Xatirələrə
həkk olunan görüş
Mayın
16-da Bakının Xəzər rayonundakı 230 nömrəli tam orta məktəbdə Təhsil Şurasının
sədri, pedaqoji elmlər doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının
həqiqi üzvü, prezident təqaüdçüsü, əməkdar müəllim, professor Əjdər Ağayevlə
görüş keçirildi. Tədbirin təşkilatçıları bu görüşə “İşığa gedən yol” adı
vermişdilər. Görüşdə professor Əjdər Ağayevlə bərabər Şuranın idarə heyətinin
üzvü, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, Bakı şəhəri
Nizami rayonu 129 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə, Qafqaz
Universitetinin müəllimi Mehmet Çinar, eləcə də Bakı şəhərinin digər məktəb rəhbərləri, müəllimlər iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan 230 nömrəli tam orta məktəbin direktoru Elşən
Qafarov söylədi ki, Əjdər Ağayevin müəllimlərlə görüşə gəlməsi 230 nömrəli tam
orta məktəb üçün əlamətdar bir hadisədir. Bakının ayrı-ayrı məktəblərinin rəhbərləri,
müəllimləri bu əlamətdar
hadisənin iştirakçısı olmaq, görkəmli alimlə görüşmək
üçün 230 nömrəli tam orta məktəbə təşrif gətirmişlər, deyən Elşən Qafarov
professor Əjdər Ağayevi və digər qonaqları salamladı. Qeyd etdi ki, Əjdər
Ağayev bir alim, müəllim, jurnalist, ictimai xadim, nasir, şair olaraq
ictimaiyyətə yaxşı tanışdır. Bu günkü görüş əsasən o amala xidmət edir ki, müəllimlər
görkəmli alimin əsərlərinin, pedaqoji irsinin müəyyən qismi ilə tanış olsunlar,
onu daha yaxından tanısınlar. Elşən Qafarov söylədi ki, məktəbin müəllimləri
professor Əjdər Ağayevin bir neçə əsəri haqqında təqdimat hazırlayıb. O, çıxış
üçün sözü müəllimlərə verdi.
İlk
çıxış edən məktəbin ibtidai sinif müəllimi Sevinc Səfərova Əjdər Ağayevin “Təməldən
əməli” kitabı haqqında bəhs etdi. Qeyd etdi ki, əgər əsər müəllifi şəxsiyyət
kimi mükəmməl xarakterə malikdirsə, bu, onun əsərlərində də özünü biruzə verəcək.
Əjdər Ağayev məhz belə-işi ilə əməli, sözü ilə əqidəsi bir olan insanlardandır.
Sevinc Səfərova qeyd etdi ki, Əjdər Ağayev “Təməldən əmələ” kitabında əhəmiyyətli
məqamlara toxunub. Bu məqamlardan biri də bədii ədəbiyyatın uşaqların mənəvi tərbiyəsində
əhəmiyyəti barəsindədir. Əjdər Ağayev bu əsərində göstərir ki, bədii ədəbiyyat
uşaqların sağlam vətəndaş mövqeyinə malik insan kimi formalaşmasında mühüm təsirə
malikdir. O, gənc nəslin tərbiyəsində ailə və məktəb əlaqələrinin də mühüm rola
malik olduğunu vurğulayır. Eyni zamanda vurğulayır ki, gənc nəslin tərbiyəsində
ailə və məktəbin vəhdətdə işi nə qədər əhəmiyyət daıyırsa, bədii ədəbiyyat da o
qədər rol oynayır. Əjdər Ağayev bu kitabda uşaqlarda bədii ədəbiyyata məhəbbət
aşılamağın da yollarını göstərir, eyni zamanda vurğulayır ki, uşaqların mənəvi
tərbiyəsində musiqinin, teatrın, incəsənətin
də imkanlarından istifadə etmək zəruridir. Yalnız bundan sonra milli-mənəvi dəyərlərə
mailk şəxsiyyətin yetişdirilməsi mümkündür.
