5.21.2015

TARİXİN İBRƏT DƏRSLƏRİ

Sevil QULİYEVA,
   129 nömrəli Məktəbin coğrafiya müəllimi
 
Sinifdənxaric işlərin əsas məqsədi şağirdlərə təbiətdə və sosial sahədə özlərini aparmağı öyrətmək, öz qabiliyyətlərini maksimum göstərməkdən ibarətdir.
Coğrafiyada sinifdənxaric işlərin əsas vəzifələri bunlardır:
1.    Şagirdlərin fənnə idrak maraqlarını formalaşdırmaq
2.    Coğrafiyanın həyatla əlaqəsini artırmaq
3.    Şagirdlərin fərdi qabiliyyətlərini inkişaf etdirmək
Sinifdənxaric işlər ilk növbədə təlimin diyarşünaslıq prinsipinin həyata keçirilməsi üçün əhəmiyyətlidir. Bütün bunları nəzərə alaraq, Mən “Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi və ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 92-ci ildönümünə” həsr olunmuş   tədbiri keçirtdim. Maraqlı olacağını nəzərə alıb tədbirin ssenarisini oxucularla bölüşmək istərdim.

I HİSSƏ
Tədbiri 10 “c” sinif şagirdi  FƏRİD MƏMMƏDOV “Qarabağ” şikəstəsilə başladı.
Tədbirin planı:
1.    Azərbaycan II Dünya müharibəsində
2.    Azərbaycan Sovet dönəmində
3.    Azərbaycanın müstəqil olması
4.    Azərbaycan müasir dövrdə


7 “b” sinif şagirdi LƏMAN ƏHMƏDOVA M. Arazın “Azərbaycan – Dünyam mənim” adlı şerindən bir parçasını deyir:
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eyləyərək,
Azərbaycan dünyasından baxar dünyaya
Azərbaycan mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Fizulinin ürəyinə toxuna bilər
LƏMAN ƏHMƏDOVANIN səs ahəngi elə qüvvətli idi ki, zalda əyləşənlər bir anlığa ayağa durur.

APARICILAR – SƏLİM MAHMUDLU  və NƏZRİN MİRZƏYEVA
      II Dünya müharibəsi haqqında məlumat verirlər: II Dünya müharibəsi illəri bəşəriyyətin   XX əsrdə üzləşdiyi ən ağır və ən dəhşətli dövrü olmuşdur.  “Süfrə başına gec çatan Adolf Hitler” dünyanı yenidən bölüşdürmək fikrinə gəldi və bu müharibəyə 1939-cu ildə başladı. O 1941-ci ilin iyununda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdir.

Bu zaman 7 “b” sinif şagirdi AYDIN SÜLEYMANLI  Adolf Hitlerin simasında səhnəyə çıxır və “Rusiya gərək məhv edilsin. Müddəti – 1941-ci ilin yazı”. Deyir.

Aparıcı davam edir: Faşist Almaniyası Şərq siyasətində Qafqaza, xüsusilə Azərbaycana diqqət yetirirdi. Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verəcəkdilər. Hitler hətta Azərbaycanda sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdir. O, 1941-ci ilin iyulun 16-da hökümət üzvlərinin iclasında demişdir: “Bakı alındıqdan sonra hərbi məntəqəyə çevriləcək”.  Hitler “Mənim mübarizəm” adlı kitabında yazırdı: “Müsəlman monqoloidləri dağıdıcı qüvvədir. Buna görə də onlar ali irqin qulları olmalıdır”.  Ancaq onun niyyəti baş tutmadı.1941-45-ci illərdə SSRİ-nin qələbəsi məhz Bakı nefti sayəsində mümkün oldu. Bakı həmin illərdə neftin 70%-ni verirdi. Azərbaycanın xidmətini qiymətləndirən Nikolay Baybakov yazırdı: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini, bəlkədə heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxan neftin 33 mln. tondan, 23,5 mln. tonu Azərbaycanın hesabına olmuşdur. Müharibədə 600 min azərbaycanlı vuruşmuş, bunun 300 mini həlak olmuşdur”.

Bu verilişlə bərabər slaydlar nümayiş etdirilir. Gərginliyi aradan qaldırmaq üçün  7 “b” sinif şagirdlərinin rəqsini nümayiş etdiririk.

