onları səliqə ilə kitabxananın bir hissəsində saxlayır. Burada məktəbin illər öncə, eləcə də yeni aldığı elmi-metodiki nəşlərə, pedaqoji mətbuat nümunələrinə rast gəlmək mümkündür.  Təcrübəli kitabxanaçı söyləyir ki, kitabxanada müəllimlərin metodiki ədəbiyyata olan ehtiyacını ödəmək üçün kifayət qədər, eyni zamanda gərəkli vəsaitlər mövcuddur. Onlar istənilən vaxt müəllimlərin istifadəsinə verilir.
Gültəkin müəllimdən müasir dövrdə, uşaqların internetə, virtual münasibətlərə üstünlük verdikləri bir zamanda kitaba necə maraq yarada bildiyini, bunun üçün hansı tədbirləri həyata keçirdiyi ilə maraqlanıram. Dahi yazıçı Frensis Bekonun belə bir sözü var: “Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.” Gənclər kitabın mahiyyətini dərk etməlidirlər. Elə ki, dərk etdilər, onların mütaliə problemləri olmayacaq. Gültəkin Əsgərova bu fikirdədir. Söyləyir ki, məktəbdə bu istiqamətdə aparılan təbliğat işləri şagirdlərin mütaliəyə marağını günbəgün artırır. Təhsil naziri cənab Mikayıl Cabbarovun şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə imzaladığı əmrin də bu istiqamətdə stimul olacağına şübhə etmirəm. Qeyd edək ki, Təhsil nazirinin bu əmrindən sonra məktəbdə  “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqə­lərinin, ədəbi-bədii qiraət gecələrinin, hekayə axşamları keçirilməsi nəzərdə tutulmuşdur.  
 Şagirdləri kitabxanaya cəlb etmək  üçün fənn müəllimləri ilə qarşılıqlı əməkdaşlıq da səmərə verir. Sinif  proqramına uyğun olaraq kitablar siyahıya alınıb. Ədəbiyyat yaş səviyyəsinə uyğun şagirdlərə tövsiyə olunur. Şagirdlərin oxuduqları əsərləri nə dərəcədə qavradıqlarını öyrənmək və oxuduqlarını yazıda ifadə etmək bacarıqlarını inkişaf  etdirmək üçün mütaliə etdikləri əsərlər barəsində yazılı rəyləri toplanır. Gültəkin Əsgərova qeyd edir ki, əldə etdikləri rəylərdə şagirdlərin çox maraqlı fikirləri ilə tanış olmaq mümkündür. Bu da deməyə əsas verir ki, şagirdlərin mütaliəyə marağının artırılması istiqamətində görülən işlər öz səmərəsini verir. Sevindirici haldır ki, bu gün şagirdlər klassik Azərbaycan yazıçılarının, şairlərinin, mütəfəkkirlərinin, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini sevə-sevə mütaliə edirlər. Bu da onların elmə, təhsilə marağını artırır. Kitabxanada həyata keçirilən rəngarəng tədbirlər də şagirdlərin mütaliəyə marağının artmasına, eyni zamanda onlarda vətənpərvərlik hisslərinin formalaşmasına xidmət edir. “Ömrə şərəf gətirən Salatın”, “Qəhrəmanlar unudulmur”, “Şəhidlər Xiyabanı and yerimizdir”, “20 noyabr Qarakənd faciəsi”, “Xocalı faciəsi”, “20 Yanvar faciəsi”, “Ulu öndər Heydər Əliyevin anım günü”, Milli Qəhrəman Mübariz İbrahimovun xatirə günü, “İki sevinc”, “Ekologiya və həyat” mövzusunda ədəbi-bədii kompozisiyalar, kitab həftələri  şagirdlərin marağını təmin etməklə yanaşı, mənəvi aləminin zənginləşməsinə də xidmət edir. Bu baxımdan təşkil olunan – Molla Pənah Vaqifin “Heyif ki yoxdur” qoşmasının, İlyas Əfəndiyevin “Məhv olmuş gündəlik”, Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsərlərinin müzakirələri, şagirdəlrin oxuduqları əsərləri səhnələşdirmələri də mühüm əhəmiyyət daşımaqdadır. 
  
