Müəllim dərsin istənilən məqamında qarşıya çıxan
problemləri aradan qaldırmaq, eləcə də yeni situasiyalar yaratmaq üçün zəngin ideya bazasına malik olmalıdır.
İdeyalar dərsi təkmilləşdirir, onun səmərəliliyini artırır, tədris prosesinin orijinal
səciyyə daşımasına yol açır. Müəllimin ideyalılıq imkanları şagirdlərin də
yaradıcı işləmələrinə şərait yaradır, onların gələcək həyat yollarının daha
düzgün müəyyənləşdirilməsinə yardımçı olur.
Biz hər birimiz yağışın yağmasını, günəşin doğmasını, ildırımın
çaxmasını, küləyin əsməsini, suların don bağlamasını müşahidə etmişik. Bunların
hər biri təbiət hadisəsi olmaqla, özündə bir gözəllik, füsunkarlıq, eyni
zamanda sirr yaşadır. Amma bütün bunlar bizə o zaman daha maraqlı və əsrarəngiz
təsir bağışlayır ki, biz onların baş vermə səbəblərini bilək, onlar haqqında məlumatımız
olsun. Hər şey belədir, təbiət də, insanlar da, cəmiyyət də…Sevinc Abbasova tədris
etdiyi coğrafiya, iqtisadiyyatın əsasları fənninin imkanlarından və şübhəsiz
ki, özünün yaradıcılıq potensialından istifadə etməklə, təbiət-cəmiyyət-insan
münasibətlərini müasir yanaşmalar baxımından səciyyələndirib, şagirdlərini bu
problem ətrafında düşünməyə dəvət edirdi. Müəllimin irəli sürdüyü layihələr,
ideyalar şagirdlərin də yeni-yeni fikirlər meydana qoyması, polemikalar
yaradılması ilə müşaiyət olunurdu. Dərs prosesində ideyaların, yeni fikirlərin
yaranması adi bir hala çevrilmişdi. Sinifdə yaradılan sərbəst mühit daha mütərəqqi
və orijinal fikirlərin yaranmasına yol açırdı.
Sevinc Abbasovanın müşahidə etdiyim hər üç dərsində
şagirdlərinin yaradıcılıq imkanlarının realizəsi üçün bir metodoloji əsas müəyyənləşdirmişdi.
Bunların hər biri digərindən fərqli olsa da, məqsəd eyni idi: yeni ideyaların
meydana qoyulması və bu ideyalar əsasında problemin həll olunması. Daha aydın təsəvvür
əldə etmək üçün dərslərə diqqət yetirək. Səkkizinci sinifdə coğrafiya dərsi
tikinti şirkətlərinin birindən ünvanlanmış məktəbun oxunması ilə başlandı. Məktubda
yazılmışdı: Ölkəmizdə I Avropa oyunlarının keçirilməsinə sayılı
günlər qalır. Sizə bu tarixi hadisədə iştirak etmək imkanı verir, şəhərimizə gələcək
qonaqlar üçün «Olimpiya şəhəri» tikməyi təklif edirik. Lakin nəzərə alın ki,
sizin tikəcəyiniz şəhərdəki binaların hər kərpicini qazanmaq üçün bir suala
cavab verməlisiniz.
