Hələ ötən il Bakının Nizami
rayonundakı 129 nömrəli tam orta məktəbin fəaliyyətinə həsr
olunmuş xüsusi buraxılış hazırlayarkən
məktəbin işi ilə yaxından tanış olmuş, bu təhsil ocağının direktoru Samir Mehdizadənin rəhbərliyi ilə
yeniliklərin, mütərəqqi ideyaların meydanına çevrildiyinin şahidi olmuşdum. Düşünmüşdüm
ki, burada həyata keçirilən hər bir tədbirin, fəaliyyətin əsasında pedaqoji
işə, məktəbşünaslığa dərindən bələdlilik, eyni zamanda, işə sonsuz məhəbbət
dayanır. Ötən bir il ərzində düşüncələrimdə həqiqətən də yanılmadığımın şahidi
oldum. 129 nömrəli tam orta məktəb Samir Mehdizadənin rəhbərliyi ilə
2014-2015-ci dərs ilində də maraqlı ideyalara dəstək vermək, onların həyata
keçirilməsinə ev sahibliyi etmək, hətta Azərbaycan təhsilini xaricdə təmsil
etmək kimi mühüm tədbirlərə qoşuldu.
Məktəbdə Təhsil Şurasının
genişləndirilmiş iclası keçirildi
Təhsil Şurası məktəbin iş
təcrübəsini respublikaya yaydı
Ötən ilin may ayında
Azərbaycan Təhsil Şurasının məktəbdə keçirilən genişləndirilmiş iclası da
məktəbin tarixinə əlamətdar hadisə kimi yazıldı. İdarə heyətinin
genişləndirilmiş iclasının 129 nömrəli tam orta məktəbdə keçirilməsinin əsas
məqsədi təhsil ocağının iş təcrübəsi ilə tanış olmaq, novatorluğu, müasirliyi
respublikaya yaymaq idi. Həmin gün təhsil ocağının qonaqları arasında Şuranın
sədri, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, pedaqoji
elmlər doktoru, professor Əjdər Ağayev, idarə heyətinin üzvləri – Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunun rektrou, professor
Asəf Zamanov, Bakı Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, veteran
müəllim Həqiqə Məmmədova, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa
Mikayıllı, 164 nömrəli tam orta məktəbin direktoru Kəmalə Qədirova, “Ən yaxşı
müəllim” müsabiqəsinin qalibi Sevinc Niftiyeva və digərləri var idi. Genişləndirilmiş
iclasın iştirakçıları öncə təhsil ocağında tədris prosesi ilə tanış oldular.
İclasın gündəliyində dayanan birinci məsələ məktəbin direktoru Samir
Mehdizadənin məruzəsi idi. Samir Mehdizadə məruzəsində məktəbdə son illər
ərzində həyata keçirilmiş tədbirlər barəsində genişlyi ilə bəhs etdi. Söylədi
ki, məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim-tərbiyə işinin müasir
dövrün tələbləri səviyyəsində qurulması, müəllimlərin işə ciddi münasibətinin
təmin edilməsi ilk günlərdən bir nömrəli vəzifə kimi qarşıda dayanmışdır. O,
bildirdi ki, bir neçə il əvvəl məktəbin maddi-texniki bazası çox zəif idi. Bu
da öz növbəsində təlim prosesini dövrün tələbləri səviyyəsində təşkil etməyə
imkan vermirdi. Odur ki, ilk növbədə məktəbin
maddi-texniki bazasının mövcud durumu öyrənildi. Məlum oldu ki, pedaqoji
prosesi müasir tələblər səviyyəsində təşkil etmək üçün məktəbin maddi-texniki
bazasının möhkəmləndirilməsinə ciddi ehtiyac duyulurdu. Məktəbin istilik
sistemi yox dərəcəsində idi. İdman zalından istifadə etmək mümkün deyildi.
Ümumən, məktəbin ciddi təmirə ehtiyacı var idi. Təbii ki, bu kimi
çatışmazlıqları aradan qaldırmadan yüksək təlim keyfiyyətlərinə nail olmaq çox
çətin olacaqdı. Samir Mehdizadə vurğuladı ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin
yaxından köməkliyi sayəsində maddi-texniki baza sahəsində çətinliklər aradan
qaldırıldı. Məktəbin internet şəbəkəsinə qoşulması təmin olundu. Bakı şəhəri
üzrə Təhsil İdarəsi tərəfindən məktəbə “Kimya”, “Fizika”, “Biologiya” fənninin
tədrisi üçün lazım olan əyani vəsaitlər, eləcə də kompyüterlər, proyektor,
printer, elektron yazı lövhələri, idman ləvazimatları gətirildi.