Məktəbin
riyaziyat-informatika müəllimi Tünzalə Əmirova Əjdər Ağayevin müəllifi olduğu “Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri tarixindən” kitabının məziyyətlərindən
bəhs etdi. Söylədi ki, əgər təhsilimizin inkişafına xidmət göstərən əsərlərdən
ibarət “Qızıl fond” yaradılarsa, Əjdər
Ağayevin bu əsəri həmin fondda
yer alan ilk kitablardan olar. Tünzalə Əmirova söylədi ki, kitabda toplanan
materiallarla tanışlıq məktəb və
ümumiyyətlə pedaqoji sferanın daha qədim səhifələrini gözümüz önündə canlandırır. Müəllif əsərdə tarixçi
nöqteyi nəzərdən çıxış edərək faktları dərindən araşdırır, oxucunun qarşısında
mükəmməl tarixi faktlarla çıxış edir. T.Əmirova söylədi ki, əsərdə
araşdırılan mövzulardan biri olan Qutqaşın məktəbinin yaranma tarixi,
strukturu, məktəbin müəllimləri, görkəmli məzunları, onların cəmiyyətə və elmə
verdikləri töhfələr haqqındakı fikirlər
olduqca dəyərli və qürurvericidir. Bu əsərdə Rəşid bəy Əfəndiyev, Məcid Mərdanov, eyni zamanda Güney Qafqaz xalqlarının maariflənməsində xidmətləri olan Molla Tağı
Mahmudoğlu, Mirzə Molla Ələkbər Elxanov, Firudin bəy Köçərli kimi ziyalılar haqqında söhbət açılması əsərin dəyərini daha
da artırır. Bir sözlə bu əsər Güney Qafqazda hazırki ictimai – siyasi, sosial – iqtisadi vəziyyətin,
təhsilin, elmin, mədəniyyətin inkişafının, əhalinin məskunlaşmasının tarixi köklərinin bəzi mühüm məqamları haqqında
müfəssəl məlumat əldə etmək baxımından çox qiymətlidir.
Məktəbin
müəllimi Hüseyn Məmmədov Əjdər Ağayevin
“Azəbaycan ictimai –pedaqoji fikrində şəxsiyyətin
formalaşması problemləri” əsəri haqqında çıxış etdi. Öncə qeyd etdi ki, Azərbaycanın müasir dövr ictimai
–pedaqoji fikrinin formalaşmasında Əjdər Ağayevin rolu danılmazdır. Əjdər Ağayev özünün elmi-pedaqoji
düşüncələri, baxışları ilə həmişə pedaqoji ictimaiyyətin diqqət mərkəzində
olub. Onun təhsilimizin bütün sahələrinə aid irəli sürdüyü elmi fikirlər müəllimlərin,
təhsil işçilərinin pedaqoji faliyyətinə, sözün müsbət mənasında təsir göstərib.
Azərbaycan dili və ədəbiyyat müəllimi Hüseyn Məmmədov
qeyd etdi ki, Əjdər Ağayevin əsərləri içərisində “Azərbaycan ictimai-pedaqoji
fikrində şəxsiyyətin formalaşması problemləri” xüsusilə diqqəti cəlb edir. Müəllif
bu mühüm problemi çözmək üçün şəxsiyyətin formalaşması ideyasının qanunlarını, şəxsiyyətin
mahiyyətini, onun formalaşmasına təsir edən amilləri, şəxsiyyət tərbiyəsinin məzmununu, vəzifələrini,
vasitələrini araşdırmış, tarixi-nəzəri baxımdan
fundamental bir əsər meydana gətirmişdir.