Sizə uğurlar, əziz uşaqlar! Hörmətlə:
Tikinti Şirkətinin rəhbərliyi
Müəllimin izahatından sonra sinif “Əhəngdaşı”,
“Traventin”, “Mərmər”, “Dolomit” olmaqla dörd qrupa bölündü. Qeyd edim ki, müəllimin
izahı Azərbaycanın tikinti materialları sənayesi, eyni zamanda, tikinti
materialları bazasının xəritəsi haqqında ətraflı məlumat əldə etməyə imkan
verirdi. Qoyulan tapşırığa görə qruplar cavablarını təqdimat lövhəsinə
yapışdırmalı idilər. Hər doğru cavab inşa edilən binanın bir hissəsini təşkil
edəcək, səhv cavab isə o hissənin çıxarılmasına səbəb olacaqdı. Tapşırığın bu səviyyədə
qoyuluşu sinifdəki rəqabət mühitini gərginləşdirmişdi. Suallar
cavablandırıldıqca, binalar mərhələ-mərhələ hazır olurdu. Sanki hər bir mərhələ
şagird biliyinin bir mərtəbə daha artması üçün imkan yaradırdı. Maraqlı burası
idi ki, müəllim dərs prosesində biliklə təcrübəni əlaqələndirmişdi. Tikinti
materiallarının yerinin müəyyən edilməsi, tikinti sahəsi üçün seçilməsi, müvafiq
qaydada tətbiq edilməsi, əslində təcrübi işlər sayıla bilər. Şagirdlər əldə
etdikləri biliklərdən istifadə etməklə, təcrübi işləri uğurla həyata keçirirdilər.
Hər bir iş düşünülərək, kollektiv əməkdaşlıq şəraitində reallaşdırılırdı.
Müşahidə etdikcə düşünürdüm ki, Sevinc Abbasovanın şagirdləri daha geniş təfəkkür
imkanlarına malik olmaqla, tapşırıqların icrasında daha mükəmməl yollar
haqqında məlumatlara malikdirlər. Əlbəttə ki, yollar o zaman doğru, dürüst
gedilir ki, o yollara bələd olasan, onun sağını, solunu, dağını, dərəsini,
enişini, yoxuşunu tanıyasan. Yaxud səni o yollarda aparan müəllimin tutduğu
ideya-məfkurə istiqaməti düzgün ola. Sevinc Abbasovanın şagirdləri
addımladıqları yolların bu xüsusiyyətlərinə bələd kimi görünürdülər. Hər halda əldə
etdikləri nəticələr də bunu deməyə əsas verir. Müəllimin qoyduğu “Qızıl sual”
şagirdlərin biliyinin yoxlanılması ilə yanaşı, həm də onların gördükləri işə dəyər
verilməsi məqsədi daşıyırdı. Yalnız bu sualı düzgün cavablandıran qrupun inşa etdiyi bina dövlət əhəmiyyətli
bina kimi qəbul ediləcəkdi. Müəllim sanki bu sualla sinfin “Qızıl qrup”unu müəyyənləşdirmək,
bununla da rəqabət mühitini daha da optimallaşdırmaq məqsədi daşıyırdı. Sual isə
belə idi: Hansı tikinti materialının istehsalı tələbatı ödəmir və onu nə ilə əvəz
edirlər? “Dolomit” komandası suala hamıdan əvvəl, “dəmir beton konstruksiyalar”
cavabı verməklə, ərsəyə gətirdiyi binaya dövlət əhəmiyyətli bina statusunu təmin
etdi. Müəllim problemin bu aspektdə qoyuluşu ilə, əslində həm də onu sübut etmək
istəyirdi ki, şagirdləri yeniyetmə yaşlarından müvafiq işlərin icrasına
hazırlamaq mümkündür. Yetər ki, hər iki tərəfin buna istəyi olsun.
Sevinc Abbasova 10-cu sinifdə apardığı “Torpaq”
mövzusunu “konfrans-dərs” tətbiq etməklə həyata keçirdi. “Alimlər”, “Ekoloqlar”,
KİV, “Fermerlər” qruplarına bölünmüş sinif
dəyirmi masa ətrafında əyləşmişdi. Dərs
“Dədə Qorqud” filmindən fraqmentin nümayişi ilə başlandı. Bu fraqmentdə
el ağsaqqalı Dədə Qorqud gəncliyə tövsiyyə edirdi ki, torpağı əkib becərmədinsə
qorumağa dəyməz, qorumadınsa əkib becərməyə dəyməz. Şagirdlər Dədə Qorqudun bu
müdrik sözləri ətrafında qısa fikir mübadiləsi apardıqdan sonra konfransın gündəliyi
müəyyən olundu. Məlum oldu ki, torpaq və onu əmələ gətirən amillər, torpaqda təsərrüfat
işləri, torpağın ekoloji problemləri ətrafında müzakirələr aparılacaq. Düşünürdüm
ki, bu əsnada müzakirələr aparmaq üçün şagirdlərin biologiyadan, elə
coğrafiyanın özündən əvvəlki dərslərdə öyrəndikləri bilikilər də köməklərinə
çatacaqdır. Eyni zamanda, ekologiya haqqında geniş təsəvvürlərinin olması
onların əlindən tutacaqdır. Bu, belə də oldu. Torpaq mövzusu Azərbaycan sərhədlərini
aşaraq sinif otağına qlobal mahiyyətili
ab-hava bəxş etdi. Əslində ekologiya mahiyyəti etibarilə qlobaldır. Təbiətdə
baş verən bütün hadisələr bir birinə təsirsiz ötüşmür. Planetin bir tərəfində
baş verən ekoloji fəlakət bütün bəşəriyyət üçün acı nəticələr törətmək gücündədir.