Samir Mehdizadə qeyd etdi ki,
məktəbdə təlim prosesinin yüksəldilməsində pedaqoji kollektivin öz işinə
intizamlı, ciddi yanaşması əsas şərtlərdəndir. Nə yaxşı ki, 129 nömrəli tam
orta məktəbdə belə müəllimlər çalışır. S.Mehdizadə ümumilikdə rəhbərlik etdiyi
təhsil ocağının fəaliyyətini genişliyi ilə xarakterizə etməklə, təhsil ocağının
fəaliyyətinin mənzərəsini yaratdı.
Onu da qeyd edim ki, iclasda
Təhsil Şurasının həyata keçirdiyi “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri
mükafatlandırıldı.
Məktəb təcrübə mübadiləsi və
əməkdaşlıq layihəsinə qoşuldu
Hələ ötən ilin iyulunda Təhsil
Şurasının sədri professor Əjdər Ağayevin ideya rəhbərliyi ilə Şuranın “Təhsil
müəssisələrinin təcrübə mübadiləsi və əməkdaşlıq” layihəsinin əsası qoyuldu.
Təhsil müəssisələrinə bu layihyə qoşulmaq üçün müraciət edildi. Sevindirici
haldır ki, 129 nömrəli tam orta məktəb bu çağırışa cavab verən ilk məktəb oldu
və biz məktəbin direktoru Samir Mehdizadə ilə birlikdə əməkdaşlıq haqqında
memorandum imzalamaq üçün Şirvan şəhərindəki 1 nömrəli məktəb-liseydə olduq.
Həmin təhsil ocağı ilə imzalanan memorandumla Təhsil Şurasının bu istiqamətdə
fəaliyyətinin əsası qoyuldu. Onu da qeyd edim ki, Samir Mehdizadə bu
müqavilənin imzalanmasında yalnız 129 nömrəli tam orta məktəbin direktoru kimi
deyil, eyni zamanda Təhsil Şurasının idarə heyətinin üzvü kimi çıxış edirdi.
İmzalama mərasimində Şirvan Şəhər Təhsil Şöbəsi metodkabinetinin direktoru
Elçin Həsənov, şəhər 1 nömrəli məktəb-liseyin direktoru Rəfiqə Atayeva, Təhsil
Şurası İdarə Heyətinin üzvü, “Təhsil və zaman” qəzetinin redaktrou Böyükağa
Mikayıllı, Təhsil Şurası İdarə Heyətinin üzvü, “Ən yaxşı müəllim” respublika
müsabiqəsinin qalibi Sevinc Niftiyeva iştirak etdilər. Mərasimdə çıxış edən
Samir Mehdizadə vurğuladı ki, təhsil müəssisələrinin əməkdaşlıq şəraitində
fəaliyyət göstərməsi məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinə təsir edən
ən mühüm amillərdəndir. Bu gün 129 nömrəli tam orta məktəbin fəaliyyətinin öyrənilməli
tərəfləri çoxdur. “Amma bizim özümüzün də öyrənməyə ehtiyacımız var” deyən
Samir Mehdizadə Şirvan şəhər 1 nömrəli məktəb-liseylə əməkdaşlıqdan yalnız
fayda götürəcəklərini dilə gətirdi. Bundan sonra 129 nömrəli tam orta məktəb
anoloji layihəni Bakının Xəzər rayonundakı 230 nömrəli tam orta məktəblə də
imzaladı. 230 nömrəli tam orta məktəbdə memorandumun imzalanması mərasimində
Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev də iştirak etdi. Əməkdaşlıq
müqaviləsinin imzalanması mərasimində çıxış edən professor Əjdər Ağayev
ümumilikdə Təhsil Şurasının son vaxtlar həyata keçirdiyi tədbirlərdən bəhs
etdi. Bildirdi ki, “Təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə mübadiləsi
layihəsi” təhsilimizin bu günü və gələcəyi üçün mühüm olan bir layihədir.
Təhsil müəssisələri arasında əməkdaşlıq layihələri illər öncə mövcud olmuşdur.