II  HİSSƏ
Verilişimizin  II hissəsində sizə təqdim edəcəyimiz süjet xətti belədir:
Azərbaycan Sovet dönəmdə
        Azərbaycanda Sovet rejimi bərqərar oldu. SSRİ-də  II Sovet Sosialist Respublikası Azərbaycan idi. Rəsmi bəyanət xatirinə Azərbaycana formal müstəqillik verildi. Azərbaycan müstəqil xarici ölkələrlə iqtisadi, ticarət və diplomatik əlaqə yarada bilərdi. Eyni zamanda özünün hərbi qüvvələridə var idi.  Lakin bu uzun çəkmədi, Azərbaycanda da Rusiya sayağı sosial-iqtisadi tədbirlər həyata keçirildi. Azərbaycanın bütün sərvəti – “dövlətin mülkiyyəti elan edildi”. Bakıda neft sənayesinin inkişafı üçün yeni yataqların – Neftçala, Lökbatan, Qala, Sulutəpə, Korgöz kimi yataqlar istifadəyə verildi. Azərbaycan neftinin hesabına SSRİ neft hasilatına görə dünyada II yerdə dururdu. SSRİ-də neftin 76%-ni yalnız Azərbaycan verirdi.
      1930-cu illərdə Bakı-Batumi neft kəməri çəkildi. 1926-cı ildə SSRİ hüdudlarında nefti uzaq məsafəyə daşımaq üçün ilk elektrik dəmir yolu Bakıda istifadəyə verildi.  Kənd təsərrüfatında kollektivləşmə çox ağır və zor yolu ilə aparıldı. Belə ki, həmin illərdə varlı, kəndli və qolçomaq ailəsi məhv edildi. Səbəbi dövlətləşmə - kolxozlar yaradılırdı. Sovet dönəmində ən mühüm siaysət milli kadrlara inanmamaq, Bakını Azərbaycandan ayırmaq idi.
      Lominadze 1920-ci ilin oktyabrında Azərbaycan Kommunist partiyasının II qurultayında demişdir: “Müsəlmana etibar etmək olmaz, ola bilsin ki, o yaxşı kommunistdir, ancaq müsəlmandır”.
     1920-ci ilin iyulunda Orcanikidze Çeçerinə göndərdiyi teleqramda deyirdi: “Zəngəzurun çox mübahisəli ərazi olduğunu və qalan ərazinin Ermənistana verilməsini təklif edirəm. O bildirmişdi ki, müəyyən siyasi şəraitdə, Ermənistan hər zaman bizə lazım olacaq!”
     Orcanikidzenin təklifi ilə 1923-cü il iyulun 7-də Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

Bu verilişlə bərabər slaydlar nümayiş etdirilir. Gərginliyi aradan qaldırmaq üçün  7 “b” sinif şagirdləri  LƏMAN ƏHMƏDOVA, FİDAN MƏHƏRRƏMOVA və TÜRKANƏ SOLTANLI M.Arazın “Ayağa dur Azərbaycan” şerini söyləyirlər.

III  HİSSƏ
Verilişimizin  III hissəsində sizə təqdim edəcəyimiz süjet xətti belədir:

Azərbaycanın müstəqilik əldə etməsi

Sumqayıt hadisələri
      1988-ci ilin fevralın 28-29-da xalqımıza gözlənilməz zərbə endirildi. Keçmiş SSRİ-nin ali hakimiyyət  orqanlarının bilavasitə rəhbərliyilə Sumqayıt hadisələri törədildi və bu vəhşilik aktı yanlış olaraq Azərbaycan xalqının adına yazıldı.
      Sumqayıt hadisəsinin hazırlanmasında və həyata keçirilməsində erməni millətinin, Moskvada və xaricdə havadarlarının əli vardır.  Həmin dövrdə Sumqayıtda 17 min erməni yaşayırdı. Ermənilər Qarabağda yaradılan “krunk” komitəsinin üzvləri idi. Hər ay Sumqayıtda yaşayan ermənilər öz məvacibinin bir hissəsini Xankəndinə ötürürdü. Çünki Sumqayıtda tezliklə qan töküləcəyi haqqında  xəbər vardır. Bu bir daha sübut edir ki, Sumqayıt hadisəsi qabaqcadan düşünülmüş, planlaşdırılmışdır.
      Sumqayıt hadisələri Dağlıq Qarabağla sıx bağlıdır. Sumqayıtda qan tökməklə onlar bütün dünyaya car çəkmək istəyirdilər ki, azərbaycanlılar erməniləri dinc yaşamağa qoymur, onları fiziki və mənəvi cəhətdən məhv edirlər. Halbuki həmin günlər Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlı öz dədə-baba yurdundan qovulmuşdur.

Azərbaycan Respublikasının müstəqilliyinin elan edilməsi
      1991-ci il oktyabrın 18-də “Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühim tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Onun müstəqilliyini dünya dövlətləri tanıdı.  1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, dekabrın 11-də Rumuniya, dekabrın 13-də Pakistan İslam Respublikası, dekabrın 23-də İsveçrə, dekabrın 25-də İran İslam Respublikası, 1992-ci il yanvarın 23-də ABŞ, aprelin 10-da Rusiya.
Azərbaycan BMT-yə 2 mart 1992-ci ildə qəbul edildi. Lakin müstəqilliyini qazandıqdan 2 il sonra xalqımız onu yenidən itirmək təhlükəsilə üzləşdi:
1.    Səbəb: Ermənistan Silahlı Qüvvələri təcavüzü, I Qarabağ müharibəsi
2.    Səbəb: Dövlət rəhbərliyində olan səriştəsiz adamların səhv siyasəti  və daxildə gedən siyasi çəkişmələr

Xocalı soyqrımı
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqrım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.
       1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründə Xankəndi (ermənilər bu şəhərə Stepanakert adı qoymuşlar) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyilə Xocalı şəhərini işğal etdi. Mühasirəyə alınan şəhərdə qalmış 2500 nəfər Xocalı sakini Ağdam rayonuna  çatmaq ümidilə çəhəri tərk etdi. Amma 2500 nəfər Xocalı sakininin 613-ü qətlə yetirildi. Bu soyqrım nəticəsində 63-ü uşaq, 106 qadın, 70 qoca və qarı olmaqla, 8 ailə tamamilə məhv edildi. 1275 Xocalı sakini əsir düşdü. Dövlət və əhalinin əmlakına 5 mld. rubl dəyərində ziyan vurulmuşdur.

7 “b” sinif şagirdləri MEHMAN MİRZƏYEV və NİHAD MƏMMƏDOV  2 erməni əsgərinin söhbətini əyani şəkildə səhnədə göstərir: “Ara Aşot, sən bilirsən hansı irqə aidsən....?! Yox – ara, bizimkilər yeni irq-“Armenoid” irqi kəşf ediblər. Ara, bunu belə izah edirlər:
1.    “Stomoloji”  ölçümüz başqalarından fərqlənir.
2.    “Kronoloji”, yəni kəllə ölçümüzə görə
3.    “Odontoloji”, yəni diş quruluşumuza görə
4.    “Senoloji”, yəni qan qrupuna görə dünyada ən qədim əhaliyik, yəni oborigenlərə aidik.”
APARICI: Respublikamızın ərazisində tapılan qədim insan qalıqlarının ermənilərə aid olmadığı sübuta yetirilmişdir. Belə ki, ermənilər qisabaşlılar qrupuna aiddir. Qafqazda tapılan insan kəllələrinin ölçüsünə görə bu diyarın əhalisi uzunbaşlılar qrupuna aiddir.  

Gəncə üsyanı
4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Sürət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökümət qüvvələri arasında silahlı toqquşma baş verdi. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi keçirilən əməliyyat uğursuz olmuş və nəticədə 35 nəfər həlak olmuşdur. Gəncəyə göndərilən hökümət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülmüşdür. Bu hadisə Azərbaycanda Vətəndaş Müharibəsi kimi tarixə yazıldı.
8 iyun 1993-cü ildə S.Hüseynovun tabeçiliyində olan silahlı dəstələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturunu devirərək Bakıya doğru hərəkət etməyə başladılar. Bu zaman Respublika rəhbərliyi vəziyyətdən çıxış yolu tapmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əlirza oglu Əliyevi Bakıya dəvət etdilər.
9 iyun 1993-cü il Naxçıvan Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyev prezident Əbülfəz Elçibəyin dəvətilə Bakıya gəlir.
13 iyun 1993-cü il Milli Məclisdə Gəncə hadisələri ilə bağlı müzakirə edilir. Gəncə qiyamını yatızdırmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə AXC iqtidarının ikinci şəxsi Parlamentin sədri İsa Qəmbər istefa verir. Onun istefasını S.Hüseynovun qiyamçı dəstəsi də tələb edir. Onda prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postuna Naxçıvan Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevə təklif etsələr də, o mövcud vəziyyəti öyrənmək üçün Gəncəyə gedəcəyini və bundan sonra təklifə cavab verəcəyini bildirir. H.Əliyev bir qrup jurnalistlə Gəncəyə gedir.
15 iyun 1993-cü il Milli Məclis Naxçıvan Ali Məclisinin sədri H.Əliyevi parlamentin sədri seçir.
17 iyun 1993-cü il prezident Əbülfəz Elçibəy heç kimə demədən gecə ikən Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedir. Bu hərəkət ölkədə hakimiyyət böhranı yaradır.
18 iyun 1993-cü il ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri H.Əliyev Respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olduğunu söyləyir.
24 iyun 1993-cü il prezident Elçibəylə danışıq nəticəsiz qaldığı üçün parlamentin qərarı ilə Ali Sovetin sədri H.Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayır.
27 iyun 1993-cü il Ermənistan Dağlıq Qarabağın Ağdərə rayonunu ələ keçirmiş və Ağdam şəhərinin bir neçə km-nə gəlib çıxmışlar.
30 iyun 1993-cü il H.Əliyevin təqdimatı əsasında S.Hüseynovu baş nazir təyin edir. Bu təyinat Gəncə hadisəsindən sonra ölkədə yaranmış böhranı aradan qaldırır.

Bu verilişlə bərabər slaydlar nümayiş etdirilir. Gərginliyi aradan qaldırmaq üçün  7 “b” sinif şagirdləri LƏMAN ƏHMƏDOVA FİDAN MƏHƏRRƏMOVA S.Solmazın “Azərbaycan” şerini söyləyirlər.


IV  HİSSƏ
Verilişimizin  IV hissəsində sizə təqdim edəcəyimiz süjet xətti belədir:
Azərbaycan müasir dövrdə

          Azərbaycan bu gün siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli ölkələrindən birinə çevrilib. Belə ki, hazırda Respublikamızın dünyanın 144 ölkəsi ilə əlaqəsi var. Azərbaycan 101 ölkəyə mal ixrac edir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac boru kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər Cənubi Qafqazda təhlükəsizliyi təmin edir:
17 mart 2015-ci il Azərbaycan, Bakı. Bu gün Türkiyənin Qars vilayətində Transanadolu qaz kəməri (TANAP) lahiyəsinin rəsmi təməl qoyma mərasimi keçirilir. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Georgi Marqvelaşvili, eləcədə digər rəsmi şəxslər iştirak edirlər. TANAP lahiyəsi üzrə saziş 26 iyun  2012-ci ildə bağlanıb.  TANAP lahiyəsi 7 mld. ABŞ dollarına başa gələcək. Bu lahiyə 5 il ərzində reallaşacaq. Lahiyə Azərbaycan, Gürcüstan,Türkiyədən, Yunanıstandan, Albaniyadan keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Bu qaz kəmərilə 6 mld.m3 qaz Türkiyəyə, 10 mld.m3 isə Avropaya veriləcək. Əhməd Davudoğlu TANAP-ı Energetika “İpək yolu” adlandırır. Avropada nəzərdə tutulan qaz kəməri  Türkiyə-Bolqarıstan; Türkiyə - Yunanıstan sərhədlərində təhvil veriləcək.
1.Söz verilir,  Azərbaycan Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə: “TANAP-ın həyata vəsiqə qazanması Azərbaycan-Türkiyə dövlət başçılarının səyləri nəticəsində həyata keçirildi. Bu lahiyə xalqımızın rifahının yüksəldilməsinə xidmət edəcəkdir.”
2.Söz verilir, ABŞ prezidenti Barak Obamanı təmsil edən Amos Hoxstayna: “Bizim ölkəmiz “Cənubi Qafqaz” qaz dəhlizini 20 il bundan əvvəl başlayan Bakı-Tbilisi-Ceyhan boru xətti prosesinin tamamlanması kimi görür”
3.Söz verilir, Avropa Komissiyasının enerji məsələsi üzrə vitse-prezidenti Maros Sevcoviçe: “Cənab, İlham Əliyevə minnətdarlığımı bildirirəm. “Cənub Qafqaz” dəhlizinin əsas hissəsi olan “TANAP” reallaşdırıldı.”
4.Söz verilir, Gürcüstan Respublikasının prezidenti Georgi Margelaşviliyə: “Bu lahiyə mənim ölkəm üçün çox önəmlidir. Çünki TANAP layihəsi Asiya və Avropa arasında enerji dəhlizi olmaqla, Gürcüstanda ticarətin, turizmin inkişafına xidmət edəcək.”
5.Söz verilir, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana: “TANAP layihəsi Avropa ilə Xəzər bölgəsi arasında güclü əlaqə yaradacaq. “Şahdəniz” qazının Avropaya çatdıracaq kəmərin əhəmiyyəti çox böyükdür.”
6.Söz verilir, Ermənistan prezidenti Serj Sarkisyana: “Mənim ölkəmdə yanacaq və enerji qıtlığı yaşanır. Xahiş edirəm TANAP qaz kəməri bizim ölkəmizdən yan keçməsin.”
7.Söz verilir, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə: “Əfsuslar olsun ki, Türkiyə və Azərbaycana qarşı çirkin kampaniyalar aparılır. Bizim keçmişimizi qaralamaq, bizə şər-böhtan atmaq, bugünkü uğurların inkişafını inkar etmək üçün qonşu  Ermənistan bizə qarşı kompaniya aparır. Biz isə öz işimizlə buna cavab veririk. Biz tarixi həqiqət üzərində gələcəyimizi qururuq.”

Bu verilişlə bərabər slaydlar nümayiş etdirilir. Gərginliyi aradan qaldırmaq üçün  7 “b” sinif şagirdləri  “Bunu hamı bilməlidir!!” yaddaş tarıxımizi izah edirlər.
·         1813-1828-ci ilə qədər Azərbaycan ərazisi təxminən 410 min km2 idi. 1813-1828-ci illərdə Rusiya-İran müharibələri nəticəsində, Cənubi Azərbaycan təxminən 280 min km2  İran əsarətinə, Şimalı Azərbaycan 130 min km2  isə Rusiya əsarətinə keçir.
·         1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı – sahəsi 9 min km2.
·         Rusiya əsarəti altındakı Dərbənd xanlığı –sahəsi təxminən 7 min km2
·         1918-20-ci illərdə Azərbaycan Demokratik Respublikasının sahəsi təxminən 114 min km2
·         1920-ci ildə ADR-i işğal edən rus-sovet imperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri: Ermənistan SSR-nin qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Dərələyəz, Dilican və gürcülərin qismən nəzarətinə verilən Borçalı ilə birlikdə (Gürcüstan SSR) sahəsi 27,4 min km2
·         1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan SSR-nin ərazisi 86,6 min km2
·         Azərbaycanın 1988-1994-cü illərdə ermənilər tərəfindən işğal edilmiş əraziləri:
Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut) sahəsi 4388 km2
·         Şərur rayonunun Kərki və Günnüt kəndləri (17 fevral 1990-cı il) 19 km2
·         Laçın rayonu (17 may 1992-ci il) 1835 km2
·         Kəlbəcər rayonu ( 2 aprel 1993-cü il) 1936 km2
·         Ağdam rayonu (23 iyul 1993-cü il) 1094 km2
·         Cəbrayıl rayonu (18 avqust 1993-cü il)1050 km2
·         Füzuli rayonu (23 avqust 1993-cü il) 1386 km2
·         Qubadlı rayonu (31 avqust 1993-cü il) 802 km2
·         Zəngilan rayonu (30 oktyabr 1993-cü il) 707 km2

Verilişin sonunda 7 “b” sinifin şagirdləri ilə birlikdə zalda əyləşən qonaqlar Azərbaycan Respublikasının Dövlət Himnini oxuyub, tədbiri yekunlaşdırırıq.


                                                                           


No comments:

Post a Comment