Bəs nə etməli? “Alimlər” qrupu maraqlı təkliflər irəli sürür, ekoloqlar manasibət
bildirir, fermerlər öz problemlərindən danışır. KİV gedən müzakirələrə müdaxilə
edir, alimləri, ekoloqları qlobal problemlərin həllində daha yaxından iştirak
etməyə səsləyirdi. Sevinc Abbasova sanki neçə illər ərzində inşa etdiyi binanın özülləri üzərində yetirmələri
ilə birgə planetin ekoloji problemlərini çözməyə çalışırdı. Yəni hər bir
detalın müzakirəsində köhnə biliklərə istinad edir, yeniləri onların üzərində
yaradıb inkişaf etdirirdi. Maraqlı cəhət orası idi ki, mövzunun müzakirə dairəsi
getdikcə genişlənirdi. Hiss olunurdu ki, şagirdlər ekoloji problemlər
mövzusunda mütəmadi olaraq tədqiqat aparırlar. Bu mövzu onlar üçün sadəcə
maraqlıdır. Bu maraq isə onları problem ətrafında daha dərin qatlarda işləməyə
həvəsləndirirdi. Onlar Ermənistanda yerləşən Metsamor Atom Elektrik
Stansitasının regionda hansı fəlakələrə səbəb olacaq gücdə olduğunu faktlarla
izah etdilər. Meşələrin qırılmasının, dəniz və okeanların qurudulmasının,
Çernobıl AES-in bəşəriyyətə nə qədər böyük ziyan vurduğunu ürək ağrısı ilə dilə
gətridilər. Müəllimin qoyduğu qaydaya əsasən uşaqlar ekoloji problemlərin
çözülməsinə əvvəlcə Azərbaycandan başlayır, təmsil olunduğumuz regionla davam
edir, nəhayət ümumbəşəri problemlərə qoşulurdular. Qoyulmuş suallar
cavablandırıldıqca müəllim geniş monitorda qlobal ekoloji problemləri əks etdirən
slaydlar, videolar nümayiş etdirirdi. Müəllim dərsi demək olar ki, yalnız
müşahidə edir, müəyyən suallar çıxdıqda müdaxilə edirdi. Proses tamamilə
şagirdlərin öhdəsinə buraxılmışdı. Dərsin sonuna yaxınlaşdıqca, müzakirələr
daha qlobal mahiyyət daşıyır, hər kəs optimal çıxış yolu göstərməyə çalışırdı.
Nəticə etibarilə hiss olunurdu ki, şagirdlər torpağın insan həyatındakı əhəmiyyətini
daha dərindən dərk edir, onun müxtəlif təsirlərdən qorunmasını, gələcək nəsillərə
ekoloji baxımdan təmiz olaraq çatdırılmasının elmi əsaslarına yiyələniblər.
Əminliklə deyə bilərəm ki, Sevinc Abbasova yetirmələrinə torpağın mənəvi qüdrətini
aşılamaqla, onlarda bu müqəddəs nemətə məhəbbət hissinin yaranmasına yol
açırdı.
Müzakirələrə yekun vuran Sevinc Abbasova ermənilər
tərəfindən işğala məruz qalmış torpaqlarımızı uşaqların diqqətinə çatdırmaqla,
bu ərazilərdə düşmənlərin ekoloji tarazlığa zərbə vuran əməllər törətdiklərindən
bəhs etdi. Söylədi ki, Metsamor Atom Elektrik Stansiyasının tulantıları Zəngilan
ərazisində basdırılır, ermənilər kimyəvi müəssisələrinin tullantılarını ərazilərimizdəki
çaylara axıdırlar, meşələrimiz qırılır, təbii ehtiyatlarımız talan olunur. Bu
torpaqların azad olunması biz gənclərin çiynindədir. Torpağı qorumasan əkib becərməyə
dəyməz, əkib becərməsən qorumağa dəyməz.
Sevinc Abbasovanın növbəti maraqlı dərsi ilə 10-cu
sinifdə “İqtisadiyyatın əsasları”nda qarşılaşdıq. Debat üsulu ilə qurulmuş bu dərsin
də aparıcı simaları şagirdlər idi. Müəllim dərsin əvvəlində yazıçı Daniel
Defonun “Robinzon Kruzo” əsərindən bəhs etdi. 22 il tənha adada yaşayan Robinzon
Kruzo qəzaya uğramış gəminin qalıqlarından özünə yaşamaq üçün müəyyən şərait
yaradır. Gəminin qalıqlarından əldə etdiyi hər bir detal onun köməyinə çatır.
Lakin əldə etdiyi bir əşya ona lazım olmur. Bu nə idi? Şagirdlər bunun pul
olduğu qənaətinə gəlirlər. Müəllim “Pulun mahiyyəti” mövzusunda apardığı dərsdə
daha sonra “Əhməd haradadır?” filmindən fraqment nümayiş etdirdi, pulun
tarixindən, onun yaranması zərurətindən, mahiyyətindən bəhs etdi. Ümumiyyətlə
dərsin planına əsasən pulun tarixi və mahiyyəti, pulun funksiyaları, pulun dəyər
ölçüsü, əmtəə tədavülü vasitəsi, dəfinə yığımı vasitəsi, tədiyyə vasitəsi, beynəlxalq
valyuta kimi pulun məziyyətlərindən bəhs olundu.
Şagirdlər plan əsasında apardıqları tədqiqatları təqdim
etdikcə, pulun mahiyyəti açılırdı. Pul haqqında deyilən atalar sözləri, müdrik
deyimlər də maraq doğururdu. Hər bir şagird daha əhəmiyyətli fikir irəli sürməklə,
mövzu barəsində öz fikrini daha əsaslandırılmış şəkildə təqdim etməyə
çalışırdı. Sevinc Abbasova sanki şagirdlərinin qəlbini görürmüş kimi onları
müvafiq suallarla istiqamətləndirirdi. Onlar sözün həqiqi mənasında iqtisadi təfəkkür
sahibi olduduqlarını meydana qomağa çalışır, pulun mahiyyətindən bəhs edir,
amma insan mənəviyyatının daha ucada dayandığı fikrini başlıca mahiyyət kimi irəli
sürürdülər. Elə dərsin də məqsdi bu idi. Pul çox şeydir. Amma hər şey deyildir.
Pul lazımdır. Amma insanların mənəvi keyfiyyətləri puldan qat-qat yüksəkdə
dayanır. Fikrimcə, Sevinc Abbasovanın yetirmələri bu mənəvi keyfiyyətləri özlərində
ehtiva edirdilər.
Şagirdlərin qiymətləndirilməsini müəyyənləşdirilimiş
meyarlar əsasında aparan müəllim obyektivliyi təmin etməklə, onları əsasən
şagirdlərin iştirakı ilə həyata keçirir, hər kəsin öz qiymətindən razı
qalmasına şərait yaradırdı.