Amma son illər bu tendensiya unudulmuşdur. Halbuki, məktəblər əməkdaşlıqdan çox
fayda əldə edə bilərlər. Əjdər Ağayev vurğuladı ki, Təhsil Şurası bu layihəni
mətbuatda elan etdikdən sonra xeyli sayda məktəb əməkdaşlıq üçün müraciət edib.
Dərs ili başladıqdan sonra bu layihənin daha geniş dairədə reallaşmasına
başlanacaq.
Samir Mehdizadə də professor Əjdər Ağayevin
fikirləri ilə həmahəng düşündüyünü dilə gətirərək layihənin əhəmiyyətindən bəhs
etdi. Memorandumun ayrı-ayrı maddələrini iştirakçıların diqqətinə çatdırdı.
Qeyd etdi ki, bu layihə özlüyündə məktəbin bütün pedaqoji kollektivini,
şagirdləri əhatə etməklə, təcrübə, informasiya mübadiləsi aparmağa,
konfransların, seminarların, idman və bilik yarışlarının keçirilməsinə, elmi
müzakirələrin təşkilinə və s. xidmət edir. Şübhəsiz ki, bu, öz növbəsində
təhsil müəssisəsinin hərtərəfli inkişafını stimullaşdırmağa yönəlib.
230 nömrəli tam orta məktəbin direktoru
Elşən Qafarov da rəhbərlik etdiyi təhsil ocağının belə bir əhəmiyyətli layihəyə
qoşulmasından məmnunluq ifadə etdi. O, rəhbərlik etdiyi məktəbin ənənələrindən,
nailiyyətlərindən danışdı. Söylədi ki, bu gün məktəbdə zamanın tələbləri
səviyyəsində tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, məktəbin
maddi-texniki bazası, pedaqoji kollektivin intellektual hazırlığı da buna imkan
verir. O, ümidvar olduğunu bildirdi ki, 129 nömrəli tam orta məktəblə
əməkdaşlıq məktəbin fəaliyyətində daha yeni istiqamətlərin açılmasına imkan
yaradacaq.
Məktəb elmi-təcrübi konfranslara qoşuldu
Samir Mehdizadənin və rəhbərlik etdiyi məktəbin
pedaqoji kollektiv üzvlərinin qoşulduğu layihələrimizdən biri də ötən ilin
sentyabrında İmişlidə keçirilən “Təlim keyfiyyətinin yüksəldilməsi problemi”
mövzusunda elmi-təcrübi konfrans oldu. Samir Mehdizadə bu konfransda da maraqlı
çıxışla diqqət mərkəzinə gəldi. Təcrübəli məktəb rəhbəri bu tədbirdə “Təlim
keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlıq və təcrübə
mübadiləsinin təlimin keyfiyyətinin yüksəldilməsində” rolu mövzusunda çıxış
etdi. Əslində bu mövzu Samir müəllimlə birlikdə müəyyənləşdirdiyimiz və
sistemli olaraq keçirdiyimiz layihələrin və elmi-təcrübi konfransların tərkib
hissəsinə daxil idi. Bu mövzu gələcəkdə genişləndirilmiş şəkildə Gürcüstanda
keçirəcəyimiz beynəlxalq elmi-təcrübi konfransda da gündəmə gələcəkdi.
Beynəlxalq elmi-təcrübi
konfransda
Qeyd etdiyim kimi, 129 nömrəli
tam orta məktəb ötən il Təhsil Şurasının həyata keçirdiyi bütün layihələrin
fəal iştirakçısı olmuş, bəzi hallarda isə təşkilati işlərə yaxından qoşulmuşdur.
Belə layihələrdən biri də Təhsil Şurasının Gürcüstanın Kobuleti şəhər
bələdiyyəsi ilə birgə Kabuleti şəhərində keçirdiyi və Gürcüstan Respublikasının
Acarıstan Muxtar Respublikası Təhsil Nazirliyinin də qatıldığı “Beynəlxalq
təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” elmi-təcrübi
konfrans oldu. Samir Mehdizadə beynəlxalq elmi-təcrübi konfrans ideyasını ilk
dəstəkləyənlərdən olmaqla, istər Azərbaycanda, istərsə də Gürcüstanda təşkilati
işlərdə bizə yaxından kömək etdi. Konfransın təşkilat komitəsinin və elmi
heyətinin üzvü oldu. Konfransdakı “Beynəlxalq təcrübə mübadiləsinin təlimin
keyfiyyətinin yüksəldilməsində rolu” mövzusunda çıxışında maraqlı fikirlər
irəli sürməklə, iştirakçıların diqqətini cəlb etdi.
