129 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi
Azərbaycan
dövlət müstəqilliyi qazandıqdan sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil
sahəsində də ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilir. Bu gün hər bir
müəllimin qarşısında duran ilk vəzifə nurlu sabaha yol tapa biləcək vətəndaşlar
yetişdirməkdir. İnteraktiv, qarşılıqlı əlaqə, ünsiyyət şəraitində qurulmuş dərs
şagirdi və müəllimi yormur, tədris prosesində özünü sərbəst hiss edən şagirdin
düşünmə qabiliyyəti daha da inkişaf edir.
Yeni fənn kurikulumunda tövsiyə olunan təlim strategiyalarında
şagird təlim prosesinin subyektinə çevrilmiş və onun müstəqil idrak fəaliyyəti
üçün şərait və imkanlar nəzərdə tutmuşdur. Sürətli sosial-iqtisadi və
elmi-texniki inkişaf bu gün təkcə
ayrı-ayrı regionların simasını deyil, həm də xalqların əsrlər boyu formalaşmış ənənəvi
həyat tərzini dəyişdirməkdədir. Coşqun inkişaf dövrünə qədəm qoyan hər bir ölkə
və özünəməxsus tarixi ənənələri olan bir xalq kimi bu prosesləri indi biz də
yaşamaqdayıq. Qloballaşma, ölkələrarası iqtisadi rəqabət və daim yeniləşməkdə
olan texnologiyalar get-gedə həyatımızın bütün sahələrinə daha geniş təsir
edir.
Ölkəmizin beynəlxalq birliklərə inteqrasiyası
genişlənən iqtisadi-siyasi və mədəni əlaqələr isə gənclərimizdə mühüm ümumbəşəri
dəyərlər formalaşdırmaqla yanaşı, həm də
milli adət-ənənələrimizi, mənəvi dəyərlərimizi qoruyub saxlamaq və inkişaf
etdirmək zərurəti doğurur. Məhz buna görə “Həyat
bilgisi” fənni uşaqların gələcəyə, get-gedə mürəkkəbləşən cəmiyyətə
hazırlığını təmin edir. Son vaxtlar
yaşadığımız yüksək texnologiyalar əsrində bilik köhnəlir, bacarıqlar isə əhəmiyyətini
itirmir.
“Həyat bilgisi” fərdin özünü – bioloji, psixoloji, sosial və mənəvi
tərəflərilə bütöv bir varlıq kimi dərk etməsi və reallaşdırılması üçün lazım
olan bilik, bacarıq və dəyər sistemini
formalaşdırmağa kömək edir. “Həyat
bilgisi” geniş əhatə dairəsinə malik olan
bir fəndir. Bu fənnin köməyilə şagirdlər bir-birlərilə ünsiyyət qurma,
mühakimə yürütmə, düşünmə, öz hüquqlarını qoruma, yoldaşlarının hüquqlarını
müdafiə etmə kimi vərdişlərinin aşılanmasına nail olurlar.
Müəllimlərin istifadəsinə verilmiş 7-ci sinif “Həyat bilgisi” dərslik və
metodik vəsait bütün mövzuların tədrisi üçün ən vacib vəsaitdir. Dərslik və vəsaitin
vəhdət təşkil etməsi ayrı-ayrı mövzuların tədrisinə yaradıcı münasibətin
yaranmasına səbəb olur. “Həyat
bilgisi” həyat fəaliyyətinin təhlükəsizliyi, fövqəladə hallarda şagirdlərin
bilik və bacarıqlarını ilk dəfə sistemli şəkildə formalaşdırır. Buna görə də bu
fənnin tədrisində şagirdlərin özünəməxsus qaydada diqqətlə dinləmə, bilgiləri
yaddaşda saxlama, çeviklik, cəldlik, öyrənmə, yardım göstərmə, ilk tibbi yardım
haqqında biliklərin toplanması və təhlükəli vəziyyətlərdə yoldaşa kömək etmə kimi hərəkətlərin inkişafına kömək edir. Öz təcrübəmdən bilirəm ki, fənnin tədrisi müəllimdən
elmi bilik və metodik bacarıq tələb edir. Buna görə də, “Bunları hamı bacarmalıdır” mövzusunu reallaşdırmaq üçün əvvəlcə
şagirdlərə nəzəri bilikləri və praktiki şəkildə yerinə yetiriləcək maddi vəsaitlər
haqqında məlumat verirəm. İlk tibbi yardım zamanı istifadə ediləcək material və
vəsaitləri (sanitar xərəyi, tənzif, steril salfetlər, fərdi sarğı paketi, yod
cövhəri, rezin jqut, fərdi tibb ləvazimatları, şina və s.) göstərirəm. Şagirdlərin
biliklərini və yaddaşlarını təkmilləşdirmək üçün sənədli diafilm, ya da
xroniki-video materialları izlədirəm. Bundan sonra şagirdlərin biliklərini yoxlamaq üçün “Fövqəladə hadisələr zamanı ilkin yardım tədbirləri hansılardır?” əsas
tədqiqat sualını elan edirəm. Şagirdlər düşünərək sərbəst şəkildə öz fikirlərini
söyləyir və dərsi qarşılıqlı müzakirə şəklində
keçirirəm.
Növbəti dərs gününün saatında məktəbin
həkimi və tibb bacısını öz dərsimə dəvət edirəm. Sinfi 4 qrupa
ayırıram. Hər qrupa ayrı-ayrılıqda tapşırıqlar verirəm.
Məktəbin həkiminin köməyilə
şagirdlərə İlk tibbi yardım haqqında ümumi məlumat verdikdən sonra, hər qrupa şərti
olaraq bir zərərçəkənə ilk tibbi yardım göstərmək tapşırığı verirəm.
I qrup – Sınıqlar zamanı ilk tibbi yardım
Həkim şagirdin ayağına baxış
keçirdikdən sonra “qapalı sınıq”
olduğunu ifadə edir. Bu zaman qrup üzvləri şərti qəbul edilmiş xəstəni tez yerə
uzadıb, əldə olan şinanın köməyilə onun ayağına qoyub tənziflə bağlayırlar və təcili
yardım gələnədək onu tərpənməz saxlayırlar.
Sonra həkim bir başqa şərti qəbul edilmiş xəstənin
ayağına baxış kecirərək, yaranın “açıq
sınıq” olduğunu deyir. Bu dəfə qrup üzvləri qanı dayandırmaq üçün əlində
olan rezin jqut vasitəsilə bağlayır, digəri yaranı təmizləyir və üzərinə steril
salfet qoyur, o birisi isə zərərçəkənə şina qoyub bərk bağlayır və təcili
yardım gələnədək onu tərpənməz saxlayırlar.
II qrup – Günvurma nəticəsində huşunu itirən insana
ilk tibbi yardım
Qrup üzvləri zərərçəkəni düz
yerdə uzadırlar. Sonra ətrafdakı əşyaları onun ayağının altına qoyurlar,
zərərçəkənin başı aşağı, ayağı isə hündür olmalıdır. Sonra paltarının yaxasını
açır, zərərçəkənin ətrafına toplanmış insanları uzaqlaşdırırlar ki, ona təmiz
hava gəlsin. Digər qrup üzvü isə zərərçəkənin üzünə su çiləyir, yaş əskini onun
sinəsinə qoyur.
III qrup – Boğulma, elektrik və ildırımvurma zamanı
ilk tibbi yardım
Qrupun üzvləri şərti qəbul edilmiş
zərərçəkəni düz yerdə uzadırlar, şagirdin biri onun başını tutur və zərərçəkənin
ağzını açır. Digəri isə zərərçəkənin ağzına hava üfürür. Bu proses bir neçə dəfə
təkrarlanır. Həkim qrup uzvlərinin bilik
və bacarıqlarını təkmilləşdirmək üçün onlara “əgər zərərçəkənin ürəyi dayanarsa?” sualı verərkən, qrup üzvlərindən
biri cəld ürəyinin üstünə əllərini yerləşdirib,
hər nəfəsvermədən sonra zərərçəkənin ürəyini xaricdən 3-4 sm dərinlikdə 4-5 dəfə
sıxaraq masaj edir.
IV qrup – Meşədə, çəmənlikdə gəzərkən ilan və zəhərli
həşaratların sancması zamanı ilk tibbi yardım
Qrup üzvləri
tez zərərçəkəni götürüb, yerə uzadırlar və onu tərpənməyə qoymurlar. “Əks halda
zəhər onun bütün bədəninə yayıla bilər” - deyə izahat verirlər. Yaranı təmiz yuyub, onun üstünə yod
cövhəri vururlar. Ayağına şina qoyub bağlayırlar.
Dərsi
yekunlaşdırıb, qrupların yerinə yetiridiyi tapşırıqları qiymətləndirib, elan
edirəm. Dərsin əyani və əməli (praktiki) surətdə aparılması mənə belə bir
deyimi yada salır:
Mənə
de - mən yaddan çıxarım.
Mənə
göstər - mən yadda saxlayım.
Məni cəlb et - mən öyrənim (çin hikməti).
“Həyat
bilgisi” fənninin köməyilə şagirdlər əxlaqi yetkinlik, dözümlülük, özünə və
başqalarına hörmət kimi yüksək mənəvi dəyərlərə yiyələnirlər.
No comments:
Post a Comment