Bəzən oxuduğumuz mükəmməl bir bədii əsərdə
yazıçının ruhunu duya, onun mənəvi aləminə səyahət edə, onu görə bilirik. Dərs
də belədir. Ən yaxşı dərs müəllimin ruhi – mənəvi aləmi ilə şagirdinin ruhi-mənəvi
vəhdətindən yaranır. Bu vəhdəti təmin edə bilən müəllim üçün şagirdini öyrətmək
çətin deyil. Sevinc Abbasova məhz belə müəllimlərdəndir.
Böyükağa MİKAYILLI
Sevinc Abbasovanın ömür yolundan sətirlər…
Sevinc Abbasova 1968-ci il yanvar ayının 25-də anadan olub.
1994-cü ildə BDU-nun coğrafiya fakültəsini bitirib. 1995-ci ildən Binəqədi
rayonu Q.Abbasov adına 284 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyir.
O, 1999-2000-ci dərs
ilində “İlin ən yaxşı müəllimi” müsabiqəsində 1-ci yerə layiq görülüb. 2004-cü ildə “İlin pedaqoji mühazirəsi”nin
qalibi olub.
Sevinc Abbasova
respublika və beynəlxalq miqyaslı müxtəlif elmi-praktik konfrans və
seminarlarda məruzə ilə çıxış edib. 2011-ci ildə Təhsil Nazirliyinin “Elektron təhsil” müsabiqəsinin nominantı
olub.O, Makedoniya Respublikasına təcrübə mübadiləsi xarakterli səfərdə işçi
qrupun üzvü kimi iştirak edib.
İştirak etdiyi çoxsaylı təlimlərdə
diplom və sertifikatlara layiq görülüb. Hal-hazırda bir sıra beynəlxalq və yerli layihələrdə iştirak
edir.
Sevinc Abbasovanın təşkilatçılığı ilə məktəbdə “Narkomaniyaya yox deyək!”, “Hərəyə bir agac əkək!”,
“Dünyanı yox, evini isit!”, “Təbiət mənəm” rəsm sərgisi, “Şən və hazırcavablar
klubu”, “Könlüm keçir Qarabağdan...”, “Breyn-rinq”, “Dəyirmi masa” tədbirləri təşkil edilib. Leyla
Əliyevanın “Noyabr ayını ekologiya ayı elan edək ” çağırışna qoşulaq” Binəqədi
və Nərimanov rayonlarının məktəbləri arasında telekörpünün yaradılması layihəsinə qoşulub, ekoloji təbliğat
xarakterli təlimlər keçib. Şagirdlərinə virtual aləmdə davranış qaydalarını öyrətmək
üçün öyrədici treninqlər aparıb.
Pedaqoji mətbuatda “Coğrafiya- qalib gəlmək elmidir.” “XEM-də
keçən 2 saat”, “Elektron tədris vəsaitlərindən istifadənin yeni təlim
metodlarına tətbiqi üsulları haqqında” və s. məqalələrlə çıxış edib.
Təcrübəli müəllimin
dərs nümunəsi -“Türkiyə Cümhuriyyəti” (blok
dərs) - Bakı şəhəri üzrə Təhsil İdarəsində
keçirilən konfransda nümayiş olunub. Norveç Krallığının www.spareworld.org saytı və “NewYorkTimes” qəzetində dərs haqqında məlumat
verilib.
"Benjamin Briel Lee hər zaman çox peşəkar idi, baş verən hər şeydən xəbərdar olurdu. Əgər suallarım varsa cavab verməyə həmişə hazır olardım. Bu mənim ilk ev alışım idi, kredit prosesi haqqında çox məlumatım yox idi, o suallarımı anlamağı çox asanlaşdırdı. Onunla işləmək çox xoşuma gəldi. "
ReplyDeleteHər hansı bir layihəni maliyyələşdirmək və ya hər hansı bir məbləği çox aşağı faizlə borc vermək istəyən bir qrup investorla işləyən bir kredit mütəxəssisi. Əlaqə Benjamin Briel Lee E-Mail: Lfdsloans@outlook.com Whats-App nömrəsi: + 1-989 -394-3740.