Mənəvi tərbiyə əsas
məsələlərdən biri kimi
Məktəbdə şagirdlərin mənəvi
tərbiyəsi həmişə prioritet məsələlərdən bir olmuşdur. Samir Mehdizadə qeyd edir
ki, həyata keçirilən çoxsaylı tədbirlərin məqsədi uşaqların dünyagörüşünün
formalaşdırılması, onların şəxsiyyət kimi yetişdirilməsi istiqamətində ilkin
addımların atılması, gənclərin müstəqil həyata hazırlanması məqsədi daşıyır.
Belə tədbirlər məktəbdə sistemli olaraq keçirilməkdədir. Tanınmış şairlər,
yazıçılar, elm, sənət adamları ilə məktəbdə görüşlərin təşkil olunması ənənəvi
hal alıb. Samir Mehdizadə bu kimi tədbirləri reallaşdırmaqla, cəmiyyət-məktəb
əlaqələrinin inkişafına, böyüyən nəslin cəmiyyətdə, elm aləmində gedən
proseslərdən xəbərdar olmalarına, gələcək həyat yollarının
müəyyənləşdirilməsində onlara yardımçı olmaq məqsədi daşıyır. Yeri gəlmişkən,
Samir Mehdizadənin ideyası ilə məktəbdə reallaşan bir layihə barəsində də bəhs
etmək istərdim. Layihəyə əsasən məktəbin pedaqoji kollektivinin üzvləri əlaçı
və nümunəvi şagirdlərinin evlərinə qonaq gedir, onların valideynləri, ailə
mühiti, tədris şəraiti ilə tanış olurlar. Şagirdlərin ailələri ilə tanışlıq
məktəb-ailə əlaqələrinin inkişafına xidmət etməklə, şübhəsiz ki. şagirdlərin
təlimə marağının artırılmasında, məsuliyyət hissinin yüksəldilməsində müstəsna
rol oynayır. Samir Mehdizadənin sözlərinə görə gələn ildən layihənin daha geniş
dairəni əhatə edəcəyi gözlənilir.
Qeyd etdiyim kimi, 129 nömrəli
tam orta məktəbdə bir-birindən maraqlı tədbirlərin, intellektual yarışların,
ekskursiyaların, görüşlərin keçirilməsi sistemli hal alıb. Samir Mehdizadənin
bu tədbirlərindəki çıxışlarından, mətbu yazılarından belə bir nəticəyə gəlmişəm
ki, o, bu kimi tədbirləri pedaqoji-mənəvi mahiyyətini nəzərə alaraq həyata keçirməyə
çalışır. Qeyd edir ki, şagirdlərin dünyagörüşünün formalaşması, onların
hərtərəfli vətəndaş kimi cəmiyyətə təqdim edilməsi bu gün məktəbin qarşısında
dayanan ən vacib məsələdir. Biz bu gün gənclərimizin intellektual hazırlığı ilə
yanaşı, mənəvi hazırlığına da ciddi fikir verməliyik. Mənəvi cəhətdən
hazırlıqlı olmayan gənc intellektual baxımdan nə qədər savadlı olsa da
cəmiyyətə lazımı səviyyədə fayda verə bilməz.
Sevindirici hal həm də odur
ki, 129 nömrəli tam orta məktəbin təşəbbüsü ilə keçirilən bu tədbirlər əksər
hallarda Bakının digər məktəblərini də əhatə etməklə, daha geniş dairədə
reallaşır. Keçirilən belə tədbirlərdən biri “İntellekt olimpiadası” idi. Bu
tədbir Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun dəstəyi ilə reallaşmaqla, Bakının
Nizami və Xəzər rayonlarının
32, 61, 62, 129, 214, 229, 238 və 230, eləcə də Şirvan şəhər 1 nömrəli məktəb-liseyini əhatə etdi. Yarışın birinci turunda 32 nömrəli məktəbin komandası qalib gəldi. 2-ci yeri 61 nömrəli
məktəb, 3-cü yeri isə 230 nömrəli məktəbin
şagirdləri tutdular. Qalib komandalar kubok və fəxri fərmanlarla təltif
edildilər. Qalib komandanın üzvləri Elnur Dadaşov, Sadiq Abdullayev, Vüsalə
Quliyeva, Elşad İbrahimov və Elroman Əlizadə idilər.