Kitabxananın oxu zalında diqqəti cəlb edən məqamlardan biri də "Heydər Əliyev yolu unudulmazdır", "Yeni nəşr olunmuş kitablar", "Qarabağ qan yaddaşımızdır" adlı kitab bölmələrinin yaradılmasıdır. Gültəkin müəllim söyləyir ki, məktəbin rəhbərliyi ilə birlikdə bu bölmələri yaradarkən Azərbaycanın keçdiyi tarixi inkişaf yolunu, tarixin ayrı-ayrı mərhələlərində xalqımızın düçar olduğu mənəvi məşəqqətlər, eləcə də tariximizin müasir inkişaf mərhələsinə gətirən yollar haqqında uşaqların müfəssəl məlumat almaları, onların vətənpərvər ruhda tərbiyə olunması strateji vəzifə kimi düşünülmüşdür. Ümumiyyətlə, kitabxananın bu mühüm vəzifəsi onun fəaliyyəti ilə tanış olduqda gözlərimiz önündə dolğunluğu ilə canlanır. Hər il 18 Oktyabr Müstəqillik, 9 Noyabr Bayraq  günü və digər bayram günləri, ümummilli lider Heydər  Əliyevin anım və doğum günlərində, görkəmli avtolmoloq-alim  Zərifə xanım  Əliyevanın ad günündə kitabxanada sərgi, fotoslayd, divar qəzeti hazırlanır, şeir müsabiqələri keçirilir. Bayram günlərində Uşaq Nevroloji Dispanserində müalicə alan xəstə uşaqlara hədiyyələr  aparılır, ərazidə yaşayan tənha, xəstə qocalara baş çəkilir.  Azərbaycanın ilk qadın Milli Qəhrəmanı Salatın Əsgərovanın, Milli Qəhrəman Mübariz İbrahimovun doğum və şəhid olduğu  günlər qeyd olunur, şəhər Şəhidlər Xiyabanına şagirdlərin ziyarəti təşkil edilir, məktəbin şəhid məzunlarının ailələrinə baş çəkilir. Dilimizi sevdirmək və qorumaq məqsədi ilə 21 Fevral Ana dili günündə, eləcə də təbiətə qayğı və məhəbbət hissləri aşılamaq məqsədi ilə ekologiya aylığında tədbir hazırlanır .
 Gültəkin Əsgərova qeyd edir ki, kitabxananın xətti ilə buraxılan  divar qəzetində həmin ərəfədə baş vermiş əlamətdar hadisələr, torpaqlarımızın işğal tarixləri xüsusilə qeyd olunur. Şagirdlər qəzetin hazırlanmasında yaxından iştirak edirlər. Bundan əlavə “Mozalan” divar qəzeti də ayda bir dəfə müəllim və şagirdlərin görüşünə gəlir ki, onun da hər nömrəsi səbirsizliklə gözlənilir.  Bu qəzet əsasən şagirdlərdə dərsliklərə qayğı hisslərinin formalaşdırılması məqsədini daşıyır. Qəzetdə kitablarını səliqəli və səliqəsiz saxlayan şagirdlərin siyahısı yazılır. Bu da şagirdlərdə rəqabət hissi yaradır. Adının səliqəsiz kitab saxlayan şagirdlər siyahısına yazılmasını istəməyən şagird növbəti yoxlanışda səhvinə düzəliş edir. Ümumiyyətlə, məktəbin ictimai həyatı, şagirdlərin təlim nəticələri bu qəzetdə mütəmadi olaraq yer alır.
 Məktəbin müəllimlərinin vaxtaşırı olaraq kitabxananın oxu zalında dərs keçmələri təlim prosesinin maraqlı təşkil olunması ilə bərabər, keyfiyyətin yüksəlməsinə də yol açır. Keçirilmiş açıq dərslərin müzakirəsi də kitabxanada aparılır.
Gültəkin Əsgərova vurğulayır ki, şəhər kitabxanaları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmələri də şagirdlərin mütaliə marağının artmasına yardımçı olur. Şəhərin ayrı-ayrı kitabxanaları ilə birgə məktəbin foyesində vaxtaşırı kitab sərgisi təşkil olunur ki, bu, həm şagird və müəllim kollektivini yeni nəşirlərlə tanış edir, həm də şagirdlərdə kitaba olan marağı daha da artırır. Şəhərin tanınmış şair və yazıçıları ilə təşkil olunmuş görüşlər də şagirdlərdə xüsusi təəssürat yaradır.
Gültəkin Əsgərovanın təşkilatçılığı ilə kitabxanada təşkil olunmuş Dünya Azərbaycanlılarının həmrəylik günü, ”Günəşin övladları”, “Güllərin şahı-qızılgül”, “Turac əfsanəsi”, eləcədə digər tədbirlərin, ədəbi-bədii kompozisiyaların hər biri gənclərin şəxsiyyət kimi formalaşması, onların mənəvi dünyasının zənginləşməsinə xidmət edir. Mənəvi zənginliyi o adam aşılaya bilər ki, özü də mənəviyyatca zəngin olsun. Necə ki, Gültəkin müəllimdir...

Böyükağa MİKAYILLI 

No comments:

Post a Comment