5.21.2015

Məktəbdə maraqlı tədbirlər sistemli olaraq keçirilir

Nuranə SEYİDOVA, 129 nömrəli məktəb , UBT rəhbəri

Məktəb elə bir məkandır ki, burada biz uşaqlarımızın gələcəyinin əsaslarını qoyuruq. Məktəblərdə hökm sürən psixoloji atmosfer övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə, əqidələrinə və vətəndaşlıq hisslərinə bilavasitə təsir edir. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq. Bilikli, tərbiyəli uşaq hazırlayırıqsa - bir neçə ildən sonra savadlı, peşəkar və vətənini sevən gənci gördükdə onunla və haqlı olaraq  özümüzlə fəxr edirik. Dünyanı uşaqlarsız, uşaqları məktəbsiz, məktəbliləri isə dərsdən sonra, yəni asudə vaxtlarda keçrilən tədbirlərsiz təsəvvür etmək mümkün deyil. Şagirdlər üçün təşkil olunan tədbirlər və bu tədbirlər zamanı onlara aşılanan bir çox hisslər, xüsusilə də vətənpərvərlik, mərdlik, tolerantlıq, qayğıkeşlik kimi hislər bütün dövrlərdə olduğu kimi müasir elektron dövrümüzdə də öz aktuallığını itirməmişdir.
Məktəbimizdə şagirdlərin dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət etmiş, davamiyyəti zəif olan şagirdlərin valideynləri ilə müntəzəm olaraq əlaqə saxlamışıq. Davamiyyətin güclənməsinə çalışmışıq, gündəliklərin yığılıb yoxlanılması, şagirdlərin məktəbli formasında gəlməsinə nəzarət etmişik.

Uşaq Birliyi Təşkilatı Rəhbəri olaraq, şagirdlərimizin fənn olimpiadalarında, inşa yazı, rəsm, şeir müsabiqələrində, intellektual oyunlarda iştirak etməsini təşkil edirik. Respublikamızda keçirilən bütün bayram, matəm və xüsusi tarixi günlərimizin sinif divar qəzetlərində qeyd olunmasına,  Bakı şəhəri üzrə, rayon daxili tədbirlərin keçirilməsi məqsədi ilə məktəbimizin şagirdlərinin orada iştirak etməsinə şərait yaratmışıq. Məktəbdə keçirilən tədbirlərin bəzilərinə nəzər salaq:  
16.03.2015-ci il tarixdə məktəbin direktoru Samir müəllimin təşəbbüsü ilə professor Ə.Ağayevin uşaqlara həsr etdiyi “Pişik balasının səhvi”əsərinin səhnələşdirilmiş təqdimatı keçirildi. Ə.Ağayevin iştirakı ilə keçirilən bu tədbiri III sinif şagirdləri çox böyük məharətlə, qonaqlara təqdim etdilər.
22.04.2015-ci il tarixdə Bakı şəhəri Nizami rayon məktəbliləri arasında keçirilən H.Əliyevin 92-ci il dönümünə həsr olunmuş inşa yazı müsabiqəsində 9 “B” sinif şagirdi Nəzrin Mirzəzadə II yerə  (diplom, medal və pul mükafatına ) layiq görüldü.
“Breyn-rinq” intelektual oyununda da iştirak edən şagirdlərimiz (diplom və medalla ) III yerə layiq görüldülər.                            
Ümumiyyətlə, məktəbimizdə son illərdə tədbirlər məktəbin direktoru Samir Mehdizadənin təşəbbüsü ilə intensiv olaraq həyata keçirilir. O, bütün tədbirlərin sonunda şəxsən özü çıxış edərək, iştirakçıların və təşkilatçıların hər birinə minnətdarlığını bildirir. Mən bu kollektivdə işlədiyim üçün fəxr edirəm.



No comments:

Post a Comment