“İntellekt olimpiadası”nın növbəti yarışı Bakının Nizami rayonundakı 61 nömrəli tam orta məktəbdə
keçirildi. Bakının Nizami rayonunun məktəblərinin və Şirvan şəhər 1 nömrəli məktəb-liseyin şagirdlərinin iştirak etdiyi
yarış gərgin mübarizə şəraitində keçdi. Bu yarışda Bakı şəhəri 129 nömrəli məktəbin komandası qalib gəldi. 2-ci yeri 61
nömrəli məktəb, 3-cü yeri isə 32 nömrəli məktəblər tutdular. Qalib komandalar
kubok və fəxri fərmanlarla təltif edildilər.
Mütaliə vərdişlərinin təkmilləşdirilməsi diqqət mərkəzində
Yola salmaqda olduğumuz dərs ilində məktəbdə diqqəti cəlb edən
tədbirlərdən biri də Təhsil naziri cənab Mikayıl Cabbarovun "Mütaliə
vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin
formalaşdırılması" haqqında əmrinin icrası məqsədilə pedaqoji elmlər
doktoru, professor Əjdər Ağayevin kiçik yaşlı uşaqlar üçün yazdığı "Pişik
balasının səhvi" əsərinin səhnələşdirilmiş təqdimatının keçirilməsi oldu.
Təqdimatda Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Şuranın
idarə heyətinin üzvləri Həqiqə Məmmədova, İslam Baxşıyev, Akif Orucov, Böyükağa
Mikayıllı, Yusif Əliyev, mətbuat nümayəndəsi Eldəniz Abbasov iştirak edirdilər.
Məktəbin 3-cü sinfinin rəhbərləri Elmira
Hüseynova və Seçmə Canmirzəyevanın təşkilatçılığı ilə hazırlanan təqdimatı
giriş sözü ilə açan məktəbin direktoru Samir Mehdizadə bildirdi ki, onlar
professor Əjdər Ağayevin yaradıcılığına təsadüfi müraciət etməyiblər. Əjdər
Ağayevin çoxşaxəli
yaradıcılığında uşaqlar üçün yazdığı şeirlər, hekayələr mühüm yer
tutur. Əjdər Ağayev Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi
olmaqla bərabər, müasir Azərbaycan uşaq ədəbiyyatında da
şair, nasir kimi özünəməxsus yeri ilə tanınır.
Samir Mehdizadə
vurğuladı ki, Təhsil naziri cənab Mikayıl Cabbarovun şagirdlərin mütaliəsinin
təkmilləşdirilməsi istiqamətində imzaladığı əmr 129 nömrəli tam orta məktəbdə
də əks-səda verib. Məktəbdə şagirdlərin mütaliə imkanlarının yaxşılaşdırılması
üçün tədbirlər planı hazırlanmış, sistem yaradılmışdır. Bu günkü tamaşa da
həmin tədbirlər planının bir hissəsidir. S.Mehdizadə onu da qeyd etdi ki,
məktəbdə tamaşaların təşkil edilməsi, şagirdlərin tamaşalarda iştirak etməyə
meyl göstərməsi onların mədəni, intellektual cəhətdən inkişafında,
dünyagörüşünün formalaşmasında mühüm rola malikdir. O, onu da vurğuladı ki,
tamaşanın ərsəyə gəlməsində valideynlərin də yaxından köməkliyi olmuşdur. Yeri
gəlmişkən qeyd edim ki, məktəbdə əsası bir neçə il əvvəl qoyulmuş
valideyn-məktəb əlaqələri bu gün də intensiv şəkildə davam edir. Keçirilən
mütəmadi görüşlər, maarifləndirici tədbirlər valideynlərin diqqətini cəlb
etməklə, onların marağına səbəb olur. Samir Mehdizadə qeyd edir ki,
valideyn-məktəb əlaqələri təhsil ocağının fəaəlyyətinin ən mühüm tərkib
hissəsidir. Tədrisin keyfiyyətinin yüksəldilməsinin əsasında dayanan bu amili
nəzərdən kənarda saxlamaq olmaz.