H.Məmmədov söylədi ki, müəllif bu əsər üzərində işləyərkən kifayət qədər zəngin
mənbələrə - “Avesta”dan başlayaraq dini kitablara, xüsusilə, “Qurani-Kərim”ə, şifahi
xalq ədəbiyyatı mənbələrinə, X.Şirvanidən başlayaraq müasir dövrümüzə qədərki
şair və yazıçılarımızın şəxsiyyətin formalaşması haqqında müdrik fikirlərinə,
antik dövr ədəbiyyatına, bu dövrdən başlayaraq alim və filosofların fikirlərinə,
pedaqoji düşüncə sahiblərinin baxışlarına müraciət edərək sanballı bir əsər
yaradıb. Əjdər müəllim ilk olaraq
oxucunun diqqətini “Avesta”dakı xeyir və şər konsepsiyasına, insanın
xeyirxahlıq, ədalətlilik, zəhmətsevərlilik, həqiqətpərəstlik, elmə səy etməsinə
yönəldir, yaxud Zərdüştün: “Mən fəzilətli
fikiri, fəzilətli sözü, fəzilətli əməli mədh edirəm, fikirlərinin ideya məzmununu
diqqətimizə çatdırır. Müəllif göstərir
ki, insanın mükəmməl tərbiyəsi, kamillik səviyəsinə çatması axtarışları, şəxsiyyət
idealı ilkin olaraq Şərqdə meydana çıxmış,
zaman keçdikcə insan-şəxsiyyət problemi Qərb dünyası elmi-fəlsəfi,
ictimai- pedaqoji fikrini cəlb etmişdi. H.Məmmədov bu əsərin müəllimlər,
pedaqoji sahənin tədqiqatçıları üçün dəyərli bir mənbə olduğunu diqqətə
çatdırdı.
H.Məmmədov vurğuladı ki,
Əjdər Ağayev şəxsiyyətin formalaşması probleminin mənəvi-ruhi tərbiyə, əxlaqi-etik
və estetik tərbiyə, ağlın, iradə və xarakterin tərbiyəsi yolu ilə həll edilməsinin
mümkünlüyünü yazaraq əslində bu problemin fundamental həlli yollarını göstərir.
Məktəbin texnologiya müəllimi Kifayət Allahverənova professor Əjdər Ağayevin əsərlərində gənclərin
tərbiyəsində əməyin rolu məsələlərindən bəhs etdi. Qeyd etdi ki, Əjdər Ağayevin
“İnsanı ucaldan, onu şöhrətləndirən əmək, həm
də güclü tərbiyə vasitəsidir” fikri onu məhz bu mövzuda çıxış etməyə istiqamətləndirdi.
O, Ə.Ağayevin “Qudqaşına gedən yol” məqaləsində bu məsələnin xüsusilə qabarıq
qoyulduğunu diqqətə çatdrdı. Əjdər
Ağayev vurğulayır ki, hər bir savadlı gənc gələcəyin bir ailəsinin başçısıdır.
Bu ailəni dolandırmaq üçün də peşə sahibi olmaq, əməksevər olmaq vacibdir. Gənclərin
həyata hazırlanmasında peşə yönümünün inkişafında, xeyirxahlığı, təşəbbüskarlığı
və müstəqilliyi əmək tərbiyəsi olmadan təsəvvür etmək mümkün deyil.
Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Rəhimli
“Əjdər Ağayevin pedaqoji görüşləri və ədəbiyyatın şəxsiyyətin formalaşmasında
rolu” mövzusunda çıxışında söylədi ki, görkəmli alim “Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin
formalaşması problemi” adlı əsərində insanın daxili aləmi, əməlləri, idraki, psixi
xüsusiyyətləri, qabiliyyətləri, quruculuq və idarəetmə işləri, cəmiyyətdə
mövqeyi xüsusiyyətlərini və.s. böyük şövqlə qələmə almışdır.
Müəllif əsərdə yazır ki, şəxsyyətin formalaşmasına təsir edən amillərdən biri də ədəbiyyatdır. Bədii ədəbiyyat insanın dünyagörüşündə təsiredici gücə malikdir. Bu mənada Azərbaycan oxucusu şanslı hesab olunmalıdır. Çünki onun Nizami, Füzuli, Xaqani, Nəsimi, N.Tusi, M.Şəhriyar kimi dühaları mütaliə etmək imkanları olmuşdur və bu imkan bu gün də var.
Müəllif əsərdə yazır ki, şəxsyyətin formalaşmasına təsir edən amillərdən biri də ədəbiyyatdır. Bədii ədəbiyyat insanın dünyagörüşündə təsiredici gücə malikdir. Bu mənada Azərbaycan oxucusu şanslı hesab olunmalıdır. Çünki onun Nizami, Füzuli, Xaqani, Nəsimi, N.Tusi, M.Şəhriyar kimi dühaları mütaliə etmək imkanları olmuşdur və bu imkan bu gün də var.
Gülnar Rəhimli qeyd etdi
ki, Ə.Ağayevin bu əsəri ilə yanaşı, “Bəxtiyar Vahabzadənin uşaq və məktəb
dünyası”, “Azərbaycanda “Türk dili” və “Türk əlifbası” islahatlarının işlədilməsinə
dair və ya ortaq dil və əlifbanın
yardılmasının zəruriliyi haqqında”, “Uşaq ədəbiyyatında səy göstərmək
və çalışqanlığın əksi məsələlərinə dair” kimi məqalələri şəxsiyyətin
formlaşmasında ədəbiyyatın önəmini vurğulamağa həsr olunmuşdur. Bu kimi məqalələr
pedaqogika elminin inkişafında, nəzəri materialların mənimsənilməsində xüsusi əhəmiyyətə
malikdir.
Məktəbin rus dili müəllimi Sevil Həsənova professor Əjdər Ağayevin məktəb, pedaqoji fikir tarixinin öyrənilməsi, pedaqoji elmin əxlaqi-mənəvi fikirlərlə zənginləşdirilməsi sahəsindəki xidmətlərindən bəhs etdi. Söylədi ki, Əjdər Ağayevin televiziya, radio çıxışları, mətbuatda dərc olunan yazıları, elmi əsərləri əsas etibarilə təhsilimizin, pedaqogika elmimizin ən aktual problemlərini əhatə etmişdir. Onun irəli sürülən problemlərə həmişə özünəməxsus münasibəti olub. Biz müəllimlər hər zaman təhsil sahəsində yaranan hər hansı problemə, suala Əjdər Ağayevin münasibət bildirəcəyini gözləmişik. Əjdər Ağayev münasibət bildirdikdən sonra problemin optimal həll yolu aydınlaşıb. Sevil Həsənova qeyd etdi ki, Əjdər Ağayev 60 ilə yaxın pedaqoji fəaliyyəti ərzində təhsilimizin demək olar bütün sahələrinin problem məsələlərinə toxunmuş və dəyərli fikirlər meydana qoymuşdur. Bu fikirlərin cəm olunduğu əsərlər pedaqogika elmimizin ən dəyərli nümunələrindəndir.
Məktəbin rus dili müəllimi Sevil Həsənova professor Əjdər Ağayevin məktəb, pedaqoji fikir tarixinin öyrənilməsi, pedaqoji elmin əxlaqi-mənəvi fikirlərlə zənginləşdirilməsi sahəsindəki xidmətlərindən bəhs etdi. Söylədi ki, Əjdər Ağayevin televiziya, radio çıxışları, mətbuatda dərc olunan yazıları, elmi əsərləri əsas etibarilə təhsilimizin, pedaqogika elmimizin ən aktual problemlərini əhatə etmişdir. Onun irəli sürülən problemlərə həmişə özünəməxsus münasibəti olub. Biz müəllimlər hər zaman təhsil sahəsində yaranan hər hansı problemə, suala Əjdər Ağayevin münasibət bildirəcəyini gözləmişik. Əjdər Ağayev münasibət bildirdikdən sonra problemin optimal həll yolu aydınlaşıb. Sevil Həsənova qeyd etdi ki, Əjdər Ağayev 60 ilə yaxın pedaqoji fəaliyyəti ərzində təhsilimizin demək olar bütün sahələrinin problem məsələlərinə toxunmuş və dəyərli fikirlər meydana qoymuşdur. Bu fikirlərin cəm olunduğu əsərlər pedaqogika elmimizin ən dəyərli nümunələrindəndir.
Rus dili müəllimi Natella Şəfizadə Əjdər Ağayevin «Педагогические раздумья» əsərindən bəhs etdi. Qeyd etdi ki, Əjdər
Ağayev bu əsərində Nəsrəddin Tusinin, Mirzə Fətəli Axundzadənin, Üzeyir Hacıbəyovun,
Səməd Vurğunun və digər korifeylərimizin pedaqoji, əxlaqi-mənəvi, etik, estetik
baxışlarını sistemləşdirib oxucuya təqdim edir.
Natella Şəfizadə vurğuladı ki, Əjdər Ağayevin Azərbaycanın
məktəb tarixi sahəsində tədqiqatları da maraq doğurur. O, eyni zamanda, məktəbdə
təlim-tərbiyə metodlarının, orta məktəb dərsliklərinin təkmilləşdirilməsi,
pedaqoji kadr hazırlığı, qabaqcıl iş təcrübsinin öyrənilməsi və digər məsələrlə
bağlı orijinal fikirlər söyləmiş, təkliflər irəli sürmüşdür. Natella Şəfizadə
onu da vurğuladı ki, Əjdər Ağayevin əsərləri bu gün müəllimlər tərəfindən sevə-sevə
oxunur, irəli sürdüyü ideyalar, fikirlər təhsil sferasında öz tətbiqini tapır.
Sonra söz professor Əjdər Ağayevə verildi. O, məktəb
rəhbərliyinə, pedaqoji kollektivə belə bir görüşü təşkil etdiklərinə görə minnətdarlığını
bildirdi. Qeyd etdi ki, orta məktəb müəllimlərinin bir alimin yaradıcılığına tədqiqi
nöqteyi nəzərindən yanaşmaları, onun mahiyyətinə, məzmununa varmaları, təhlili
fikirlər irəli sürmələri çox yaxşı haldır. Həyatının ayrı-ayrı məqamlarından bəhs
edən Əjdər Ağayev vurğuladı ki, onun üçün həyatda nail olmaq istədiyi ən yüksək
məqam müəllimlik olub. Həyatı boyunca müəllimlik peşəsini ən ali peşə hesab
edib. Müəllimlik ən böyük missiyadır, mən həmişə müəllim olmağımla fəxr etmişəm.
Ə.Ağayev həyatda dəyər verdiyi ən mühüm insani keyfiyyətin xeyirxahlıq, milli təəssübkeşlik,
prinspiallıq, cəsarət olduğunu söyləyərək, hər bir insan üçün bunun vacib
xüsusiyyət olduğunu diqqətə çatdırdı. Dünyanın harasında olursansa ol, öz vətənini
ləyaqətlə təmsil et, vətəndaşlıq mövqeyində ol, dedi. Əjdər müəllim söylədi ki,
həyatı boyunca əldə etdiyi uğurların təməlində zəhmətsevərliyi, bir də ulu
tanrıya inamı və sevgisi dayanıb.
Söhbətinə davam edən Əjdər Ağayev söylədi ki, müəllimlik
yaradıcılıq sevən peşədir. Kim ki, icraçıdır, müəllimlikdə uğur qazana bilməyəcək.
Kim ki, işinə yaradıcı yanaşa bilir, o müəllimlər şagirdlərinin təlim – tərbiyəsində
uğur əldə edə bilirlər. Müəllimin sözü də, baxışı da, hərəkəti də, səsi də tərbiyə
etməli, öyrətməlidir. Müəllimin hər sözü məna, mahiyyət kəsb etməlidir. Müəllim
nəyi, harada, necə, hansı vaxt deməyi özü müəyyənləşdirməli, biliyi şagirdinin
hissinə, duyğusuna hopdurmağı bacarmalıdır. Əgər müəllim tədris prosesini zövqlə,
hisslə, yaşayaraq həyata keçirirsə, o
zaman şagirdinə təsir etməyi də, öyrətməyi də bacaracaq.
