129 nömrəli Məktəbin ingilis dili müəllimi
Hal-hazırda elm və
texnika o qədər inkişaf edib ki, hamı dünyanın istənilən ölkəsinə gedə bilir.
Yalnız bir şərtlə, o da dil bilmək. Müasir dövrdə insanları bir-birinə
yaxınlaşdıran, onlar arasında ünsiyyət
yaradan yeganə faktor dildir. Məktəbimizdə belə dillərdən biri sözsüz
ki, ingilis dilidir. İngilis dilini öyrənmək elmi biliklər xəzinəsinə baş
vurmaqdır. Xarici dil bilmək gələcəkdə iş tapmaq şansını artırır. İngilis
dilini nəyə görə öyrənmək lazımdır?
İngilis dilinin öyrənilməsinin fərdi və ümumi əhəmiyyəti:
Bu gün ingilis dilini öyrənmək bir sıra səbəblərə
görə zəruri əhəmiyyət kəsb edir:
Birincisi, ingilis dili “beynəlxalq ortaq dil”
statusunu qazanmış ilk dildir, yəni başqa dillərdə danışan insanlar arasında
ortaq ünsiyyət vasitəsidir. İngilis dili müasir dünyada ən çox danışılan dillərdən
biridir. Yer kürəsinin ən güclü dövləti ABŞ başda olmaqla, Avstraliya, Böyük
Britaniya, CAR, Yeni Zelandiya, İrlandiya və Sinqapur kimi inkişaf etmiş ölkələrin
dövlət dilidir. İngiliscə 400 milyon insanın ana dili, bir milyard 400 milyon insanın isə
ikinci dilidir. 53 ölkənin və BMT də daxil olmaqla əksər beynəlxalq təşkilatların
əsas rəsmi dillərindən biri, İngilis dilidir. Bu dil Millətlər Birliyinin rəsmi
dilidir. Bu dil Okeaniyadan Avropaya, Afrikadan Amerikaya qədər dünyanın hər tərəfində
əsas ünsiyyət vasitəsidir.
İkincisi, ingilis dili hal-hazırda
dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya
dili rolunu oynayır.
Üçüncüsü, iki, üç və daha çox
dil bilmək dünyagörüşünün formalaşmasına müsbət mənada təsir edir, hadisələrə daha
geniş prizmadan baxmağa kömək edir. Volterin sözü ilə desək, çox dil bilmək bir
qalanın bir neçə qapısının açarına sahib olmaqdır. Bir fərd nə qədər savadlı olsa
da, əcnəbi dil bilmədən biliyini dar çərçivədən çıxarıb daha da təkmilləşdirməsi,
dünya təcrübəsindən faydalanması, elmi mübadilə aparması mümkün deyildir.
Dördüncüsü, ingilis dilini bilmək
iş tapmaqda başlıca rol oynayır. Belə ki, bu gün yerli və xarici şirkətlər ingilis
dilini səlis bilən mütəxəssislərə üstünlük verirlər.
Beşincisi, ingilis dilini bilmək
vaxta və xərclərə qənaət etmək deməkdir. Tərcüməçiyə müraciət etmədən informasiyanı
alır, analiz edir, ötürür, bir sözlə, öz işimizi özümüz görürük.
Altıncısı, bu gün nəşr olunan
və son iki əsrdə nəşr olunmuş ədəbiyyatların və kütləvi mətbuatın böyük qismi,
internet resurslarının 80%-i ingilis dilindədir. Yəni istər elmi biliklərin öyrənilməsində,
istər diplomatik münasibətlərin, istər ticari, iqtisadi əlaqələrin qurulmasında,
istər xarici ölkələrə səfərlərdə dünyanın hansı ucqar nöqtəsi olur-olsun,
ingilis dili əvəzedilməz funksiya ifa edir.
Bütün bu səbəblərdən ingilis dilini
bilmək Qarabağ kimi ciddi problem olan və bunu beynəlxalq normalar çərçivəsində
sülh yolu ilə həll etməyə çalışan bir ölkənin vətəndaşları olaraq bizim üçün də
vacib əhəmiyyət kəsb edir. Güclü bir dövlətlə möhkəm siyasi və iqtisadi əlaqələr
qurmaq üçün onun dilini, dilinə hopmuş təfəkkürünü, düşüncəsini, meyarlarını,
eyni zamanda zəif nöqtələrini bilmək zəruridir. Beynəlxalq təşkilatlarda Azərbaycanın həqiqətlərini
– Qarabağ problemini, Xocalı soyqırımını səsləndirmək, xarici ölkələrdə diasporların
fəaliyyətini daha da gücləndirmək, siyasi dairələrə güclü təsir etmək, diplomatik
gedişatda rəqibi məğlub eləmək, dövlət maraqlarını daha güclü şəkildə diktə etmək
ingilis dilini, eləcə də digər dünya dillərini necə deyərlər “nöqtəsinə,
vergülünə” qədər mənimsəmiş savadlı və vətənpərvər vətəndaşlar yetişdirməkdən asılıdır.
Və sırf bu səbəblərə görə də məktəbimizdə ingilis dilinin öyrənilməsinə xüsusi diqqət
yetirilir. Məktəbimizdə bütün bayramlar ətraflı qeyd olunur. İngilis dili müəllimələrinin
də bu tədbirlərdə payı çoxdur. Müəllim günü, Müstəqillik günü, 20 Yanvar, milli
və beynəlxalq bayramlarımız (Yeni İl və Novruz Bayramı), Yer kürəsini qoruyaq, Xocalı faciəsi, Analar günü
və Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş fləşmob və bir
çox başqa tədbirləri buna misal göstərmək olar. Əksər ingilis dili müəllimlərinin
dərsləri açıq elan olunub. Bu gərgin əməyin bəhrəsini artıq hiss edirik. 9-cu sinif
şagirdi Fəridə Əkbərli iştirak etdiyi ingilis dili müsabiqəsində biliyini məharətlə
nümayiş etdirərək, İngiltərədə yerləşən “Buckswood School”-a 2 həftəlik yay məktəbində
iştirak hüququ qazanıb. Uğurların sırası, şübhəsiz ki, genişlənəcəkdir.
No comments:
Post a Comment