Vətənpərvərlik
tərbiyəsi diqqət mərkəzində
Bu gün 129 nömrəli
tam orta məktəbdə qarşıda dayanan ən mühüm vəzifələrdən biri də şagirdlərin
vətənpərvər ruhda tərbiyə olunmasıdır. Bu vəzifənin həyata keçirilməsi
istiqamətində sistemli iş aparıldığını deyən Samir Mehdizadə bu istiqamətdə
məktəbdə keçirilən tədbirlərə diqqətimizi yönəldir. 20 Yanvar, Xocalı faciəsi,
31 mart Azərbaycanlıların sosqrımı günü, 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik günü və digər tarixi günlər məktəbin iş planının əsasını təşkil
etməkdədir. Qarabağ döyüşlərində böyük şücaət göstərərək adını Azərbaycanın
qəhrəmanlıq tarixinə yazmış İbad Hüseynovla məktəbdə keçirilən görüş
şagirdlərin yaddaşına həkk olunmuşdur. Görkəmli döyüşçü ilə görüşdən məmnun
qalan məktəbin pedaqoji və şagird kollektivi qərəmanı onun adına layiq
qarşılamış, maraqlı kompozisiya nümayiş etdirmişlər. İbad Hüseynov keçdiyi
şərəfli döyüş yolundan danışmış, şagirdləri maraqlandıran sualları
cavablandırmışdır. Qatı erməni terrorçusu Monte Melkonyanı məhv etmiş
“Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovun
gənclərlə canlı ünsiyyəti mühüm tərbiyəvi əhəmiyyətə malikdir. Belə
görüşlərdən biri də Qarabağ uğrunda döyüşlərdə misilsiz şücaətlər göstərmiş,
düşmənə sarsıdıcı zərbələr endirmiş Azərbaycanın Milli Qəhrəmanı Fariz
Qəhrəmanovla keçirilmişdir.
Tanınmış
yazıçı Elxan Elatlının Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr
etdiyi “Qisas gecəsi” kitabının ictimai müzakirəsi də məktəbdə böyük rezonans
doğurmuşdur. Tədbirdə kitabın müəllifi yazıçı Elxan Elatlı
da iştirak edirdi. Dövlət himni
oxunduqdan sonra şagirdlər Mübariz İbrahimovun qısa, lakin şərəfli ömür yoluna
həsr edilmiş kitabdan aldıqları təəssüratları danışdılar. Şagirdlər milli
qəhrəman Mübariz İbrahimov kimi vətənpərvər olacaqlarına, Vətəni sonsuz
məhəbbətlə sevəcəklərinə, işğal altında olan doğma torpaqlarımızın düşməndən
azad edilməsinə hazır olduqlarına söz verdiər. Yazıçı Elxan Elatlının da
Mübariz İbrahimov haqqında fikirləri şagirdlər üçün maraqlı oldu. Daha sonra tanınmış yazıçı şagirdləri
maraqlandıran sualları cavablandırdı.
Məktəbdə diqqəti cəlb edən məqamlardan biri də həyata keçirilən
intellektual yarışların, ədəbi-bədii kompozisiyaların da məzmununun, süjet
xəttinin milli-mənəvi dəyərlərlə, vətənpərvərlik hissləri aşılayan ideyalarla
zənginləşdirilməsidir. “Azərbaycan, biz həmişə səninləyik”, “Biz fəxr edirik
ki, Azərbaycanlıyıq”, “Bölgələrimizi tanıyaq”, “Vətənin müdafiəsinə hazırıq”
mövzusunda ədəbi-bədii kompozisiyalar, rəsm sərgiləri buna misal ola bilər. Bu
tədbirlərdə şagirdlər Azərbaycanın görkəmli şəxsiyyətləri, tarixi abidələri,
maddi-mədəniyyət nümunələri, təbiəti, ekologiyası incəsənəti, mətbəxi ilə tanış
olur, mahnılar, şeirlər, rəqs nümunələri nümayiş etdirirlər. Milli ruhun, mənəvi
dəyərlərin aşılanması pedaqoji kollektivin hər bir bir üzvünün amalına
çevrilib. Heydər Əliyev Mərkəzinə, Şəhidlər Xiyabanına, Xocalı Soyqrımı
abidəsinə təşkil olunan ziyarətlər, görkəmli teatr və kino xadimi Leyla
Bədirbəylinin və digər şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş təqdimatlar,
tədbirlər məktəbin saf mənəvi mühitini təmin etməklə, şagirdləri gələcəyə
yüksək inam ruhunda tərbiyə edir. Gənc nəslin təlim və tərbiyəsində bu, mühüm
amildir.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment