5.21.2015

Gəlin, kitab oxuyaq

Faizə ƏZİMOVA,
129№li Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Məlum olduğu kimi, Təhsil naziri cənab Mikayıl Cabbarov  “Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması” haqqında müvafiq əmr imzalamışdır. Bu əmrə əsasən 129№li tam orta məktəbdə də xüsusi fəaliyyət planı hazırlanıb.Fəaliyyət planına əsasən məktəbdə Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısı tərtib edilərək, məktəbin elanlar lövhəsinə asılmışdır. Məktəb kitabxanasında xüsusi bölmə yaradılaraq, dünyaca məşhur yazıçı və şairlərin əsərləri sərgilənir. Əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran”, Braziliya yazıçısı Paulo Koelhonun “Əlkimyagər”, Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Nobel mükafatı laureatı Orxan Pamukun “Mənim adım Qırmızı” kimi bestseller əsərləri haqqında qısa məlumat verilərək şagirdlər mütaliəyə cəlb edilir.

Məktəbdə mütəmadi olaraq məhşur yazıçı və şairlərlə görüş keçirilir. Yazıçı-publisist Dərviş Cavanşirin  anım gecəsi akt zalında yüksək səviyyədə qeyd olunmuşdur. Şair İbrahim İlyaslının, Ayaz Arabaçının şagirdlər, valideynlər - oxucularla görüşü xüsusi rəğbətlə qarşılanmışdır. Görkəmli alimimiz Əjdər Ağayevin “Pişik balasının səhvi” tamaşası ibtidai sinif şagirdləri tərəfindən böyük həvəslə səhnələşdirilimişdir. Məktəbin foyesində klassik Azərbaycan yazıçı və şairlərinin kitablarından ibarət sərgilər müntəzəm olaraq təşkil edilir. Bütün bunlar şagirdlərin mütaliə vərdişlərinin mükəmməl və davamlı olmasına xidmət göstərir.
Böyük fransız yazıçısı Jül Vern öz “Gündəliy”ində yazır: “Mən öləndən sonra heykəlimin başında balaca bir oyuq qoyun ki, quşlar gəlib su içsin. Heykəlləşəndən sonra da təbiətə, həyata qarşı xidmət nə qədər ülvidir”.
 Yüksək sənətkarlıqla yazılmış bədii əsərlər də belədir. Məramı bəşəriyyətə, humanizmə, xeyirxahlığa, sevgiyə köklənmiş fövqəltəbii duyğular şagirdlərin ideya tərbiyəsində, onlara vətənpərvərlik ruhunun aşılanmasında bənzərsiz rol oynayır. Bədii əsər mütaliəsi həm də şagirdlərin yazılı və şifahi nitqinin kamilləşməsində əvəzsiz rol oynayır. Bu baxımdan Təhsil Nazirinin əmri vacib olduğu qədər də aktualdır.
Əlbəttə, şagirdlərim mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək müəllimlərin başlıca vəzifəsidir. Məktəblərimizdə keçirilən ədəbi-bədii gecələr, kompozisiyalar, yazıçı və şairlərin yubiley tədbirləri - bütün bunlar birbaşa şagirdlərin mütaliəyə həvəsini artırmaq məqsədi daşıyır.



No comments:

Post a Comment