4.01.2015

Müəllim şagird mənəviyyatının qurucusudur...

Müəllim şagird mənəviyyatının qurucusudur. Əsl müəllim üçün dərsin hər məqamı mühüm əhəmiyyət daşıyır. Müəllim o məqamlardan istifadə etməklə şagird təfəkkürünün dərinliklərinə nüfuz edə, ora elmə, biliyə məhəbbət toxumu səpə bilər. Zaman gəldikcə o toxum cücərəcək, cəmiyyətə fayda verəcək. Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbin informatika və rus dili müəllimi Mətanət Bağırova da şagirdlərinin mənəvi dünyasına nüfuz edə bilən, onların formalaşmasına stimul yaratmağı bacaran müəllimlərdəndir.
Mətanət Bağırova 3-cü sinifdə apardığı informatika dərsində “Kompüter və informasiya” mövzusunun tədrisində  “Kollektiv iş”, “Qruplarla iş”, “Fərdi iş” formalarını tətbiq etməklə, sinfdə işgüzar mühiti təmin edə bilmişdi. Uşaqların informasiya-kommunikasiya texnologiyalarına sonsuz marağı hiss olunurdu. 
Müasir dövrdə uşaqların kompüterə olan sonsuz marağı İKT-dən pərakəndə, proqramsız  istifadəyə gətirib çıxarır. Müəllim bu işin nizamlanmasında mühüm rol oynaya bilər. Bunun üçün informasiya-kommunikasiya texnologiyalarının mahiyyəti tədris prosesində paralel olaraq izah olunmalıdır. Yəni bilik vermək hələ azdır, texnologiyanın mahiyyəti yaş səviyyəsinə uyğun olaraq açılmalı, uşaq bilik əldə etməklə bərabər, kompüterin mahiyyətini də anlamalıdır. Sözsüz ki, buna nail olmaq müəllimin bilik və bacarığından, ustalığından asılıdır. Nəzərə almaq lazımdır ki, İnformasiya-kommunikasiya texnologiyalarından istifadəyə düzgün yanaşmaq gələcək nəslin sağlamlığı üçün mühüm amildir. Bəs Mətanət Bağırova bu vəzifənin öhdəsindən necə gəldi?
Dərsin başlanğıcında “Bir qalanın sirri” filmindən fraqment nümayiş olundu. Fraqment sim, nar və qanlı daş təsvir olunan səhnə idi. Müəllim bununla sinfə çağırış edirdi ki, informasiyanı ötürməyin müxtəlif yolları vardır. Qədim zamanlarda insanlar bu məqsədlə kodlaşdırmalardan istifadə edirdilər. Zaman keçdikcə informasiyanın ötürülməsi texnologiyası da təkmilləşdirilmiş, vasitələr müasirləşsə də, məqsəd eyni olaraq qalmışdır. İndi informasiya texnologiyaları əsridir. Kompüter cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Onu mükəmməl bilmək və ondan səmərəli istifadə etməklə cəmiyyətdə layiqli yer tutmaq mümkündür.
Bundan sonra müəllim sinfə “Kompüter informasiya ilə necə işləyir” və “İnformasiya ilə iş baxımından kompüterlə insan arasındakı oxşar və fərqli cəhətlər hansılardır?” olmaqla iki tədqiqat sualı ünvanladı. Sinif ”Klaviatura”, “Printer”, “Monitor”, “Skaner” adlandırılan dörd qrupa bölündü.
Müəllimin qoyduğu tədqiqat suallarından görünürdü ki, o, kompüterin daha çox mənəvi-əxlaqi tərəfdən dərk olunmasının, istifadədə mənəvi prinsiplərə üstünlük verilməsinin tərəfdarıdır. Qruplara ünvanlanan suallarda da bu, görünürdü. Birinci qrupa “İnformasiyanın saxlanmasına görə insanın fəaliyyəti ilə kompyuterin fəaliyyətini müqayisə etmək”, İkinci qrupa “İnformasiyanın qəbul olunma prosesinə görə insanın fəaliyyəti ilə kompyuterin fəaliyyətini müqayisə etmək, fəaliyyətləri dairələrin uyğun hissələri ilə birləşdirmək”, üçüncü qrupa  “İnformasiyanı ötürmə  prosesinə görə insanın fəaliyyəti ilə kompyuterin fəaliyyətini müqayisə etmək, fəaliyyətləri dairələrin uyğun hissələri ilə birləşdirmək, dördüncü qrupa “İnformasiyanın emal edilməsi  prosesinə görə insanın fəaliyyəti ilə kompyuterin fəaliyyətini müqayisə etmək, fəaliyyətləri dairələrin uyğun hissələri ilə birləşdirmək” tapşırığı verildi.

Mətənət Bağırova bu suallarla aşılayırdı ki, insan bütün texnoloji vasitlərdən yüksəkdə dayanır. Texnologiya hansı səviyyədə inkişaf edirsə etsin, hər bir sahədə insan təfəkkürü aparıcı təsir qüvvəsinə malikdir. Texnologiyadan elə istifadə etmək lazımdır ki, o insana fayda gətirsin. Bununla yanaşı o, texnologiyanı tam mənası ilə şagirdinin qarşısında açmağa çalışır, onların informasiyanı təfəkkür, düşüncə ilə emal etmələrinə çalışırdı. Əgər belə demək mümkünsə, informasiyanı təfəkkürün inkişafı kontekstində təqdim edirdi. Təcrübəli müəllim böyük pedaqoq Yan Amos Komenskinin gənclərə ünvanlanmış dörd prinpini əsas götürürdü. Komenski yazır: gənc saf mənəvi gözə malik olmalı, obyektlər həmin şəxsin qarşısına qoyulmalı, həmin şəxs hökmən diqqətli olmalı, müşahidə ediləcək şeylər lazımı qayda ilə bir-birinin ardınca təqdim olunmalıdır. Bu zaman həmin şəxs hər şeyi düzgün və asanlıqla mənimsəyəcəkdir.  Bütün dərs boyunca bu prinsiplər aparıcı təsiri bağışlayırdı. İnformasiyanın ötürülməsində müəllim nə qədər ustalıq nümayiş etdirirdisə, şagirdlər də onu eyni məharətlə qəbul edirdilər. Bu, qrup işlərinin təqdimatında da özünü göstərirdi. Fikrimcə ibtidai siniflərdən şagirdlərə bu aspektdən yanaşma onlarda mükəmməl təfəkkür bazasının formalşamasına yol açacaqdır. 
Mətanət Bağırovanın 9-cu “a” sinfində rus dilindən apardığı “Xoş məramlı səfir – Mstislav Rastropoviç” mövzusunda dərsində də müəllim yaradıcı yanaşma sərgiləyərək  mövzunun qlobal mahiyyətini ustalıqla təqdim edə bildi. Diskussiya, debat şəraitində qurulan dərsdə müəllim həm qruplar, həm də fərdi iş formalarından istifadə etməklə, yaradıcılığın, şəxsiyyətin, tarixi həqiqətlərin insan mənəviyyatının formalaşmasında mühüm rolunu ortaya qoydu. O, şagirdlərin şifahi nitqini inkişaf etdirməyi, “Xoş məramlı səfir “ termininin mahiyyətini izah etməyi, yeni sözləri cümlədə işlətməklə şagirdlərin söz ehtiyatını zənginləşdirməyi, YUNESKO səfirlərini, o cümlədən,  Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti haqqında məlumat əldə etmələrini, frazeoloji birləşmələrə aid misallar çəkməyi qarşıya məqsəd kimi qoymuşdu. Dərsin gedişində öncə Azərbaycan bəstəkarlarından kimi tanıyırsız?, Azərbaycan şairlərindən kimin adını çəkə bilərsiz?, hansı Azərbaycan rəssamını tanıyırsınız? kimi suallar səsləndirildi. Sinif “Rəssamlar”  “Bəstəkarlar”, “Şairlər” qrupuna bölündü.
Şagirdlər ötən dərsin “Xoş məramlı səfir-Mstislav Rostropoviç” olduğunu söylədilər. Bundan sonra qruplara tapşırıqlar verildi. Qrupların təqdimatı görkəmli bəstəkarın şəxsiyyətinin, sənətinin, dünya musiqisindəki yerinin aşkarlanması baxımından mühüm əhəmiyyət daşıdı. Qrupların cavablarını ümumiləşdirsək: Rostropoviçin bütün dünyada tanınan musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, 1987-ci “İlin adamı “,  Xoş məramlı səfir, 1987 –ci “İlin musiqiçisi “ kimi xarakterizə olunduğunu görərik. Şagirdlərin tədqiqatlarından bəlli olurdu ki, 1974-cü ildə dissident fəaliyyətinə görə (Soljenitsini müdafiə etdiyinə, ona Moskva ətrafinda yerləşən bağ evində yaşamasına icazə verdiyinə və L.İ.Brejnevə açıq məktub yazdığına görə) Rostropoviçin konsert turları ləğv edildi. Onu ailəsi ilə birlikdə SSRİ- dən getməyə vadar etdilər. 4 il sonra isə məşhur musiqiçini və onun həyat yoldaşı, gözəl opera ifaçısı Qalına Vişnevskayanı məcburi qaydada vətəndaşlıqdan məhrum etdilər. Mistislav Rostropoviç 16 illik sürgündən sonra yalnız 1991-ci ildə Moskvaya qayıtdı. Bu zaman artıq o, dünya şöhrətli musiqiçi idi.
Sorğu sualın bu yerində şagirdlər maraqlı məqamla üz-üzə qaldılar. Bu mənim üçün də gözlənilməz oldu. Adətən biz şagirdlərin dərs prosesində mövzudan asılı olaraq müxtəlif rollara girdiklərinin şahidi oluruq. Amma bu dəfə müəllim öz rolunu dəyişdi. O, şagirdlərin qarşısına birdən birə gözündə eynək, əynində fərqli kostyum olan Xoş məramlı səfir, məşhur İtaliyalı aktrisa Klaudiya Kardenallenin rolunda çıxdı. Uşaqlara YUNESKO-nun yaradılması tarixindən, missiyasından, öhdəliklərindən sullardan verdi. YUNESKO-nun üzvləri olmuş və hal-hazırda olan hansı məşhurları tanıyırsız deyə soruşdu. Şagirdlər  Alisia Alanso, Valdas Adamkus, Montserrat Kabalye, Klaudiya Kardenalle, Şahzadə Lalla Meryam, Susanna Rinaldi, Mstislav Rastropoviç, Zurab Sereteli və Mehriban xanım Əliyevanın adlarını çəkdilər. Onların fəaliyyətlərinin ayrı-ayrı məqamlarından bəhs etdilər. Mstislav Rostropoviçin həyatına həsr olunmuş slayd görkəmli bəstəkarın dünyaca məşhur olan yaradıcılığı ilə bərabər, onun Bakı, Azərbaycanla bağlılığını da aşkarladı. Müəllim ev tapşığı olaraq şagirdlərə “Xoş məramlı səfir” adlı esse yazmağı tapşırdı. 
Mətanət Bağırova bu dərs vasitəsilə yalnız bir bəstəkarın həyat və yaradıcılığını meydana qoymadı. O inteqrasiya şəraitində apardığı bu dərslə şagirdlərində musiqiyə, ədəbiyyata, mənəvi dəyərlərimizə, incəsənətimizə, keçmişimizə, görkəmli şəxsiyyətlərimizə, folklorumuza maraq və məhəbbət oyada bildi.Bununla da həm özünün, həm də yetirmələrinin qiymətini yazdı...


Böyükağa MİKAYILLI 

No comments:

Post a Comment