Əjdər Ağayev söylədi ki, onun tədqiqatları əsas
etibarilə pedaqogika tarixinə aiddir. O, nəzəri pedaqogika ilə yalnız ehtiyac
olanda məşğul olub. “Mənim pedaqoji sahədə əldə etdiyim uğurlarda orta məktəb
müəllimliyim mühüm rol oynayıb. Tale elə gətirib ki, mən orta məktəbdə yaxşı müəllimlərdən
dərs almışam. Müəllimlik fəaliyətimin əvvəlindən də Abuzər Ağayev, Humay Həsənzadə
kimi məktəb rəhbərləri, müəllimlərlə təmasda olmuşam. Bu təmas məni müəllim
kimi formalaşdırıb. Kim ki, orta məktəbdə dərs demədən pedaqogika sahəsində
elmi iş müdafiə edib, o, “kağız üzərində elmlər namizədidir.” Pedaqogika sahəsinin
alimi üçün məktəb əsas laboratoriyadır. Böyük pedaqoqlarımız Yusif Talıbov, Mehdi Mehdizadə, Mərdan Muradxanov
pedaqogika elminə məhz orta məktəb müəllimliyindən gəlmişdilər. Ona görə də
böyük uğurlar qazandılar. Bu adamlar dövrlərinin ən nüfuzlu şəxsiyyətləri idilər.”
Professor
Əjdər Ağayev daha sonra “Azərbaycan məktəbi” jurnalına baş redaktorluğu fəaliyyətindən,
o zaman maarif naziri olmuş akademik Mehdi Mehdizadənin jurnalla əlaqələrindən,
görkəmli alimin şəxsi-mənəvi xüsusiyyətlərindən bəhs etdi, xatirələrini dilə gətirdi.
Qeyd etdi ki, Mehdi Mehdizadənin nazir olaraq apardığı hər kollegiya iclası
sanki bir unuversitet idi. Əjdər Ağayev onu da söylədi ki, Mehdi müəllim nazir
vəzifəsindən çıxandan sonra o da “Azərbaycan məktəbi” jurnalının baş
redaktorluğundan çıxması üçün ərizə verib. Bir ildən sonra ərizəsi qəbul
olunub. O, Mehdi Mehdizadənin saf əqidələli, mənəviyyatlı şəxsiyyət olduğunu
vurğuladı. Bunun özünün də bir dərs olduğunu söylədi. Daha sonra qeyd etdi ki,
Mehdi Mehdizadənin maarif nazirliyi dövründə ən yaxşı müəllimlərin, məktəb
direktrolarının fəaliyyəti diqqət mərkəzində dayanır təqdir olunurdu. Bu
baxımdan Xaldan məktəbinin direktoru, SSRİ Xalq müəllimi Zahid Şöyübovun,
Tovuzdan Sosialist Əməyi Qəhrəmanı, kimya müəllimi Məhər Quliyevin, Bakıdakı
190 nömrəli tam orta məktəbin direktoru Sona Tağıyevanın, Sosialist Əməyi Qəhrəmanı
Zərbəli Səmədovun fəaliyyəti nazirin və mətbuatın diqqət mərkəzində idi. “Mən bəzən
çıxışlarımda deyirəm ki, bu gün bizim təhsil səmasının ulduzları görünmür.
Mehdi müəllim deyərdi ki, ulduz görünməyə bilər. amma onu gərək göstərəsən. Bu
gün bizim təhsilimizin ulduzları var. Gərək onları tapıb göstərək.”
Əjdər Ağayev söylədi ki, insan üçün ən dəyərli nemət
şərəfli ad, ləyaqətli ömürdür. Gəlin hər birimiz belə bir ömür yaşayaq...
Görüşdə daha sonra müəllimlər görkəmli alimə
suallar ünvanladılar. Tədbirin sonu maraqlı diskussiya şəraitində keçdi.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment